Azərbaycan Respublikası adından QƏRARDAD Xızı rayonu İş № 3(068)-11/2022 02.03.2022 XIZI RAYON MƏHKƏMƏSİ Mən, Xızı Rayon Məhkəməsinin hakimi X1, Şabran rayon Polis Şöbəsindən daxil olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 333.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materialı nəzərdən keçirərək, müəyyən etdim: Şabran rayon Polis Şöbəsi tərəfindən Şəxs barədə Azərbaycan Respublikası İXM-nin 333.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, işin baxılmağa hazırlanması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının İXM-nin tələbinin pozulması iddia edilən 333.2-ci maddəsinin sanksiyasında inzibati həbs tənbeh növü nəzərdə tutulmasına baxmayaraq bu növ işlərdə iştirakı məcburi hesab edilən inzibati xəta törətmiş şəxsin, yəni Şəxs məhkəməyə gətirilməsi təmin olunmamışdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsinə əsasən bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə - nəqliyyat vasitələrini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, dörd yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 61.5-ci maddəsinə görə inzibati həbs, Azərbaycan Respublikasının hüdudlarından kənara əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri inzibati qaydada çıxarma və ya ictimai işlər nəzərdə tutan inzibati xətalar haqqında işlərə baxılarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı məcburidir. Həmin Məcəllənin 111.3-cü maddəsinə əsasən inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. Bundan əlavə, inzibati xəta haqqında protokola barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin narkomaniyadan müalicəyə ehtiyacının olub-olmaması ilə bağlı narkoloji tibbi yoxlama barədə rəy əlavə edilməmişdir. Halbuki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur (37.1). İnzibati xətaya görə inzibati tənbeh tətbiq etmə ilə eyni vaxtda vurulmuş maddi zərərin ödənilməsi, həmçinin inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxsə məcburi müalicənin təyin edilməsi məsələləri hakim tərəfindən həll edilir (115.2). Həmçinin, Şabran rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında material aidiyyəti üzrə də, düzgün göndərilməmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında iş onun yaşadığı yer üzrə baxıla bilər. Lakin, iş materiallarında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxılması haqqında vəsatət əlavə edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 106.0.3 və 106.0.5-ci maddələrinə əsasən hakim inzibati xəta haqqında işi baxılmağa hazırlayarkən inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini, habelə işə mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanıb toplanmadığını araşdırır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edirəm ki, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər natamam olduğuna və işə baxılarkən tamamlamaq mümkün olmadığına görə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 03 may 2019-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. İnzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan (vəzifəli şəxs) həmin protokolu tərtib edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə ciddi riayət etməlidir. Göstərilənlərə əsasən və İXM-in 100 və 109-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Şabran rayon Polis Şöbəsindən daxil olmuş Şəxs Azərbaycan Respublikası İXM-in 333.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə görə tərtib edilmiş 18 yanvar 2022-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Şabran rayon Polis Şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №3(068)-11/2022
Xızı Rayon Məhkəməsi Qərardad — İş №3(068)-11/2022
02.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver