Məhkəmə qərarları › İş №3(067)-955/2024

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-955/2024

20.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-955/2024 20.08.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, Həsənli Rövşən Xudat oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X8, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (borclu) Şəxs iştirakı ilə xx xxx 1989-cu ildə Xaçmaz rayonu, Xudat şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz rayonu, Xudat şəhəri, T.İsmayılov küçəsi ev 22dəyaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Xaçmaz rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Xaçmaz Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsi ilə Şəxs inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokola baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə müraciət etmişdir. İnzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, MN ******* saylı protokola əsasən məlum olur ki, Xaçmaz rayon məhkəməsinin 2(067)-1231/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsi üzrə borclu Şəxs 1260 manat aliment borcunu ödəməyərək icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında çıxış edən icra məmuru bildirdi ki, Xaçmaz rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Şəxs 1 uşağın saxlanması üçün 28 fevral 2024-cü il tarixdən başlayaraq hər ay 200 manat məbləğində aliment borcunu və 60 manat mediasiya xərcini tələbkar X2 hesabına ödənilməlidir. Həmçinin 44 manat məbləğində dövlət rüsumu dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunan icra sənədi onun icraatına daxil olduqdan sonra borcluya xəbərdarlıq edilməsinə baxmayaraq bu günədək heç bir ödəniş etməmişdir. Şəxs 1260 manat aliment borcu yaranmışdır. Əlavə olaraq qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs verdiyi izahatda bildirdi ki, məhkəmə tərəfindən bir uşağın saxlanması üçün hər ay 200 manat məbləğində aliment təyin olunmuşdur. Səhhətində problemlər olduğundan xəstəxanada olduğu vaxt məhkəmə bildirişlərini aldıqda savadı olmadığı üçün oxuya bilməmiş və məhkəmə proseslərindən xəbərsiz olmuşdur. Uşaqlarının anası dünyasını dəyişdiyi üçün uşaqlarından biri ana nənəsinin himayəsində saxlanılmış, digər uşağı isə özünün himayəsindədir. Nənəsinin himayəsində olan uşağın 14, özünün himayəsində qalan uşağın isə 10 yaşı vardır. Həyat yoldaşı dünyasını dəyişdiyinə görə uşaqların saxlanılmaları üçün dövlət tərəfindən 240 manat yardım verilir. Həmin 240 manat məbləğdə puldan 120 manatı uşağın saxlanması üçün qayınanasına verir. Digər 120 manat məbləğdə pul və fərdi əməklə məşğul olaraq qazandığı 100 manat məbləğində pulla özünün və uşağının dolanışığına xərcləyir. Dövlət tərəfindən müəyyən edilmiş sığınacaqda qalır. Tələbkara uşağın saxlanması üçün əlbə-əl pul vermişdir. O, hər ay 100 manat aliment ödənişi və 50 manat yaranmış aliment borcundan ödəniş edə bilər. Qayınanasının himayəsində qalan qız övladı nənəsi tərəfindən dilənçiliyə cəlb edilir. Buna görə də uşağını qayınanasının himayəsindən götürmək istəyir. O, Qarabağ müharibəsi veteranıdır, xəstə olduğu üçün insulin qəbul edir. Barəsində həbs və ya cərimə inzibati tənbeh təyin edilməməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasına tədqiq edilmiş: - Şəxs barəsində Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X10 tərəfindən xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli protokol tərtib edilərək baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə müraciət daxil olunmuşdur. - Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1231/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən X9 ilə cavabdeh X3 birgə uşaqları – hazırda nənəsi X4 himayəsində olan xx.xx.2011-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün iddia ərizəsi məhkəməyə daxil olduğu gündən, yəni xx.xx.2024-cü il tarixdən başlayaraq cavabdeh X1 hər ay 200 manat sabit məbləğdə aliment, həmçinin mediasiya xərcinə görə ödənilmiş 60 manat məbləğində pul alınaraq iddiaçı X6 verilsin. Cavabdeh X1 44 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamə alimentə aid hissədə dərhal icra edilsin. İddia qalan hissədə təmin edilməsmişdir. - 22 may 2024-cü il tarixdə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X10 tərəfindən 2(067)-1231/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə “İcraata başlamaq haqqında” qərar qəbul olunmuşdur. - xx.xx.2024-cü il tarixli tələbin könüllü icrası barədə bildirişi inzibati xəta haqqında icraat aparılan şəxs xx.xx.2024-cü il tarixdə almış, xx.xx.2024-cü il tarixli xəbərdarlıq isə xx.xx.20024-cü il tarixdə təqdim edilmişdir. - xx.xx.2024-cü il tarixdə və xx.xx.2024-cü il tarixdə borclu X5 Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə verdiyi izahatından görünür ki, bu günədək aliment borcundan heç bir ödəniş etməməsinin səbəbi maddi cəhətdən imkanının olmaması olmuşdur. Borcunu tam şəkildə ödəyə bilmir, hər ay hissə-hissə olmaqla ödəyə bilər. - Borclu barəsində məlumatları elektron sorğulanması sənədlərindən onun adında hər hansı məlumat müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan(qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl(hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 6.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 528.1-ci maddəsinə əsasən İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, icra məmurunun istinad etdiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibinin yaranması üçün aşağıdakı hallar müəyyən olunmalıdır: -məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; -borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; -borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi. Qeyd olunan hallara istinad edərək, bir daha bu nəticəyə gəlinir ki, Şəxs əməlində inzibati xətanın tərkibi mövcud deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 2018-ci il 04sentyabr tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyi təkrarlayaraq bir daha qeyd etmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquq tətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Göründüyü kimi, inzibati xəta haqqında protolokda ümumi sözlərdən, yəni qanunda qeyd olunmuş maddəni göstərməklə borclunun qərəzli icra vərəqəsini icra etməməsini qeyd etmiş, lakin protokolda qərəzli icra etməmənin nədən ibarət olması açıqlanmamışdır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirdərək, aşağıdakılara əsasən hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Beləliklə, məhkəməyə daxil olmuş protokol və əlavə edilmiş materiallardan, icra işi materiallarından, tərəflərin izahatlarından tələbin ödənilməməsinin Şəxs hər hansı konkret təqsirli hərəkət və ya hərəkətsizliyinin nəticəsi olması, aliment borcunun ödənilməsindən yayınması halı və inzibati məsuliyyətə səbəb olan əməlin (hərəkət və ya hərəkətsizlik), yəni inzibati xətanın törədilməsi müəyyən edilmir. Qeyd olunan əsasa görə Şəxs barəsində olan hazırkı iş üzrə icraata xitam verilməlidir. Həmin əsas inzibati məsuliyyəti istisna edir. Bununla da barəsində protokol tərtib edilən şəxs tərəfindən göstərilən inzibati xətanın törədilməsi icra işinin materialları ilə kifayət qədər sübuta yetirilmir. Belə ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə aliment öhdəliyi yaradan məhkəmə qətnaməsinin icrası ilə barədə xx.xx.2024-cü il tarixdə qərar qəbul edilmiş, borclu bu barədə xx.xx.2024-cü il tarixdə məlumatlı olmuş, aliment borcu isə məhkəməyə ərizə ilə müraciət edildiyi xx.xx.2024-cü il tarixdən hesablandığından qeyd olunan məbləğdə aliment borcu yaranmışdır. Borclunun maddi vəziyyəti, himayəsində bir uşağın olması, sabit gəlirinin və yaşayış yerinin olmaması nəzərə alınarsa onun cəmi 2 ay ərzində 1260 manat məbləğində pulu ödəyə bilməsi ağlabatan hesab edilmir və bu hal onun icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən icra etməməsi kimi qiymətləndirilə bilməz. Həmçinin, borcluya borcun ödənilməsi barədə yalnız bir dəfə rəsmi xəbərdarlıq edilmiş, o cümlədən, icra məmuru borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlər (məs, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimat vermək və s,.) görmədən inzibati xəta haqqında protokol tərtib etmişdir. Bununla da Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 2018-ci il 04 sentyabr tarixli Qərarında formalaşdırdığı hüquqi mövqe nəzərə alınmamışdır. Belə olduğu təqdirdə şəxsin əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcud olmur. Yəni barəsində protokol tərtib edilmiş hazırkı şəxs İXM-nin 528.1-ci maddəsindəki inzibati xətanı törədən subyekt deyildir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-nin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. Qeyd edilənlərə əsasən hazırki iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, onun əməlində inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Qeyd olunanlara əsasən inzibati xəta haqqında işi üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, qəraraaldı: xx xxx 1989-cuildə Xaçmaz rayonu, Xudat şəhərində anadan olmuş Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlinin tərkib hissəsi olmadığından onun barəsində olan inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Xaçmaz Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar