Məhkəmə qərarları › İş №3(068)-1/2022

Xızı Rayon Məhkəməsi Qərar — İş №3(068)-1/2022

16.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xızı rayonu İş № 3(068)-1/2022 16.02.2022 XIZI RAYON MƏHKƏMƏSİ X1, xx xxxx 1982-ci il tarixdə Abşeron rayonu, Xələnc kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Xızı rayonu, Baxşılı kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Xızı rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim: Xızı rayon icra və probasiya şöbəsinin rəisi X4 tərəfindən Şəxs barəsində 05 fevral 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xətaya dair protokol tərtib edilərək baxılması üçün 05 fevral 2021-ci il tarixdə məhkəməyə göndərilmişdir. Tərtib edilmiş inzibati protokoldan və iş materiallarından ehtimal olunur ki, Şəxs dəfələrlə rəsmi və şifahi xəbərdarlıq olunmasına baxmayaraq, Xızı Rayon Məhkəməsinin 28 mart 2016-cı il tarixli, 2(068)-23/2016 saylı icra vərəqəsinə əsasən 3577 manat borcunu X2 ödəməkdən yayınır və məhkəmə qətnaməsini icra etmir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə çağırışına gəlməyərək yayınmış, o cümlədən onun olduğu yerin müəyyən edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən inzibati həbs və ya Azərbaycan Respublikasının hüdudlarından kənara əcnəbiləri və vətandaşlığı olmayan şəxsləri inzibati qaydada çıxartma nəzərdə tutan inzibati xətalar haqqında işlərə baxılarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı məcburidir. Bununla əlaqədar, iştirakı məcburi olan Şəxs olduğu yer müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraat Xızı Rayon Məhkəməsinin 05 fevral 2021-ci il tarixli qərarı ilə Şəxs gətirilənədək dayandırılmış, həmçinin qərarın icrası Xızı rayon Polis Şöbəsinə həvalə olunmuşdur. Xızı Rayon Məhkəməsinin 05 fevral 2021-ci il tarixli qərarı icra edilmədiyi üçün məhkəmə tərəfindən Xızı rayon Polis Şöbəsinə xatırlatmalar göndərilmiş, lakin Şəxs məhkəməyə gətirilməsi təmin edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.5-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs qaçıb gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxsin aşkarlandığı vaxtdan bərpa olunur. Lakin inzibati xətanın törədildiyi vaxtdan bir il keçərsə, qaçıb gizlənən şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Sözügedən Məcəllənin 104.8-ci maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər keçdikdə inzibati xəta haqqında iş üzrə dayandırılmış icraata xitam verilir. Məhkəmə inzibati xəta haqqında material üzrə işə baxarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində olan inzibati iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması bir ildən artıq davam etdiyindən sonuncunun barəsindəki inzibati xəta haqqında iş üzrə dayandırılmış icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.5, 104.8, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə dayandırılmış icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Xızı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim : Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar