Məhkəmə qərarları › İş №3(067)-919/2024

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-919/2024

07.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-919/2024 07.08.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ X10 Məhəmməd qızının sədrliyi, Həsənli Rövşən Xudat oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X3, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1989-cu ildə Xaçmaz rayonu, Köhnə-Xaçmaz kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi üzrə tərtib edilmiş inzibati xətaya dair materiala baxaraq müəyyənetdi: Xaçmaz Rayon Məhkəməsinin 2(067)-481/2014 saylı, xx.xx.2014-cü il tarixli icra vərəqəsi üzrə borclu Şəxs 12450 manat aliment borcunu ödəməyərək icra məmurunun qanuni tələbini icra etmir. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs izahat verərək bildirmişdir ki, qeyd olunan icra sənədi icra şöbəsinə 2014-cü il tarixdə daxil olmuşdur. İcra sənədinə əsasən Şəxs bir uşağın saxlanması üçün hər ay 100 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. İcra şöbəsi tərəfindən borcluya icraata başlamaq haqqında qərar və bildiriş təqdim edilmişdir. Lakin qeyd olunmuş icra sənədi üzrə borclu aliment ödənişi etmədiyindən barəsində sonuncu dəfə 2020-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilərək Xaçmaz rayon məhkəməsinə göndərilmiş və barəsində 10 gün müddətinə inzibati həbs edilmişdir. Sonradan isə təkrarən icra sənədi üzrə çağırışlara gəlmədiyi üçün 24 iyul 2024-cü il tarixdə borclu barəsində axtarış elan olunmuş və icra olunması üçün Xaçmaz RPŞ-yə göndərilmişdir. Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən borclu 07 avqust 2024-cü il tarixdə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə təhvil verilmiş və barəsində İXM-nin 528-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İcra sənədi üzrə ümumilikdə 150 manat pul ödəniş edilmiş, lakin 12450 manat aliment borcu yaranmışdır. Əlavə olaraq inzibati xəta haqqında protokolun təmin edilməsini xahiş etmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahat verərək bildirmişdir ki, o, özünü qismən təqsirli bilir. Belə ki, həm ondan, həm də atasından aliment tutulub. Atası hər ay ödəniş etmişdir, lakin son ay yarım müddətdə atası xəstə olduğu üçün ödəniş etməmişdir. O, 3 ildir ödəniş etmədiyi üçün tələbkarın heç bir tələbi olmamışdır. Barəsində iki dəfə inzibati tənbeh növü tətbiq edilmişdir. O, Bakı şəhərində plastik qapı-pəncərə işində işləyir. 3 avqust tarixdə barəsində axtarış elan olunmuş, 4 avqust tarixdə səhər saatlarında işə gedərkən metrostansiyanın ərazisində polis əməkdaşları tərəfindən saxlanılmışdır. Hər ay 100 manat məbləğində aliment ödənişi edə bilər. Barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, əlilliyi yoxdur. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tərtib olunmuş inzibati xəta haqqında 07 avqust 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, eləcə də iş materiallarına əlavə edilmiş digər sənədlərlə tamamilə sübuta yetirilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - X7 barəsində Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X6 tərəfindən xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli protokol tərtib edilərək baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə müraciət olunmuşdur. -Xaçmaz Rayon Məhkəməsinin 2(067)-481/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 19 oktyabr 2011-ci ildə anadan olmuş Xalidin yetkinlik yaşına çatana kimi saxlanması üçün ərizənin verildiyi tarixdən, yəni 07 fevral 2014-cü il tarixdən hesablanmaqla hər ay sabit pul məbləğində 100 manat miqdarında aliment tutularaq iddiaçı X2 verilməlidir. -14 aprel 2014-cü il tarixdə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 tərəfindən “İcraata başlamaq haqqında” qərar qəbul olunmuşdur. -14 aprel 2014-cü il tarixli tələbin könüllü icrası barədə bildirişi inzibati xəta haqqında icraat aparılan şəxs almış və izahatında icra məmuru tərəfindən xəbərdar edildiyini bildirərək hər ay bir uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün 100 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X1 xeyrinə ödənilməli olduğunu etiraf etmişdir. -Xaçmaz RPŞ tərəfindən 780742 nömrəli axtarış işi üzrə xx.xx.2024-cü il tarixdən axtarış elan olunmuş, Xaçmaz rayonu, Köhnə-Xaçmaz kəndində qeydiyyatda olan Şəxs xx.xx.2024-cü il tarixdə keçirilmiş tədbirlər nəticəsində saxlanılaraq barəsində tədbir görülməsi üçün aidiyyəti üzrə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə təhvil verilmişdir. -Borclu barəsində məlumatları elektron sorğulaması sənədlərindən müəyyən edilmişdir ki, borclu "xxxx" MMC-də (VÖEN **********) Baş direktor, müəssisə/fərdi xidmət vəzifəsində işləyir və 300 manat müqabilində əmək haqqı əldə edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddənin tələbinə görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunun müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi məsuliyyət yaradır və fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə pozuntunu törədənin şəxsiyyəti nəzərə alınaraq bir ayadək inzibati həbs tətbiq olunur. 3-cü maddəyə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci maddəyə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 11.1-ci maddəyə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. 12.1-ci maddəyə əsasən həmin Məcəllə ilə qorunun ictimai münsaibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyasızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. 15.2-ci maddənin tələblərinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları və onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. 15.3-cü maddəyə əsasən, məhkəmə aktının icra olunmaması və məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Məhkəmə qətnaməsinin, qərarının və qərardadının vaxtında icra olunmaması ədalətli məhkəmə baxışına olan hüququn pozulması hesab edilir. 21-ci maddəsidə təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəyə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Qərarın icrasının zəruriliyi Azərbaycan Respublikası Konstitusiyasında, mülkiprosessual, cinayət və inzibati qanunvericilikdə və bir sıra beynəlxalq normativ aktlarda öz izahatıni tapmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarında qanuni qüvvəyə minmiş qətnamələrinin icrası xüsusilə vurğulanmışdır. Həmin qərarda qeyd olunur ki, «məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alır. Məhkəmə araşdırması zamanı Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, məhkəmə qərarının icra olunmamasındakı müddəti, borcun məbləğini, inzibati xətanın aliment borcu ilə əlaqədar olduğunu və pul məbləği ilə bağlı icra sənədini icra etməyən şəxsin cərimələnməsinin lüzumsuz olduğunu nəzərə alaraq, hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilməz. Buna görə də, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (borclu) Şəxs şəxsiyyətini, yaşını, məhkəmə qərarının uzun müddət qərəzli olaraq icra olunmadığını və nəticədə bunun tələbkarın çoxsaylı əsaslı şikayətlərinə səbəb olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, qəraraaldı: xx xxxx 1989-cu ildə Xaçmaz rayonu, Köhnə-Xaçmaz kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 10 (on gün) gün müddətinə həbs növündə inzibati tənbeh təyin edilsin. Şəxs məhkəmə iclas zalında dərhal həbsə (inzibati qaydada tutulsun) alınsın. Həbsdə saxlama müddətinin əvvəli 07 avqust 2024-cü il tarixdən, saat 16:30-dan hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə və Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar