Azərbaycan Respublikası adından QƏRAR Xızı rayonu İş № 3(068)-17/2021 15.04.2021 XIZI RAYON MƏHKƏMƏSİ X2, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsləhətçi-müfəttişi X3 və həmin İdarənin nümayəndəsi X1 iştirakları ilə, Hüquqi ünvanı ünvan 1 (VÖEN **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törədilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsləhətçi-müfəttişi X5 tərəfindən tərtib edilmiş “xxxx” MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə xx xxxxxx 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli protokol və ona əlavə edilmiş materiallar baxılması üçün Xızı Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəməyə daxil olmuş inzibati xəta haqqında xx xxxxxx 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli protokolda və ona əlavə edilmiş materiallarda göstərilmişdir ki, Xızı rayonu, Sitalçay kəndində yerləşən “xxxx” MMC-dən ətraf mühütə axıdılan çirkab suyun tərkibində olan zəhərli maddələrin miqdarı hədd normadan artıq olmuşdur. Bununla da, “xxxx” MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsləhətçi-müfəttişi X5 tərtib etdiyi protokola uyğun izahat verərək, məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X4 izahat verərək bildirdi ki, İdarənin xx xxxxxx 2021-ci il tarixli, 11 saylı sərancamına əsasən Xızı rayonu ərazisində “Ətraf mühütin mühafizəsi haqqında” və “Ekoloji təhlükəsizlik haqqında” Qanunların, eləcə də ətraf mühütin mühafizəsi sahəsində mövcud olan digər normativ hüquqi aktların tələblərinə riayət olunması vəziyyətinin yoxlanılması üçün idarənin əməkdaşları tərəfindən xx xxxxxx 2021-ci il tarixdə vahid məlumat reyestrində qeydə alınmadan monitorinq keçirilmiş, əraziyə baxış zamanı həmin MMC-yə məxsus 3 ədəd çirkab sularının yığılması üçün nəzərdə tutulan şamboların olduğu müəyyən edilmiş və araşdırmada iştirak edən X10 Monitorinq İdarəsinin əməkdaşı Valeh Kərimov tərəfindən müvafiq qaydalara uyğun olaraq müəssisənin ətrafında olan, müəssisəyə məxsus şambolardan ölçmə analiz işlərinin aparılması üçün nümunələr götürülmüşdür. Bundan sonra, xx xxxxxx 2021-ci il tarixdə idarənin əməkdaşlarının iştirakı ilə akt tərtib olunmuş, “xxxx” MMC-nin nümayəndəsi həmin aktı imzalamaqdan imtina etdiyindən, bu barədə telefon vasitəsilə MMC-nin rəhbərliyinə məlumat verilmiş, lakin, həmin aktın surəti rəsmi qaydada hüquqi şəxsə göndərilməmişdir. Daha sonra, X10 Monitorinq İdarəsinin “xxxx” MMC-nin ərazisindən götürülmüş su nümunələri üzərində aparılmış təhlillərin nəticəsi barədə arayışına əsasən “xxxx” MMC-dən ətraf mühütə axıdılan çirkab suyun tərkibində olan zəhərli maddələrin miqdarının normadan artıq olması müəyyən olunmuşdur. Bu səbəbdən də, “xxxx” MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsinə əsasən inzibati protokol tərtib edilməklə müvafiq tədbir görülməsi üçün məhkəməyə təqdim etmişlər. Həmçinin, bildirdi ki, inzibati icraat zamanı hüquqi şəxsin nümayəndəsi izahat verməkdən və inzibati protokolu imza etməkdən imtina etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir, buna görə də məhkəmə, Azərbaycan Respublikasının İXM-nin 112.1.4-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Bununla yanaşı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “xxxx” MMCnin direktoru Elvin Eminov məhkəməyə ünvanlanmış iş üzrə icraata xitam verilməsinə dair vəsatətində göstərmişdir ki, Azərbaycan Respublikası Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən “xxxx” MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə tərtib edilmiş, xx xxxxxx 2021-ci il tarixli, MN seriyalı, ******* saylı protokol Azərbaycan Respublikasının İXM-nin 18.5-ci maddəsinə əsasən baxılması üçün Xızı Rayon Məhkəməsinə göndərilmişdir. Aşağıda göstərilən əsaslara görə hesab edir ki, “xxxx” MMC barəsində tərtib edilmiş xx xxxxxx 2021-ci il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati Xətalar haqqında”xxxx“xxxx” MMC barəsində məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Belə ki, Azərbaycan Respublikasında sahibkarlıq sahəsində aparılan yoxlamaların məqsəd və prinsiplərini təşkili və aparılması qaydalarını, yoxlamalar zamanı yoxlayıcı orqanların, onların vəzifəli şəxslərinin hüquq və vəzifələrini, sahibkarların hüquq və maraqlarının müdafiəsi ilə bağlı tələbləri müəyyən edən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinin tələbinə görə bu qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Yoxlamaların qanuniliyini ehtiva edən yuxarıda sözügedən Qanunun 3-cü maddəsinin tələbinə görə yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Yuxarıda sadalanan xüsusatlardan, eləcə də istinad olunan maddi hüquq normalarının tələblərindən görünür ki, barələrində inzibati xəta haqqında protokol tərtib etmiş 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 2.1 və 3-cü maddələrinin tələblərini kobud şəkildə pozaraq, yoxlamaların (o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digərləri) vahid məlumat reyestrində qeydə alınmadan sahibkarlıq fəaliyyətini həyata keçirdikləri yerə gəlməklə müvafiq protokol tərtib etmişlər ki, bu qanunsuz protokol əsasında “xxxx” MMCyə qarşı hər hansı bir məsuliyyət tədbirlərinin tətbiq edilməsi “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinin tələbinə ziddir. Eyni zamanda qeyd edilməsi zəruridir ki, yuxarıda istinad edilən Qanunun 13-cü maddəsinin tələbinə görə sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. Yoxlayıcı orqanlar sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlama barədə məlumatı həmin səbəblər göstərilməklə, yoxlamanın aparılması nəzərdə tutulan tarixdən beş iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına verməlidirlər. Yoxlamaların, o cümlədən sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə aparılan müşahidələrin, təftişlərin, nəzarətlərin, baxışların, reydlərin və s. həyata keçirilməsinə hüquqi əsas olan yoxlamaların vahid məlumat Reyestrinin formasını və aparılması qaydalarını tənzimləyən Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin siyasi iradəsini ehtiva edən xx xxxxxx 2011ci il tarixli, 383 nömrəli fərmanı ilə təsdiq olunmuş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.1-ci bəndinin tələbinə görə bu Əsasnamə “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxx 2010-cu il tarixli, 246 nömrəli fərmanının 1.2-ci bəndinə uyğun olaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin formasını, habelə onun aparılması, istifadə edilməsi və məlumatların mühafizəsi qaydalarını müəyyən edir. Əsasnamənin 1.2-ci bəndinin tələbinə görə sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri xüsusi dövlət informasiya ehtiyatıdır. Qeyd olunan Əsasnamənin 1.5-ci bəndinin tələbinə görə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Həmin Əsasnamənin 7-ci bəndinin tələbinə görə yoxlayıcı orqanların vəzifəli şəxsləri reyestrdə qeydiyyatdan keçməyən və ya bu Əsasnamənin tələbləri pozulmaqla yoxlamaların aparılmasına görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Yuxarıda göstərilənlərlə yanaşı nəzərə çatdırılması zəruridir ki, qanunverici sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında qanunvericiliyin tələblərinin pozulmasını inzibati xəta kimi sanksiyalaşdırmışdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.1-ci maddəsinin tələbinə görə sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmadan yoxlamanın aparılması inzibati xəta hadisəsi hesab edilir və bu xətaya yol vermiş orqanın vəzifəli şəxslərinə min manatdan min beş yüz manatadək məbləğdə inzibati cərimə edilirlər. Göründüyü kimi barələrində Azərbaycan Respublikası İXM-nin 233.1-ci maddəsi ilə inzibati xəta haqqında heç bir hüquqi əsası olmadan protokol tərtib edən 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları yuxarıda sözügedən Qanunun 2-ci və 3-cü maddələrinin tələblərini kobud şəkildə pozmaqla yanaşı, Azərbaycan Respublikası İXM-nin 602.1-ci maddəsində təsbit olunan inzibati xətanı da törətmişlər. Odur ki, “xxxx” MMC barəsində inzibati xəta haqqında protokol tərtib etmiş orqanın əməkdaşlarının Azərbaycan Respublikası İXM-nin 602.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmaları üçün zəruri tədbirlər görülməlidir. Yuxarıda sadalanan xüsusatlara, eləcə də istinad olunan hüquq normalarına əsaslanaraq hesab edirlər ki, barələrində tərtib edilən “inzibat xətalar haqqında” protokol yoxlamaların vahid məlumat reyestrində qeydə alınmayan araşdırma (baxış) əsasında tərtib olunmuşdur ki, bu halda “xxxx” MMC barəsində hər hansı bir məsuliyyətə tədbirlərinin tətbiq edilməsini istisna etməklə həmin protokolun hüquqi nəticəsi yoxdur. Digər tərəfdən nəzərə alınmalıdır ki, yalnız “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 2-ci, 3-cü və 33.2.2ci maddələrinin, eləcə də yuxarıda istinad edilən Əsasnamənin tələbləri çərçivəsində vahid məlumat reyestrində qeydə alınmış araşdırmanın yoxlama, baxış, reyd, və s. nəticəsində inzibati xətanın əlamətləri aşkar olunduqda Azərbaycan Respublikasının İXM-də müəyyən edilmiş müddətlərdə və qaydada inzibati xəta haqqında iş üzrə icraata başlanılması və aşkar olunmuş pozuntuların aradan qaldırılması haqqında qərar çıxarıla bilər. İstinad edilən Qanunun 35-ci maddəsinin tələbinə görə yoxlayıcılar bu Qanunun yoxlamalarla bağlı müəyyən edilmiş tələblərinin və prosedurlarının pozulmasına, habelə yoxlamalar aparılarkən, vəzifə borclarını yerinə yetirilməməsinə, vəzifə səlahiyyətlərini aşmasına və sahibkara vurulan zərərə görə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda və dövlət qulluğunun xüsusi növlərində qulluq keçməni tənzimləyən Azərbaycan Respublikasının başqa qanunlarında, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar. Sahibkar yoxlayıcı orqan tərəfindən kompensasiyanın ödənilməsindən imtina olunmasından inzibati və məhkəmə qaydasında şikayət verə bilər. Odur ki, vahid məlumat reyestrində qeydə alınmadan aparılan baxış çərçivəsində tərtib olunmuş xx xxxxxx 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xətalar haqqında protokolun hüquqi nəticəsi olmadığını əsas tutaraq, bu protokol əsasında “xxxx” MMC barəsində məsuliyyət tədbirləri tətbiq olunmasından imtina olunmasına iş üzrə icraata xitam verilməsinə, eləcə də 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşlarının əməllərində Azərbaycan Respublikası İXM-nin 602.1-ci maddəsinin əlamətləri olduğundan onların barəsində inzibati iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi və həmin orqanın nümayəndəsini dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, “xxxx” MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan xx xxxxxx 2021-ci il tarixli, 03 nömrəli nümunə aktın surətindən görünür ki, Xızı rayonu, Sitalçay kəndində yerləşən “xxxx” MMC-də monitorinq aparılmış və ərazidən laborator təhlillər üçün nümunələr götürülmüşdür. Lakin, aktın özündə nəzərdə tutulmasına baxmayaraq, akt tərtib olunarkən müəssisənin (obyektin) nümayəndəsinin iştirakı təmin olunmamış və onlar tərəfindən imzalanmamışdır. İş materiallarından olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları İ.Məmmədov, V.Kərimov və A.İsmayılov tərəfindən tərtib olunmuş xx xxxxxx 2021-ci il tarixli, 69522 nömrəli aktın sürətindən görünür ki, İdarənin xx xxxxxx 2021-ci il tarixli, 11 saylı sərancamına əsasən Xızı rayonu ərazisində “Ətraf mühütin mühafizəsi haqqında” və “Ekoloji təhlükəsizlik haqqında” Qanunların və ətraf mühütin mühafizəsi sahəsində mövcud olan digər normativ hüquqi aktların tələblərinə riayət olunması vəziyyəti tərəflərindən araşdırılmışdır. Araşdırma zamanı Xızı rayonu, Sitalçay kəndində yerləşən “xxxx” MMC-nin ətrafına baxış keçirilmişdir. Əraziyə baxış zamanı “xxxx” MMC-nin xaricində 3 ədəd çirkab sularının yığılması üçün nəzərdə tutulan şamboların olduğu müəyyən edilmişdir. Həmin şambolardan çirkab su 100 dm-lik plastik borular vasitəsilə su nasosu ilə yolun kənarında olan arxa axıdılır. “xxxx” MMC-nin mərkəzi giriş hissəsində betonla quraşdırılmış 1 ədəd şambonun olduğu müəyyən edilmişdir. Müəssisədə formalaşan məişət çirkab suları həmin şambo vasitəsi ilə ətrafda olan suvarma kanalına axıdılır (kanal quru vəziyyətdədir). Araşdırmada iştirak edən X10 Monitorinq İdarəsinin əməkdaşı Valeh Kərimov tərəfindən müvafiq qaydalara uyğun olaraq müəssisənin ətrafında olan, müəssisəyə məxsus şambolardan ölçmə analiz işlərinin aparılması üçün nümunələr götürülmüşdür. Araşdırma müddətində yerində çəkilmiş fotoşəkilllər akta əlavə olunmuşdur. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X10 Monitorinq İdarəsinin xxxx fabriki ərazisindən götürülmüş su nümunələri üzərində aparılmış təhlillərin nəticəsi barədə arayışdan görünür ki, xx xxxxxx 2021-ci il tarixdə X10 Monitorinq İdarəsinin mütəxəssisləri tərəfindən Sitalçay kəndi xxxx ərazisində monitorinq aparılmış və su nümunələri götürülmüşdür. Götürülmüş su nümunələri üzərində fiziki-kimyəvi ekotoksikloji və mikrobiolioji təhlillər aparılmışdır: 1) Əkin ərazilərindən çıxan kanal suyundan götürülmüş su nümunəsi üzərində aparılmış fiziki-kimyəvi təhlillərin nəticəminə görə nümunə kəskin kanalizasiya qoxulu bulanlıq və sarımtıl rənglidir, ammonium ionların -20,4; nitritlər-9,0; oksigenin kimyəvi sərfi (OKS)-3,7; oksigenin biokimyəvi sərfi (OBS5) - 4,5; asılı bərk hissəciklər-9,9 dəfə normadan artıq müəyyən edilmişdir. Mikrobioloji tədqiqatların nəticəsinə görə nümunə çirklidir. Bağırsaq çöpü bakteriyalarının miqdarı ******* ədəd/litr, enterokoklar-103000 ədəd/litr və şərti padogen xəstəliktörədən bakteriaların (E.coli) miqdarı 192000 ədəd /litr (coli indeks). Xəstəliktörədən bakteriyaların miqdarı normadan 192 dəfə çoxdur. Ekotoksikloji təhlillərin nəticəsinə görə su nümunəsi zəhərli təsirə malik olmamışdır. 2) xxxx sexlərinin çıxışından (Giləzi quşçuluğun çıxışı) götürülmüş su nümunəsi üzərində aparılmış fiziki-kimyəvi təhlillərin nəticəsinə görə nümunə kəskin kanalizasiya qoxulu bulanlıq və sarımtıl rənglidir, ammonium ionları -23,6; nitritlər-4,5; oksigenin kimyəvi sərfi (OKS)-3,7; oksigenin biokimyəvi sərfi (OBS5)-4,6; asılı bərk hissəciklər - 21,5 dəfə normadan artıq müəyyən edilmişdir. Mikrobioloji tədqiqatların nəticəsinə görə nümunə çirklidir. Bağırsaq çöpü bakteriyalarının miqdarı 567000 ədəd/litr, enterokoklar-10000 ədəd/litr və şərti padogen xəstəliktörədən bakteriyaların (E.coli) miqdarı 32000 ədəd/litr (coli indeks). Xəstəliktörədən bakteriaların miqdarı normadan 32 dəfə çoxdur. Ekotoksikloji təhlillərin nəticəsinə görə nümunə zəhərli təsirə malik olmuşdır. 3) Sitalçay kəndindən gələn sulardan götürülmüş su nümunəsi üzərində aparılmış fizikikimyəvi təhlillərin nəticəsinə görə nümunə kəskin kanalizasiya qoxulu və sarımtıl rənglidir, ammonium ionları -1,8; nitritlər-2,2; oksigenin kimyəvi sərfi (OKS)-3,6; oksigenin biokimyəvi sərfi (OBS5)-4,3; asılı bərk hissəciklər - 14,8 dəfə normadan artıq müəyyən edilmişdir. Mikrobioloji tədqiqatların nəticəsinə görə nümunə çirklidir. Bağırsaq çöpü bakteriyalarının miqdarı -314000 ədəd/litr, enterokoklar-171000 ədəd/litr və şərti padogen xəstəliktörədən bakteriyaların (E.coli) miqdarı-1100000 ədəd/litr (coli indeks). Xəstəliktörədən bakteriaların miqdarı normadan 1100 dəfə çoxdur. Ekotoksikloji təhlillərin nəticəsinə görə nümunə zəhərli təsirə malik olmamışdır. 4) Dəyirmanın çıxışının qarşısından götürülmüş qarışıq su nümunəsi üzərində aparılmış fiziki-kimyəvi təhlillərin nəticəsinə görə nümunə kəskin kanalizasiya qoxulu bulanıq və sarımtıl rənglidir, ammonium ionları -2,1; nitritlər-1,2; oksigenin kimyəvi sərfi (OKS)-3,3; oksigenin biokimyəvi sərfi (OBS5) -4,0; asılı bərk hissəciklər-2,7 dəfə normadan artıq müəyyən edilmişdir. Mikrobioloji tədqiqatların nəticəsinə görə nümunə çirklidir. Bağırsaq çöpü bakteriyalarının miqdarı - ******* ədəd/litr, enterokoklar - 83000 ədəd/litr və şərti padogen xəstəliktörədən bakteriyaların (E.coli) miqdarı 965000 ədəd/litr (coli indeks). Xəstəliktörədən bakteriyaların miqdarı normadan 965 dəfə çoxdur. Ekotoksikloji təhlillərin nəticəsinə görə nümunə zəhərli təsirə malik olmamışdır. 5) Əkin sahəsindən gələn sulardan (xxxx fabrikinin çıxışı) götürülmüş qarışıq su nümunəsi üzərində aparılmış fizikikimyəvi təhlillərin nəticəsinə görə nümunə kəskin kanalizasiya qoxulu bulanıq və sarımtıl rənglidir, ammonium ionları -30,4; nitritlər-7,5; oksigenin kimyəvi sərfi (OKS)-4,0; oksigenin biokimyəvi sərfi (OBS5) -4,7; asılı bərk hissəciklər-29,4 dəfə normadan artıq müəyyən edilmişdir. Ekotoksikloji təhlillərin nəticəsinə görə nümunə zəhərli təsirə malik olmuşdır. 6) xxxx fabrikinin kanalizasiya anbarından relyefə atılan hissədən götürülmüş su nümunəsi üzərində aparılmış fiziki-kimyəvi təhlillərin nəticəsinə görə nümunə kəskin kanalizasiya qoxulu bulanıq və sarımtıl rənglidir, ammonium ionları -18,4; nitritlər-4,3; oksigenin kimyəvi sərfi (OKS)-3,6; oksigenin biokimyəvi sərfi (OBS5) -4,4; asılı bərk hissəciklər-8,3 dəfə normadan artıq müəyyən edilmişdir. Mikrobioloji tədqiqatların nəticəsinə görə nümunə çirklidir. Bağırsaq çöpü bakteriyalarının miqdarı -5540000 ədəd/litr, enterokoklar-3290000 ədəd/litr və şərti padogen xəstəliktörədən bakteriyaların (E.coli) miqdarı ******* ədəd/litr (coli indeks). Xəstəliktörədən bakteriyaların miqdarı normadan 2200 dəfə çoxdur. Ekotoksikloji təhlillərin nəticəsinə görə nümunə zəhərli təsirə malik olmamışdır. Azərbaycan Respublikası İXM-in 233.1-ci maddəsinə əsasən ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə - vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on min beş yüz manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə ilk öncə qeyd edir ki, inzibati xəta haqqında material araşdırılarkən, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Xızı rayonu, Sitalçay kəndində yerləşən “xxxx” MMC-də monitorinq, müayinə və baxış keçirəcəkləri barədə məlumatın Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılan vahid məlumat reyestrində qeydiyyata alınmasını təsdiq edən hər hansı bir sənəd aşkar edilməmiş, həmçinin Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X4 da, öz izahatında monitorinqin vahid məlumat reyestrində qeydə alınmadan aparılmasını təsdiq etmişdir. Halbuki, «Sahibkarliq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər» haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxxx 2010-cu il tarixli Fərmanına əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama bu Fərmanın 1.2-ci bəndində göstərilən (Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılan vahid məlumat reyestri) reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. “Sahibkarliq sahəsində aparılan yoxlamalarin tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi” haqqında Azərbaycan Respublikası xx xxxx 2013-cü il tarixli, 714- İVQ nömrəli Qanununun 2-ci maddəsinin 2.1-ci bəndinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Həmin Qanunun 3-cü maddəsinin 3.2-ci bəndinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 71-ci maddəsinin 1-ci bəndinə əsasən ətraf mühitin mühafizəsi sahəsində dövlət nəzarətini müvafiq icra hakimiyyəti orqanları bu Qanunun və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq həyata keçirirlər. Məhkəmə iclasında müəyyən edildi ki, xx xxxxxx 2021-ci il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyinin tələbləri kobud şəkildə pozularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin vahid məlumat reyestrinin çıxarışı olmadan, hüquqi nəticəsi olmayan monitorinq həyata keçirilmiş və bundan 2 gün əvvəl isə, yəni xx xxxxxx 2021-ci il tarixdə müəssisənin (obyektin) nümayəndəsinin iştirakı olmadan ərazidən laborator təhlillər üçün nümunələr götürülmüşdür. Daha sonra, xx xxxxxx 2021-ci il tarixdə “xxxx” MMC-dən ətraf mühütə axıdılan çirkab suyun tərkibində olan zəhərli maddələrin miqdarı hədd normadan artıq olması barədə laborator təhlillərin nəticəsinə dair arayış alınmış və nəticədə həmin sözü gedən akt və arayış əsasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsləhətçi-müfəttişi X5 tərəfindən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx xxxxxx 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli əsassız protokol tərtib edilmişdir. Bununla da, həmin protokol və akt qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edilməklə tərtib edildiyindən “xxxx” MMC-nin təqsirliliyinin sübuta yetirilməsində ümumiyyətlə istifadə edilə bilməzlər. Eyni zamanda, məhkəməyə daxil olmuş inzibati materiala xx xxxxxx 2021-ci il tarixli, 69522 nömrəli akt və xx xxxxxx 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol istisna olmaqla “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin əməlində inzibati xəta tərkibinin olmasını təsdiq edən heç bir mötəbər sübut əlavə edilməmişdir. Bununla yanaşı, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, inzibati icraat zamanı səlahiyyətli şəxs tərəfindən iş üzrə ətraflı araşdırılma aparılmamış, inzibati xəta haqqında protokol tərtib olunarkən MMC-nin nümayəndəsinə məlumat verilməmiş, öz izahatını vermək və qeydlərini aparmaq şəraiti yaradılmamış, yalnız səthi aparılmış araşdırmalar nəticəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmçinin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə tərtib edilmiş inzibati xəta haqqında protokolun surəti təqdim edilməmiş, hüquqi şəxsin nümayəndəsinin izahat verməkdən imtina etməsi göstərilsə də, bu halı təsdiq edəcək müvafiq akt və ya digər sənəd inzibati xəta haqqında materiala əlavə edilməmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir; protokolun tərtib edildiyi tarix və yer; protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar inzibati xəta haqqında protokolda göstərilir. İXM-nin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Bu Məcəllənin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Hazırki iş üzrə isə səlahiyyətli şəxs tərəfindən qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əməl edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Bu Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 11.2-ci maddəsinə əsasən inzibati xətalara görə məsuliyyəti yüngülləşdirən və ya onu aradan qaldıran normativ hüquqi aktların geriyə qüvvəsi vardır, yəni həmin aktlar onların qüvvəyə mindiyi vaxtadək törədilmiş, həmçinin inzibati tənbeh tətbiq etmə haqqında qərarı tam icra olunmamış xətalara da şamil edilir. Beləliklə məhkəmə hesab edir ki, “xxxx” MMC-nin təqsirliliyinin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildiyindən həmin MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsində nəzərdə tutulmuş inzibatı məsuliyyətdən azad edilməli və onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xəta Məcəlləsinin 18.5, 40.0.1, 43, 48-51, 53, 55, 114.1.4, 115, 128-130-cu maddəsini rəhbər tutaraq, qərara aldım: “xxxx” MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsində nəzərdə tutulmuş inzibatı məsuliyyətdən azad edilsin və onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №3(068)-17/2021
Xızı Rayon Məhkəməsi Qərar — İş №3(068)-17/2021
15.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver