Məhkəmə qərarları › İş №3(067)-992/2024

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-992/2024

25.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-992/2024 25.09.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, Həsənli Rövşən Xudat oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Xaçmaz Gömrük İdarəsi Əməliyyat və təhqiqat şöbəsinin təhqiqatçısı, gömrük xidməti mayoru Nümayəndə2, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs MMC-nin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, Şəxs MMC (VÖEN: **********) barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsi tərəfindən 14 avqust 2024-cü il tarixli, EP № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. Belə ki, hüquqi şəxs Şəxs MMC (VÖEN: **********) 2023-cü ilin dekabr ayı ərzində Xaçmaz Gömrük İdarəsində “ixrac” gömrük prosedurunda rəsmiləşdirməklə 7 gömrük bəyannaməsi üzrə ixrac etdiyi yüklərin müqabiləndə köçürülməli olan, ümumilikdə 149929,40 ABŞ dolları (254879,98) məbləğində vəsaitin müvəkkil bank hesabına köçürülməməsi ilə bağlı Xaçmaz Gömrük İdarəsində araşdırma aparılmışdır. Faktla bağlı aparılmış araşdırma ilə əlaqədar Şəxs MMC-nin hal-hazırda fəaliyyət göstərib-göstərməməsi və rəhbəri barədə məlumat əldə etmək məqsədilə Gömrük Xidmətinin Vahid X1 əldə olunmuş məlumata əsasən, Şəxs MMC-nin xx.xx.2020-ci il tarixdə ********** nömrəli VÖEN-lə hüquqi şəxs qismində qeydiyyata alındığı, hüquqi ünvanının Xaçmaz rayonu, Qusarçay kəndi olduğu, fəaliyyətinin aktiv olduğu və rəhbərinin X3 olduğu məlum olmuşdur. Bunda sonra, Şəxs MMC-nin qeydiyyatda olduğu (Xaçmaz rayonu, Qusarçay kəndi) ünvana xx.xx.2024-cü il tarixdə 3-33-1700/2-001992/2024 saylı bildiriş, həmçinin də şirkətin rəhbəri X2 yaşadığı ünvana xx.xx.2024-cü il tarixli, 3-33-1700/2-002385/2024 saylı məktub göndərilmiş və MMC-dən ixrac etdiyi yüklərin müqabilində köçürülməli olan, ümumilikdə 149929,40 ABŞ dolları (254879,98 manat) məbləğində vəsaitin müvəkkil bankda olan hesabına köçürülməsinin təmin edilməməsi ilə bağlı aparılan araşdırma ilə əlaqədar nümayəndəsinin müvafiq təsdiqedici sənədlərlə birlikdə ən qısa müddətdə Xaçmaz Gömrük İdarəsinə gəlməsini təmin etməsi xahiş edilmişdir. İş üzrə xx.xx.2024-cü il tarixli “VAİS informasiya resursuna baxış keçirilməsi haqqında” protokoldan müəyyən olunur ki, Şəxs MMC tərəfindən Xaçmaz Gömrük İdarəsində ixrac gömrük prosedurunda rəsmiləşdirməklə hazırda iki bəyannamə **********3015 və **********4693 nömrəli bəyannamələr əsasında ixrac edilmiş yüklərin müqabilində qaytarılmalı olan 8565,27 ABŞ dolları (14560,95 manat) məbləğində vəsait Şəxs MMC-in Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməmişdir. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli 609 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”-nın 12.2-ci bəndinin tələbinə əsasən 180 gün müddətinə xarici valyuta vəsaitləri, malları ixrac edən ixracatçının Azərbaycan Respublikasında müvəkkil bankda olan hesabına köçürülməsinin təmin edilməsi nəzərdə tutulmuşdur. Araşdırma zamanı məlum olmuşdur ki, Şəxs MMC 2023-cü ilin dekabr ayında **********3015 və **********4693 nömrəli gömrük bəyannamələr üzrə 8565,27 ABŞ dolları (14560,95 manat) məbləğində vəsaiti bəyan olunduğu gündən bu günə qədər Azərbaycan Respublikasındakı müvəkkil bankda hesabına köçürülməsini təmin edə bilməmişdir. Xaçmaz rayonu, Qusarçay kəndində qeydiyyatda olan Şəxs MMC ixrac etdiyi və ixrac olunan malın müqabilində müvəkkil edilmiş bankın hesabına məcburi qaydada köçürülməli olan 8565,27 manat valyuta vəsaiti az miqdar təşkil etmiş və nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İXM-nin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Xaçmaz Gömrük İdarəsinin nümayəndəsi izahat verərək bildirmişdir ki, idxal-ixrac prosedurları cənab prezidentin 609 nömrəli fərmanına əsasən tənzimlənir. İki şirkət arasındakı bağlanmış olan müqavilə həmin fərmana uyğun olaraq tərtib olunmalıdır. Müqaviləyə əsasən Şəxs MMC ixrac etdiyi və ixrac olunan malın müqabilində müvəkkil edilmiş bankın hesabına məcburi qaydada köçürülməli olan vəsaiti köçürməmişdir. İnzibati xəta haqqında protokolu müdafiə edərək qanuna müvafiq qərarın qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahat verən barəsində inzibati xəta haqqında icraat aparılan "xxxx" MMC-nin nümayəndəsi bildirmişdir ki, mallar ölkədən hissə-hissə çıxarılmışdır. Qaytarılmalı olan vəsait 7 bəyannamədən ikisinə şamil olunmuşdur. Pul vəsaiti dekabr ayında göndərilmiş, lakin iki şirkət arasındakı bağlanmış müqavilə haqqında banka məlumat verilməli olmasını bilməmişdir. Ona görə də gecikmə yaranmışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə tam sübuta yetirilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - 28 iyun 2024-cü il tarixdə Xaçmaz Gömrük İdarəsi tərəfindən ixrac olunmuş malların müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 gün ərzində müvəkkil bankda olan hesablara köçürülməməsi barədə bildiriş tərtib edilmişdir. - xx.xx.2024-cü il tarixli “Raport”dan müəyyən edilir ki, Şəxs MMC 2023-cü ilin dekabr ayı ərzində Xaçmaz Gömrük İdarəsində “ixrac” gömrük prosedurunda rəsmiləşdirməklə 7 gömrük bəyannaməsi üzrə ixrac etdiyi yüklərin müqabilində köçürülməli olan, ümumilikdə 149929,40 ABŞ dolları (254879,98 manat) məbləğində vəsaitin müvəkkil bank hesabına köçürülməməsi ilə bağlı Xaçmaz Gömrük İdarəsində araşdırma aparılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, Şəxs MMC 2023-cü ilin dekabr ayında **********3015 və **********4693 nömrəli gömrük bəyannamələr üzrə 8565,27 ABŞ dolları (14560,95 manat) məbləğində vəsaiti bəyan olunduğu gündən bu günə qədər Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesabına köçürülməsini təmin edə bilməmişdir. - xx.xx.2024-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan, Gömrük bəyannamələrindən və Gömrük Xidmətinin VAİS-dən çıxarışdan görünür ki, **********3015 və **********4693 saylı gömrük bəyannamələri əsasında ölkəyə idxal edilən yüklər barədə gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanına elektron formada qısa idxal bəyannaməsi verilməmişdir. - İnzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında qərardaddan müəyyən edilir ki, 14 avqust 2024-cü il tarixdə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. - İcraatın başa çatdırılması haqqında raportdan müəyyən olunur ki, 14 avqust 2024-cü il tarixdə icraat başa çatdırılmışdır. - Xaçmaz Gömrük İdarəsi Əməliyyat və təhqiqat şöbəsinin təhqiqatçısı, gömrük xidməti mayoru Nümayəndə2 tərəfindən Xaçmaz rayonu, Qusarçay kəndində qeydiyyatda olan Şəxs MMC (VÖEN: **********) barəsində xx.xx.2024-cü il tarixli, EP № ******* saylı protokol tərtib edilmişdir. - "xxxx" MMC tərəfindən təqdim olunmuş 22 sentyabr 2023-cü il tarixli GT/00001057/23 nömrəli müqavilənin 5.7-ci bəndindən görünür ki, mallar alıcının ölkəsində və ya sifarişdə göstərilən ölçülərə və digər tələblərə cavab verməyən qablaşdırmada çatdırıldığı halda satıcı alıcıya düzgün qablaşdırılmaması nəticəsində yaranan əvvəlcədən razılaşdırılmış itkiləri həmin qablaşdırmada olan malın dəyərinin 5 faizi miqdarında ödəniş etməyi öhdəsinə götürür. - "xxxx" MMC tərəfindən təqdim olunmuş 22 sentyabr 2023-cü il tarixli GT/00001057/23 nömrəli müqaviləyə 5№ Əlavənin 2-ci bəndindən görünür ki, satıcı alıcıya 1000 Azərbaycan manatı məbləğində məhsul alımları həcminə görə bonus ödəyir. Bonus məbləği hesabat dövrü üzrə dövriyyənin 5%-ni təşkil edir. Alıcının alacağı bonus məbləğinə, satıcının ölkəsinin qanunvericiliyinə görə ödənilməsi zəruri olan ödənişlər, vergilər və digər rüsumları daxil edilmir və alıcının almalı olduğu təmiz bonus məbləğini əks etdirir. Əgər satıcının ölkəsinin qanunvericiliyinə görə bonusdan hansısa vergilər tutulmalıdırsa, bonusun məbləği həmin vergilər məbləğində artırılır. - GT/00001057/23 saylı müqavilənin №5 saylı xx.xx.2023-cü il tarixli əlavə üzrə bonusun ödənilməsi aktından müəyyən edilir ki, GT/00001057/23 saylı müqavilənin №5 saylı xx.xx.2023-cü il tarixli müqaviləyə №5 saylı əlavəyə əsasən satıcı alıcıya hesabat dövrü üçün alınmış malların həcminin 5%-i həcmində bonus (mükafat) ödəyib. xx.xx.2023cü il tarixindən xx.xx.2023-cü il tarixədək keçən dövrü üçün alınmış malların həcmi 367 560,00 Azərbaycan manatı təşkil etmişdir. Bonusun həcmi, ƏDV nəzərə alınmadan, 18 378,00 Azərbaycan manatı təşkil etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” 76.1-ci maddəsinə əsasən “İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır.” Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nın 12.2-ci bəndinə əsasən hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə əsasən, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə - inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Həmin maddənin qeyd hissəsinə əsasən bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür. Məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs tərəfindən gömrük orqanına və məhkəməyə təqdim edilən alıcı ilə satıcı arasında bağlanmış 22 sentyabr 2023-cü il tarixli GT/00001057/23 nömrəli müqavilənin 5.7-ci bəndində mallar alıcının ölkəsində və ya sifarişdə göstərilən ölçülərə və digər tələblərə cavab verməyən qablaşdırmada çatdırıldığı halda satıcının alıcıya düzgün qablaşdırılmaması nəticəsində yaranan əvvəlcədən razılaşdırılmış itkiləri həmin qablaşdırmada olan malın dəyərinin 5 faizi miqdarında ödəniş etməyi öhdəsinə götürdüyü qeyd olunmuşdur, yəni bu müqavilə üzrə bütün hallarda deyil, yalnız mallar alıcının ölkəsində və ya sifarişdə göstərilən ölçülərə və digər tələblərə cavab verməyən qablaşdırmada çatdırıldığı halda 5 faiz miqdarda ödəniş edilməsini nəzərdə tutulmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndəsi göndərilən malların bütün tələblərə cavab verdiyini və hər hansı qüsurun olmadığını bildirmişdir. Bundan başqa, təqdim olunmuş müqaviləyə 5 № Əlavədə isə satıcının alıcıya 1000 Azərbaycan manatı məbləğində məhsul alımları həcminə görə bonus ödədiyi, bonus məbləğinin hesabat dövrü üzrə dövriyyənin 5 faizini təşkil etdiyi qeyd olunmuşdur, lakin həmin 5 faiz ödənişin göndərilən malların ümumi məbləğindən tutulması barədə müqavilədə və müqaviləyə əlavədə hər hansı norma qeyd edilməmişdir. Eyni zamanda, məhkəmə qeyd edir ki, satıcı tərəfindən digər 5 gömrük bəyannaməsi ilə ixrac edilən malların müqabilində vəsait tam şəkildə müvəkkil banka köçürülmüş, yalnız son 2 bəyannamə ilə ixrac edilən malların müqabilində vəsait müvəkkil banka köçürülməmişdir, məhkəməyə təqdim edilmiş müqavilədə isə bonus məbləğin son göndərilən malların ödənişindən tutulması ilə bağlı da hər hansı qeyd yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, 7 gömrük bəyannaməsi üzrə ixrac edilən yüklərin müqabilində köçürülməli olan, ümumilikdə 149929,40 ABŞ dolları (254879,98 manat) təşkil edir, bu məbləğin 5 faizi isə 7496,47 dollar (12743,999 manat) təşkil edir, lakin gömrük bəyannamələri üzrə köçürülməyən məbləğ bundan artıq yəni, 8565,27 dollar (14560,95 manat) təşkil edir, bu isə öz növbəsində göndərilmiş malların ümum məbləğinin 5 faizindən də artıqdır. Bundan əlavə, məhkəməyə təqdim edilmiş “bonusun ödənilməsi akt”ında xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək keçən dövr üçün malların həcminin 367560,00 Azərbaycan manatı təşkil etdiyi, bonusun həcminin 18378,00 Azərbaycan manatı təşkil etdiyi qeyd edilmişdir. Lakin qeyd olunan aktda göstərilən məbləğlər gömrük orqanı tərəfindən məhkəməyə təqdim edilmiş iş materialları ilə uyğunluq təşkil etmir. Beləliklə, məhkəmə araşdırması zamanı iş materialları ilə müəyyən edilmişdir ki, Xaçmaz rayonu, Qusarçay kəndində qeydiyyatda olan Şəxs MMC (VÖEN: **********) 2023-cü ilin dekabr ayında **********3015 və **********4693 nömrəli gömrük bəyannamələri üzrə 8565,27 ABŞ dolları (14560,95 manat) məbləğində vəsaiti bəyan olunduğu gündən bu günə qədər Azərbaycan Respublikasındakı müvəkkil bankda hesabına köçürülməsini təmin edə bilməmişdir. Bununlada Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 483cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən “Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” Şəxs MMC-nin əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərək, törədilmiş inzibati xətanın xarakterini, təqsirin dərəcəsini nəzərə alaraq, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın 8565,27 ABŞ dolları (14560,95 manat) dəyərinin 30%-i, yəni 2569,581 ABŞ dolları məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar