Məhkəmə qərarları › İş №3(068)-22/2020

Xızı Rayon Məhkəməsi Qərar — İş №3(068)-22/2020

16.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xızı rayonu İş № 3(068)-22/2020 16.07.2020 XIZI RAYON MƏHKƏMƏSİ Xızı Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, inzibati protokolu tərtib edən şəxs- Xızı RPŞ-nin İTB-nin polis sahə rəisi Məmmədov Əsəd Rövşən oğlunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxx 1968-ci ildə Ermənistan Respublikasının Tumanyan rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, “xxxxxxxxxxxxxxx” MMC-də sosial işçi işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 535.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Xızı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim: Şəxs 15 iyul 2020-ci il tarixdə, saat 13:00 radələrində sərxoş vəziyyətdə Xızı şəhəri, Heydər Əliyev parkında ictimai qaydanı mühafizə edən polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamışdır. Bu barədə Xızı rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi Məmmədov Əsəd Rövşən oğlu tərəfindən 15 iyul 2020-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Xızı Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati protokolu tərtib edən şəxs - Xızı RPŞ-nin İTB-nin polis sahə rəisi Məmmədov Əsəd Rövşən oğlu tərtib etdiyi protokola uyğun izahat verərək, məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, 15 iyul 2020-ci il tarixdə günorta saatlarında sərxoş vəziyyətdə Xızı şəhərində yerləşən H.Əliyev parkından evinə gedərkən əsgər yoldaşı ilə telefonla danışmış və baş vermiş son hadisələrlə əlaqədar olaraq bir müharibə veteranı kimi əsəbləşmiş və ermənilərin ünvanına yüksək səslə nalayiq ifadələr işlətmişdir. Bu zaman orada olan polis əməkdaşı onu intizama dəvət edərək, bu hərəkətlərə son qoymasını tələb etmişdir. Lakin, o, spirtli içki qəbul etdiyindən buna məhəl qoymayaraq polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bundan sonra, həmin polis əməkdaşı onu Xızı RPŞ-yə gətirib növbətçi hissəyə təhvil verərkən yenə də polisin qanuni tələbinə əməl etməmiş və buna görə də barəsində inzibati protokol tərtib olunmuşdur. Odur ki, əməlindən səmimi peşmançılıq hissi keçirir və bunun, habelə müharibə veteranı olmasının və bir daha belə əmələ yol verməyəcəyinin nəzərə alınmasını xahiş edir. İşdə olan sənədlərdən, o cümlədən müvafiq raportdan görünür ki, Şəxs 15 iyul 2020ci il tarixdə, saat 13:00 radələrində sərxoş vəziyyətdə Xızı şəhəri, Heydər Əliyev parkında ictimai qaydanı mühafizə edən polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamışdır. İş materiallarında olan Xızı rayon x1 Hüquqi Şəxs tərəfindən təsdiq olunmuş 15 iyul 2020-ci il tarixli arayışdan görünür ki, Şəxs ağır dərəcəli alkoqol sərxoşluq əlamətləri aşkar olunmuşdur. İş materiallarında olan Ədliyyə Nazirliyinin İnformasiya sistemində olan məlumatdan görünür ki, Şəxs “xxxxxxxxxxxxxxx” MMC-də sosial işçi işləyir və əmək haqqısı 250 manatdır. İş materiallarında olan Ədliyyə Nazirliyinin İnformasiya sistemində olan məlumatdan və Daxili İşlər Nazirliyi tərəfindən 14 fevral 2019-cu il tarixdə verilmiş 032514 nömrəli vəsiqənin sürətindən görünür ki, Şəxs müharibə veteranıdır. İnzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda, hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşmançılıq çəkməsi, ictimai faydalı əmək fəaliyyəti ilə məşğul olmaqla, müharibə veteranı olması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən yüngülləşdirici hal kimi nəzərə alınır. Həmçinin, inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33.1.7-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alınır. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, o cümlədən kifayət qədər yaşı olmaqla əməlindən səmimi peşmançılıq çəkməsini, eləcə də, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini, habelə məsuliyyətini ağırlaşdıran halın və yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq, hesab edirəm ki, Şəxs barəsində İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan, cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Eyni zamanda qeyd edirəm ki, Şəxs 15 iyul 2020-ci il tarixdə saat 17:30-dan inzibati qaydada tutulmuş, daha sonra azad olunmamışdır. Hazırda, İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə həbslə bağlı olmayan inzibati tənbeh tədbiri tətbiq edildiyindən Şəxs barəsində tutma da ləğv edilməli və o, qərar elan edildikdən dərhal sonra məhkəmə iclas zalında tutmadan azad edilməklə, onun barəsində tətbiq ediləcək inzibati cərimə cəzası bu inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox olmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 31.4-1, 40, 43, 48-51, 110, 114-117, 128- 130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, İXM-nin 31.4-1-ci maddəsi tətbiq edilməklə o, 150 (bir yüz əlli) manat inzibati cərimə edilsin. Şəxs barəsində tutma ləğv edilsin və o, qərar elan edildikdən dərhal sonra məhkəmə iclas zalında tutmadan azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Xızı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Bəylər Ələkbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar