Məhkəmə qərarları › İş №3(067)-921/2025

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-921/2025

11.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-921/2025 11.06.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Xaçmaz RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1991-ci ildə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Xaçmaz rayonu, Qaradağ-Buduq kəndində qeydiyyatda olan. Şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Xaçmaz RPŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Şəxs barəsində xx.xx.2025-ci il tarixdə Şəxs Xaçmaz RPŞ-də izahat verdiyi zaman inzibati otaqda valideynlərinin ünvanına nalayiq ifadələr işlədərək söyməsi, iş rejimini pozması və polisin qanuni tələbinə məhəl qoymamasına dair Xaçmaz RPŞ-nin İTB tərəfindən İXM-nin 535.1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə iclas zalında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs izahat verərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixində gecə saatlarında vətəndaş X1 102 qaynar xəttinə müraciət edərək oğlu Şəxs sərxoş vəziyyətdə evə gələrək münaqişə yaratdığını, onlara hədə-qorxu gəldiyini, ölümlə hədələdiyini bildirmişdir. Daxil olmuş şikayət əsasında xidmətdə olan polis əməkdaşları ünvana yaxınlaşmışlar. Şəxs izahatının alınması ilə bağlı səhəri gün Polis şöbəsinə dəvət olunmuş, valideyni ilə birlikdə Polis şöbəsinə yaxınlaşmışdır. Həmçinin şəhid ailəsi olduqlarına görə, qonşuların yanında biabırçılıq olmaması səbəbindən hadisə baş verən gün şəxs Polis şöbəsinə aparılmamışdır. Xaçmaz RPŞ-nə şəxsin valideyni də dəvət olunmuş, valideyninin iştirakı ilə Şəxs izahatı alınan zaman sonuncu uzadan səs küy salaraq polis əməkdaşlarının, həmçinin də valideyninin ünvanına nalayiq ifadələr işlətmiş, onları ölümlə hədələmiş, polis əməkdaşlarına “siz mənə heç nə edə bilməsiz, siz kimsiniz ki, mənə nəsə edəsiniz” deyə bildirmişdir. Şəxs polis əməkdaşları tərəfindən sakitləşdirilərək nizam-intizama dəvət olunmasına baxmaraq polisin qanuni tələblərinə tabe olmayaraq öz hərəkətlərini davam etdirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş edirəm. Məhkəmə iclas zalında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahat verərək bildirmişdir ki, o, sərxoş vəziyyətdə olduğundan öz hərəkətlərini idarə edə bilməyərək valideynlərini narahat etmişdir. Polis Şöbəsinə səhəri gün saat 06 radələrində özü getmiş və həmin vaxt ayıq vəziyyətdə izahat vermişdir. Həmin vaxt polis əməkdaşlarına qarşı nalayiq ifadə işlətməmiş, onlara söyüş söyməmiş və tabesizlik göstərməmişdir. O, ailəlidir, 6 və 4 yaşlarında övladı vardır. Həmçinin valideynləri ilə birgə yaşayır və göbələk sexində işləyir, gündəlik əmək haqqı əldə edir. O, hadisəni törədən zaman sərxoş vəziyyətdə olmuşdur. Səhvini qəbul edir və bir daha belə bir hərəkətə yol verməyəcəkdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş polis sahə rəisinin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi öz təsdiqini tapmır, bununla yanaşı onun əməlində İXM-nin 510-cu maddəsində nəzərə tutulan inzibati xətanın tərkibinin olması öz təsdiqini tapdığından o, İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinib inzibati məsuliyyətə cəlb edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -xx.xx.2025-ci il tarixli “Raport”dan müəyyən edilir ki, Xaçmaz rayonu, Qaradağ Buduq kəndində yaşayan X1 xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə və Xaçmaz RPŞ-nə müraciət edərək oğlu Şəxs yaşadıqları evdə onlar ilə mübahisə yaratdığını bildirmişdir. Həmin məlumata əsasən, Şəxs izahatı alınan zaman vətəndaş həmin şəxslər ilə ucadan nalayiq ifadələrlə danışmağa və səs-küy yaratmağa başlamışdır. Xaçmaz RPŞ-nin TB-nin təhqiqatçısı, polis leytenantı Elvin Əliyev tərəfindən o dəfələrlə nizam intizama dəvət edilməsinə baxmayaraq Şəxs öz pozucu hərəkətlərini davam etməklə polisin qanuni tələbini yerinə yetirməkdən boyun qaçırmış və nalayiq ifadələrlə danışmağa davam etmişdir. - “İnzibati qaydada tutma haqqında protokol”dan müəyyən edilir ki, Şəxs Xaçmaz RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı Nümayəndə tərəfindən xx.xx.2025-ci il tarixdə, saat 06:00-da inzibati qaydada tutulmuşdur. - xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə Şəxs Xaçmaz RPŞ-də izahat verdiyi zaman inzibati otaqda valideynlərinin ünvanına nalayiq ifadələr işlədərək söymüş, iş rejimini pozmuş və polisin qanuni tələbinə məhəl qoymamışdır. - xx.xx.2025-ci il tarixli Şəxs Xaçmaz RPŞ-də verdiyi izahatından görünür ki, 10 iyun 2025-ci il tarixdə o içkili vəziyyətdə evə gedərək atası və anası ilə mübahisə etmiş, daha sonra valideynləri ondan 102 xidmətinə zəng edərək şikayətlərini bildirmişlər. Bu səbəbdən RPŞ-nin əməkdaşları onu PŞ-ya aparmışlar. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin; 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş məsuliyyət isə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə yaranır, bu Məcəllənin 510-cu maddəsində nəzərdə tutulmuş məsuliyyət xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə yaranır. Belə ki, inzibati xəta haqqında protokolun müəyyən edildi hissəsindən göründüyü kimi Şəxs nalayiq ifadələr işlətməklə ictimai qaydanın pozulmasına yönələn hərəkətlərə yol vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tövsifedici əlaməti polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə hərəkətlərdən ibarətdir. Məhkəmə araşdırması zamanı Şəxs polis işçilərinin konkret olaraq hansı qanuni tələblərinə tabe olmaması müəyyən edilməmiş və hər hansı sübutla öz təqdiqini tapmamışdır. Əksinə olaraq Şəxs xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərinə yol verməsi öz təqdiqini tapmışdır. Odur ki, Şəxs əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsindən həmin Məcəllənin 510-cu maddəsinə tövsif edilməklə o, həmin maddənin sanksiyası çərçivəsində inzibati məsuliyyətə cəlb edilib barəsində müəyyən inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Ona görə də məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respulikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi hər hansı sübutla öz təsdiqini tapmadığından, onun Azərbaycan Respullikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi öz təsdiqini tapdığından onun əməli İXM-nin 535.1-ci maddəsindən 510-cu maddəsinə tövsüf olunmaqla onun barəsində həmin maddənin sanksiyası çərçivəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs ilk dəfə inzibati xəta törətməsini, törətdiyi xətada özünü təqsirli bilərək əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulan məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyətini yüngülləşdirən halları, həmçinin məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq onun barəsində Azərbaycan Respullikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutlmuş tənbehlərdən cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-49, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR ALDI : xx xxxxxxx 1991-ci ildə Xaçmaz şəhərində anadan olmuş Şəxs əməli Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsindən həmin məcəllənin 510-cu maddəsinə tövsif edilsin. Şəxs İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinərək, barəsində 50 (əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh təyin edilsin. Şəxs məhkəmə iclas zalında dərhal inzibati qaydada tutulmadan azad edilsin. Qərarın icrası Xaçmaz Rayon Polis Şöbəsinə və Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar