Məhkəmə qərarları › İş №3(068)-19/2021

Xızı Rayon Məhkəməsi Qərar — İş №3(068)-19/2021

25.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xızı rayonu İş № 3(068)-19/2021 25.03.2021 XIZI RAYON MƏHKƏMƏSİ Xızı Rayon Məhkəməsinin hakimi vəzifəsini icra edən Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən şəxs - Xızı RPŞ-nin İTB-nin polis sahə rəisi Məmmədov Əsəd Rövşən oğlunun, zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1976-cı il tarixdə Abşeron rayonu, Xırdalan qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Xızı rayonu, Xələnc kəndində qeydiyyatda olmaqla, yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 510cu maddəsi ilə inzibati xəta törətməsinə dair Xızı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim: Xızı RPŞ-nin İTB-nin polis sahə rəisi Məmmədov Əsəd Rövşən oğlu tərəfindən xx xxxx 2021-ci il tarixdə tərtib edilmiş MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokola əsasən Şəxs xx xxxxxx 2021-ci il tarixdə, saat 14:00 radələrində Xızı şəhəri ərazisində Xızı RİHB-nın Xızı şəhər İƏD-si üzrə nümayəndəsi X1 ünvanına nalayiq sözlər işlətməklə, ictimai qaydanı pozmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati protokolu tərtib edən şəxs - Xızı RPŞ-nin İTB-nin polis sahə rəisi Məmmədov Əsəd Rövşən oğlu tərtib etdiyi protokola uyğun izahat verərək, məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 510-cu maddəsi ilə qismən təqsirli bilərək izahatında göstərdi ki, o, ailəsi ilə birlikdə Xızı rayonunun Xələnc kəndində yaşayır. xx xxxxxx 2021-ci il tarixdə, günorta saatlarında Xızı rayonundan olan şəhid X3 yaşamış olduğu evin qarşısında, yolun kənarında şəhidin plakat-portretini quraşdırmaq istəmişlər. Həmin vaxt Xızı Rayon İcra Hakimiyyətinin nümayəndələri, o cümlədən Xızı RİHB-nın Xızı şəhər İƏD-si üzrə nümayəndəsi X2 əraziyə gələrək, buna mane olmuşlar. Bundan sonra, həmin əraziyə Xızı RPŞ-nin əməkdaşları da gələrək, işin müvəqqəti dayandırmağı tələb etmiş, onlar da, tələbə riayət etmişlər. Daha sonra, əraziyə şəhidin doyüş yoldaşları olan qazilər gəlmiş, lakin polis əməkdaşları ilə onların arasında hər hansı bir narazılıq və mübahisə olmamışdır. Aralarında olan razılığa əsasən şəhidin plakat-portreti yenidən quraşdırılmış və yolun kənarına bərkidilmişdir. Onun qohumu və həmkəndlisi olan, Xızı RİHB-nın Xızı şəhər İƏD-si üzrə nümayəndəsi X1 bütün baş verən bu hadisələrə laqeyd yanaşması keçmiş döyüşçü kimi onun əsəblərinə toxunmuş, Müşfiq İslamova yaxınlaşaraq ona iradını bildirmiş və rus dilində kobud ifadələr işlətmişdir. Lakin, həmin ifadələrin təhqir olmasını bilməmiş, sadəcə çox qəhərləndiyindən onlara biganə yanaşması və kimlərisə qoruması mənasında işlətmişdir. Bir daha qeyd edir ki, ola bilər əsəbi olduğu üçün özündən asılı olmayaraq ağır sözlər işlətmiş olsun, çünki dayısı oğlu Natiq Verdiyev də, İkinci Qarabağ müharibəsində şəhid olduğundan və onun da, plakat-portretinin quraşdırılması zamanı bu söz-söhbətlər olmuş və ona çox pis təsir etmişdir. Odur ki, əməlindən səmimi peşmançılıq hissi keçirir və bunun, habelə özünün də, Birinci Qarabağ müharibəsində iştirak etməsinin və əsəblərini cilovlaya bilməməsinin, həmçinin, bir daha belə əmələ yol verməyəcəyinin nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X2 izahatında göstərdi ki, Xızı RİHB-nın Xızı şəhər İƏD-si üzrə nümayəndəsi vəzifəsində işləyir. xx xxxxxx 2021-ci il tarixdə, günorta saatlarında Xızı rayonundan olan şəhid X3 valideynləri və yaxınları şəhidin yaşamış olduğu evin qarşısında, yolun kənarında plakat-portretini quraşdırmaq istəmişlər. Həmin yer Xızı - Altıağac yolunun hərəkət hissəsinə yaxın olduğu üçün Xızı Rayon İcra Hakimiyyətindən plakatın biraz aralıda quraşdırılması tövsiyə olunmuş, lakin şəhidin ailəsi bununla razılaşmamışdır. Bundan sonra, həmin əraziyə Xızı RPŞ-nin əməkdaşları və şəhidin doyüş yoldaşları olan qazilər gəlmişlər. O, ərazinin icra nümayəndəsi olaraq aralıda dayanmış, tərəflər arasında olan söhbətə hər hansı bir müdaxilə etməmişdir. Bu zaman Xələnc kənd sakini Şəxs heç bir əsas olmadan onun üzərinə gəlmiş və ünvanına nalayiq ifadələr, söyüşlər söyməyə başlamışdır. Bundan sonra, yaxınlıqda olan polis əməkdaşlarının və digər şəxslərin köməkliyi ilə Şəxs ondan uzaqlaşdırmışlar. Şəxs ictimai qaydanı pozaraq, onun ünvanına nalayiq ifadəl işlətməklə işgüzar fəaliyyətinə xələl gətirmiş və heysiyyətinə toxunmuşdur. Bu səbəbdən də, Şəxs şikayətçi olduğunu və onun barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən şahid, X5 izahatında göstərdi ki, onun oğlu X7 Qarabağ müharibəsində şəhid olduğundan yaşadıqları evin qarşısında, yolun kənarında oğlunun plakat-portretini quraşdırmaq istəmişlər. Həmin vaxt Xızı Rayon İcra Hakimiyyətinin nümayəndələri, o cümlədən Xızı RİHB-nın Xızı şəhər İƏD-si üzrə nümayəndəsi X2 əraziyə gələrək, buna mane olmuşlar. Bundan sonra, həmin əraziyə Xızı RPŞ-nin əməkdaşları da gələrək, işin müvəqqəti dayandırmağı tələb etmiş, onlar da, tələbə riayət etmişlər. Daha sonra, əraziyə şəhidin doyüş yoldaşları olan qazilər gəlmiş, lakin polis əməkdaşları ilə onların arasında hər hansı bir narazılıq və mübahisə olmamışdır. Aralarında olan razılığa əsasən şəhidin plakat-portreti yenidən quraşdırılmış və yolun kənarına bərkidilmişdir. Həmin vaxt Xızı RİHB-nın Xızı şəhər İƏD-si üzrə nümayəndəsi X1 bütün baş verən bu hadisələrə laqeyd yanaşması keçmiş döyüşçü və şəhid qohumu kimi Şəxs əsəblərinə toxunmuş, sonuncu Müşfiq İslamova yaxınlaşaraq ona iradını bildirmiş, lakin hər hansı bir söyüş və ya nalayiq ifadələr işlətməsini eşitməmişdir. Hazırda bir şəhid atası kimi Şəxs bilməyərəkdən etdiyi inzibati xətanın bağışlanmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən şahid, Xızı RPŞ-nin Təminat hissəsinin polis nəfəri X4 izahatında göstərdi ki, xx xxxxxx 2021-ci il tarixdə xidmətdə olarkən Xızı Rayon İcra Hakimiyyətinin əməkdaşları ilə Xızı rayonundan olan şəhid X3 yaxınları arasında narazıçılıq olduğu barədə Növbətçi hissəyə məlumat verilmişdir. Bu səbəbdən digər polis əməkdaşları ilə birlikdə həmin əraziyə getmişlər və şəhidin yaşamış olduğu evin qarşısında, yolun kənarında plakat-portretini quraşdırmaq istəmələri məlum olmuşdur. Həmin yer Xızı - Altıağac yolunun hərəkət hissəsinə yaxın olduğu üçün Xızı Rayon İcra Hakimiyyətindən plakatın bir az aralıda quraşdırılması tövsiyə olunmuş, lakin şəhidin ailəsi bununla razılaşmamışdır. Həmin vaxt ərazidə çoxlu adamlar və müəyyən səs-küy olduğundan konkret olaraq Zair İbrahimovun kimisə söyüb təhqir etməsini görməmişdir. İşdə olan sənədlərdən, o cümlədən müvafiq raportdan görünür ki, Şəxs xx xxxxxx 2021-ci il tarixdə, saat 14:00 radələrində Xızı şəhəri ərazisində Xızı RİHB-nın Xızı şəhər İƏD-si üzrə nümayəndəsi X1 ünvanına nalayiq sözlər işlətməklə, ictimai qaydanı pozmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Elektron Məhkəmə İnformasiya sistemindəki şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Şəxs himayəsində xx xxxxx 2012-ci il təvəllüdlü Həmzə və xx xxxx 2018-ci il təvəllüdlü Həzrət adında 2 azyaşlı övladı vardır. İnzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda, hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 510-cu maddəsində nəzərə tutulmuş inzibati xətaları təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər inzibati məsuliyyətə səbəb olan əməldir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin səmimi peşmançılıq çəkməsi və himayəsində 2 azyaşlı övladının olması onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş inzibati xətanın xarakterini, o cümlədən inzibati xəta törədən şəxsin şəxsiyyətini, əməlindən səmimi peşmançılıq çəkməsini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini, eləcə də, onun məsuliyyətini yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, hesab edirəm ki, Şəxs barəsində İXM-nin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan, cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Eyni zamanda qeyd edirəm ki, Şəxs xx xxxx 2021-ci il tarixdə saat 12:22-dən inzibati qaydada tutulmuş, daha sonra azad olunmamışdır. Hazırda, İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə həbslə bağlı olmayan inzibati tənbeh tədbiri tətbiq edildiyindən Şəxs barəsində tutma da ləğv edilməli və o, qərar elan edildikdən dərhal sonra məhkəmə iclas zalında tutmadan azad edilməklə, onun barəsində tətbiq ediləcək inzibati cərimə cəzası bu inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox olmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4, 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək, İXM-nin 31.4-1-ci maddəsi tətbiq edilməklə o, 50 (əlli) manat inzibati cərimə edilsin. Şəxs barəsində tutma ləğv edilsin və o, qərar elan edildikdən dərhal sonra məhkəmə iclas zalında tutmadan azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Xızı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim: Bəylər Ələkbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar