Məhkəmə qərarları › İş №3(068)-17/2022

Xızı Rayon Məhkəməsi Qərar — İş №3(068)-17/2022

13.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xızı rayonu İş № 3(068)-17/2022 13.04.2022 XIZI RAYON MƏHKƏMƏSİ X4 Ağamusa oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin DYNX Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin nümayəndəsi – X2 iştirakı ilə, xx.xx.1958-ci il tarixdə Naxçıvan MR, Şərur rayonu, Axura kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, "xxxx" X1 direktoru işləyən, Bakı şəhəri, Nərimanov rayonu, X6 küçəsi, ev 7E, mənzil 50 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 602.4-cü maddəsi ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin DYNX Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə müəyyən etdi : Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsindən daxil olmuş 11 fevral 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta protokoldan və inzibati xəta haqqında iş materialından görünür ki, 11 fevral 2022-ci il tarixdə Xızı rayonu, Yeni Yaşma kəndi, Bakı- Quba yolunun 56-cı km-də yerləşən anbarda planlı yanğın texniki müayinə zamanı həmin anbarın sahibi Şəxs baxış keçirilməsinə mane olmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin nümayəndəsi X3 tərtib olunmuş protokola uyğun izahat verərək, həmçinin bildirdi ki, 11 fevral 2022-ci il tarixdə idarənin əməkdaşları tərəfindən Xızı rayonu, Yeni Yaşma kəndi, Bakı-Quba yolunun 56-cı km-də yerləşən anbarda reyestr çıxarışına əsasən planlı yanğın texniki müayinəsi keçirmək üçün həmin ünvana getmişlər. Həmin vaxt obyektin mühafizəçisi kimi özünü təqdim edən şəxs onları qarşılayaraq, əraziyə buraxmışdır. Bundan sonra, anbarın sahibi Şəxs sahibkarliq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışı təqdim etməli olduqlarını və bunun əsasında anbarda planlı yanğın texniki müayinəsi keçirmək istədiklərini həmin mühafizəçiyə bildirmişlər. Lakin anbarın sahibi Şəxs həmin ərazidə olmadığından onunla dəfələrlə telefon əlaqəsi saxlamalarına baxmayaraq baxış keçirilməsinə şərait yaratmamış, anbarın mühafizəçisi Şəxsla telefonla danışdıqdan sonra sonuncunun tapşırığına əsasən onları ərazidən çıxarmışdır. Daha sonra, onlar yenidən anbarın sahibi Şəxsla telefon əlaqəsi saxlayaraq anbarda müayinə keçirməli olmalarını nəzərinə çatdırsalar da, sonuncu həmin əraziyə gəlməyərək baxış keçirilməsinə mane olmuşdur. Qeyd edilənlərə əsasən nümayəndə Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İş materiallarını araşdıraraq belə nəticəyə gəlmək olar ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 602.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, “Sahibkarliq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər” haqqında Azərbaycan Respublikası Prezidentinin 13 aprel 2010-cu il tarixli Fərmanına əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama bu Fərmanın 1.2-ci bəndində göstərilən (Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılan vahid məlumat reyestri) reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. “Sahibkarliq sahəsində aparılan yoxlamalarin tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi” haqqında Azərbaycan Respublikası 02 iyul 2013-cü il tarixli, 714- İVQ nömrəli Qanununun 2-ci maddəsinin 2.1-ci bəndinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. İş materiallarında olan sahibkarliq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən 06.02.2022-ci il tarixli, KY221711640 kodlu çıxarışdan görünür ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin DYNX Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşları tərəfindən Xızı rayonu, Yeni Yaşma kəndi, Bakı- Quba yolunun 56-cı km-də yerləşən Şəxs məxsus anbarda plan üzrə (növbəti) müayinə keçirəcəkləri barədə məlumat Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılan vahid məlumat reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan 11 fevral 2022-ci il tarixli aktdan görünür ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin DYNX Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşları – Aqil Quliyev, Orxan Qasımov və Osman Əliyev sahibkarliq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən 06.02.2022-ci il tarixli, KY221711640 kodlu çıxarışa əsasən Xızı rayonu, Yeni Yaşma kəndi, Bakı-Quba yolunun 56-cı km-də yerləşən Şəxs məxsus anbarda planlı yanğın texniki müayinə keçirmək üçün həmin obyektdə olmuşlar, lakin anbarın sahibi Şəxs baxış keçirilməsinə mane olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsinə əsasən sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsinə, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməməsinə, təhrif olunmuş, yanlış məlumatın verilməsinə və ya sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə, nəqliyyat vasitələrinə, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə mane olmağa görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur (3). Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. (4) İnzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir (6.1). İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır (9.1). Eyni zamanda, İnzibati Xətalar Məcəlləsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır (31.2). Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə, inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin təqsirinin dərəcəsini, onun şəxsiyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Şəxs İXM-nin 602.4-cü maddəsinin sanksiyasında nəzərdə tutula cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinib, ona 1000 (min) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Xızı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar