Məhkəmə qərarları › İş №3(067)-958/2025

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-958/2025

23.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-958/2025 23.06.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, Həsənli Rövşən Xudat oğlunun katibliyi, şikayət vermiş şəxs X1, qərarından şikayət verilmiş Xaçmaz RPŞ-nin DYPB-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, X2 tərəfindən Xaçmaz RPŞ-nin DYPB-nin xx.xx.2025-ci il tarixli, EQ 28512247 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi barədə verilmiş şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək onun barəsində Xaçmaz RPŞnin DYPB-nin xx.xx.2025-ci il tarixli, EQ 28512247 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət vermiş şəxs şikayət ərizəsini onunla əsaslandırmışdır ki, o, Xaçmaz RPŞnin DYPB-nin EQ 28512247 nömrəli qərarından şikayətçidir. Həmin yolda qırıq xətt olduğu üçün dönmə əməliyyatı etmişdir. Əgər 1.1 xətti, yəni dönmə qadağandır olsa idi o zaman qərarla razılaşardır. O, yolda tək qırıq xətti əsas götürərək dönmə hərəkətini həyata keçirmişdir. Bununla da, o barəsində qanunsuz olaraq inzibati tənbeh təyin edildiyini və şikayətinə baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs izahat verərək bildirmişdir ki, yol işarəsi dönmə hərəkəti olsa da, yolda qırıq xətt olduğu üçün dönmə əməliyyatı etmiş, buna görə də barəsində 40 manat məbləğində cərimə növündə inzibati tənbeh təyin olunmuşdur. Həmin yoldan dəfələrlə dönmə əməliyyatı etmişəm, lakin birinci dəfədir ki, cərimə təyin edilmişdir. O. təyin ediləcək qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iclasında qərarından şikayət verilmiş Xaçmaz RPŞ-nin DYPB-nin nümayəndəsi izahat verərək bildirmişdir ki, şikayət verən şəxsin qeyd etdiyi kimi barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Həmin protokol nişanlanma xəttinin tələblərinə əsasən, yəni 1.1 və ya 1.3 xəttinə əsasən deyil, yol nişanının tələblərini pozduğuna görə tərtib olunmuşdur. Həmin ərazidə olan yol nişanı 4-cü qrup yol nişanıdır və hərəkətin düzünə məcburi olduğunu göstərir. Şəxs yol nişanının tələbini pozduğuna görə 40 manat məbləğində cərimə növündə inzibati tənbeh təyin olunmuşdur. Əgər yolda düz xətt olsa idi vətəndaş barəsində 100 manat məbləğində cərimə növündə inzibati tənbeh təyin olunardı. Həmin ərazidə təhlükəsiz şəhər kamerası quraşdırılmamışdır. Son 15 gün müddətində həmin əraziyə Baş İnformasiya Kommunikasiya İdarəsi tərəfindən təhlükəli şəhər kamerası quraşdırılmış və bundan sonra qanun pozuntusu aşkar edilməyə başlanmışdır. Həmçinin yol nişanı üfüqü nişanlamadan üstün götürülür. Nişanlanma xətlərinin yenilənməsi Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə həvalə olunmuşdur. Ümumi rayon yollarının xətlənməsi ilə bağlı bir neçə dəfə tərəflərindən sorğu göndərilmişdir. O, inzibati tənbeh vermə haqqında elektron qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Əlavə olaraq məhkəmə iclas zalında qərarından şikayət verilmiş orqanın nümayəndəsi mobil telefon vasitəsilə şikayət vermiş şəxs tərəfindən qayda pozuntusuna dair görüntüləri təqdim etmişdir. Həmin görüntülərdə şikayət vermiş şəxsin yol nişanlarının tələblərinə riayət etməməsi müəyyən edilmişdir. Məhkəmə ərizəçinin, qərarından şikayət verilmiş orqanın nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli, EQ 28512247 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, X2 “BMW 3201” minik markalı, ** GA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol nişanlarının tələblərinə riayət edilməməsi əməlini törətdiyinə görə İXM-nin 327.1-ci maddəsinə əsasən 40 manat məbləğində inzibati cərimə olunmuşdur. - Şikayətə əlavə edilmiş fotoşəkillərin surətlərindən görünür ki, şikayət vermiş şəxs inzibati xətanın törədildiyi yolu göstərərək inzibati xətanı törətmədiyini qeyd etmişdir. Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilir. 134.1 və 134.1.4-cü maddələrinə əsasən, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1-ci maddəsinə əsasən, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3-cü maddəsinə əsasən, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4-cü maddəsinə əsasən, inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5-ci maddəsinə əsasən tətbiq edilmiş tənbehin bu Məcəllənin 31- 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.6-cı maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud ara məsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə qırx manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun: 1-ci maddə: 2-1) yol hərəkətinin təşkilinin texniki vasitələri - yollarda hərəkətin təşkili və tənzimlənməsi, o cümlədən nəqliyyat vasitələrinin və piyadaların təhlükəsizliyinin və fasiləsiz hərəkətinin təmin edilməsi, yolların buraxıcılıq qabiliyyətinin artırılması üçün tətbiq edilən qurğular, avadanlıqlar və təsvirlərdir (svetoforlar, yol nişanları, nişanlama xətləri, qoruyucu sədlər, dirəkciklər və s.); 15) hərəkət zolağı — yolun hərəkət hissəsinin nişanlama xətti vasitəsilə bölünmüş, eni avtomobillərin bir sırada hərəkəti üçün kifayət edən hər hansı uzununa zolağıdır; 61-ci maddə: İ. Yollarda yol hərəkətinin qaydaları və şəraiti barədə müəyyən məlumat saxlayan və yol hərəkətini nizamlayan əsas vasitələrdən biri yol nişanlarıdır. İİ. Yol nişanları 7 nişan qrupundan ibarətdir: xəbərdarlıq, üstünlük, qadağan, məcburi hərəkət istiqaməti, məlumatverici-göstərici, servis, əlavə məlumat (lövhəciklər). İİİ. Hər bir yol nişanının öz nömrəsi olur ki, onun birinci rəqəmi qrupun nömrəsinə uyğun olur, sonrakı rəqəmlər qrupda ardıcıl nömrəni və müxtəliflik mövcud olduqda onun ardıcıl nömrəsini əks etdirir. İV. Müxtəlif qruplardan toplanan üstünlük nişanlarından başqa, hər qrup yol nişanlarının özünə məxsus rəngi və forması vardır. V. Yol nişanlarının sutkanın hər bir vaxtı fərqləndirilməsi və oxunması üçün, onlar daxili və xarici işıqlandırılma və ya işıqqaytarıcı səth ilə (nəqliyyat vasitələrinin işıq cihazlarının işığını əks etdirən xırda şüşə kürəciklərinin əsasında xüsusi nazik pərdə) təchiz edilirlər. Daxildən işıqlandırılmış nişanlar yolun süni işıqlandırılmış yerlərində qurulur. Süni işıqlandırılmamış yollarda işıqqaytarıcı səthli nişanlar tətbiq olunur. İşıqqaytarıcı səthli nişanların 100 metrdən az olmayan məsafədən görünməsi təmin edilərsə, onların stasionar işıqlandırılmış yollarda da qurulmasına yol verilir. Vİ. Müvəqqəti yol nişanları texniki göstəricilərinə və quraşdırılma yerinə görə daimi nişanlardan fərqlənməlidir. Müvəqqəti yol nişanlarının istifadə edilməsinə ehtiyac qalmayıbsa, bu nişanlar təcili çıxarılmalıdır. Vİ-İ. Eyni yol sahəsində quraşdırılmış yol nişanlarının tələbləri, habelə müvəqqəti yol nişanları və müvəqqəti nişanlama xətləri istisna olmaqla yol nişanları ilə digər texniki vasitələrin tələbləri arasında ziddiyyət və ya uyğunsuzluq yolverilməzdir. Aşkar olunmuş hər hansı ziddiyyət və ya uyğunsuzluq təxirə salınmadan aradan qaldırılmalıdır. Müvəqqəti yol nişanlarının tələbləri ilə daimi yol nişanlarının, nişanlama xətlərinin və digər texniki vasitələrin tələbləri arasında ziddiyyət və ya uyğunsuzluq olarsa, müvəqqəti yol nişanlarına üstünlük verilməlidir. Müvəqqəti yol nişanları ilə müvəqqəti nişanlanma xətləri arasında ziddiyyət və ya uyğunsuzluq yolverilməzdir. Vİİ. Yolun eyni kəsiyində üçdən artıq yol nişanının qurulmasına icazə verilmir (təkrar olunan nişanlar və əlavə lövhəciklər nəzərə alınmamaqla). Xüsusi qeyd olunmuş hallardan başqa yolun sağ tərəfində bütün yol nişanları qurulur. İki və ya artıq zolaqlarla bir istiqamətdə hərəkəti olan yollarda yol nişanları vaxtlı-vaxtında sürücü tərəfindən çətinliklə qavranılarsa, onlarda olan məlumat nəzərə alınmaqla nişanlar təkrar qurulmalıdır. Təkrar nişanlar ayırıcı zolaqlarda, əgər ayırıcı zolaq yoxdursa və əks istiqamətli hərəkət üçün iki hərəkət zolağından artıq hərəkət zolağı nəzərdə tutulmamışdırsa, belə yol nişanları yolun sol tərəfində qurulurlar. Yolun solunda yerləşdirilən yol nişanının görünməsinin təmin olunması mümkün deyilsə və ya əks istiqamətli hərəkət üçün üç və artıq hərəkət zolağı vardırsa, onda yol nişanları yolun hərəkət hissəsinin üstündə qurulurlar. 65-ci maddə: İ. Məcburi hərəkət istiqaməti nişanları sürücülərə nəqliyyat vasitələrinin hərəkətinin icazə verilmiş istiqamətini, sürətini müvafiq nəqliyyat vasitələrinin hərəkətini, eləcə də piyadaların hərəkəti üçün nəzərdə tutulan yolları göstərir. Göründüyü kimi, Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 327.1-ci maddəsinin dispozisiyasında qeyd olunmuş yol nişanlarının tələblərinə riayət edilməməsi inzibati məsuliyyət yaradır. Yuxarıda qeyd olunanları və məhkəməyə təqdim olunmuş qayda pozuntusunu əks etdirən videogörüntünü nəzərə alaraq, məhkəmə hesab edir ki, inzibati tənbeh vermə haqqında elektron qərar əsaslı və qanunidir. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən icra olunub-olunmaması, təqsirinin olub-olmaması sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Beləliklə məhkəmə hesab edir ki, şikayət təmin edilməməli və X1 barəsində Xaçmaz RPŞ-nin DYPB-nin tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 28512247 nömrəli qərar ləğv edilməməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət vermiş şəxs X1 Xaçmaz RPŞ-nin DYPB-nin tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 28512247 nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət təmin edilməsin. Qərardan 10 gün müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə Apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar