Məhkəmə qərarları › İş №3(067)-898/2022

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-898/2022

29.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-898/2022 29.06.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, məhkəmə iclas katibi X2 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs nümayəndəsi və vəkili X1 iştirakı ilə, Hüquqi şəxs Şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏNETDİ: Hüquqi şəxs Şəxs 22000.00 ABŞ dolları məbləğində olan vəsaiti 31 mart 2020-ci il tarixində ölkədən xaricə köçürmüş və 2 il müddət keçsə də, 22000.00 ABŞ dolları vəsait hesabına alınan malları (xidmətləri) ölkəyə idxal etməmiş, valyuta vəsaiti geri qaytarılmamışdır. Xəta 01 aprel 2022-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi xəbardarlıq edilməsinə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən işə Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi və vəkili X3 izahat verərək bildirdi ki, Şəxs MMC 29 aprel 2022-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd edilən inzibati xətanı törətməkdə təqsirli olmamış, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən araşdırma tam və düzgün aparılmamışdır. Şəxs MMC tərəfindən 22000.00 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən Bankda olan hesabından 31 mart 2020-ci il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürülmüş, qanunla müəyyən olunmuş müddət ərzində 22000.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar ölkəyə idxal edilmişdir. Qeyd olunanları nəzərə alaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsininin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi iş materialları və araşdırılmış sübutlarla öz təsdiqini tapır. İş materiallarında olan sənədlərdən görünür ki, Şəxs 22000.00 ABŞ dolları məbləğində olan vəsaiti Bank hesabından 31 mart 2020-ci il tarixində ölkədən kənara qabaqcadan ödəniş etməklə köçürmüş, müştərinin apardığı qabaqcadan ödəniş günündən 02 il keçsə də malın ölkəyə daxil olması haqqında sənədlər Banka təqdim olunmamışdır. Həmçinin iş materiallarından müəyyən olunur ki, Şəxs ödənişin aparıldığı gündən 2 il müddət keçsə də 22000.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların (xidmətlərin) ölkəyə idxalını təsdiq edən sənədləri banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 06 aprel 2022-ci il tarixli, KB-29-2-2022-32 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikasının rezident və qeyri rezidentlərin xarici valyuta əməliyyatlarının aparılması qaydalarının 4.3.1.3 bəndinə əsasən Şəxs (VÜEN: **********) xx.xx.2020-ci il tarixdə "xxxx" ASC-dən xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən avans kimi köçən 22000 ABŞ dolları məbləğ üzrə YGB (yük gömrük bəyannamələri) təqdim olunmamışdır. Məhkəmə iclasında Şəxs nümayəndəsi Şəxs MMC-nin 29 aprel 2022-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd edilən inzibati xətanı törətməkdə təqsirli olmamasını, 31 mart 2020-ci il tarixində ölkədən xaricə köçürmüş 22000 ABŞ dolları vəsait hesabına qanunla müəyyən olunmuş müddət ərzində malların ölkəyə idxal olunduğunu göstərsə də irəli sürdüyü dəlliləri təsdiq edən mütəbər sənədi və sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydalarının 4.3.1.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetdiyindən barəsində törədilmiş inzibati xətanın bilavasitə obyekti olmuş 22000.00 ABŞ dolları məbləğində valyuta vəsaitinin həmin maddənin sanksiyasında nəzərdə tutulmuş 20 faizi miqdarında cərimə edilməsi daha məqsədə müvafiqdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 25, 40.0.1, 43, 48-51, 55, 114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinsin və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 22000.00 (iyirmi iki min) ABŞ dolları valyuta vəsaiti məbləğinin 20 (iyirmi) faizi miqdarında, yəni 4400 (dörd min dörd yüz) ABŞ dolları (ödənilən günü manatla olan məzənnəsi ilə) cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Xıdır Quliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar