Məhkəmə qərarları › İş №3(067)-931/2023

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-931/2023

11.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-931/2023 11.08.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ahmatov Bəxtiyar Mamat oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Xaçmaz rayon X7 təhlükəsizlik bölməsinin polis sahə rəisi polis mayoru X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxx 1974-cü ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Külüs kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Külüs kəndində qeydiyyatda olmaqla Xaçmaz rayonunun Palıdlı kəndində yaşayan Şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs 11 dekabr 2021-ci il tarixdə saat 15 radələrində həmkəndlisi Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı əlində olan daş vasitəsi ilə sonuncunun əlinə vuraraq ona xəsarət yetirmişdir. Məhkəmə iclasında inzibati protokol tərtib etmiş Xaçmaz rayon X7 təhlükəsizlik bölməsinin polis sahə rəisi polis mayoru X2 göstərdi ki, təhqiqat bölməsində araşdırmaya əsasən Şəxs döyməsi ilə bağlı icraatına Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsini 157-ci maddəsi ilə material daxil olmuşdur. Həmin daxil olmuş materialla bağlı izahatı alınarkən Şəxs həmkəndlisi Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı əlində olan daş vasitəsi ilə Zərərçəkmiş şəxs əlinə vuraraq ona xəsarət yetirmişdir Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi xətanı etiraf etməklə izahatında göstərdi ki, 2022-ci il sentyabr ayının 21-də hər il olduğu kimi Palıdlı kəndinin ərazisində yerləşən fındıq bağlarında günə muzd fındıq yığmaq üçün getmişdir. Fındığa getdiyi vaxt artıq fındığ yığımı bitmişdi, ağacların altına tökülmüş təxminən 5 kq fındığı yığıb evinə gedəndə yolda onunla bir qonşuluqda yaşayan, həmin bağda mühafizəçi işləyən Yunis qarşısını kəsərək nəyə görə icazəsiz bağdan fındığı yığıb apardığını səbəbini əsəbi formada yüksək səslə soruşaraq yığdığı fındığı əlindən güclə almağa cəhd etmişdir. O, da ona demişdir ki, evində çörək yoxdur həmin yığdığı 5 kq fındığı satıb balalarına çay çörək alacaqdır dedikdə aralarında mübahisə yaranmışdır. Həmin vaxt Yunisin yanında Elxan adında biri də olmuşdur. Onlar onun üstünə hücum çəkərək əlində yığdığı fındığı onun əlindən almaq istədikləri zaman çarəsiz qalaraq yerdən bir xırda daş götürərək özünü müdafiə etmək üçün Yunisin üzərinə atmışdır. Həmin atdığı daş Yunisin əlinə dəymişdir. Məhkəmə iclasında iştirak etmiş Zərərçəkmiş şəxs izahatında göstərdi ki, rəsmi olaraq heç yerdə işləmir, fərdi əmək fəaliyyəti ilə məşğul olur. Belə ki, Xaçmaz rayonu Palıdlı kəndində yerləşən Palıdlı MMC-də 1 ilə yaxındır ki fəhlə işləyir bundan əlavə orada məhsullarada nəzarət edir. xx.xx.2022-ci il tarixdə işlədiyi müəssisənin fındıq sahəsində əvvəllər fəhlə işləmiş, Samirə Rəsulova adlı xanım gələrək fındıq yığmışdır. Fındıq yığdıqdan sonra məhsulu təhvil vermədən getmək istədikdə o, Samiləyə yaxınlaşaraq, yığdığı məhsulu təhvil verərək pulunu almasını bildirmişdir. Samilə, onunla mübahisə etməyə başlayaraq fındığı evə aparacağını, müdürə bu bardədə bildirməyini tələb etmişdir. O, Samiləyə yığdığı məhsulu təhvil verməli olduğunu yenidən bildirəndə Samilə, əlinə yerdən daş parçası alaraq ona tərəf atmış, atdığı daş onun sağ əlinə dəymişdir. Daha sonra Samilə yığdığı fındıqları da götürərək oradan uzaqlaşmış, o, məcbur qalıb Xaçmaz RPŞ-nə gələrək ərizə ilə müraciət etmişdir. İşdə olan Xaçmaz rayon X6 Bölməsinin təhqiqatçısı, polis leytenantı X5 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs ərizəsi əsasında toplanmış material üzrə Şəxs hərəkətlərində cinayət tərkibi olmadığından və sonuncunun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibi olduğundan cinayət işinin başlanması rədd edilmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X8-Təcrübi və X9 Hüquqi Şəxsin 22 sentyabr 2022-ci il tarixli, 506 saylı rəyindən görünür ki, 1981-ci il təvəllüdlü X3 məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarət- sağ saidin qançırı bərk küt əşya təsirindən törənməklə, yetirilmə müddəti qərarda qeyd olunduğu kimi, xx.xx.2022-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar, tərtib olunmuş 10 avqust 2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərər çəkmiş şəxsin izahatları, eləcə də iş materiallarına əlavə edilmiş digər sənədlərlə tamamilə sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs ilk dəfə inzibati xəta törətməsi, əməlini etiraf etməsini məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirir. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin onun cəmiyyətdən təcrid edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müstəsna halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür. Ona görə də Şəxs barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-49, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM SƏRXAN SƏMƏDZADƏ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar