Məhkəmə qərarları › İş №3(067)-910/2023

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-910/2023

23.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-910/2023 23.08.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Ahmatov Bəxtiyar Mamat oğlunun katibliyi, şikayətçi X1 və onun vəkili Nümayəndə2, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Nümayəndə1 iştirakı ilə Quba Rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərarın ləğv edilməsinə dair verilmiş şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i : X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək onun barəsində Quba RPŞ DYPB-nin xx.xx.2023-cü il tarixli, TP ******* saylı protokolu əsasında qəbul edilmiş inzibati tənbehvermə haqqında qərarın ləğv edilməsini, həmin protokolu tərtib etmiş YPX əməkdaşının intizam məsuliyyətinə cəlb olunması üçün xüsusi qərar çıxarılmasını xahiş etmişdir. Şikayət vermiş şəxs şikayət ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə Xaçmaz Quba yolunda Quba rayonu Yol patrul xidmətinin YPX əməkdaşları tərəfindən heç bir qanuni əsas olmadan onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1, 329.1 və 332.1-ci maddəsilə inzibati protokol tərtib olunaraq 400 manat inzibati cərimə olunmuşdur. Lakin həmin maddədə göstərilən inzibati xətanın törədilməsi barəsində ona heç bir sübut göstərilməmiş və o, bu inzibati xətanı törətməmişdir. Həmin vaxt YPX əməkdaşları onun içkili olduğunu bildirərək avtomobilini əlindən alıb cərimə meydançasına yerləşdirmişlər. Sonradan o dərhal Quba rayon xəstəxanasına getmiş və oradan içkili olmaması barədə arayış almış və Quba DYPB-yə təqdim etmişdir. Bir neçə gün kedikdən sonra isə ona protokol tərtib etmişlər, halbuki protokol xəta törədilən andan 24 saat ərzində tərtib edilməlidir. Bir neçə gündən sonra avtomobilini götürməyə gedərkən onun sənədlərini məhkəməyə verəcəklərini bildirərək, sürücülük vəsiqəsini məhkəmədən götürə biləcəyini bildirmişlər. Hazırda da sürücülük vəsiqəsi Quba DYPB-də saxlanılır. Sonradan protokol baxılması üçün məhkəməyə göndərilmədən Quba DYPB tərəfindən qərar qəbul edilmişdir. O, hesab edir ki, bu da qanunsuzdur. Çünki o, protokolla razı olmadığı halda onun iştirakı ilə yuxarı vəzifəli şəxs qərar qəbul etməli idi. Həmin qərar o özü müraciət etdikdən sonra xx.xx.2023-cü il tarixdə Quba DYP-dən şəxsən almışdır. (qərarın üst hissəsində çıxarış tarixi göstərilmişdir) Həmçinin yol patrul xidməti haqqında təlimatın 13.1-ci maddəsinə əsasən YPX inspektorunun yol hərəkəti iştirakçıları ilə qarşılıqlı münasibəti insan və vətəndaş hüquq və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanmalıdır. Təlimatın 13.9-cu maddəsinə əsasən Yol hərəkəti qaydalarını pozan şəxsə onun hərəkətlərinin qeyri-qanuni olması xeyirxahlıqla, inandırıcı şəkildə və aydın izah edilməlidir. Lakin polis sıravisi X3 təlimatın tələblərini kobud şəkildə pozmuşdur. Məhkəmə iclasında izahat vermiş X2 şikayətinin təmin olunmasını xahiş etmişdir. Həmçinin bildirdi ki, onun idarə etdiyi həmin avtomobil atasına məxsusdur, lakin o, avtomobili etibarnamə olmadan idarə etmişdir. O, həmin vaxt təhlükəsizlik kəmərindən istifadə etmiş, işıq cihazlarından istifadə qaydalarını pozmamışdır. İdarə etdiyi avtomobili 06 iyul 2023-cü il tarixdə, gecə saat 00:29 da polis əməkdaşları tərəfindən saxlanılan vaxtdan bir neçə saat əvvəl, yəni 05 iyul 2023-cü ildə, təxminən səhər saat 10-11 radələrində “Düşes” içkisi zənn edərək bir iki qurtum pivə içmiş, bundan sonra isə içməmişdir. O, barəsində tərtib edilmiş protokolu imza etməmişdir. Alkotester cihazını ona çox aralıdan tutaraq və tez çəkərək demişlər ki, o, sərxoşdur. Polis əməkdaşı onun sürücülük vəsiqəsini də alaraq özlərində saxlamış və hazıradək qaytarmamışlar. Məhkəmə iclasında şikayət vermiş şəxsin vəkili şikayəti müdafiə edərək bildirmişdir ki, hazırkı işdə polis əməkdaşı tərəfindən alkotester cihazı vasitəsilə əldə olunmuş çıxarış sübut kimi qəbul edilə bilməz. Belə ki, həmin çıxarışın məhz şikayət vermiş şəxsin barəsində olması görünmür. Şəxsin hadisə vaxtı foto və videogörüntüləri mövcud deyildir. Həmçinin alkotester vasitəsindən əldə edilmiş çıxarışda şəxsin imzası yoxdur. Bundan başqa, inzibati xəta haqqında protokol 24 saatdan da artıq müddət keçdikdən sonra tərtib edilmişdir. Bununla da inzibati xəta haqqında protokol prosessual qaydalara əməl olunmadan tərtib edilmiş və həmin protokol əsasında qərar qəbul edilmişdir. Ona görə də şikayət vermiş şəxsin barəsində qəbul edilmiş şikayət vermiş şəxsin barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasında inzibati xəta haqqında İXP ******* saylı protokolu tərtib etmiş Quba rayonu YPX-nin inspektoru Nümayəndə1 izahatında bildirdi ki, o və digər polis əməkdaşları tərəfindən 06 iyul 2023-cü il tarixdə, gecə saat 00:20 radələrində şikayət vermiş şəxs Əbülfərz Novruzov avtomobil idarə edərkən saxlanılmış, o, həmin avtomobilə yaxınlaşıb özünü sürücü Əbülfərz Novruzova təqdim edərkən kəskin spirt qoxusunu hiss etmiş və o, sonuncunun sərxoşluq vəziyyətini alkotester vasitəsilə yoxlamış və alkoqolun 0,497 promilli olması müəyyən edilmişdir. Sürücü Ə.Novruzov özü də spirtli içki qəbul etdiyini etiraf etmiş və ondan kömək etməsi üçün xahiş etmişdir. Həmçinin şikayət vermiş şəxsin avtomobili etibarnamə olmadan idarə etməsi müəyyən edilmişdir. Həmin vaxt şikayət vermiş şəxs onlara protokolla razı olmamasını, sərxoş olması ilə bağlı etirazını bildirməmişdir. Həmçinin bildirmişdir ki, Əbülfərz Novruzovun barəsində inzibati xəta haqqında protokol xx.xx.2023-cü il tarixdə, saat 00:29-da tərtib edilmişdir. Daha sonra bildirmişdir ki, inzibati xəta haqqında protokolun xx.xx.2023-cü il tarixdə tərtib edilməsinin səbəbi şəxsin əməlində təkrarlığın olub-olmamasını müəyyən etmək üçün əlavə araşdırmanın zəruri olması olmuş, bundan başqa İXM-də əlavə araşdırmaya zərurət olduqda protokol iki gün müddətində tərtib edilə bilər. Daha sonra bildirmişdir ki, sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarəetmə ilə bağlı inzibati işlərdə protokolu dərhal tərtib edə bilmirlər. Əbülfərz Novruzovu idarə etdiyi avtomobillə saxladıqları zaman gecə saatları olduğundan inzibati xəta haqqında protokolu tərtib edə bilməmişlər, çünki bunu sistemə daxil etmək YPX-nin inzibati binasında mümkündür, avtomobildə olduqları zaman mümkün deyildir, buna görə də protokolun tərtib edilmə tarixi xx.xx.2023-cü il tarixdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan protokoldan görünür ki, Quba rayonu YPX-nin inspektoru Nümayəndə1 tərəfindən X2 barəsində İXP ******* saylı protokolla “xx.xx.2023-cü il tarixdə”, saat 00:29-da Azərbaycan Respublikası İXM-nin 329.3, 333.1 və 332.1-ci maddələri ilə İXP ******* saylı protokol tərtib edilmişdir. İş materiallarında olan Quba RPŞ DYPB-nin xx.xx.2023-cü il tarixli, TP ******* saylı nömrəli inzibati tənbehvermə haqqında qərarından görünür ki, X2 barəsində Azərbaycan Respublikası İXM-nin 329.3, 333.1 və 332.1-ci maddələri ilə 400 manat məbləğində cərimə tənbehi tətbiq olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin elektron məlumat portalından çıxarışdan görünür ki, X1 barəsində İXM-nin 329.3, 333.1 və 332.1-ci maddələri ilə olan İXP ******* saylı protokol 07 iyul 2023-cü il tarixdə tərtib edilmişdir. İş materiallarında olan alkotester vasitəsi ilə aparılmış sərxoşluq vəziyyətinin müəyyən edilməsinə dair çıxarışdan görünür ki, həmin çıxarışda şikayət vermiş şəxsin imzası öz əksini tapmamış, bu isə şəxsin həmin sənədlə tanış edilib-edilməməsini müəyyən etməyə imkan vermir. Həmçinin iş materiallarında olan 06 iyul 2023-cü il tarixli, İXP ******* saylı protokoldan görünür ki, həmin protokolda X1 imzası, imza etməkdən imtinası, protokolun surətini alması, hər hansı etirazı və izahatı öz əksini tapmamışdır. Qeyd olunanlardan göründüyü kimi, məhkəmə araşdırması zamanı inzibati xətanın (İXMnin 329.3, 333.1 və 332.1-ci maddələri) baş verməsini sübut edən sənədlər və ya görüntülər məhkəməyə təqdim olunmamış, həmçinin sənədlər natamam tərtib edilmişdir. Bununla da məhkəmə baxışı zamanı inzibati xəta üzrə tərtib olunmuş protokolu və digər sənədləri əsaslı şəkildə tədqiq etmək mümkün olmamışdır. Azərbaycan Respublikasının İXM-nin 101.1-ci maddəsinə əsasən, bu Məcəllənin 54cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. 100.2. Protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. 100.3. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. 100.4. Protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. 100.5. Protokol ciddi hesabat sənədi olmaqla, nömrələnmiş blanklarda tərtib olunur. Protokolun forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Azərbaycan Respublikasının İXM-nin 101.1-ci maddəsinə əsasən, inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 101.2-ci maddəsinə əsasən, işin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. Azərbaycan Respublikasının İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İXM-nin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilir. Azərbaycan Respublikasının İXM-nin 134.1 və 134.1.4-cü maddələrinə əsasən, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikasının İXM-nin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: Azərbaycan Respublikasının İXM-nin 135.1.1-ci maddəsinə əsasən, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; Azərbaycan Respublikasının İXM-nin 135.1.2-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; Azərbaycan Respublikasının İXM-nin 135.1.3-cü maddəsinə əsasən, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; Azərbaycan Respublikasının İXM-nin 135.1.4-cü maddəsinə əsasən, inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; Azərbaycan Respublikasının İXM-nin 135.1.5-ci maddəsinə əsasən tətbiq edilmiş tənbehin bu Məcəllənin 31- 34-cü maddələrinin tələblərinə uyğun olmaması; Azərbaycan Respublikasının İXM-nin 135.1.6-cı maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Azərbaycan Respublikasının İXM-nin 135.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs), barəsində qərar qəbul edilmiş şəxsin vəziyyətini ağırlaşdıran qərarı yalnız bununla əlaqədar zərər çəkmiş şəxsin, bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxsin şikayəti və ya prokurorun protesti olduqda qəbul edə bilər. Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109, 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı : Şikayət qismən təmin edilsin. Quba Rayon Polis Şöbəsinin DYPB-nin xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Quba RPŞ DYPB-yə göndərilsin. Qərardan 10 gün müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar