Məhkəmə qərarları › İş №3(067)-863/2023

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-863/2023

01.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-863/2023 01.08.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadiğar qızının sədrliyi, Məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, Xaçmaz RPŞ-nin nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1991-ci ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz şəhəri, Atatürk küçəsi 75 saylı evdə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi üzrə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında materialdan görünür ki, o, xx.xx.2023-cü il tarixdə X3 məxsus 200 manat dəyərində mobil telefonunu ələ keçirmişdir. Məhkəmədə Xaçmaz RPŞ-nin nümayəndəsi X2 izahat verərək bildirdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə X3 məxsus 200 manat dəyərində mobil telefonu şəxsi münasibətlər zəminində əlindən alaraq götürmüşdür. Məhkəmədə barəsində inzibati xətaya dair icraat aparılan şəxs izahat verərək özünü inzibati xətanı törətməkdə təqsirli bilərək, törətdiyi əməldən səmimi peşman olduğunu bildirmişdir. Barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin o, əlilliyinin olmadığını bildirmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və Xaçmaz RPŞ-nin nümayəndəsi X1 izahatlarını dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsi sübuta yetirilir və ona qeyd olunan maddə üzrə inzibati tənbeh tətbiq olunmalıdır. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan müəyyən olunur ki, cinayət işinin başlanması rədd edilmiş və Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün Polis Şöbəsinə göndərilmişdir. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.1-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 28.1-ci maddəsinə əsasən ictimai işlər, barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxsin əsas işindən və ya təhsilindən asudə vaxtlarında haqqı ödənilmədən cəmiyyətin xeyrinə ictimai faydalı işlər yerinə yetirməsindən ibarətdir. Həmin Məcəllənin 28.2-ci maddəsinə əsasən ictimai işlər yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 28.3-cü maddəsinə əsasən ictimai işlər yüz altmış saatdan iki yüz qırx saatadək müddətə müəyyən edilir və gün ərzində dörd saatdan çox ola bilməz. Həmin Məcəllənin 28.3-1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində inzibati tənbeh növü ictimai işlər tətbiq edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. İş üzrə materialları araşdıraraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və ona həmin maddənin sanksiyası həddində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə barəsində inzibati xətaya dair icraat aparılan şəxsin törətdiyi inzibati xətanı etiraf edib səmimi peşmançılıq çəkməsini məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır, məsuliyyətini ağırlaşdırılan hallar yoxdur. İş materiallarından görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdən saat 21-17-dən xx.xx.2023-cü il tarixə saat 11-00-dək inzibati qaydada tutulmuşdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 128,130 cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: xx.xx.1991-ci ildə anadan olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinsin və ona xx.xx.2023-cü il tarixdən saat 21:17-dən xx.xx.2023-cü il tarixə saat 11:00-dək inzibati qaydada tutulması nəzərə alınmaqla 160 (yüz altımış) saat ictimai işlər növündə inzibati tənbeh növü tətbiq olunsun. Qərarın icrası Xaçmaz rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Şəxs üzərinə həmin işlərin (ictimai işlərin) yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar