Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-997/2025 18.08.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, şikayət vermiş şəxs X2 iştirakı ilə, X5 tərəfindən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Texnoloji İnkişaf Şöbəsinin müdiri Təmirov Əliyar Rövşən oğlunun 26 may 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək iş üzrə icraata xitam verilməsi barədə verilmiş şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək onun barəsində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Texnoloji İnkişaf Şöbəsinin müdiri Təmirov Əliyar Rövşən oğlunun 26 may 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə işə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etmir. Məhkəmə işə inzibati xəta haqqında iş üzrə icraatın Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şikayət vermiş şəxs şikayət ərizəsini onunla əsaslandırmışdır ki, o, "xxxx" MMC-nin dilleri kimi fəaliyyət göstərir. O, əldə etdiyi nömrələri qanun çərçivəsində satmaq məqsədi ilə Şahid1 təqdim etmişdir. Bununla bağlı həmin şəxs Anar adlı şəxslə satdığı nömrəni Anarın adına rəsmiləşdirmişdir. O, qeyri-qanuni heç bir əməliyyat aparmamışdır. O, abunəçi barədə olan bütün məlumatları bazaya daxil etmişdir. İnzibati xəta törədilməsinin əsası kimi DİN-in xx.xx.2025-ci il tarixli məktubu göstərilmişdir. Nömrə Şahid1 tərəfindən rəsmiləşdirilməklə qanuni şəkildə Anar adlı şəxsə satılmışdır. Anar adlı şəxsində həmin nömrəni alarkən imzası müqavilədə olmuşdur. Həmin nömrə 2023-cü ildə Anar adlı şəxsə satılmışdır. Buna baxmayaraq onun barəsində qanunsuz olaraq inzibati protokol tərtib olunmuş və inzibati qərar qəbul edilərək inzibati qaydada 2000 manat cərimə edilmişdir. Onun maddi vəziyyəti çox çətindir və həmin məbləqdə əsassız yazılmış cəriməni ödəmək ixtidarında deyildir. O, inzibati pozuntunu törətmədiyini nəzərə alınaraq barəsində tərtib olunmuş İnzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* saylıinzibati xəta haqqında protokolu və 26 may 2025-ci il tarixli, MN seriaylı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs əlavə olaraq izahatında bildirmişdir ki, Şahid2 nömrəni ondan deyil, Vüsal adlı satış işçisindən almışdır. Belə ki, Şahid1 özünə məxsus mağazada telefon nömrəsi satışı ilə məşğuldur və 2023-cü ildə aralarında elektron formada proqram vasitəsilə subdiller müqaviləsi bağlanılmışdır. Əgər saxtakarlıq edilibsə o, məsuliyyəti o daşımır. O, DİN-də olmuş, fakt üzrə sübut təqdim edilməsini xahiş etmişdir. Çünki izahatdan başqa sübut yoxdur. DİN-dən bildirilmişdir ki, bununla əlaqədar Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə müraciət etsin. Lakin həmin nazirlikdən məhkəməyə müraciət etməli olduğu ona bildirilmişdir. Bu müddət üçün heç bir videogörüntü saxlanmamış, müqavilənin surətini də şirkətdən almışdır. Ona müqavilə olmadığı üçün cərimə olunduğu bildirilmiş, lakin faktiki olaraq müqavilə vardır. O, hesab edir ki, mobil nömrəni Şahid2 özü almış, ya da ona oxşar digər şəxs almışdır. O, özünü təqsirli bilmədiyini və şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Şahid1 izahat verərək bildirmişdir ki, onda Vadim Nəbiyevin proqramları olduğu üçün satdığı mobil nömrələrə görə sahiblərinə məxsus şəxsiyyət vəsiqəsinin surətini, müqaviləni Vadim Nəbiyevə göndərmişdir. Kimsə iddia edir ki, özünün iştirakı olmadan adına mobil nömrə verilmişdir. Lakin o vətəndaşın vəsiqəsini yoxlamadan heç kimə mobil nömrə satmamışdır. Artıq 10 ilə yaxındır ki, mobil telefon nömrələrinin satışı ilə məşğuldur və birinci dəfədir ki, belə bir hadisə ilə qarşılaşmışdır. Məhkəmə ərizəçinin və şahidin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası DİN-in xx.xx.2025-ci il tarixli məktubundan müəyyən edilir ki, 055 ******* saylı mobil nömrə vasitəsilə törədilmiş hüquqazidd əməllərin araşdırılması zamanı həmin nömrənin Şahid2 Ələkbər oğlunun imzası, iştirakı və icazəsi olmadan adına rəsmiləşdirilməsi müəyyən edilmişdir. "xxxx" MMC-nin məktubunda sözügedən mobil nömrələrin satışının "xxxx" MMC-nin dileri xx.xx.1989-cu il təvəllüdlü X5 tərəfindən həyata keçirildiyi göstərilmişdir. - Şahid2 Sumqayıt şəhər Pİ 2-ci PB-nin KM üzrə ə/m, polis leytenantı Zamir Səfərova verdiyi izahatından müəyyən edilir ki, 2023-cü il tarixdə 055 ******* və 070 ******* mobil nömrələrin onun adına rəsmiləşdirilməsində nə imzası, nə də hər hansı rəsmiləşdirmə olmamış, bu nömrələrin heç birindən istifadə etməmişdir. Həmçinin nömrələrin heç biri ona aid deyil, nömrələrdən M10 açılaraq dələduzluq edilməsindən məlumatı yoxdur və bu haqda heç nə bilmir. - xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan və xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan müəyyən edilir ki, inzibati xətanın törədilməsi DİN-in xx.xx.2025-ci il tarixli, 3- 13/2-38691/2025 nömrəli məktubu ilə müəyyən olunmuşdur. Belə ki, rabitə vasitələrinin satışı zamanı fiziki şəxslə bağlanan müqavilə və məlumat bazasında vacib olan məlumatlar daxil edilməməsi nəticəsində X5 tərəfindən İXM-nin 352-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməklə barəsində 2000 manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. - Şahid1 xx.xx.2025-ci il tarixli ərizəsindən müəyyən edilir ki, o, 2023-cü il tarixdə "xxxx" subdilleri kimi fəaliyyət göstərmişdir. xx.xx.2025-ci il tarixdə Anar adlı şəxs "xxxx" nömrə əldə etmək istədiyini bildirmiş və ondan şəxsiyyət vəsiqəsini tələb etdiyində ona vəsiqəsini təqdim etmişdir. Bundan sonra həmin şəxsi görməmiş və onunla heç bir ünsiyyəti olmamışdır. 14 may 2025-ci il tarixdə "xxxx"in rəsmi dileri Vadim adlı şəxs ona zəng vuraraq bildirmişdir ki, “Vüsal sənin satış elədiyin 055 ******* nömrənin qeyri qanuni satıldığı iddia olunaraq onu 2000 AZN cərimə etmək istəyirlər”. Səbəb kimi Anar adlı şəxs izahat yazaraq elə nömrə əldə etmədiyini bildirməsi olmuşdur. O, Vadim adlı şəxsin bu nömrənin satışında iştirak etmədiyini və Azərbaycan Respublikası İXM-nin 362-1-ci maddəsi ilə təqsirli deyildir. Nömrəni satarkən hər bir kəsdən öz vəsiqəsini tələb edir və şəkili ilə birə-bir olduğundan nömrəni rəsmiləşdirərək təqdim etmişdir. - Agent müqaviləsi №BKC /2021/179 müəyyən edilir ki, xx.xx.2021-ci il tarixdə 17 may 2021-ci il tarixli 09/05-O-CEO/2021 saylı etibarnamə əsasında fəaliyyət göstərən B2C satış üzrə rəhbər Həsən İsmayılov simasında X6 arasında müqavilə bağlanmışdır. - xx.xx.2023-cü il tarixli abunəçi müqavilədən müəyyən edilir ki, Şahid2 ilə Bakcell MMC-nin arasında mobil telefon nömrəsinin satışıının həyata keçirilməsi barədə müqavilə bağlanmış və həmin müqaviləyə Şahid2 şəxsiyyət vəsiqəsinin surəti əlavə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir.. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilir. 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 135.1.1-ci maddəsinə əsasən hakimin və ya səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. 362-1.1-ci maddəsinə əsasən rabitə müəssisələri (operatorlar), həmçinin onların diler və distribüterləri tərəfindən rabitə vasitələrinin satışı və istifadəsi zamanı xidmət göstərilən fiziki və hüquqi şəxslərlə bağlanılan müqavilələrdə və abunəçilərə dair məlumat bazalarında nəzərdə tutulması vacib olan məlumatların daxil edilməməsinə görə vəzifəli şəxslər iki min manat miqdarında, hüquqi şəxslər üç min manat miqdarında cərimə edilir. Məhkəmə ilk olaraq qeyd edir ki, İXM-in 362-1.1-ci maddəsinin dispozisiyasında fiziki və hüquqi şəxslərlə bağlanılan müqavilələrdə və abunəçilərə dair məlumat bazalarında nəzərdə tutulması vacib olan məlumatların daxil edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə isə şikayətə əlavə edilmiş sənədləri araşdıraraq müəyyən etdi ki, mobil nömrənin satışına dair xx.xx.2023-cü tarixli müqavilədə fiziki şəxsə dair məlumatlar (Şahid2) qeyd edilmiş və müqaviləyə həmin şəxsin şəxsiyyət vəsiqəsinin surəti əlavə edilmişdir. Həmin şəxs istintaq orqanına verdiyi izahatda qeyd olunan müqavilənin onun tərəfindən bağlanmadığını bildirsə də, o təqdim etmədiyi halda onun şəxsiyyət vəsiqəsinin surətinin müqaviləyə necə əlavə olunduğunu açıqlamamışdır. Bundan başqa, məhkəmə həmçinin qeyd edir ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 həm inzibati orqana ünvanladığı ərizədə, həm də məhkəmədə verdiyi ifadəsində qeyd olunan nömrəni özünün satdığını və müqaviləni bağlayaraq barəsində inzibati qərar qəbul edilmiş şəxs X3 göndərdiyini bildirməsinə baxmayaraq, inzibati orqan həmin halları həmçinin, gəldiyi nəticə üzrə mühüm əhəmiyyət kəsb edən digər faktiki halları araşdırmadan X4 inzibati məsuliyyətə cəlb edərək barəsində inzibati tənbeh tədbiri tətbiq etmişdir. Belə olduğu halda məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxsin təqsirli olmasını sübut etmək məhkəmənin vəzifəsi deyildir. Mövcud vəziyyətdə şikayətçinin şikayəti mövcud şübhələr onun xeyrinə şərh edilməklə qismən təmin edilməli, inzibati orqanın qəbul etdiyi qərar ləğv edilməli və yenidən baxılması üçün göndərilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, X5 Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Texnoloji İnkişaf Şöbəsinin müdiri Təmirov Əliyar Rövşən oğlu tərəfindən barəsində qəbul edilmiş 26 may 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərar ləğv edilməli, qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikası İXM-nin tələblərinə əməl edilməklə əlavə araşdırılması və yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri göndərilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X5 tərəfindən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Texnoloji İnkişaf Şöbəsinin müdiri Təmirov Əliyar Rövşən oğlunun 26 may 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət qismən təmin edilsin. Qərar ləğv edilərək yenidən baxılması üçün Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Texnoloji İnkişaf Şöbəsinə göndərilsin. Qərardan 10 gün müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aynur Əliyeva
Məhkəmə qərarları › İş №3(067)-997/2025
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-997/2025
18.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver