Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-939/2024 22.08.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, Həsənli Rövşən Xudat oğlunun katibliyi, qərarından şikayət verilmiş orqanın nümayəndəsi X3, şikayət vermiş şəxs X1 iştirakları ilə, X2 tərəfindən Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2024-cü il tarixli, EQ 22929085 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi barədə verilmiş şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i : X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək onun barəsində Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2024-cü il tarixli, EQ 22929085 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarının ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs şikayət ərizəsini onunla əsaslandırmışdır ki, həyat yoldaşı banka getməsi ilə əlaqədar nəqliyyat vasitəsini saxlamışdır. Həmin vaxt polis əməkdaşları tərəfindən nəqliyyat vasitəsinin cərimə olunmasına dair fotoşəkillər çəkilmişdir. O, həmin vaxt nəqliyyat vasitəsinin içərisində olmuş və baş verənləri görmüşdür. Lakin nəqliyyat vasitəsinin şüşələri qara olduğu üçün polis əməkdaşları onu görməmişlər. Həmçinin, cərimə məbləği də çoxdur. İnzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qərarından şikayət verilmiş orqanın nümayəndəsi izahat verərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə VAZ 2112 minik markalı, ** BL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Xaçmaz şəhəri, N.Nərimanov küçəsində “Yol hərəkəti haqqında” Qanunun 52-ci maddəsinin tələbini pozduğuna görə elektron qaydada həmin nəqliyyat vasitəsinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmiş, həmin nəqliyyat vasitəsinin istifadəsi barədə elektron formada İXM-nin son dəyişikliklərinə uyğun olaraq 346.4-cü maddəsinə əsasən inzibati qaydada cərimə olunmuşdur. Şikayət vermiş şəxsin nəqliyyat vasitəsinin içərisində olması onun inzibati məsuliyyətdən kənarlaşdırmır. Yanlız sürücü nəqliyyat vasitəsinin içərisində olarsa inzibati xəta haqqında protokol inspektor tərəfindən tərtib edilir. Sürücü nəqliyyat vasitəsinin içərisində olmadığı halda isə avtomobilin fotoşəkilləri çəkilərək elektron formada protokol tərtib edilir. Əlavə olaraq bildirmişdir ki, “Yol hərəkəti haqqında” Qanunun 52-ci maddəsinə əsasən nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin yolun sağ tərəfində — yol çiyinində, yol çiyini olmadıqda isə yolun hərəkət hissəsinin kənarında bir cərgədə dayanmasına və durmasına icazə verilir. Yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanması və ya durması qadağandır. Qeyd olunan qayda pozuntusu şəxsin ikinci cərgədə dayanması ilə bağlıdır. Bununla əlaqədar fotoşəkillər tərəflərindən məhkəməyə təqdim olunmuşdur. Lazım olarsa, qayda pozuntusuna dair video görüntüləri tərəflərindən məhkəməyə təqdim edilə bilər. Şikayətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclas zalında əlavə olaraq qərarından şikayət verilmiş orqanın nümayəndəsi yol hərəkəti qaydasının pozuntusuna dair video görüntünün izlənməsi üçün mobil telefonundakı görütünü məhkəməyə və şikayət vermiş şəxsə təqdim edir. Məhkəmə ərizəçinin, qərarından şikayət verilmiş orqanın nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli, EQ 22929085 saylı inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, ünvan 1 ünvanında yaşayan, VAZ 2112 minik markalı, ** BL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istifadəçisi X2 Azərbaycan Respublikası İXM-nin 346.4-cü maddəsinə əsasən 80 manat məbləğində cərimə olunmuşdur. - Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən təqdim edilmiş fotoşəkillərdən müəyyən edilir ki, xx.xx.2024-cü il tarixdə, saat 11:19-da X1 istifadəsində olan VAZ 2112 minik markalı, ** BL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi yolun hərəkət hissəsinin kənarında ikinci cərgədə dayanma və ya durmaqla Azərbaycan Respublikası İXM-nin 346.4-cü maddəsinin tələblərini pozmuşdur. Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin: 346.4-cü maddəsinə əsasən yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə səksən manat məbləğində cərimə edilir. 97.1-ci maddəsinə əsasən həmin Məcəllənin 346.1, 346.2 və ya 346.4–346.9-cu maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı və həmin nəqliyyat vasitəsi yol hərəkəti və piyadaların hərəkətinə maneə yaratdığı hallarda, həmçinin bu Məcəllənin 96.1-ci və 346-1.5-ci maddələrində göstərilən hallarda nəqliyyat vasitəsi müvəqqəti olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) ən yaxın mühafizə olunan duracağında saxlanılır. 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilir. 134.1 və 134.1.4-cü maddələrinə əsasən, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1-ci maddəsinə əsasən, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3-cü maddəsinə əsasən, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4-cü maddəsinə əsasən, inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5-ci maddəsinə əsasən tətbiq edilmiş tənbehin bu Məcəllənin 31- 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.6-cı maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Azərbaycan Respublikası “Yol hərəkəti haqqında” Qanunun 52-ci maddəsinin İ-ci bəndində nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin yolun sağ tərəfində — yol çiyinində, yol çiyini olmadıqda isə yolun hərəkət hissəsinin kənarında bir cərgədə dayanmasına və durmasına icazə verilir. Yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanması və ya durması qadağandır. Göründüyü kimi, Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 346.4-cü maddəsinin dispozisiyasında qeyd olunmuş yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanması və ya durması inzibati məsuliyyət yaradır. Yuxarıda qeyd olunanları, məhkəməyə təqdim olunmuş qayda pozunutusunu əks etdirən fotoşəkilləri, videogörüntünü və şikayət verən şəxsin nəqliyyat vasitəsini yolun hərəkət hissəsinin kənarında ikinci cərgədə dayanması etiraf etməsini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati tənbeh vermə haqqında elektron qərar əsaslı və qanunidir. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən icra olunub-olunmaması, təqsirinin olub-olmaması sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Beləliklə məhkəmə hesab edir ki, şikayət təmin edilməməli və X1 barəsində Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 12929085 nömrəli elektron qərar ləğv edilməməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı : Şikayət vermiş şəxs X1 Azərbaycan Respublikası DİN BDYPİ xx.xx.2024-cü il tarixli, EQ 22929085 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarından şikayət təmin edilməsin. Qərardan 10 gün müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aynur Əliyeva
Məhkəmə qərarları › İş №3(067)-939/2024
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-939/2024
22.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver