Məhkəmə qərarları › İş №3(067)-99/2021

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-99/2021

08.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-99/2021 08.02.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi Tağıyev Natiq Əkbər oğlunun katibliyi ilə, xx.xx.1958-ci ildə Qusar rayonunun, Piral kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, inzibati məsuliyyətə cəlb olunmamış, Qusar rayonunun, Piral kəndində yaşayan X1 Xaçmaz rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin xx.xx.2021-ci il tarixli inzibati vermə haqqında qərarından şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Xaçmaz rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarına əsasən X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 96.1.6-cı maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində icra edilməməsinə görə nəqliyyat vasitəsi dayandırılmış və duracağa yerləşdirilmişdir. X2 məhkəməyə müraciət edərək, Xaçmaz rayon Polis Şöbəsinin Dövlət Yol Polis bölməsinin onun barəsində tərtib olunmuş xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 şikayəti belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xaçmaz rayon Polis şöbəsinin Dövlət Yol Polis bölməsinin əməkdaşları guva onun barəsində inzibati xəta haqqında protokol tərtib edərək, həmin protokol üzrə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və onun barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilmiş və ona bu barədə xəbərdarlıq edilmişdir. Bir müddət sonra isə onun tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə minməsinə baxmayaraq, inzibati cəriməni ödəmədiyi səbəbindən AR İXM-nin 529.3-cü maddəsinə əsasən sürücülük hüququnun altı aydan bir ilədək müddətdə məhdudlaşdıracağı barədə onun ünvanına bildiriş göndərilmişdir Azərbaycan Respublikasının İXM-nin 128.1-ci və 130.1-ci maddələrinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış fızıkı şəxs həmin qərardan, qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində şikayət verə bilər. İnzibati xətalar haqqında işlər üzrə bildirişi xx xxxxxx 2021-ci il tarixində poçt vasitəsilə almışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xaçmaz rayon Polis şöbəsinin Dövlət Yol Polis bölməsinin inzibati xəta haqqında protokol ilə və həmin protokol üzrə inzibati tənbeh vermə haqqında qərarı ilə aşağıda göstərilən əsaslara görə razı deyildir, ona görə də hesab edir ki. bu qərar ləğv edilməlidir. 1.Birinci növbədə inzibati xəta haqqında protokol onun iştirakı olmadan tərtib olunmuş, surəti ona təqdim etməmiş, ümumiyyətlə bundan xəbəri olmayıb. 2.Onun barəsində inzibati xəta haqqında protokolun tərtib olunması və inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsi barədə rəsmi qaydada poçt vasitəsilə bildiriş göndəriləndən sonra bilmişdir. Onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda və inzibati tənbeh vermə haqqında Qərarda qeyd olunan məlumatlar həqiqətə uyğun deyil, yalandır və heç bir hüquqi əsası yoxdur. Məlumat üçün bildirir ki, noyabr ayının ortalarında, dəqiq tarix yadında deyil, özünə məxsus olan ToYOTA HİLUX MİNİK,TİP PİKAP markalı, **-MP-*** dövlət qevdiyyat nişanlı maşını ilə Quba-Xaçmaz istiqamətində hərəkətdə olan vaxtı X4 xidmətinin əməkdaşları onu saxlayaraq bildirdilər ki, güya o, hərəkətdə olarkən manevr etmə qaydalarını pozmuşdur və onun 50 (əlli) manat məbləğində cərimə olunduğunu, əks təqdirdə protokol yazılacağını bildirmişlər. O, bununla razı olmamış və onlara bildirmişdir ki, onun heç bir günahı yoxdur, yol hərəkət qaydalarını pozmamışdır. Əgər həqiqətən də o, yol hərəkəti qaydalarını pozmuşdursa ona izah etsinlər hansı yol hərəkət qaydasını pozmuşdur. Heç bir irad bildirmədən sənədləri geri qaytarmışlar və o, da çıxıb getmişdir. Onun tərəfindən heç bir inzibati xəta törədilmədiyi halda barəsində inzibati tənbeh tətbiq edilməsi düzgün deyildir. Hesab edir ki, barəsində şikayət etdiyi qərar qəbul edilərkən mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış, iş üçün əhəmivyətli olan hallar sübuta yetirilməmişdir. Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən İnzibati xəta haqqında qərardan verilən şikayətə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda, qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən, Xaçmaz rayon Polis Şöbəsinin Dövlət Yol Polis bölməsinin inzibati vermə qərarın qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən inzibati xətanın törədilməsi, inzibati xəta hadisəsinin olub-olmaması və işin digər halları səlahiyyətli orqan tərəfindən yenidən araşdırılmalıdır. Belə ki, iş materiallarında barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə onun barəsində tərtib olunmuş qərarın surətinin təqdim edilməsini təsdiq edən sənədlər yoxdur və qərarından şikayət verilən orqan Xaçmaz rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsi tərəfindən qeyd edilən halları təsdiq edən mötəbər sənədlər məhkəməyə təqdim edilməmişdir. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə, o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 75.0-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 76.2-ci maddəyə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər, yaxud üzərində inzibati xətanın izlərini saxladığına görə inzibati xəta haqqında iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən predmetlər maddi sübutlar hesab edilir. Maddi sübutların fotoşəkilləri çəkilir və onlar inzibati xəta haqqında işə əlavə edilir. Maddi sübutlar inzibati xətalar haqqında protokolda qeyd edilir. İcraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. AR İXM-nin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərb.Res-sı İXM-nin 43-48, 106-115 və 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : X1 Xaçmaz rayon Polis Şöbəsinin Dövlət Yol Polis bölməsinin inzibati tənbeh vermə qərarından şikayəti təmin edilsin. Xaçmaz rayon Polis Şöbəsinin Dövlət Yol Polis bölməsinin inzibati tənbeh vermə haqqında xx.xx.2021-ci il ytarixli, İXP ******* qərarı ləğv edilsin və iş yenidən baxılması üçün Xaçmaz rayon Polis Şöbəsinin Dövlət Yol Polis bölməsinə qaytarılsın. Qərardan 10 gün müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar