Məhkəmə qərarları › İş №3(067)-953/2023

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-953/2023

17.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-953/2023 17.08.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4, Xaçmaz rayon X7 Təhlükəsizlik Bölməsinin əməliyyat müvəkkili, polis kapitanı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxx 1990-cı ildə Xaçmaz rayonu Nizova kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, Xaçmaz rayonu, Niyazoba kəndində yaşayan Şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏNETDİ: Şəxs 16 avqust 2023-cü il tarixdə Xaçmaz şəhəri, N.Nərimanov küçəsində ictimai qaydanı pozaraq polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Xaçmaz rayon X7 Təhlükəsizlik Bölməsinin əməliyyat müvəkkili, polis kapitanı X5 göstərdi ki, 16 avqust 2023-cü il tarixdə əməliyyat qrupunda olduğu zaman iş üzrə inzibati xəta haqqında icraat aparılan şəxsin qardaşı X10 102 xidmətinə zəng edərək qardaşının sərxoş halda nəqliyyat vasitəsinin idarə etməsi barədə məlumat ermişdir. Bundan əlavə də hazırda icraat aparılan şəxs 16 avqust 2023-cü il tarixdə hadisə törətmişdir bununla bağlı polis şöbəsində baş vermiş hadisə ilə bağlı araşdırılma aparılır. Daxil olmuş məlumat əsasında Şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə dəvət edildiyi zaman o, polisin qanuni tələblərinə qəsdən tabe olmayaraq oradan uzaqlaşmışdır. Bundan sonra o, tərəfimizdən saxlanılaraq bölməyə gətirilərək barəsində müvafiq protokol tərtib edilmişdir. Məhkəmədə izahat verən inzibati xəta törətmiş şəxs Şəxs özünü təqsirli bilərək göstərdi ki, hadisə törətməmişdir, əsəbləşdiyi üçün vurub maşının ön şüşəsini sındırmışdır. Bundan sonra qardaşı onun içkili vəziyyətdə nəqliyyat vasitəsini idarə etdiyinə görə barəsində 102 xidmətinə bu barədə məlumat vermişdir. Qardaşı ilə arasında heç bir qərəzçilik və düşmənçilik yoxdur, sadəcə onun hər hansı bir bədbəxt hadisə törətməsindən qorxduğuna görə məlumat vermişdir. Məhkəmədə şahid qismində izahat verən Xaçmaz rayon X12 Patrul Xidmətinin polis nəfəri X6 göstərdi ki, avqust ayının 15-dən 16-na keçən gecə təxminən saat 12:00, 01:00 arasında növbətçi hissəyə daxil olmuş 102 məlumat əsasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin qardaşı tərəfindən onun sərxoş halda nəqliyyat vasitəsini idarə etməsi ilə bağlı məlumat vermişdir. Həmin məlumat əsasında Şəxs onlar tərəfindən saxlanılmış, nəqliyyat vasitəsini saxladığları zaman həmin nəqliyyat vasitəsinin ön şüşəsinin sındığını görmüşdür. Bundan sonra Şəxs nəqliyyat vasitəsinə əyləşərək yüksək sürətlə nəqliyyat vasitəsini sürərək onlardan uzaqlaşmışdır. Onlar həmin nəqliyyat vasitəsinin arxasınca getdikləri zaman sürücünün Xaçmaz şəhərində müxtəlif küçələrə girərək sürətlə maşını idarə etməsini müşahidə etmişlər. Bundan sonra Şəxs Natavan küçəsinə girərək orda çayın üzərində olan asma körpünün yanında onların onun arxasınca gəldiyini görərək nəqliyyat vasitəsinin işıqlarını söndürərək düşüb oradan uzaqlaşmaq istədiyi zaman onlar onu orda saxlayaraq rayon polis şöbəsinə gətirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən Xaçmaz rayon X12 Patrul Xidmətinin polis nəfəri X3 iş üzrə şahid qismində dindirilən Xaçmaz rayon X12 Patrul Xidmətinin polis nəfəri X2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tərtib olunmuş inzibati xəta haqqında 16 avqust 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, eləcə də iş materiallarına əlavə edilmiş digər sənədlərlə tamamilə sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, onun cəmiyyətdən təcrid edilməklə islah edilməsinin mümkünlüyünü nəzərə alaraq onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuna və məqsədə müvafiqdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İş materiallarında olan 16 avqust 2023-cü il tarixli, 328 saylı inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 16 avqust 2023-cü il tarixdə saat 12:36 radələrində tutulmuş, 17 avqust 2023-cü il tarixdə saat 15:00-da həbsdən azad edilmişdir. Odur ki, Şəxs 16 avqust 2023-cü il tarixdə saat 12:36-dan 17 avqust 2023-cü il tarixdə saat 15:00-dək tutulduğu 01 (bir) gün müddət, ona təyin edilmiş inzibati həbs müddətindən çıxılsın və üzərində qəti olaraq 09 (doqquz) gün inzibati həbs tənbeh tədbiri saxlanılmalıdır. Həbsin əvvəli 17 avqust 2023-cü il tarixdən saat 18:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-49, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində 10 (on) gün müddətə həbs növündə inzibati tənbeh tətbiq edilsin. Odur ki, Şəxs 16 avqust 2023-cü il tarixdə saat 12:36-dan 17 avqust 2023-cü il tarixdə saat 15:00-dək tutulduğu 01 (bir) gün müddət, ona təyin edilmiş inzibati həbs müddətindən çıxılsın və üzərində qəti olaraq 09 (doqquz) gün inzibati həbs tənbeh tədbiri saxlanılsın. Həbsin əvvəli 17 avqust 2023-cü il tarixdən saat 18:00-dan hesablansın. Qərarın surəti icra edilməsi üçün Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət və protest verilə bilər. HAKİM SƏRXAN SƏMƏDZADƏ.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar