Məhkəmə qərarları › İş №3(067)-993/2025

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-993/2025

23.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-993/2025 23.06.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Xaçmaz RPŞ-nin KTŞ-nin sahə rəisi, polis mayoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun vəkili Vəkil iştirakları ilə xx.xx.1999-cu ildə Quba rayonu, İqriq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Quba rayonu, Alekseyevka kəndində yaşayan. Şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Xaçmaz RPŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Xaçmaz rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə Şəxs inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokola baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə müraciət etmişdir. İnzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli protokola əsasən məlum olur ki, xx.xx.2025-ci il tarixdə Xaçmaz şəhər, Bakı prospektində yerləşən avtomobil duracağında xidmətdə olan polis əməkdaşının qanuni tələblərinə tabe olmayaraq nalayiq ifadələr işlətmişdir. Məhkəmədə iclas zalında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs izahat verərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə Quba rayonu, İqriq kənd sakini Şəxs Quba şəhəri ərazisində spirtli içki qəbul edərək özünə məxsus “CHEVROLET” markalı avtomobili ilə Xaçmaz rayonunun ərazisinə gəlmişdir. Xaçmaz rayonunun Yergüc kəndi ərazisində DYPB-nin əməkdaşları vətəndaşı sərxoş vəziyyətdə avtomobili idarə etdiyi üçün saxlamış, vətəndaşın idarə etdiyi avtomobili Xaçmaz şəhəri, Bakı prospektində yerləşən müvəqqəti avtodayanacağa gətirərək, avtomobili yerləşdirmişlər. Şəxs barəsində müvafiq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs bildirilmişdir ki, avtomobili ayıq olan sürücüyə təhvil verə bilərlər. Həmin vaxt Xaçmaz RPŞ-nin YPX-nin əməkdaşları başqa bir avtomobili dayanacağa yerləşdirmək istəyən zaman Şəxs sərxoş vəziyyətdə onlara yaxınlaşıb onun avtomaşını dayanacağa gətirmiş YPX-nin əməkdaşlarının telefon nömrəsini istəmişdir. Polis əməkdaşı vətəndaşa dəfələrlə onun avtomobilini kimin gətirdiyi bilmədiyi bildirmiş, vətəndaşa ona mane olmamasını, iş rejimini pozduğunu bildirmişdir. Bu səbəbdən polis əməkdaşı ilə Şəxs arasında mübahisə başlamış, Şəxs polis əməkdaşına telefon nömrəsini ona verməli olduğunu bildirərək polisin ünvanına nalayiq ifadələr işlətmişdir. Polis əməkdaşı Şəxs dəfələrlə nizam-intizama dəvət etməsinə baxmayaraq polisin qanuni tələblərinə tabe olmamış, özünü qeyri-səmimi aparmışdır. Bu zaman DYP-nin əməkdaşları vətəndaşı polisin xidməti avtomobilinə əyləşdirərək Xaçmaz RPŞ-nə gətirmişlər. Xaçmaz RPŞ-nin inzibati binasına daxil olarkən Şəxs Namiq adlı polis əməkdaşının ünvanına nalayiq ifadələr işlətmişdir. Bu zaman polis əməkdaşları ona sakit olması barədə xəbərdar edən zaman Şəxs “siz ermənisiniz, erməni kimi rəftar edirsiniz” kimi ifadələr işlətməyə başlamışdır. Şəxs polisin ünvanına nalayiq ifadələr işlətdiyi üçün dəfələrlə nizam-intizama dəvət olmasına baxmayaraq polisin qanuni tələblərinə tabe olmadığına görə barəsində İXM-nin 535.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. Həmçinin o, hadisə zamanı orada olmamışdır. Mütləq qaydada nəzərdə tutulmamışdır ki, əgər hər hansı bir vətəndaş cinayət hadisəsi və ya inzibati xəta törədən zaman o, PPX-nin xidməti avtomobili ilə Polis Şöbəsinə gətirilməlidir. Lazım olduğu təqdirdə polis əməkdaşı, polisin xidməti avtomobili ilə vətəndaşı Polis Şöbəsinə apara bilər. Bir neçə dəfə olmuşdur ki, cinayət hadisəsi baş verən zaman cinayətkar şəxs YPX-nin xidməti avtomobili ilə Polis Şöbəsinə gətirilmişdir. Hadisə ilə bağlı videoçəkiliş isə yoxdur. Şəxs YPX-nin polis əməkdaşına yaxınlaşan zaman videokamera olan polisin xidməti avtomobili onlardan aralı məsafədə olmuşdur. Məhkəmə iclas zalında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahat verərək bildirmişdir ki, o, qeyd olunan maddə ilə özünü təqsirli bilmir. Sərxoş vəziyyətdə avtomobil idarə etdiyi üçün YPX-nin əməkdaşları tərəfindən saxlanılması ilə razıdır. Lakin polis əməkdaşlarına qarşı hər hansı tabesizlik və ya onlara qarşı müqavimət göstərməmişdir. Belə ki, YPX-nin əməkdaşları ona avtomobilini aparması üçün sərxoş olmayan şəxsin gəldiyi təqdirdə onlarla telefon vasitəsilə əlaqə saxlayıb məlumat verdikdən sonra avtomobili apara biləcəyini bildirmişlər. Bundan sonra əraziyə gəlmiş digər polis əməkdaşlarından onun avtomobilini duracağa aparan YPX-nin əməkdaşlarının telefon nömrəsini istədiyində polis əməkdaşları onunla kobud danışmışlar. O, polis əməkdaşlarının işlərinin bitməsini gözləyib, yenidən onlara yaxınlaşaraq telefon nömrəsini istəmiş, lakin polis əməkdaşları uzaqlaşmağını tələb etmişlər. İkinci dəfə telefon nömrəsini istəyən zaman polis əməkdaşı ona qarşı təhqir edici ifadələr işlətməyə, kobud şəkildə danışmağa başlamışdır. Daha sonra isə onu zorla YPX-nin xidməti avtomobilinə əyləşdirib Xaçmaz RPŞ-nə aparmışlar. Xaçmaz RPŞ-nin nəzarət buraxılış məntəqəsinin qarşısında avtomobildən onu təpiklə vurub yerə atmışlar. Polis Şöbəsinin inzibati binasının dəhlizində ona qarşı fiziki təzyiq göstərilmişdir. YPX-nin əməkdaşları onun qarşısında dayanmışlar, nəzarət buraxılış məntəqəsindən gələn iki nəfər polis əməkdaşları isə arxadan vuraraq onu yerə yıxmışdır. Belə ki, dəhlizdə müşahidə kameraları var, onun döyülməsi anı müşahidə kameralarında qeydə alınmışdır. Yerdə onun başına və ayaqlarına təpik zərbələri vurmuşlar. Həmin vaxt o, polis əməkdaşlarına onu döydüklərinə görə “bura Ermənistandır, mən erməniyəm ki, mənə belə rəftar edirsiniz?” sözlərini demişdir. Bundan sonra onu müvəqqəti saxlama yerinə aparmışlar. Ona qarşı fiziki təzyiq göstərən polis əməkdaşının üzünü görməmişdir. Üzərində olan qan ləkəsi ona məxsusdur, döyülmə nəticəsində olmamışdır. O, alışqanın dəmirlə qolunu kəsərək özünə xəsarət yetirmişdir. Onu polis əməkdaşlarına qarşı söyüş söyməyi ilə ittiham edirlər. Lakin polisin xidməti avtomobilinin içərisində olan səs yazısı dinlənilərsə bu zaman ona qarşı söyüş söyüldüyü müşahidə olunacaqdır. O, orta dərəcəli sərxoş olmasına baxmayaraq hadisəni xatırlayır. Onu hadisənin səhəri günü Polis Şöbəsinə dəvət edərək polis mayoru və YPX-nin əməkdaşı tərəfindən ifadələrini ört-basdır etməyi təklif edilmişdir. İzahatı onun xəbəri olmadan polis əməkdaşları tərəfindən yazılmış, sonradan izahatı özü oxuduqdan sonra həmin izahata imza etməmiş, izahatını özünün yazmaq istədiyini bildirmişdir. O, Polis Şöbəsində vəkil ilə təmin edilməsini bildirdiyində ona “pul ödəyərsən, vəkili özün tutarsan” sözlərini demişlər. Vəkildən imtina barədə ərizəni oxumadan imza etmişdir. O, sərxoş vəziyyətdə avtomobili idarə etdiyinə görə səhvini boynuna alır və peşmandır. Barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs şahid X9 Şöbəsinin inzibati binasında ona yaxınlaşıb üzünə sillə vurduğunu və Növbətçi Hissənin qarşısında YPX-nin əməkdaşı onun yaxasından tutaraq sillə ilə vurduğunu bildirmişdir. Məhkəmə iclas zalında şahid X4 izahat verərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə, saat 20:30 radələrində xidmətdə olduğu vaxt duracağa avtomobil aparmış, bu zaman Şəxs duracağın qarşısında dayanmışdır. Şəxs ona yaxınlaşıb “məni bura siz gətirmisiniz?” deyə soruşmuşdur. O, cavab verərək bildirmişdir ki, “sizi mən gətirməmişəm, başqa əməkdaş gətirmişdir”. Şəxs onu gətirən polisin nömrəsini verməsini bildirmiş, lakin o, Şəxs kimin gətirdiyini bilmədiyini demişdir. Bundan sonra Şəxs müraciət edərək işinə maneə olmamasını, kənara çəkilməsini, işini bitirib sonra onun sualını cavablandıra biləcəyini demişdir. Şəxs israrla duracağın qarşısında duracağını bildirərək təhqir edici ifadələr işlətməyə başlamışdır. Həmin vaxt Şəxs sərxoş vəziyyətdə olmuş, o dəfələrlə xəbərdarlıq edərək kənara çəkilməsini, iş rejimimi pozmamasını, sərxoş vəziyyətdə olduğunu, bu vəziyyətdə avtomobili idarə edə bilməyəcəyi bildirilmişdir. Lakin Şəxs həmin qanunsuz hərəkətlərini davam etdiyi üçün sonuncu YPX avtomobilə əyləşdirilib, Xaçmaz RPŞ-nə gətirib təhvil vermişdir. Şəxs Polis Şöbəsində də polis əməkdaşlarını təhqir edərək onların ünvanına söyüş söymüşdür. O, həmin vaxt YPX-nin avtomobilinin kamerası işlək vəziyyətdə olduğunu, yəqin ki, görüntülər ola biləcəyini bildirmişdir. Üzərində olan səs yazıcı qurğunun açıq olub-olmadığını isə xatırlamır. Həmin vaxt üzərində olan efir qurğusunda texniki nasazlıq olduğu üçün məcbur olub Şəxs xidməti avtomobilə əyləşdirib Polis Şöbəsinə gətirmişdir. O, Şəxs sillə vurmamışdır. Lakin Şəxs qolundan tutaraq, ona bildirmişəm ki, söyüş söyməsin. Məhkəmə iclas zalında şahid X7 izahat verərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə xidmətdə olarkən YPX-nin əməkdaşı tərəfindən Şəxs Polis Şöbəsinə gətirilmişdir. Şəxs ucadan söyüş söydüyü üçün onu nizam-intizama dəvət etmişlər. Lakin vətəndaş “Bura Ermənistandır, siz ermənisiniz” kimi ifadələr işlətmiş, dəfələrlə nizam-intizama dəvət edilmiş, səbirli olmasını, sakit olmasını bildirilmiş, lakin sonuncu söyüş söyməyə davam etmişdir. O, həmin vaxt Polis Şöbəsində qapı postunda xidmətdə olmuşdur. Onlar heç kimə təpik vurmamışlar. Məhkəmə iclas zalında şahid X8 izahat verərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə xidmətdə olarkən vətəndaş Şəxs YPX-nin əməkdaşı tərəfindən Polis Şöbəsinə gətirilən zaman o PŞ-da qapı postunda xidmətdə olmuşdur. Vətəndaş Şəxs Polis Şöbəsində xidməti avtomobildən səliqəsiz şəkildə düşdüyünü və özünü intizamsız apardığını görmüşdür. Bundan sonra Növbətçi Hissədən köməyə çağırıldığı üçün o Növbətçi Hissəyə yaxınlaşmışdır. X10 inzibati binasının giriş hissəsində baş vermişdir. Belə ki, avtomobildən düşdükdən sonra inzibati binanın daxilinə keçirilmiş, orada səs-küy salaraq söyüş söymüş və “Bura Ermənistandır” deyə ifadələr işlətmişdir. O, Şəxs sillə vurmamışdır. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş polis sahə rəisinin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidlərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi öz təsdiqini tapmır, bununla yanaşı onun əməlində İXM-nin 510-cu maddəsində nəzərə tutulan inzibati xətanın tərkibinin olması öz təsdiqini tapdığından o, İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinib inzibati məsuliyyətə cəlb edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə Xaçmaz şəhər, Bakı prospektində yerləşən avtomobil duracağında xidmətdə olan polis əməkdaşının qanuni tələblərinə tabe olmayaraq nalayiq ifadələr işlətmişdir. - xx.xx.2025-ci il tarixli “Raport”dan müəyyən edilir ki, 22 iyun 2025-ci il tarixdə YPX-nin baş inspektoru, polis leytenantı Namiq İmanov və YPX-nin inspektrou, baş serjantı Kərim Qiyaszadə xidmətdə olarkən saat 19:40 radələrində müvəqqəti duracağın qarşısında bir nəfər yaxınlaşaraq nalayiq söyüşlər ifadə edib xidməti fəaliyyətə maneə olmuşdur. Həmin şəxsə yaxınlaşaraq nizam-intizama dəvət edən zaman ondan kəskin spirt qoxusu gəldiyi hiss edilmişdir.Həmin şəxsə ictimai yerdə söyüş söyməməsi bildirilmiş, lakin o nalayiq söyüşləri söyməkdə davam etmişdir. Həmin şəxs patrul avtomobili ilə RPŞ-nin növbətçi hissəsinə aparılmışdır. - xx.xx.2025-ci il tarixli, 128 №-li “Akt”dan müəyyən edilir ki, Şəxs orta dərəcəli sərxoşluq müəyyən olunmuşdur. - “İnzibati qaydada tutma haqqında protokol”dan müəyyən edilir ki, Şəxs Xaçmaz RPŞ-nin İTB-nin sahə rəisi, polis mayoru Rəşad Yunisov tərəfindən xx.xx.2025-ci il tarixdə, saat 20:30-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin; 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş məsuliyyət isə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə yaranır, bu Məcəllənin 510-cu maddəsində nəzərdə tutulmuş məsuliyyət xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə yaranır. Belə ki, inzibati xəta haqqında protokoldan göründüyü kimi Şəxs nalayiq ifadələr işlətməklə ictimai qaydanın pozulmasına yönələn hərəkətlərə yol vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tövsifedici əlaməti polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə hərəkətlərdən ibarətdir. Məhkəmə araşdırması zamanı Şəxs polis işçilərinin konkret olaraq hansı qanuni tələblərinə tabe olmaması müəyyən edilməmiş və bu hər hansı sübutla öz təsdiqini tapmamışdır. Əksinə olaraq Şəxs xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərinə yol verməsi öz təsdiqini tapmışdır. Odur ki, Şəxs əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsindən həmin Məcəllənin 510-cu maddəsinə tövsif edilməklə o, həmin maddənin sanksiyası çərçivəsində inzibati məsuliyyətə cəlb edilib barəsində müəyyən inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Ona görə də məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi hər hansı sübutla öz təsdiqini tapmadığından, onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi öz təsdiqini tapdığından onun əməli İXM-nin 535.1-ci maddəsindən 510-cu maddəsinə tövsif olunmaqla onun barəsində həmin maddənin sanksiyası çərçivəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən hal müəyyən edilməmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1.7-ci maddəsinə əsasən inzibati xətanı sərxoş halda törətməsi məsuliyyətini ağırlaşdıran halıdır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş tənbehlərdən cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-49, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR ALDI : xx xxxxxx 1999-cu ildə Quba rayonu. İqriq kəndində anadan olmuş Şəxs əməli Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsindən həmin məcəllənin 510-cu maddəsinə tövsif edilsin. Şəxs İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinərək, barəsində 50 (əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh təyin edilsin. Şəxs məhkəmə iclas zalında dərhal inzibati qaydada tutulmadan azad edilsin. Qərarın icrası Xaçmaz Rayon Polis Şöbəsinə və Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar