Məhkəmə qərarları › İş №3(068)-10/2023

Xızı Rayon Məhkəməsi Qərar — İş №3(068)-10/2023

04.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xızı rayonu İş № 3(068)-10/2023 04.03.2023 XIZI RAYON MƏHKƏMƏSİ X6 Hidayət oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, İnzibati protokolu tərtib edən şəxs- Xızı RPŞ-nin İTB-nin polis sahə rəisi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçi - Xırdalan şəhər Vəkil bürosunun vəkili Vəkil iştirakları ilə, xx xxx 1989-cu il tarixdə Abşeron rayonu, Sitalçay kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Xızı rayonu, Sitalçay kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 535.1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Xızı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Şəxs 03 mart 2023-cü il tarixdə, saat 14:45 radələrində Xızı şəhəri, H.Əliyev prospektində ictimai qaydanı mühafizə edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Bu barədə Xızı rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X4 tərəfindən 03 mart 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Xızı Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati protokolu tərtib edən şəxs - Xızı RPŞ-nin İTB-nin polis sahə rəisi X4 tərtib etdiyi protokola uyğun izahat verərək, eyni zamanda göstərdi ki, həmin tarixdə əməliyyat qrupunda xidmətdə olduğundan Şəxs ictimai qaydanı mühafizə edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamasının şəxsən şahidi olmuşdur. Odur ki, məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, ailə üzvləri ilə birlikdə Xızı şəhərində yaşayır. 03 mart 2023-cü il tarixdə, günorta saatlarında onlara qonaq gəlmiş əmisi oğlu Şeyda ilə birlikdə yaşadıqları binanın həyətinə düşmüşlər. Bu zaman 2 nəfər mülki geyimli şəxsin əmisi oğluna yaxınlaşıb söhbət etdiyini görmüşdür. O, həmin şəxslərə yaxınlaşıb söhbətlərinə kobud formada müdaxilə etmiş və əsəbi olduğundan aralarında mübahisə yaranmışdır. Sonradan isə həmin şəxslərin polis əməkdaşları olduqlarını və əmisi oğlu içkili vəziyyətdə özünü şübhəli apardığından ona yaxınlaşdıqlarını bilmişdir. Həmin vaxt orada olan şəxslərdən ikisi mülki geyimdə, biri isə formada olmuşdur. Bundan sonra, polis əməkdaşları onu Xızı RPŞ-yə gətirmiş və barəsində inzibati protokol tərtib olunmuşdur. Hazırda əməlindən səmimi peşmançılıq hissi keçirir və bir daha belə əmələ yol verməyəcəyinin nəzərə alınmasını xahiş edir. Həmçinin, törətdiyi əməli məqsədyönlü şəkildə etmədiyindən və etdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin nəzərə alınaraq, barəsində həbslə bağlı olmayan inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən müdafiəçisi Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin mövqeyini müdafiə edərək, Şəxs ilk dəfə inzibati xəta törətməsini və cavanlığını nəzərə alaraq barəsində İXM-nin 535.1-ci maddəsi ilə cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən şahid, Xızı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili X5 izahatında göstərdi ki, 03 mart 2023-cü il tarixdə, günorta saatlarında RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili X1 ilə birlikdə xidmətdə olarkən 1 nəfər əvvəllər tanımadıqları şəxsin özünü şübhəli apardığını və yaxınlıqda olan yarımtikiliyə girib-çıxdığını görmüşlər. Həmin şəxsə yaxınlaşıb, özlərini təqdim etmişlər və şifahi sorğu sual zamanı həmin şəxsin bərbər olan əmisi oğlunun yanına gəldiyini və yarımtikilidə araq içdiyini müəyyən etmişlər. Bundan sonra, onlar nahar etmək üçün yaxınlıqda olan kafeyə getmişlər. Nahar fasiləsindən qayıdarkən sonradan şəxsiyyəti müəyyənləşdirilən Şəxs onlara yaxınlaşaraq niyə əmisi oğluna güc tətbiq etmələrini kobud səslə onlara irad bildirmiş, onlar cavab olaraq hər hansı bir güc, zor tətbiq etmədiklərini və bunun ictimai ərazidə olan digər şəxslərin yanında baş verdiyini sonuncuya izah etmişlər. Həmin vaxt onlar mülki geyimdə olsalar da, sahə rəisi Emil Aslanov polis formasında olmuşdur. Şəxs isə daha da aqressiv formada onlarla danışmağa bağlamış, onu dəfələrlə nizam intizama dəvət etsələr də, sonuncu buna məhəl qoymamış, əksinə öz qanunazidd hərəkətlərini davam etdirmişdir. Bundan sonra, Şəxs Xızı RPŞ-yə gətirərək, bu barədə raportla rəhbərliyə məruzə edilmişdir. Məhkəmə iclasında iştirak edən digər şahid Xızı RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili X1 şahid Fərid Əliyevin izahatına uyğun, eyni məzmunlu izahat verərək sonuncunun izahatını bir daha təsdiqləmişdir. İşdə olan sənədlərdən, o cümlədən müvafiq raportdan görünür ki, Şəxs 03 mart 2023-cü il tarixdə, saat 14:45 radələrində Xızı şəhəri, H.Əliyev prospektində ictimai qaydanı mühafizə edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidlərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Belə ki, İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama inzibati məsuliyyətə səbəb olan əməldir. Hazırki halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İİ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Həmin Qanununun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün polis əməkdaşının hüququdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Qeyd olunan Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə, İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə, inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, o cümlədən polisin qanuni tələbinə tabe olmamasını, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Şəxs İXMnin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbehin təyin edilməsini qanuni, legitim, əsaslı və ədalətli hesab edir. İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Qeyd olunan Məcəllənin 89.4-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növünün tətbiqini nəzərdə tutan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 24 saatadək, bu Məcəllənin 157, 206, 227, 513, 517-1, 535 və 610-618-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər isə inzibati xəta haqqında işin mürəkkəbliyi və ya xəta törətmiş şəxslərin sayının çoxluğu işin araşdırılmasını gecikdirdiyi və ya başqa formada çətinlik yaratdığı hallarda, habelə şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə tibbi yoxlamaya göndərildiyi hallarda 48 saatadək müddətə inzibati qaydada tutula bilər. Həmin Məcəllənin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxildir. Məhkəmə eyni zamanda qeyd edir ki, Şəxs 03 mart 2023-cü il tarixdə, saat 15:20 radələrində inzibati qaydada tutulması onun barəsində inzibati qaydada həbs növündə tənbeh tətbiq edilərkən nəzərə alınmalı və bu həmin müddətə daxil edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 10 (on) gün müddətində həbs təyin olunsun. Həbs etmənin əvvəli 03 mart 2023-cü il tarixdən, saat 15:20-dən hesablansın. Şəxs qərarın icrası ilə bağlı olaraq, saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Xızı rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Xızı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. X7

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar