Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-942/2023 07.09.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Səmədzadə Sərxan Akif oğlunun, Məhkəmə iclas katibi Ahmatov Bəxtiyar Mamat oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X4 vəkili və nümayəndəsi Vəkil, Qərarından şikayət verilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə iştirakları ilə, X4 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xaçmaz 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN ******* saylı, 02 avqust 2023-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarından şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xaçmaz 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN ******* saylı, 02 avqust 2023-cü il tarixli qərarı ilə X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 266.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, 3500 (üç min beş yüz) manat məbləğində inzibati cərimə edilmişdir. X5 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xaçmaz 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN ******* saylı, 02 avqust 2023-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarından şikayət verərək, qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərar qanunsuz və əsassızdır, onun əməlində heç bir inzibati xəta tərkibi yoxdur, ümumiyyətlə o, Azərbaycan Respublikası İXM-nin 266.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın subyekti ola bilməz. Məhkəmə iclasında şikayət verən şəxsin vəkili və nümayəndəsi Vəkil şikayətə uyğun izahat vermiş, həmçinin bildirmişdir ki, “Tullantılar haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində göstərilir ki, tullantıların emalı- onların toplanması, saxlanılması, ceşidlənməsi, daşınması və zərərsizləşdirilməsi prosesindən ibarət məqsədyönlü fəaliyyətdir. Hesab edir ki, təmsil etdiyi şəxs Azərbaycan Respublikası İXM-nin 266.2-ci maddəsinin subyekti ola bilməz, ona görə ki, X2 əks olunmuş proseslə məşğul olan şəxs deyil. O tullantıların toplanması, saxlanılması, ceşidlənməsi, daşınması və zərərsizləşdirilməsi prosesi ilə məşğul deyil və bu fəaliyyət onun funksional vəzifələri deyil. Bundan başqa, iş materiallarına “Eko” market ilə Xudat Mənzil Təsərrüfatı İdarəsi ilə “Eko” market arasında 01 iyun 2023-cü il tarixli “məişət və istehsalat tullantılarının daşınmasına dair” müqavilə bağlanmış və müqaviləyə əsasən “İcraçı” “Sifarişçi”nin ünvanında yerləşən obyektin məişət tullantılarının daşınmasını həyata keçirməyi öhdəsinə götürür. Belə olan halda, ona qarşı tətbiq olunmuş inzibati cərimə ilə razılaşmır və qərarın ləğv edilərək, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Qərarından şikayət verilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə şikayətə etiraz edərək, təmin edilməməsini və qərarın qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Belə ki, məhkəmə qərarından şikayət verilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə tərəfindən təqdim edilmiş X5 barəsində toplanmış inzibati xəta haqqında iş üzrə icraat materialları tərəflərin iştirakı ilə öyrənib, müzakirə edərkən müəyyən etmişdir ki, X5 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xaçmaz 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 02 avqust 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası İXM-nin 266.2-ci maddəsinə əsasən 3500 manat məbləğində inzibati cərimə olunmuşdur. Qərara əsasən X3 şəhərində fəaliyyət göstərən “Eko” marketin fəaliyyəti zamanı formalaşan bərk məişət tullantıları norma və qaydalara uyğun emalı yerlərdə müəyyən edilmədən pərakəndə şəkildə qalaqlanır və yandırılır. İş materiallarında olan 80524 saylı 25 iyul 2023-cü il tarixli aktdan görünür ki, yoxlama zamanı Xudat şəhərində fəaliyyət göstərən “Eko” marketin arxasında yerləşən sahədə müxtəlif tərkibli (kağız, karton qutular, plastik torbalar) tullantılarının pərakəndə şəkildə boş ərazidə qanunsuz qalaqlandığı və yandırıldığı aşkar edilmişdir. Baxışda “Eko” marketin administratoru vəzifəsində çalışan Yusif Kiçibəyov akta etiraz edərək bildirmişdir ki, Xudat Mənzil Təsərrüfatı İdarəsi ilə “Eko” market arasında 01 iyun 2023-cü il tarixli “məişət və istehsalat tullantılarının daşınmasına dair” müqavilə bağlanmış və müqaviləyə əsasən “İcraçı” “Sifarişçi”nin ünvanında yerləşən obyektin məişət tullantılarının daşınmasını həyata keçirməyi öhdəsinə götürür. İş materiallarında olan Xudat Mənzil Təsərrüfatı İdarəsi ilə “Eko” market arasında 01 iyun 2023-cü il tarixli “məişət və istehsalat tullantılarının daşınmasına dair” müqavilənin1.2-ci bəndindən görünür ki, “İcraçı” “Sifarişçi”nin ünvanında yerləşən obyektin məişət tullantılarının daşınmasını həyata keçirməyi öhdəsinə götürür. Həmin Müqavilənin 4.1-ci maddəsinə əsasən “Sifarişçi” “İcraçıya hər ay 150 manat məbləğində pul ödəyir. Azərbaycan Respublikası İXM-nin 266.2-ci maddəsinin dispozisiyasında qeyd edilir ki, tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istifadəsi və ya ləğv edilməsi normalarının və qaydalarının pozulmasına görə inzibati tənbeh tədbiri nəzərdə tutulmuşdur. Məhkəmə qeyd olunan normanın dispozisiyasını, “Tullantılar haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsini və barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş vəzifəli şəxs X4 funksional vəzifələrini müqayisəli şəkildə təhlil edərək hesab edir ki, həqiqətən də X1 Xətalar Məcəlləsinin 266.2-ci maddəsinin dispozisiyasında göstərilən hərəkətləri törədə biləcək inzibati xətanın subyekti ola bilməz. Ona görə ki, “Tullantıların emalı” anlayışına “Tullantılar haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində aydın şəkildə anlayış verilmişdir və bu anlayışdan görünür ki, “Eko marketin” vəzifəli şəxsi X5 tullantıların toplanması, saxlanılması, çeşidlənməsi, daşınması və zərərsizləşdirilməsi prosesi ilə məşğul olan və bu prosesə görə cavabdehlik daşıyan şəxs olması istisna edilir. Məhkəmə şikayət ilə bağlı onu qeyd edir ki, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə əsasən aşkar edilmiş inzibati xəta faktı əsasında inzibati xətanın subyekti, yəni inzibati məsuliyyətə cəlb olunmalı olan fiziki və ya vəzifəli şəxs müəyyən edilməli, inzibati xətanın subyekti olan şəxsin (fiziki və ya vəzifəli şəxs) əməlində inzibati xəta tərkibinin bütün digər əlamətlərinin olub-olmaması məsələsi, eləcə də, inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər hallar araşdırılmalı və əmələ düzgün hüquqi qiymət verilməklə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddi hüquq normasına düzgün tövsif edilməlidir. Məhkəmə hesab edir ki, səlahiyyətli orqan- Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xaçmaz 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən inzibati məsuliyyətə cəlb olunmalı olan, yəni inzibati xətanın subyekti olan şəxsin (fiziki və ya vəzifəli şəxs) əməlində inzibati xəta tərkibinin bütün digər əlamətlərinin daşıyıb-daşımaması məsələsi araşdırılmamış, ümumiyyətlə, səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmadan əmələ hüquqi qiymət verilmiş və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75.0-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 134.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 135.1.2 – 135.1.5ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilə bilər. Həmin Məcəllənin 135.1.4-cü maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə və qanunvericilik aktı normalarına əsasən hesab edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xaçmaz 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi X4 barəsində inzibati məsuliyyəti müəyyən edən normanı düzgün tətbiq etmədiyindən, MN ******* saylı, 02 avqust 2023-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarı ləğv edilməli və işin yenidən baxılmaq üçün səlahiyyətli orqana- Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xaçmaz 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-130, 133-135 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xaçmaz 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN ******* saylı, 02 avqust 2023-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarı ləğv edilsin və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün səlahiyyətli orqana- Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xaçmaz 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində birbaşa apellyasiya instansiyası məhkəməsinə və ya Xaçmaz Rayon Məhkəməsi (həmin qərarı qəbul etmiş hakim) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №3(067)-942/2023
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-942/2023
07.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver