Azərbaycan Respublikası adından QƏRAR Xızı rayonu İş № 3(068)-104/2025 12.11.2025 XIZI RAYON MƏHKƏMƏSİ X5 Hidayət oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi ilə, Hüquqi ünvanı Xızı rayonu, Giləzi ŞTQ olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Abşeron-Xızı regional şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə müəyyən etdi: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materiallardan görünür ki, vətəndaş X1 müraciəti əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən "xxxx" MMC-yə xx.xx.2025-ci il tarixli, 3-17-5/2-77906/2025 nömrəli məktub göndərilərək, müraciətə dair sənədlərin 7 iş günü müddətində təqdim edilməsi tələb olunsa da, təqdim edilməmiş, həmçinin müraciətə rəsmi münasibət bildirilməmişdir. Qeyd edilənlərlə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Abşeron-Xızı regional şöbəsi tərəfindən 07 oktyabr 2025ci il tarixdə "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3cü maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilib baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan və inzibati xəta haqqında protokolu tərtib edən şəxslərə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin və inzibati xəta haqqında protokolu tərtib edən şəxsin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verilməmişlər. Məhkəmə, İXM-nin 112.1.4-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, inzibati xəta haqqında protokolu və digər iş materiallarını araşdıraraq hesab edir ki, hüquqi şəxs "xxxx" MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “142” Çağrı Mərkəzinin müraciət vərəqəsinin məzmunundan görünür ki, vətəndaş X2 2025-ci ilin yanvar ayından "xxxx" MMC-də “dəyirmançı” vəzifəsi üzrə əmək fəaliyyətinə cəlb olunmuş, lakin şəxsin adına əmək müqaviləsi rəsmiləşdirilməmişdir. Vətəndaş adı çəkilən müəssisədən iyul ayının ortalarında ayrıldığını və əlavə olaraq işlədiyi may, iyun, iyul aylarına uyğun əmək haqqının tam şəkildə ödənilmədiyini bildirir. Vətəndaş əmək münasibətləri yaradılmadan işə cəlb olunması halından narazıdır, araşdırılmasını və müvafiq köməklik göstərilməsini xahiş edir. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Abşeron-Xızı regional şöbəsi tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-17-5/2-77906/2025 nömrəli məktubun məzmunundan görünür ki, vətəndaş X1 müraciəti əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən qeyd olunmuş müvafiq sənədlərin (əmək müqaviləsinin surəti, iş vaxtının uçotu tabellərindən çıxarış, əmək haqqının hesablanması və ödənilməsini təsdiq edən sənədlər, əmək müqavilələrinə xitam verilməsi ilə bağlı sənədlər, son haqq-hesabların hesablanması cədvəlləri və ödənilməsini təsdiq edən sənədlərin və vətəndaşın müraciətinə dair müəssisənin cavab məktubu) 7 iş günü ərzində Xidmətinin Abşeron-Xızı regional şöbəsinə təqdim edilməsi tələb olunmuşdur. - göndərişlərin izlənməsi sistemindən çıxarılmış surətdən görünür ki, məktub xx.xx.2025-ci il tarixdə "xxxx" MMC-yə çatdırılmışdır. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Abşeron-Xızı regional şöbəsi tərəfindən "xxxx" MMC-nin direktoruna ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-17-5/2-85720/2025 nömrəli bildirişdən görünür ki, MMC-nin nümayəndəsi inzibati xəta haqqında protokolun tərtib edilməsində iştirak məqsədi ilə xx.xx.2025-ci il tarixdə, saat 11:30-da X3 Xidmətinin Abşeron-Xızı regional şöbəsinə dəvət edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan fəaliyyət istiqamətlərinə uyğun olaraq işəgötürənlərdən zəruri olan məlumatların tam, düzgün və vaxtında təqdim edilməsini, habelə əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərdən yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək, onları Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırmaq hüququna malikdir. Göründüyü kimi, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinin tələbinə uyğun olaraq əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən X3 Xidmətinin Abşeron-Xızı regional şöbəsi tərəfindən "xxxx" MMC-dən vətəndaş X1 müraciəti əsasında müvafiq sənədlərin 7 iş günü ərzində təqdim olunması və münasibət bildirilməsi tələb olunsa da, həmin MMC bu tələbi yerinə yetirməmişdir. Bununla da, "xxxx" MMC Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15ci maddəsinin 2-ci hissəsinin tələblərini pozmuş, bu isə Azərbaycan Respublikası İXM-nin 539.3-cü maddəsi ilə inzibati məsuliyyətə səbəb olur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, inzibati materialda olan digər sənədlərlə müəyyən edilmişdir ki, "xxxx" MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların mövcud olması məhkəmə iclasında aşkar edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-nin 6.1-ci maddəsinə əsasən, inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. İXM-nin 7.3-cü maddəsinə əsasən hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, təşkilati-hüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər. İXM-nin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-nin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında "xxxx" MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, inzibati xətanın xarakterini, inzibati xəta törədən hüquqi şəxsin təqsirinin dərəcəsini, onun törədilmə halını və əmlak vəziyyəti barədə olan məlumatları, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, "xxxx" MMC-yə İXM-nin 539.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan, cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 2000 (iki min) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İlqar Cabbarov
Məhkəmə qərarları › İş №3(068)-104/2025
Xızı Rayon Məhkəməsi Qərar — İş №3(068)-104/2025
12.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver