Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-947/2022 27.05.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, məhkəmə iclas katibi X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxx 1985-ci ildə Xaçmaz rayonunun Xudat şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, fərdi işlə məşğul olan, deməsinə görə əvvəllər məhkum olunmamış, inzibati tənbehə məruz qalmamış, ünvan 1 ünvanında yaşayan Şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYY ƏN ETDİ : Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokola əsasən Şəxs 19 fevral 2022-ci il tarixdə saat 23 radələrində etibarnamə əsasında idarə etdiyi «Toyota Land-Cruiser-Prado markalı, 90NJ751 dövlət nömrə nişanlı avtomobillə Xaçmaz şəhəri, Bakı prospektində hərəkətdə olarkən X2 idarə etdiyi “Opel Astra” markalı, 99TY137 nömrəli avtomobillə, daha sonra isə X1 idarə etdiyi “Vaz-21150” markalı, 90KG787 nömrəli avtomobillə toqquşmaqla zərərçəkmiş şəxslərə maddi zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Yoxlama zamanı Şəxs nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etməsi müəyyən edilmişdir. Məhkəmədə izahat verən inzibati xəta törətmiş şəxs Şəxs törənmiş xətada özünü qismən təqsirli bilərək izahatında göstərdi ki, 19 fevral 2022-ci il tarixdə axşam saatlarında Xaçmaz şəhərində olarkən tanışları ilə birlikdə “Sultan hamam” istirahət mərkəzində dincələrkən iki bakal pivə içmişdir. Bundan sonra istirahət mərkəzindən çıxıb saat 23 radələrində idarə etdiyi «Toyota Land-Cruiser-Prado markalı, 90NJ751 dövlət nömrə nişanlı avtomobillə Xaçmaz şəhəri, Bakı prospektində hərəkətdə olarkən sonradan adları ona məlum olan X2 idarə etdiyi “Opel Astra” markalı, 99TY137 nömrəli avtomobillə, daha sonra isə X1 idarə etdiyi “Vaz-21150” markalı, 90KG787 nömrəli avtomobillə toqquşmaqla yol-nəqliyyat hadisəsi törətmişdir. Bundan sonra ərazidə xidmətdə olan Xaçmaz rayon X5 X6 yol patrul xidməti inspektorları hadisə yerinə gəlmiş, müayinə zamanı onun avtomobili sərxoş vəziyyətdə idarə etməsi müəyyən edilərək barəsində müvafiq sənədləşmə aparmışlar. Hesab edir ki, onun törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində “Opel Astra” markalı, 99TY137 nömrəli və «Hyundai» markalı, ** KT *** nömrəli və “Vaz-21150” markalı, 90KG787 nömrəli avtomobillərin sahiblərinə hər hansı məbləğdə maddi zərər dəyməmişdir. Avtomobili sərxoş vəziyyətdə idarə etməsinə görə özünü təqsirli bilir və əməlindən peşmandır. Barəsində yüngül inzibati tənbeh təyin olunmasını xahiş edir. Məhkəmə işdə iştirak edən inzibati xəta törətmiş şəxsin izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi öz təsdiqini tapmır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət bu Məcəllənin 333.1-ci, yəni nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində törədilmiş xətaya görə zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərərçəkmiş şəxsə maddi zərər vurulmasına görə yaranır. İnzibati xəta haqqında protokola Şəxs qeyd olunan xətanı törətməsi nəticəsində zərərçəkmiş şəxslərə maddi zərər dəyməsini təsdiq edən ziyan aktları, yaxud digər hər hansı əsaslı sənədlər əlavə edilməmişdir. Lakin məhkəmə araşdırması zamanı Şəxs 19 fevral 2022-ci il tarixdə saat 23 radələrində «Toyota Land-Cruiser-Prado markalı, 90NJ751 dövlət nömrə nişanlı avtomobili sərxoş vəziyyətdə idarə etməsi inzibati xətanı törətmiş şəxsin özünün etirafı, tibbi müayinə protokolu, tərtib olunmuş inzibati xəta haqqında 06 may 2022-ci il tarixli, İXP ******* nömrəli protokol və digər iş materialları ilə tamamilə sübut olunmuşdur. Ona görə də məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respulikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi hər hansı sübutla öz təsdiqini tapmadığından, onun Azərbaycan Respullikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi öz təsdiqini tapdığından onun əməli İXM-nin 333.3-cü maddəsindən 333.1-ci maddəsinə tövsüf olunmaqla onun barəsində həmin maddənin sanksiyası çərçivəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs ilk dəfə inzibati xəta törətməsini, törətdiyi xətada özünü təqsirli bilərək əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulan məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyətini yüngülləşdirən halları, məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq onun barəsində Azərbaycan Respullikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinin sanksiyasında nəzərdə tutlmuş tənbehlərdən cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-49, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ : Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində 400 (dörd yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Xıdır Quliyev.
Məhkəmə qərarları › İş №3(067)-947/2022
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-947/2022
27.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver