Məhkəmə qərarları › İş №3(067)-908/2024

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-908/2024

01.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-908/2024 01.08.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, İnzibati xəta haqqında protokol tərtib etmiş Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nümayəndə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxx 1981-ci il tarixdə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində yetkinlik yaşına çatmayan uşağı olan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə Xaçmaz rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, borclu Şəxs barəsində 01 avqust 2024-cü il tarixli MN ******* saylı protokol tərtib edərək, Xaçmaz rayon məhkəməsinin 03 may 2024-cü il tarixli, 3(067)468/2024 və 20 may 2024-cü il tarixli, 3(067)-657/2024 saylı icra sənədlərini üzrlü səbəb olmadan icra etmədiyinə görə onun İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nümayəndə öz izahatında tərtib etdiyi protokolu müdafiə edərək bildirmişdir ki, icra şöbəsinin icraatında olan Xaçmaz rayon məhkəməsinin 3(067)-657/2024 saylı, 20 may 2024-cü il tarixli icra sənədir üzrə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 1000 manat məbləğində cərimə tətbiq edilmişdir. Həmçinin Xaçmaz rayon məhkəməsinin 3(067)-468 saylı icra sənədi üzrə 03 aprel tarixli qərarı ilə Şəxs barəsində təkrarən 528.1-ci maddəsi ilə 500 manat məbləğində inzibati cərimə tətbiq olunmuşdur. Qeyd olunan cərimələr barədə borcluya tərəfilərindən qərar və bildiriş təqdim olunmuş, lakin bu günə kimi cərimələrdən heç bir ödəniş olunmamışdır. Bununla bağlı barəsində 529.2-ci maddəsi ilə protokol tərtib olunaraq baxılması üçün məhkəməyə gətirilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, həmin cərimələri ödəməyə imkanı yoxdur. Ona görə də məhkəmədən xanım olmasını nəzərə alaraq həbslə əlaqədar olmayan inzibati tənbeh növünün tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tərtib olunmuş inzibati xəta haqqında 01 aprel 2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, eləcə də iş materiallarına əlavə edilmiş digər sənədlərlə tamamilə sübuta yetirilir. Məhkəmə icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 529.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 529.2-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 529.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq olunur. Maddənin “Qeyd”inin 1-ci hissəsinə əsasən bu Məcəllənin 529.1-ci və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Hazırkı işə baxılarkən Şəxs tərəfindən müvafiq cərimə ödənilmədiyindən onun həmin qaydada inzibati məsuliyyətdən azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, o cümlədən Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən halları nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası İXM-nin 529.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ictimai işlər növündə inzibati tənbeh tədbirinin tətbiqini məqsədəmüvafiq hesab edir. Bu zaman nəzərə alınmalıdır ki, Şəxs barəsində həmin tənbeh tədbirinin tətbiq olunmasına İXM-nin 28.4-cü maddəsində müəyyən edilmiş hər hansı məhdudiyyət yoxdur. Məhkəmə bundan başqa hesab edir ki, Şəxs inzibati tənbeh müddətinin əvvəli qərarın faktiki icraya başlandığı vaxtdan hesablanmalı, Azərbaycan Respublikası İXM-nin 28.3-1-ci maddəsinin tələbinə uyğun olaraq, onun üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalı, qərarın icrası Şəxs yaşayış yeri üzrə Xaçmaz rayon icra və probasiya şöbəsinə həvalə edilməlidir. İş materiallarından görünür ki, Şəxs hazırkı iş üzrə inzibati qaydada tutulmamışdır. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 529.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 240 (iki yüz qırx) saat müddətinə ictimai işlər növündə tənbeh tətbiq edilsin. Şəxs inzibati tənbeh müddətinin əvvəli qərarın faktiki icraya başlandığı vaxtdan hesablansın. Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın icrası Şəxs yaşayış yeri üzrə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM SƏRXAN SƏMƏDZADƏ.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar