Məhkəmə qərarları › İş №3(068)-17/2023

Xızı Rayon Məhkəməsi Qərar — İş №3(068)-17/2023

16.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xızı rayonu İş № 3(068)-17/2023 16.06.2023 XIZI RAYON MƏHKƏMƏSİ X2 Hidayət oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, Hüquqi ünvanı ünvan 1 (VÖEN **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törədilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin aparıcı - məsləhətçi müfəttişi Babaşlı Elnur Hüseyn oğlu tərəfindən tərtib edilmiş "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə 11 may 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli protokol və ona əlavə edilmiş materiallar baxılması üçün Xızı Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 11 may 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli protokolda və ona əlavə edilmiş materiallarda göstərilmişdir ki, 02 may 2023-cü il tarixdə Xızı rayonu, Sitalçay kəndində "xxxx" MMC-yə məxsus müəssisədə formalaşan istehsalat tullantılarının açıq sahədə qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməmişdir. Bununla da, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. İnzibati xəta haqqında protokolu tərtib edən şəxsə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin inzibati xəta haqqında protokolu tərtib edən şəxsin nümayəndəsi məhkəməyə gəlməmiş, məhkəməyə məktub ünvanlayaraq işə nümayəndələrinin iştirakı olmadan baxılması xahiş etmişdir. Məhkəmə, İXM-nin 112.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolu tərtib edən şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə hüquqlarını təmsil etdiyi MMC-ni İXM-nin 271-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş sübutlar mötəbər deyildir və Cəmiyyətlərinin hərəkətlərində onun inzibati xəta üzrə məsuliyyətə cəlb edilməsinə əsas olan hal mövcud deyildir. Belə ki, inzibati xəta olaraq inzibati orqan tərəfindən təqdim edilmiş iş materiallarında qanunvericiliyin həmin tələblərinə riayət edilməsinə aid sübutlar yoxdur. Normativ hüquqi nöqteyi nəzərdən İXM-nin 271-ci maddəsinin tətbiqi üçün əsaslar şəxs tərəfindən sənaye və məişət tullantılarının qalaqlanması qaydalarına və həmin tullantıların yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsidir. İnzibati orqan bu normada qeyd edilən hər iki dispozisiyanın “Giləzi Quşçuluq Şirkəti’’ MMC hüquqi şəxsinə şamil oluna bilməsi üçün heç bir mötəbər sübut təqdim etməmişdir. İnzibati orqanın sübut olaraq təqdim etdiyi məlumatlar 02 may 2023-cü il tarixli, 79215 saylı akt və fotoşəkillərdən ibarətdir. Akta görə istehsalat tullantısı kimi peyin göstərilmişdir. İXM-nin 271-ci maddəsinin məzmununa əsasən inzibati orqan hüquqi şəxs tərəfindən ən azı 2 normativ aktın, sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının və tullantıları yandırarkən ətraf mühitin mühafizəsinə aid tələblərin hansı maddəsinin pozulduğunu müəyyən etməli və sübut etməlidir. Lakin inzibati orqan tərəfindən belə bir araşdırmaların nəticələri təqdim edilməmişdir. İnzibati orqanın sənədləşdirdiyi inzibati hadisə, yəni sənaye və məişət tullantılarının yandırılması hərəkəti həmin hadisəyə aid fotoşəkillərdəki görüntülərə ziddir. Belə ki, fotoşəkillərdən göründüyü kimi peyin toplantısı yanmır, sadəcə tüstülənir. İXM-nin 271-ci maddəsinin məzmunundan göründüyü kimi xəta tüstülənməyə aid ola bilməz. ‘’İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikası Qanuna əsasən peyin istehsalat tullantısı deyil və ‘’Heyvanlar aləmi haqqında” Qanuna əsasən heyvanlar aləmi obyektlərinin faydalı funksiyalarından istifadə vasitəsi və onların həyat fəaliyyətini təşkil edən məhsul kimi hamıya məlum olan üzvi gübrə növüdür. Gübrə məhsulu kimi ondan qapalı və açıq formada tərkibindəki azot maddəsinin miqdarından asılı olaraq torpaq sahələrinin, xüsusən də əkin yerlərinin ekoloji təbii yolla münbitləşdirilməsi məqsədilə 1 ha sahəyə 20-30 ton peyin verilməklə istifadə edilir. Beləliklə iş materiallarındakı sübutların heç biri təqsirləndirici dəlil kimi informasiya daşımır. Fotolardan məlum olur ki, peyin tullantıları, qalaqları tüstülənir və onların kipləşməməsi, bərkiməməsi məqsədilə texnika tərəfindən qarışdırılır. Eyni zamanda 02 may 2023-cü il tarixli, 79215 saylı aktda ‘’Giləzi Quşçuluq Şirkəti‘’ MMC-nin əməkdaşı kimi adı göstərilən Seyid adlı şəxs şirkətin işçiləri siyahısında yoxdur. Bu halın özü də sübut edir ki, inzibati orqan tərəfindən inzibati xəta barədə sənədləşmə zamanı hüquqi şəxsin iştirak və münasibət hüquqları gözlənilməmiş, həmin hüquqların həyata keçirilməsi üçün heç bir tədbir, şərait yaradılmamış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin vahid məlumat reyestrinin çıxarışı olmadan, onlara bu barədə hər hansı bir məlumat verilmədən həyata keçirilmişdir. Odur ki, nümayəndə iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsini dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin aparıcı - məsləhətçi müfəttişi Babaşlı Elnur Hüseyn oğlu tərəfindən tərtib olunmuş 02 may 2023-cü il tarixli, 79215 nömrəli aktdan görünür ki, idarənin 050 saylı, 20 aprel 2023-cü il tarixli sərəncamına əsasən “Ətraf-mühitin mühafizəsi haqqında” Qanunun və ətraf mühitin mühafizəsi sahəsində mövcüd olan normativ hüquqi aktların tələblərinə uyğun olaraq xidməti ərazidə keçirilən baxış zamanı Xızı rayonu, Sitalçay kəndi ərazisində "xxxx" MMCyə məxsus müəssisənin hasarının yaxınlığında sahəsi təqribən 1 hektar olan istehsalat tullantıların qalaqlanması və yanması müəyyən edildi. Araşdırma müddətində texnikalar vasitəsi ilə yanğının söndürülməsi işləri aparılırdı. İstehsalat tullantıların tərkibi "xxxx" MMC-yə məxsus müəssisədən gətirilən peyin tullantısı olduğu müəyyən edildi. Sitalçay kənd bələdiyyəsinin təqdim etdiyi arayışa əsasən qeyd olunan ərazinin "xxxx" MMC-yə məxsus olması, lakin mülkiyyətçinin təsdiq edən sənədlərin olmadığını bildirmişdir. Tərəflərindən müəssisənin ərazisində olan mühafizə işçiləri vasitəsi ilə müəssisənin iş icraçısı kimi təqdim edən “Seyid” adlı şəxslə telefon əlaqəsi (***-***-**-**) saxlanılarkən, qeyd olunan ərazinin "xxxx" MMC-yə məxsus olduğu, ərazidə baş vermiş yanğının onlar tərəfindən edilmədiyi və yanğının tezliklə söndürüləcəyini bildirmişdir. Müşahidə zamanı yanğın 02 may 2023-cü il tarixində tam söndürüldü. Qeyd olunanlar ilə bağlı olaraq istehsalat və məişət tullantıları haqqında Qanunun tələbləri pozulmuş və İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati məsuliyyət halı yaranmışdır. Ərazinin fotoşəkilləri çəkildi. Akta əlavə olunur: 8 (səkkiz) ədəd fotoşəkil, Sitalçay kənd bələdiyyəsinin 02 may 2023-cü il tarixli, 18 saylı arayışı, bələdiyyə xəritəsinin fotoşəkilləri. İş materiallarında olan Xızı rayonu Sitalçay bələdiyyəsinin 03 may 2023-cü il tarixli, 18 nömrəli məktubundan görünür ki, Sitalçay kəndi ərazisində yerləşən "xxxx" MMC müəssisəsinin arxasında yerləşən ərazidə tökülmüş peyin sahəsi "xxxx" MMC-nin daimi istifadəsindədir. Ərazi bələdiyyə xəritəsində dövlət torpağı kimi qeyd olunub, lakin mülkiyyətçi barəsində onlarda rəsmi məlumat yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Xızı rayon Gigiyena və Epidemiologiya Mərkəzinin xx.xx.2016-cı il tarixli, 109 nömrəli məktubundan görünür ki, "xxxx" MMC ilə kənd arasında olan sanitariya mühafizə qurşağının məsafəsi tələb olunan normativlər çərçivəsindədir. Fabrik sexlərində əmələ gəlmiş quş peyin ekskrimentləri quru halda yığılaraq xüsusi ayrılmış sahələrə yığılır və sonra əkin sahələrinə yayılaraq şumlanır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinə əsasən sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulması, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan inzibati xətalara aiddir və inzibati məsuliyyətə səbəb olur. Məhkəmə ilk öncə qeyd edir ki, inzibati xəta haqqında material araşdırılarkən, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı tərəfindən Xızı rayonu, Sitalçay kəndində yerləşən "xxxx" MMC-nin ərazisində müşahidə və baxış keçirəcəkləri barədə məlumatın Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılan vahid məlumat reyestrində qeydiyyata alınmasını təsdiq edən hər hansı bir sənəd aşkar edilməmişdir. Halbuki, «Sahibkarliq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər» haqqında Azərbaycan Respublikası Prezidentinin 13 aprel 2010-cu il tarixli Fərmanına əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama bu Fərmanın 1.2-ci bəndində göstərilən (Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılan vahid məlumat reyestri) reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. “Sahibkarliq sahəsində aparılan yoxlamalarin tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi” haqqında Azərbaycan Respublikası 02 iyul 2013-cü il tarixli, 714- İVQ nömrəli Qanununun 2-ci maddəsinin 2.1-ci bəndinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Həmin Qanunun 3-cü maddəsinin 3.2-ci bəndinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 71-ci maddəsinin 1-ci bəndinə əsasən ətraf mühitin mühafizəsi sahəsində dövlət nəzarətini müvafiq icra hakimiyyəti orqanları bu Qanunun və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq həyata keçirirlər. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1410-İVQ nömrəli Qanununun tətbiqi və sahibkarlıq sahəsində aparılan yoxlamaların dövlət tənzimlənməsinə dair əlavə tədbirlər barədə Azərbaycan Respublikasının Prezidentinin 26 oktyabr 2015-ci il tarixli, 660 nömrəli Fərmanının 3 və 4-cü maddələrinə əsasən yoxlamalar yalnız insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan halların mövcudluğuna əsaslar olduqda aparılır. Yoxlayıcı orqanlar tərəfindən yoxlamaların aparılması və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən yoxlamaların aparılmasına razılıq verilməsi məsələləri “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 16.1.3-cü maddəsinin tətbiqi qaydası və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 714-İVQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar bəzi məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 31 oktyabr tarixli 322 nömrəli Fərmanı nəzərə alınmaqla həll edilməlidir. Həmin Fərmana əsasən “İnsan həyatı və ya sağlamlığına, ətraf mühitə, dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükə və ya mühüm zərər” dedikdə aşağıdakılar başa düşülür:

1. bir və ya bir neçə insanın əmək qabiliyyətinin müvəqqəti və ya daimi itirilməsi, yaxud bir və ya bir neçə insanın ölümü, habelə yoluxucu xəstəliklərin yayılması, epidemiyaların yaranması təhlükəsi, yaxud belə halların baş verməsi;

2. ekoloji sistemin ayrı-ayrı komponentlərinin kəmiyyət və keyfiyyətcə dəyişməsi, ekoloji tarazlığın pozulması təhlükəsi, yaxud belə halların baş verməsi;

3. dəyəri 50000 (əlli min) manat və ondan yuxarı olan dövlət əmlakının zədələnməsi və ya məhv edilməsi təhlükəsi, yaxud belə halların baş verməsi. Məhkəmə iclasında müəyyən edildi ki, 02 may 2023-cü il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyinin tələbləri pozularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin vahid məlumat reyestrinin çıxarışı olmadan, hüquqi nəticəsi olmayan baxış həyata keçirilmiş və bundan 1 gün sonra isə, yəni 03 may 2023-cü il tarixdə Xızı rayonu Sitalçay bələdiyyəsindən kənd ərazisində yerləşən "xxxx" MMC müəssisəsinin arxasında yerləşən ərazidə tökülmüş peyin sahəsinin "xxxx" MMC-nin daimi istifadəsində olması barədə məktub alınmışdır. Halbuki akt tərtib olunarkən hələ mövcud olmayan məktuba istinad edilmişdir. Daha sonra, 11 may 2023-cü il tarixdə həmin sözü gedən akt əsasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin aparıcı - məsləhətçi müfəttişi Babaşlı Elnur Hüseyn oğlu tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair MN seriyalı, ******* nömrəli əsassız protokol tərtib edilmişdir. Bununla da, həmin protokol və akt qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edilməklə tərtib edildiyindən "xxxx" MMC-nin təqsirliliyinin sübuta yetirilməsində ümumiyyətlə istifadə edilə bilməz. Eyni zamanda, məhkəməyə daxil olmuş inzibati materiala 02 may 2023-cü il tarixli, 79215 nömrəli akt və 11 may 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol istisna olmaqla "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əməlində inzibati xəta tərkibinin olmasını təsdiq edən heç bir mötəbər sübut əlavə edilməmişdir. Eyni zamanda, Xızı Rayon Məhkəməsinin icraatında olmuş "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törədilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxılarkən də, inzibati xəta haqqında protokolu tərtib edən orqanın eyni qanun pozuntularına yol verməsi, yəni İdarənin əməkdaşları tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyinin tələbləri kobud şəkildə pozularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin vahid məlumat reyestrinin çıxarışı olmadan, hüquqi nəticəsi olmayan monitorinq həyata keçirilməsi müəyyən olunduğundan, Xızı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 13(068)-17/2021 nömrəli qərarı ilə "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə başlanılmış icraata xitam verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(105)-350/2021 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, "xxxx" MMC barəsində Azərbaycan Respublikası İXM-nin 233.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Xızı Rayon Məhkəməsinin 3(068)-17/2021 saylı, 15 aprel 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 26 oktyabr tarixli 660 nömrəli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə aparılmasına yol verilən yoxlamaların Siyahısının 2-ci bəndinə əsasən bu Siyahının 1-ci hissəsində nəzərdə tutulmamış, lakin insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan təxirəsalınmaz hallarda yoxlamalar müstəsna qaydada aidiyyəti yoxlayıcı orqanın əsaslandırılmış müraciəti əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin razılığı ilə aparılır. Bu halda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi sahibkarların hüquqlarının müdafiəsi üçün zəruri hesab etdikdə yoxlama həmin Nazirliyin əməkdaşının iştirakı ilə aparılır. Bununla yanaşı, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, yoxlama (baxış) Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin vahid məlumat reyestrində qeydə alınmadan həyata keçirilmiş, yuxarıda qeyd olunan Siyahının 2-ci bəndinə əməl olunmamış, inzibati icraat zamanı səlahiyyətli şəxs tərəfindən iş üzrə ətraflı araşdırılma aparılmamış, inzibati xəta haqqında protokol tərtib olunarkən MMC-nin nümayəndəsinə məlumat verilməmiş, öz izahatını vermək və qeydlərini aparmaq şəraiti yaradılmamış, yalnız səthi aparılmış araşdırmalar nəticəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmçinin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə tərtib edilmiş inzibati xəta haqqında protokolun surəti təqdim edilməmiş, hüquqi şəxsin nümayəndəsinin izahat verməkdən imtina etməsi göstərilsə də, bu halı təsdiq edəcək müvafiq akt və ya digər sənəd inzibati xəta haqqında materiala əlavə edilməmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir; protokolun tərtib edildiyi tarix və yer; protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar inzibati xəta haqqında protokolda göstərilir. İXM-nin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Bu Məcəllənin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Hazırki iş üzrə isə səlahiyyətli şəxs tərəfindən qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əməl edilməmişdir. Eyni zamanda, işin faktiki hallarından, habelə tədqiq olunmuş mötəbər sənəd və sübutlardan da göründüyü kimi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən aparılmış araşdırma natamam şəkildə həyata keçirilmiş, yəni iş materiallarına əlavə edilmiş fotoşəkillərdə göstərilən istehsalat tullantısı hesab olunmayan quş peyininin MMC-nin istifadəsində olan ərazidə qalaqlanması və yandırılaraq ərtaf mühitin mühafizəsi tələblərinə əməl edilməməsini təsdiqləyən hər hansı bir sübut (baş verməsi ehtimal edilən hadisənin törədilməsini təsdiqləyən hər hansı bir sübut və ya sənəd) toplanmamışdır. Belə ki, fotoşəkillərdən göründüyü kimi quş peyin tullantıları, qalaqları yanmır, sadəcə tüstülənir və onların tərkibindəki azot maddəsinin miqdarından asılı olaraq gübrə kimi istifadə edilməsindən ötrü kipləşməməsi, bərkiməməsi məqsədilə texnika tərəfindən qarışdırılır. İXM-nin 271-ci maddəsinin məzmunundan göründüyü kimi xəta istehsalat tullantısı hesab olunmayan quş peyininin tüstülənməsinə aid ola bilməz. Həmçinin həmin vaxt "xxxx" MMC tərəfindən yanğın təhlükəsizliyi tələblərinin pozulması və bu barədə FHN-nə məlumat verilməməsi də özlüyündə inzibati araşdırmanın ətraflı aparılmamasını sübut edir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Elektron Məhkəmə İnformasiya sistemindəki "xxxx" MMC-yə məxsus yoxlama məlumatlarından görünür ki, FHN-nin X1 Xidməti tərəfindən MMC-də yanğın təhlükəsizliyinə qarşı mütəmadi olaraq plandankənar yoxlanışlar (müayinə) həyata keçirilmişdir. “İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikasının Qanunun 1ci maddəsinə əsasən istehsalat tullantıları - istehsal, yaxud işlərin (xidmətlərin) yerinə yetirilməsi prosesində əmələ gələn və ilkin istehlak xüsusiyyətlərini tam və ya qismən itirən xammal, material, maddə, yarımfabrikat, əşya və digər məhsulların qalıqları, habelə istehsal obyekti olmayan və öz istifadə olunma xüsusiyyətlərinə görə texnoloji prosesə daxil olmayan, yenidən əmələ gələn eyni mənşəli əşya və maddələri ifadə edir. Tullantıların yığılması (toplanması) - tullantıların sonradan istifadə edilməsi, utilizasiyası və ya basdırılması (məhv edilməsi) məqsədilə icazə verilmiş yerlərdə müvəqqəti yerləşdirilməsidir. İXM-nin 84-cü maddəsinin İ və İİ inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Bununla da, məhkəmə belə qənaətə gəlir ki, inzibati xəta haqqında protokolu tərtib etmiş vəzifəli şəxs tərəfindən tam, hərtərəfli və obyektiv araşdırma aparılmamış, yoxlama vahid reyestrdə qeydə alınmamış, hadisənin baş vermə mexanizmi və şəraiti düzgün öyrənilməmiş, bununla bağlı lazımı dəlillər toplanılmamış, eləcə də, bu halların araşdırılması istiqamətində digər prosessual hərəkətlər edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1. və 18.2.-ci maddələrinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: -18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; -18.2.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; -18.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; -18.2.4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 18.6.-cı maddəsinə əsasən səlahiyyətli orqanlar (vəzifəli şəxslər) bu Məcəllənin 18.2-ci maddəsində müəyyən edilmiş əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərirlər. Göründüyü kimi, hüquqi şəxs o halda inzibati məsuliyyətə cəlb oluna bilər ki, göstərilən səlahiyyətli şəxslər həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün inzibati məsuliyyət müəyyən edən hərəkət və ya hərəkətsizlik etmiş olsun. Halbuki iş üzrə "xxxx" MMC-nin səlahiyyəlti şəxslərinin MMC-nin xeyir və maraqlarının qorunması üçün təqsirli hərəkətləri müəyyən olunmur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Bu Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə 11 may 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolu, iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, "xxxx" MMC tərəfindən formalaşan istehsalat tullantılarının açıq sahədə qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi və bununla da, sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Beləliklə məhkəmə hesab edir ki, "xxxx" MMC-nin təqsirliliyi sübuta yetirilmədiyindən, o cümlədən təqsirliliyinin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildiyindən həmin MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 40.0.1, 43, 48-51, 53, 114.1.4, 115, 128-130-cu maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı : "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Sədrlik edən: İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar