Məhkəmə qərarları › İş №3(067)-867/2020

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-867/2020

08.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-867/2020 08.10.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, xx xxx 1983-cü ildə Bakı şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, ünvan 1 ünvanında yaşayan Şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1-ci maddələri ilə Quba rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Quba rayon Polis Şöbəsindən daxil olmuş Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokola əsasən Şəxs xx xxxxxx 2020-ci il tarixdə 00:03 radələrində idarə etdiyi “Nissan Maxima” markalı, ** VU *** dövlət nömrə nişanlı avtomaşını ilə Quba şəhəri ərazisində hərəkətdə olarkən işıq cihazlarından istifadə qaydasını pozduğuna görə ərazidə xidmətdə olan Quba rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin yol patrul xidməti inspektoru tərəfindən saxlanılmış, yoxlama zamanı Şəxs nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etməsi müəyyən edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xata haqqında icraat aparılan Şəxs inzibati xətada özünü qismən təqsirli bilərək göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə saat 00:03 radələrində idarə etdiyi “Nissan Maxima” markalı, ** VU *** dövlət nömrə nişanlı avtomaşını ilə Quba şəhəri ərazisində hərəkətdə olarkən işıq cihazlarından istifadə qaydasını pozduğuna görə ərazidə xidmətdə olan Quba rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin yol patrul xidməti inspektoru tərəfindən saxlanılmış, müayinə zamanı onda alkoqol sərxoşluğu müəyyən olunmasa da yol patrul xidməti inspektoru tərəfindən onun barəsində əsassız olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsi ilə yanaşı 333.1-ci maddəsi ilə də inzibati xəta haqqında protokol tərtib edilmişdir. Nəqliyyat vasitəsini idarə edərkən işıq cihazlarından istifadə qaydasını pozduğuna görə İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsi ilə özünü təqsirli bilir, lakin onun əməlində 333.1-ci maddəsinin tərkibi olmadığından həmin maddə ilə barəsində inzibati xəta haqqında icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xata haqqında icraat aparılan Şəxs nümayəndəsi və vəkili Vəkil eyni əsaslarla çıxış edərək iş üzrə qanuni qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə barəsində inzibati xata haqqında icraat aparılan şəxsin, onun nümayəndəsi və vəkilinin izahatlarını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi öz təsdiqini tapmır. Beləki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş məsuliyyət bu Məcəllənin 333.1-ci, yəni nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə yaranır. İnzibati xəta haqqında protokolda Şəxs Azərbaycan Respublikası İbzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutlan inzibati xətaya yol verməsi qeyd edilsə də iş materiallarına bunun əsasını təşkil edən alkotestr, yaxud tibbi müayinə sənədi əlavə edilməmişdir. Lakin məhkəmə araşdırması zamanı Şəxs həqiqətən də xx xxxxxx 2020-ci il tarixdə 00:03 radələrində idarə etdiyi “Nissan Maxima” markalı, ** VU *** dövlət nömrə nişanlı avtomaşını ilə Quba şəhəri ərazisində hərəkətdə olarkən işıq cihazlarından istifadə qaydasını pozması halı özünün etirafı və tərtib olunmuş inzibati xəta haqqında protokol ilə tamamilə sübut olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0 maddəsinə əsasən aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: -53.0.1. inzibati xəta hadisəsi olmadıqda; -53.0.2. inzibati xəta tərkibi olmadıqda; Həmin Məcəllənin 114.1, 114.1.4, 114.2 və 114.2.1-ci maddəinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Ona görə də məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respulikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi hər hansı sübutla öz təsdiqini tapmadığından, onun əməlində yalnız Azərbaycan Respullikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsinin tərkibi olduğundan onun barəsində Azərbaycan Respulikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə iş üzrə icraata xitam verilməli, o, Azərbaycan Respulikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddə ilə müvafiq inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs ilk dəfə inzibati xəta törətməsini məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulan məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-49, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ : Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə inzibati xəta haqqında icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində 30 (otuz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Xıdır Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar