Məhkəmə qərarları › İş №3(067)-819/2025

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-819/2025

21.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-819/2025 21.05.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs - Xaçmaz rayon Polis Şöbəsinin polis sahə rəisi, polis mayoru X1, zərərçəkmiş şəxs X2 və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxx 1983-cü il təvəllüdlü, Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmuş, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Xaçmaz rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə 21 may 2025-ci il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir ondan ötrü ki, Quba rayon sakini Şəxs 19 may 2025-ci il tarixdə, saat 13:00 radələrində Xaçmaz rayonu, Çinartala kəndində yerləşən, “Okean store” adlanan mağazaya müştəri qismində daxil olaraq, oradan 01 ədəd “Remy Martin V.S.O.P” markalı, 0.7 litr ölçülü və 01 ədəd “Remy Martin V.S.O.P” markalı, 0.5 litr ölçülü spirtli içkilərini gizli yolla talayaraq oğurlamış və nəticədə sonuncuya 220 manat məbləğində maddi ziyan vurmuşdur. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati XətalarMəcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs - Xaçmaz rayon Polis Şöbəsinin polis sahə rəisi, polis mayoru X3 izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixində saat 13:00-radələrində Xaçmaz rayon Çinartala kəndi ərazisində yerləşən “OKEAN” marketdən 220 manat dəyərində “Viski”A spirtli içki oğurlamışdır. Aparılmış araşdırma zamanı Şəxs şübhəli kimi saxlanılmış və onunla söhbət zamanı o, törətdiyi oğurluq əməlini etiraf etmişdir. Bununlada Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta törədilmişdir. İnzibati xəta haqqında protokol tərəfimdən tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində iştirak edən X4 çıxışında göstərmişdir ki, o, Xaçmaz rayonu, Çinartala kəndi ərazisində yerləşən “Okean Store” adlanan marketdə administrator vəzifəsində işləyir. Hadisə baş verdikdən bir müddət sonra iki ədəd Viski içkisinin olmadığını aşkar etmişlər. Bahalı içki olduğuna görə mağazaya az sayda gətirilir. Ona görə də içkilərin oğurlandığından tez bir zamanda xəbərləri olmuşdur. DİN-nin “102” Xidmətinə zəng vuraraq oğurluq barədə məlumat vermişdir. Hər birinin dəyəri 100 manat olan viski spirtli içkiləri gizlədərək mağazadan çıxarmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, mağazadan içki götürdüyü günün sonrakı günü uşağın ad günü olacaqdı, qonaqları gələcəkdir. Maddi vəziyyəti yaxşı deyil, ona görə içki götürmüşdür. Lakin bahalı içki olduğunu, bilmirdi. Əməlindən peşmandır. Əvvəllər bir dəfə cərimə, bir dəfə də 15 gün həbs olunmuşdur. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tərtib olunmuş inzibati xəta haqqında 21 may 2025-ci il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokol, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, zərərçəmiş şəxsin və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahatları, eləcə də iş materiallarına əlavə edilmiş digər sənədlərlə tamamilə sübuta yetirilir. Məhkəmə gəldiyi nəticəni aşaöıdakılarla əsaslandırır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etməmişdir. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə- yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Odur ki, məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti ağırlaşdıran halı, onun cəmiyyətdən təcrid edilməklə islah edilməsinin mümkünlüyünü nəzərə alaraq hesab edir ki, onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuna və məqsədəmüvafiqdir. İş materiallarında olan 20 may 2025-ci il tarixli, 252 №-li inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 20 may 2025-ci il tarixdən, saat 21:40 radələrində inzibati qaydada tutulmuşdur. Odur ki, Şəxs həbsinin əvvəli 20 may 2025-ci il tarixdən, saat 21:40-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-49, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və onun barəsində 30 (otuz) gün müddətinə inzibati həbs növündə tənbeh təyin edilsin. Həbsdə saxlama müddətinin əvvəli 20 may 2025-ci il tarixdən, saat 21:40-dan hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. SƏDRLİK EDƏN: NƏRMİN ABİYEVA

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar