Məhkəmə qərarları › İş №3(067)-914/2024

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-914/2024

04.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-914/2024 04.09.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, Həsənli Rövşən Xudat oğlunun katibliyi ilə Şəxs MMC (VÖEN: **********) barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsi tərəfindən 24 iyul 2024-cü il tarixli, EP № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. Belə ki, hüquqi şəxs Şəxs MMC (VÖEN: **********) tərəfindən Xaçmaz Gömrük İdarəsində ixrac gömrük prosedurunda rəsmiləşdirməklə 2023-cü ilin noyabr ayında **********6865, **********0430, **********1151, **********3410, **********3411, **********3416, **********5179 və **********5441 nömrəli gömrük bəyannamələri əsasında ixrac edilən yüklərin müqabilində qaytarılmalı olan 9847,27 ABŞ dolları (16740,35 manat) məbləğində vəsaitin müvəkkil bankda olan hesabına köçürülməməsi ilə bağlı Xaçmaz Gömrük İdarəsində araşdırma aparılmışdır. Faktla bağlı aparılmış araşdırma ilə əlaqədar Şəxs MMC-nin hal-hazırda fəaliyyət göstərib-göstərməməsi və rəhbəri barədə məlumat əldə etmək məqsədilə Gömrük Xidmətinin Vahid X1 əldə olunmuş məlumata əsasən, Şəxs MMC-nin xx.xx.2020-ci il tarixdə ********** nömrəli VÖEN-lə hüquqi şəxs qismində qeydiyyata alındığı, hüquqi ünvanının ünvan 1 X3 olduğu məlum olmuşdur. Bunda sonra, Şəxs MMC-nin qeydiyyatda olduğu (ünvan 2 ünvana xx.xx.2024-cü il tarixdə 3-33-1700/2-001530/2024 saylı bildiriş, həmçinin də şirkətin rəhbəri X2 yaşadığı ünvana xx.xx.2024-cü il tarixli, 3-33-1700/2-002228/2024 saylı məktub göndərilmiş və MMC-dən ixrac etdiyi yüklərin müqabilində köçürülməli olan, ümumilikdə 9847,27 ABŞ dolları (16740,35 manat) məbləğində vəsaitin müvəkkil bankda olan hesabına köçürülməsinin təmin edilməməsi ilə bağlı aparılan araşdırma ilə əlaqədar nümayəndəsinin müvafiq təsdiqedici sənədlərlə birlikdə Xaçmaz Gömrük İdarəsinə gəlməsini təmin etməsi xahiş edilmişdir. İş üzrə xx.xx.2024-cü il tarixli “VAİS informasiya resursuna baxış keçirilməsi haqqında” protokoldan müəyyən olunur ki, Şəxs MMC tərəfindən Xaçmaz Gömrük İdarəsində ixrac gömrük prosedurunda rəsmiləşdirməklə 2023-cü ilin noyabr ayında 8 gömrük bəyannamələri əsasında ixrac edilmiş yüklərin müqabilində qaytarılmalı olan 9847,27 ABŞ dolları (16740,35 manat) məbləğində vəsait Şəxs MMC-nin Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməmişdir. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli 609 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”-nın 12.2-ci bəndinin tələbinə əsasən 180 gün müddətinə xarici valyuta vəsaitləri, malları ixrac edən ixracatçının Azərbaycan Respublikasında müvəkkil bankda olan hesabına köçürülməsinin təmin edilməsi nəzərdə tutulmuşdur. Araşdırma zamanı məlum olmuşdur ki, Şəxs MMC 2023-cü ilin noyabr ayında **********6865, **********0430, **********1151, **********3410, **********3411, **********3416, **********5179 və **********5441 nömrəli gömrük bəyannamələri üzrə 9847,27 ABŞ dolları (16740,35 manat) məbləğində vəsaiti bəyan olunduğu gündən bu günə qədər Azərbaycan Respublikasındakı müvəkkil bankda hesabına köçürülməsini təmin edə bilməmişdir. Bakı şəhəri, Nəsimi rayonu, AK. Mirəli Qaşqay, ev 93, mənzil 21 ünvanında qeydiyyatda olan Şəxs MMC ixrac etdiyi və ixrac olunan malın müqabilində müvəkkil edilmiş bankın hesabına məcburi qaydada köçürülməli olan 16740,35 manat valyuta vəsaiti az miqdar təşkil etmiş və nəticədə, Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İXM-nin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Barəsində inzibati icraat aparılan hüquqi şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmişlər, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən barəsində inzibati icraat aparılan hüquqi şəxsin və inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyəti orqanın nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə tam sübuta yetirilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -Xaçmaz Gömrük İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə ixrac olunmuş malların müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 gün ərzində müvəkkil bankda olan hesablara köçürülməməsi barədə bildiriş tərtib edilmişdir. -24 iyul 2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında qərardaddan müəyyən edilir ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmış və inzibati araşdırma aparılmışdır. -xx.xx.2024-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan, Gömrük bəyannamələrindən və Gömrük Xidmətinin VAİS-dən çıxarışdan görünür ki, xx.xx.2024-cü il tarixdə Dövlət Gömrük Komitəsinin “VAİS” sisteminə baxış keçirərək Şəxs MMC tərəfindən 2023-cü ilin noyabr ayı ərzində Xaçmaz Gömrük İdarəsində rəsmiləşdirərək ixrac etdiyi malların müqabilində köçürülməli olan 8 gömrük bəyannaməsi üzrə 9847,27 ABŞ dolları (16740,35 manat) məbləğində vəsaitin Şəxs MMC-nin müvəkkil olunmuş hesabına köçürülmədiyi müəyyən olunmuşdur. -İcraatın başa çatdırılması haqqında raportdan müəyyən olunur ki, 24 iyul 2024-cü il tarixdə icraat başa çatdırılmışdır. -xx.xx.2024-cü il tarixli Elektron poçt vasitəsilə göndərilmiş məktubdan və ona əlavə edilmiş mədaxil qəbzinin surətində qeyd edilmişdir ki, iddia məbləğinin ödənilməsi təmin edilmiş və banka kosignasiya təqdim edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” 32.1.7-maddəsinə əsasən “Bu törədilmiş inzibati xətanın zərərli nəticələrinin inzibati xəta törətmiş şəxs tərəfindən aradan qaldırılması və ya vurulmuş zərərin əvəzinin könüllü surətdə ödənilməsi. 76.1-ci maddəsinə əsasən “İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır.” Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nın 12.2-ci bəndinə əsasən hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Beləliklə məhkəmə araşdırması zamanı iş materialları ilə müəyyən edilmişdir ki, Şəxs MMC (VÖEN: **********) 2023-cü ilin noyabr ayında 8 gömrük bəyannaməsi üzrə 9847,27 ABŞ dolları (16740,35 manat) məbləğində vəsaiti bəyan olunduğu gündən 180 gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda hesabına köçürülməsini təmin edə bilməmişdir. Həmin məbləğ xx.xx.2024-cü il tarixdə müvəkkil banka köçürülmüşdür Bununla da Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə əsasən, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə - inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Həmin maddənin qeyd hissəsinə əsasən bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən “Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” Şəxs MMC-nin 2023-cü ilin noyabr ayına əsasən 8 gömrük bəyannaməsi üzrə 9847,27 ABŞ dolları (16740,35 manat) məbləği artıq müvəkkil banka köçürməsi məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Şəxs MMC-nin əməlində ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərək, törədilmiş inzibati xətanın xarakterini, təqsirin dərəcəsini nəzərə alaraq, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın 9847,27 ABŞ dolları (16740,35 manat) dəyərinin 30%-i, yəni 2954,18 ABŞ dolları məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar