Məhkəmə qərarları › İş №3(068)-13/2022

Xızı Rayon Məhkəməsi Qərar — İş №3(068)-13/2022

09.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xızı rayonu İş № 3(068)-13/2022 09.03.2022 XIZI RAYON MƏHKƏMƏSİ X9 Ağamusa oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, Protokol tərtib etmiş vəzifəli şəxs, Xızı rayon icra və probasiya şöbəsinin rəisi X4, Zərərçəkmiş şəxsin nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçi - Xırdalan şəhər Vəkil bürosunun vəkili X2 iştirakları ilə, xx xxxx 1985-ci il tarixdə Abşeron rayonu, Giləzi kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Xızı rayonu, Giləzi qəsəbəsində qeydiyyatda olmaqla, yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Xızı rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi: Tərtib edilmiş inzibati protokoldan və iş materiallarından görünür ki, Şəxs dəfələrlə rəsmi və şifahi xəbərdarlıq olunmasına baxmayaraq, Xızı Rayon Məhkəməsinin 13 aprel 2015-ci il tarixli, 2(068)-26/2015 saylı icra vərəqəsinə əsasən cəmi 5498,70 manat qalıq borcunu Zərərçəkmiş şəxs MMC-yə ödəməkdən yayınır. Bu barədə Xızı rayon icra və probasiya şöbəsinin rəisi X7 tərəfindən 09 mart 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün Xızı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Xızı rayon icra və probasiya şöbəsinin rəisi X7 tərtib etdiyi protokolun məzmununa uyğun, eyni məzmunlu izahat verərək bildirdi ki, Xızı Rayon Məhkəməsinin 13 aprel 2015-ci il tarixli, 2(068)-26/2015 saylı icra sənədi rayon icra və probasiya şöbəsinə daxil olduqdan sonra müvafiq qərarla icraata başlanılmış, borcluya icra sənədi üzrə tələbi könüllü icra etməsi üçün dəfələrlə rəsmi və şifahi xəbərdarlıq olunmasına, sms bildiriş göndərilməsinə və eləcə də icra və probasiya şöbəsinə gələcəyi ilə bağlı iltizam alınmasına baxmayaraq, yuxarıda qeyd olunan icra sənədi üzrsüz səbəbdən tam icra edilməmiş və borclu qalıq borcunu ödəməkdən yayınmışdır. Həmçinin, Şəxs qalıq borcunun ödənilməsi istiqamətində hər hansı bir əməli tədbir görmədən, uzun müddət icradan yayındığından barəsində axtarış elan edilmiş və polis əməkdaşları tərəfindən saxlanılaraq onlara təhvil verilmişdir. Hazırkı vaxta sözügedən icra sənədi üzrə Şəxs cəmi 5498,70 manat məbləğində borcu vardır və hazırda sonuncu həmin borcu tam ödəməkdən imtina edir. Odur ki, icra sənədi üzrə üzərinə düşən öhdəlik borclu tərəfindən lazımınca icra olunmadığına görə barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən inzibati protokol tərtib edilməklə müvafiq tədbir görülməsi üçün məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, Xızı Rayon Məhkəməsinin 13 aprel 2015-ci il tarixli icra sənədinə əsasən Zərərçəkmiş şəxs MMC-nin xeyrınə cəmi 10498,77 manat məbləğində borc ödəməlidir. Bir müddət işsiz olduğundan borcundan heç bir ödəniş etməmiş və nəticədə mülkiyyətində olan torpağının üzərinə həbs qoyularaq, 5000 manat dəyərində qiymətləndirilmiş və hərracda satılaraq həmin məbləğ borcundan çıxılmışdır. Bundan sonra o, 14 sentyabr 2021-ci il tarixdə Bakı şəhəri ərazisində Sabunçu RPİ-nin əməkdaşları tərəfindən saxlanılmış və axtarışda olduğu bildirilərək Xızı rayon icra və probasiya şöbəsinə gətirilmişdir. Lakin, həmin vaxt icra məmuru işdə olmadığından ondan yazılı iltizam alınmış və 15 sentyabr 2021-ci il tarixdə icra və probasiya şöbəsində olacağına söz vermişdir. Həmin gün isə məktəblərin başlanması ilə əlaqədar icra şöbəsinə gələ bilməmiş, həmçinin maddi imkanı olmadığından ödəniş də, etməmişdir. Hazırda ona müəyyən vaxt veriləcəyi təqdirdə 5498,70 manat qalıq borcunu hissə-hissə ödəyə bilər. Törətdiyi əməli məqsədyönlü şəkildə etmədiyindən, həmçinin, etdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin nəzərə alınaraq, barəsində həbslə bağlı olmayan inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən müdafiəçisi X5 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin mövqeyini müdafiə edərək, Şəxs barəsində həbslə bağlı olmayan inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi X3 izahatında göstərdi ki, borclu Şəxs Xızı Rayon Məhkəməsinin 13 aprel 2015-ci il tarixli icra sənədi üzrə cəmi 10498,77 manat məbləğində borc alınaraq Zərərçəkmiş şəxs MMC-yə ödənilməlidir. Lakin, borclu icra sənədini üzrsüz səbəbdən icra etməmiş və bu səbəbdən borclunun mülkiyyətində olan torpağının üzərinə həbs qoyularaq, 5000 manat dəyərində qiymətləndirilmiş və hərracda satılaraq həmin məbləğ borcundan çıxılmışdır. Bundan sonra, borclu uzun müddət ərzində hər hansı bir məbləğdə ödəniş etməmiş və 5498,70 manat qalıq borcunu ödəməkdən yayınmışdır. Ona görə də, Şəxs şikayətçi olmaqla, barəsində qanunamüvafiq inzibati tənbeh tədbiri görülməsini xahiş edir. İşdə olan sənədlərin surətlərindən görünür ki, Xızı Rayon Məhkəməsinin 13 aprel 2015-ci il tarixli, 2(068)-26/2015 saylı icra sənədi icra olunması üçün Xızı rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş, həmin icra sənədi üzrə 29 may 2015-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və bu barədə borclu Şəxs könüllü icrası haqqında bildiriş ünvanlanmış, həmçinin 15 sentyabr 2021-ci il tarixdə icra və probasiya şöbəsində olacağı barədə iltizam da alınmışdir. Lakin, Şəxs dəfələrlə rəsmi və şifahi xəbərdarlıq olunmasına baxmayaraq, Xızı Rayon Məhkəməsinin 13 aprel 2015-ci il tarixli, 2(068)-26/2015 saylı icra vərəqəsinə əsasən cəmi 5498,70 manat qalıq borcunu Zərərçəkmiş şəxs MMC-yə ödəməkdən yayınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-in 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir, Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin səmimi peşmançılıq çəkməsi onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İnzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, o cümlədən, təqsirinin dərəcəsini, icra sənədi üzrə qalıq borcundan uzun müddət ərzində hər hansı bir məbləğdə ödəniş etməməsini, ailə və əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən halın olmasını və ağırlaşdıran halın isə olmamasını nəzərə alaraq, Şəxs İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbehin təyin edilməsini qanuni, legitim, əsaslı və ədalətli hesab edirəm. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci və 110-111-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 08 (səkkiz) gün müddətində həbs təyin olunsun. Şəxs məhkəmə iclas zalından dərhal həbs edilsin. Həbs etmənin əvvəli 09 mart 2022-ci il tarixdən saat 12:30-dan hesablansın. Şəxs qərarın icrası ilə bağlı olaraq, saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Xızı rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Xızı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar