Azərbaycan Respublikası adından QƏRAR Xızı rayonu İş № 3(068)-18/2021 19.03.2021 XIZI RAYON MƏHKƏMƏSİ Xızı Rayon Məhkəməsinin hakimi vəzifəsini icra edən Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən şəxs Xızı RPŞ-nin DYPB-nin yol patrul xidmətinin baş inspektoru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxxxx 1986-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 mənzil 98 ünvanında qeydiyyatda olmaqla, yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 511.1ci maddəsi ilə inzibati xəta törətməsinə dair Xızı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallarına baxaraq, müəyyən etdim: Xızı RPŞ-nin DYPB-nin YPX-nin baş inspektoru X1 Yusif Seyfulla oğlunun İXM-in 511.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Xızı Rayon Məhkəməsinə təqdim etmişdir. Xızı RPŞ-nin DYPB-nin YPX-nin baş inspektoru X5 tərəfindən tərtib edilmiş xx xxxx 2021-ci il tarixli, TYP 017041 saylı inzibati xəta haqqında protokoldan və iş materiallarından görünür ki, Şəxs xx xxxx 2021-ci il tarixdə, saat 23:40 radələrində sürücülük hüququ olmadan idarə etdiyi «Mercedes Benz GLS-63» markalı, **-JJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Altıağac-Xızı yolunda hərəkətdə olarkən ictimai qaydanı nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlər, yəni avtoxuliqanlıq etmişdir. Məhkəmə iclasında iştirak edən X5 tərtib etdiyi protokolun məzmununa uyğun eyni məzmunlu izahat verərək bildirdi ki, Xızı RPŞ-nin şəxsi heyətlə iş üzrə rəis köməkçisi Şirzad Hiseynovun raportu əsasında Şəxs xx xxxx 2021-ci il tarixdə, saat 23:40 radələrində sürücülük hüququ olmadan idarə etdiyi «Mercedes Benz GLS-63» markalı, **- JJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Altıağac-Xızı yolunda hərəkətdə olarkən ictimai qaydanı pozaraq və cəmiyyətə açıqca hörmətsizlik etməsi, eyni zamanda yol-hərəkət qaydalarını pozaraq avtoxuliqanlıq etməsi müəyyən olunmuşdur. Nəticədə, Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan avtomobil idarə etdiyinə görə Azərbaycan Respublikasının İXM-in 332.2-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 100 manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmiş, eyni zamanda avtoxuliqanlıq etdiyinə görə barəsində İXM-in 511.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilərək izahatında göstərmişdir ki, Bakı şəhərində ailəsi ilə birlikdə yaşayır və xx xxxx 2021-ci il tarixdə təxminən günorta saatlarında dostları ilə birlikdə istirahət etmək üçün Xızı rayonuna gəlmişlər. Həmin vaxt dostu Vüsal özünə məxsus BMV markalı avtomobili, o, isə Emin adlı dostunun adına olan «Mercedes Benz GLS-63» markalı, **-JJ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmiş, lakin nəqliyyat vasitəsini idarə etmək hüququ olmamışdır. Xızı rayonunun Baxışlı kəndində yerləşən «Həyat» kafesində əyləşib yemək yedikdən sonra, yəni saat 23:00 radələrində Bakı şəhərinə qayıtmaq üçün Altıağac-Xızı yoluna çıxmışlar. Həmin vaxt yol qarlı olduğundan idarə etdiyi avtomobil bir neçə dəfə sürüşmüş və özündən asılı olmadan avtomobil qarın üstündə sağa-sola hərəkətlər etməyə başlamışdır. Bundan sonra, Xızı şəhərinin mərkəzinə çatdıqda Xızı RPŞ-nin Dövlət Yol Polisi Bölməsinin və Post Patrul Xidmətinin əməkdaşları onların avtomobilini saxlamış, o, hər hansı bir tabesizlik göstərmədən avtomobildən düşərək, özünü təqdim etmiş və nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan avtomobili idarə etdiyini etiraf etmişdir. Lakin, dostu Vüsal hər hansı bir sənəd təqdim etmədən avtomobilini sürüb getmişdir. Hazırda törətdiyi əmələ görə çox peşmandır. Onun barəsində inzibati həbslə əlaqədar olmayan tənbeh tətbiq edilməsini məhkəmədən xahiş edir. İş materiallarına əlavə edilmiş Xızı RPŞ-nin şəxsi heyətlə iş üzrə rəis köməkçisi Şirzad Hiseynovun tərəfindən Xızı RPŞ-nin rəisinə ünvanlanmış xx xxxx 2021-ci il tarixli raportdan görünür ki, xx xxxx 2021-ci il tarixdə, saat 23:40 radələrində Altıağac-Xızı istiqamətində hərəkətdə olarkən Baxışlı kəndi ərazisində qara rəngli Mencedes və ağ rəngli BMV markalı avtomobillərin yolun hərəkət hissəsində yol hərəkətinin digər iştirakçılarına aşkar şəkildə hörmətsizlik ifadə edən avtoxuliqanlıq hərəkətlərinə yol verdiyini görmüş, təxminən 2 km hərəkət etdikdən sonra həmin avtomobillər onu yüksək sürətlə, təhlükəli manevr və ziqzaqvari hərəkətlərlə keçib, yol hərəkəti qaydalarını müxtəlif üsullarla, davamlı olaraq pozmaqla, yol hərəkətinin digər iştirakçıları üçün real təhlükə yaradıb avtoxuliqanlıq hərəkətlərini davam etdirmişlər. Bu səbəbdən də, həmin avtomobillərin saxlanılıb yoxlanılması üçün Xızı RPŞ-nin Növbətçi Hissəsinə telefon vasitəsi ilə məlumat vermişdir. Odur ki, həmin şəxslər barəsində qanuni tədbir görülməsi üçün göstəriş verilməsi xahiş edilmişdir. İş materiallarında olan Xızı rayon X4 Hüquqi Şəxs tərəfindən təsdiq olunmuş xx xxxx 2021-ci il tarixli arayışdan görünür ki, Şəxs alkoqol sərxoşluq əlamətləri aşkar olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Elektron Məhkəmə İnformasiya sistemindəki şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Şəxs himayəsində xx xxx 2020-ci il təvəllüdlü Ayxan adında 1 azyaşlı övladı vardır. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 511.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsinə əsasən avtoxuliqanlıq, yəni nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərə görə nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin səmimi peşmançılıq çəkməsi və himayəsində 1 azyaşlı övladının olması onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İnzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, ailə və əmlak vəziyyətini, habelə onun məsuliyyətini yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, onun İXM-nin 511.1-ci maddəsinin sanksiyasının hədləri daxilində nəqliyyat vasitələrini idarə etmək hüququ 01 (bir) il müddətinə məhdudlaşdırılmaqla inzibati cərimə növündə inzibati tənbeh edilməsini qanuni, əsaslı və ədalətli hesab edirəm. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsi ilə təqsirli bilinsin və o, inzibati tənbeh olaraq nəqliyyat vasitələrini idarə etmək hüququ 01 (bir) il müddətə məhdudlaşdırılmaqla, 500 (beş yüz) manat məbləğdə inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Xızı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim: Bəylər Ələkbərov.
Məhkəmə qərarları › İş №3(068)-18/2021
Xızı Rayon Məhkəməsi Qərar — İş №3(068)-18/2021
19.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver