Məhkəmə qərarları › İş №3(067)-865/2025

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-865/2025

03.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-865/2025 03.06.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ X10 Məhəmməd qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1989-cu ildə Xaçmaz rayonu, Qaracəlli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı orta təhsilli, fərdi məhkumluğu olmayan, Xaçmaz rayonu, Xudat şəhəri, H.Əliyev küçəsi, dalan 1, ev 5-də qeydiyyatda olan. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi üzrə tərtib edilmiş inzibati xətaya dair materiala baxaraq müəyyənetdi: Borclu Şəxs xx.xx.2025-ci ildə Xaçmaz rayon İcra və X5 rayon məhkəməsinin 2(067)- 1100/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədini icra etməyərək qalıq qalmış 3779 manat pulu tələbkarın xeyrinə ödəməyərək icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs izahat verərək bildirmişdir ki, qeyd olunan icra sənədi 2023-cü ilin sentyabr ayında icra və probasiya şöbəsinə daxil olmuşdur. İcra sənədi üzrə borclu Şəxs 4500 manat məbləğində pul vəsaiti alınaraq X4 xeyrinə ödənilməlidir. İca sənədi üzrə tərəflərindən borcluya icraata başlamaq haqqında qərar və bildiriş təqdim olunmuşdur. Həmçinin borclu dəfələrlə icra və probasiya şöbəsinə dəvət olunmuş və borclunun izahatı alınmışdır. Sonradan borclu icra şöbəsinə dəvət olunmasına baxmayaraq çağırışlara gəlmədiyi üçün barəsində məcburi gətirmə haqqında qərar qəbul edilərək ünvanına göndərilmişdir. Lakin buna baxmayaraq yenidən İcra Şöbəsinə gəlməkdən yayındığı üçün borclunun barəsində təqdimatla Xaçmaz rayon Məhkəməsinə müraciət olunmuş və Xaçmaz rayon Məhkəməsinin qərardadı ilə borclunun məcburi gətirilməsi ilə bağlı təqdimat təmin olunmuş və icra olunması üçün Polis Şöbəsinə göndərilmişdir. Xudat şəhər Polis Bölməsinin əməkdaşları tərəfindən borclu Şəxs ilə telefon vasitəsilə əlaqə saxlanıldıqdan sonra bu gün Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə gəlmişdir. İcra və probasiya Şöbəsində borclunun izahatı alınmış, o, izahatında tələbkarın xeyrinə ümumulikdə 721 manat məbləğində pul ödənişi etdiyini və hal-hazırda 3779 manat məbləğində borcu qaldığını bildirmişdir. Hazırda isə qeyd olunan borc məbləğindən heç bir ödəniş etmədiyi üçün borclu barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Xaçmaz rayon Məhkəməsinə gətirilmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs izahat verərək bildirmişdir ki, o, qeyd olunan maddə ilə özünü təqsirli bilir. Övladının xəstəliyi ilə əlaqədar tələbkardan faizlə borc almış, sonradan ödənişlər etmişdir. Lakin o, avtomobil qəzası keçirmiş, ayağı sınmış və 6 ay xəstəxanada müalicə almışdır. "xxxx" MMC şirkətində həyat yoldaşı ilə birlikdə işləmişlər. Bir evdən iki nəfər ailə üzvünün işləyə bilmədiyi deyildiyi üçün o, işdən çıxmışdır. Hazırda günəmuzd işlərdə işləyir. Borcundan ödənişləri həyat yoldaşının əmək haqqından hissə-hissə ödəyir. O, kiçik qızının xəstələnərək ayaqlarının tutulduğuna görə 2 ay ödəniş edə bilməmişdir. Onun adına heç bir əmlakı yoxdur. Onun 5 övladı var, əkiz olan qızlarının 13 yaşları vardır. Evi olmadığı üçün kirayədə yaşayır və maddi imkanı isə zəifdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tərtib olunmuş inzibati xəta haqqında 03 iyun 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol, tərəflərin izahatları, eləcə də iş materiallarına əlavə edilmiş digər sənədlərlə tamamilə sübuta yetirilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Şəxs barəsində Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X6 tərəfindən xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli protokol tərtib edilərək baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə müraciət daxil olunmuşdur. - Xaçmaz rayon məhkəməsinin 2(067)-1100/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs 4500 manat və X1 1400 manat məbləğində pul alınaraq X7 verilməlidir. - xx.xx.2023-cü il tarixdə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X6 tərəfindən 2(067)-1100/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə “İcraata başlamaq haqqında” qərar qəbul olunmuş və həmin tarixdə tələbin könüllü icrası barədə bildiriş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə təqdim edilmişdir. - Borclu Şəxs Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə verdiyi xx.xx.2025-ci il tarixli izahatından müəyyən edilir ki, qeyd olunan icra sənədi üzrə o bu günədək tələbkarın xeyrinə cəmi 721 manat ödəniş etmiş, hal-hazırda onun ödənilməmiş 3779 manat borcu qalmışdır. O, fərdi əməklə məşğuldur və iş olduğu zaman təxminən aya aylıq qazancı 250 manat təşkil edir. Hazırda heç bir ödəniş edə bilmir. - Borclu barəsində məlumatları elektron sorğulaması sənədlərindən adında hər hansı əmlak müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 32-ci maddəsinə əsasən Şəxs barəsində məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibinin yaranması üçün aşağıdakı hallar müəyyən olunmalıdır: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 2018-ci il 04 sentyabr tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyi təkrarlayaraq bir daha qeyd etmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquq tətbiq edici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs xx.xx.2023-cü il tarixdən qanuni qüvvəsini almış məhkəmə qərarında nəzərdə tutulmuş tələbin icrası üçün yetərli tədbirlər görməyərək uzun müddət ərzində qərəzli olaraq icra etməməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin aşağı həddinin tətbiq edilməsini qanuna və məqsədəmüvafiqdir hesab edir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: xx xxxxxxx 1989-cu ildə Xaçmaz rayonu, Qaracəlli kəndində anadan olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh təyin edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar