Azərbaycan Respublikası adından QƏRAR Xızı rayonu İş № 3(068)-22/2023 24.06.2023 XIZI RAYON MƏHKƏMƏSİ X4 Hidayət oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X2 iştirakı ilə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə müəyyən etdi: İnzibati xəta haqqında materialdan görünür ki, hüquqi şəxs Şəxs MMC 2022-ci ilin oktyabr ayı ərzində Şimal Ərazi Baş Gömrük İdarəsində “ixrac” gömrük prosedurunda rəsmiləşdirilməklə **********1731 saylı gömrük bəyannaməsi üzrə ixrac etdiyi yüklərin müqabilində köçürülməli olan, ümumilikdə 9960 ABŞ dolları (16932 manat) məbləğində vəsaitin müvəkkil bank hesabına köçürülməsini təmin etməmişdir. Buna görə də Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və X1 Bölməsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsilə 17 may 2023-cü il tarixli, 01400-04247/23 nömrəli protokol tərtib edilərək baxılması üçün Xızı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsa da Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 64-cü maddəsinə əsasən nümayəndənin iştirakı olmadan materiala baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin nümayəndəsi X3 tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə hüquqlarını təmsil etdiyi MMC-ni İXM-nin 483-cü maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, 2022ci ilin oktyabr ayı ərzində Şimal Ərazi Baş Gömrük İdarəsində “ixrac” gömrük prosedurunda rəsmiləşdirilməklə **********1731 saylı gömrük bəyannaməsi üzrə ixrac etdiyi yüklərin müqabilində köçürülməli olan, ümumilikdə 9960 ABŞ dolları, yəni 16932 manat məbləğində vəsait 31 may 2023-cü il tarixdə bank hesabına köçürülmüşdür. Bu gecikmə Şəxs MMC-nin təqsirindən baş verməmişdir. Belə ki, pul vəsaitinin köçürülməsi ilə bağlı Rusiya Federasiyasında fəaliyyət göstərən "xxxx" MMC-yə 20 fevral 2023-cü il tarixdə məktub göndərilərək, 17 oktyabr 2022-ci il tarixli, 1710/2 saylı müqavilə əsasında, 27 oktyabr 2022 – 18 fevral 2023-cü il tarixlərində tərəflərdən göndərilmiş pomidor məhsulunun dəyərinin ödənilməsinin təmin edilməsi xahiş olunmuş, "xxxx" MMC-dən onlara cavab olaraq bildirmişlər ki, Rusiya Federasiyasında fəaliyyət göstərən bir sıra banklara tətbiq edilmiş sanksiyalarla bağlı "xxxx" MMC-nin bank hesabında olan pul vəsaitlərinin köçürülməsinə məhdudiyyət qoyulmuşdur. Məhdudiyyətlər aradan qaldırıldıqdan dərhal sonra vəsaitlərin onların bank hesablarına köçürülməsi təmin ediləcəkdir. Bundan sonra 05 aprel 2023-cü il tarixdə təkrar məktubla "xxxx" MMC-yə müraciət edərək, tərəflərdən göndərilmiş pomidor məhsulunun dəyərinin ödənilməsinin təmin edilməsi bir daha xahiş olunmuş, "xxxx" MMC-nin cavab məktubunda bildirmişlər ki, aralarında bağlanmış müqavilənin şərtlərinin təmin edilməsi məsuliyyətini dərk edərək yaranmış borcun onların əvəzinə Şəxs MMC-nin hesabına ödənilməsi məqsədilə əməkdaşlıq etdikləri "xxxx" MMC-ə müraciət etmiş və razılıq əldə olunmuşdur. Daha sonra 31 may 2023-cü il tarixdə həmin məbləğ Şəxs MMC-nin "xxxx"dakı hesabına tam ödənilmişdir. Bundan əlavə Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və X1 Bölməsi tərəfindən inzibati xəta haqqında protokol tərtib olunarkən MMC-yə məlumat verilməmiş və onların iştirakı olmadan protokol tərtib olunub məhkəməyə göndərilmişdir. Göründüyü kimi Cəmiyyətlərinin hərəkətlərində onun inzibati xəta üzrə məsuliyyətə cəlb edilməsinə əsas olan hal mövcud deyildir. Odur ki, nümayəndə iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsini dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 17 oktyabr 2022-ci il tarixli müqavilədən və ona əlavədən görünür ki, Azərbaycan Respublikasında fəaliyyət göstərən Şəxs MMC ilə Rusiya Federasiyasında fəaliyyət göstərən "xxxx" MMC arasında siyahıda göstərilən müxtəlif meyvə-tərəvəzin satışı barədə müqavilə bağlanmışdır. Müqaviləyə əsasən ödəniş, sifarişçi malları təhvil aldıqdan 180 gün ərzində bank hesabına köçürülməlidir. İş materiallarına əlavə edilmiş gömrük bəyannaməsindən görünür ki, Şəxs MMC gömrük dəyəri 9960 ABŞ dolları olan 16600 kq yararlı taxta yeşiklərdə təzə pomidor məhsulunun 27 oktyabr 2022-ci il tarixdə göndərilməsini bəyan etmişdir. İş materiallarında olan 01 may 2023-cü il tarixli raportdan görünür ki, Şəxs MMC-nin 2022-ci ilin oktyabr ayında Şimal Ərazi Baş Gömrük İdarəsində rəsmiləşdirdiyi müxtəlif “tərəvəz” məhsullarının Rusiya Federasiyasına 1 gömrük bəyannaməsi üzrə ixrac etdiyi ümumilikdə 9960 ABŞ dolları dəyərindəki (16932 manat) yükün müqabilində qaytarılmalı olan məbləğləri müvəkkil bank hesabına köçürülmədiyi müəyyən olunmuşdur. İş materiallarında olan Şəxs MMC tərəfindən Rusiya Federasiyasında fəaliyyət göstərən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 2304/3 nömrəli məktubdan (rus dilində) və tərcüməsindən görünür ki, xx.xx.2022-ci il tarixli, 1710/2 saylı müqavilə əsasında, xx.xx.2022 - xx.xx.2023-cü il tarixlərində tərəflərindən göndərilmiş (konsiqnasiya əsasında) pomidor məhsulunun dəyərinin ödənilməsinin təmin edilməsi xahiş olunmuşdur. Həmin məktub xx.xx.2023-cü il tarixdə, saat 11:35 dəqiqədə "xxxx" MMC-yə məxsus “mailto:buh.agrinova@yandex.ruElektron ünvan 1” elektron ünvanına göndərilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən Şəxs MMC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 1710/2-1 nömrəli cavab məktubundan (rus dilində) və tərcüməsindən görünür ki, Rusiya Federasiyasında fəaliyyət göstərən bir sıra banklara tətbiq edilmiş sanksiyalarla bağlı "xxxx" MMC-nin bank hesabında olan pul vəsaitlərinin köçürülməsinə məhdudiyyət qoyulmuşdur. Məhdudiyyətlər aradan qaldırıldıqdan dərhal sonra vəsaitlərin Şəxs MMC-nin bank hesablarına köçürülməsi təmin ediləcəkdir. Həmin məktub xx.xx.2023-cü il tarixdə, saat 12:25 dəqiqədə Şəxs MMC-yə məxsus “Elektron ünvan 2” elektron ünvanına göndərilmişdir. İş materiallarında olan Şəxs MMC tərəfindən Rusiya Federasiyasında fəaliyyət göstərən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 2304/6 nömrəli məktubdan (rus dilində) və tərcüməsindən görünür ki, vəsaitin köçürülməsi təmin edilmədiyindən, göndərilmiş məhsulların dəyərinin xx.xx.2023-cü il tarixədək Şəxs MMC-nin hesabına köçürülməsinin təmin edilməsi təkrar xahiş olunmuşdur. Həmin məktub xx.xx.2023-cü il tarixdə, saat 10:33 dəqiqədə "xxxx" MMC-yə məxsus mailto:buh.agrinova@yandex.ruElektron ünvan 1 elektron ünvanına göndərilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən Şəxs MMC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 1710/2-2 nömrəli cavab məktubundan (rus dilində) və tərcüməsindən görünür ki, aralarında bağlanmış müqavilənin şərtlərinin təmin edilməsi məsuliyyətini dərk edərək yaranmış borcun onların əvəzinə Şəxs MMC-nin hesabına ödənilməsi məqsədilə əməkdaşlıq etdikləri "xxxx" MMC-ə müraciət etmiş və razılıq əldə olunmuşdur. Həmin məktub xx.xx.2023-cü il tarixdə, saat 10:13 dəqiqədə Şəxs MMC-yə məxsus “Elektron ünvan 2” elektron ünvanına göndərilmişdir. İş materiallarında olan 02 mart 2023-cü il tarixli müqavilədən görünür ki, Azərbaycan Respublikasında fəaliyyət göstərən Şəxs MMC ilə Rusiya Federasiyasında fəaliyyət göstərən "xxxx" MMC və "xxxx" MMC arasında borcun ödənilməsi ilə bağlı üçtərəfli müqavilə bağlanmışdır. İş materiallarında olan "Turan Bank” ASC tərəfindən verilmiş çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixdə "xxxx" MMC tərəfindən Şəxs MMC-nin hesabına ******* rubl, yəni 57126,03 ABŞ dolları məbləğində pul köçürülmüşdür. İş materiallarında olan "Turan Bank” ASC tərəfindən 06 iyun 2023-cü il tarixdə Şəxs MMC-yə ünvanlanmış məktubdan görünür ki, **********1731 saylı gömrük bəyannaməsi üzrə ixrac olunmuş yüklərin müqabilində köçürülməli olan məbləğ tam bağlanmışdır. Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə - inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Məhkəmə ilk növbədə qeyd edir ki, “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanunu Azərbaycan Respublikasında valyuta əməliyyatlarının həyata keçirilməsi prinsiplərini, valyuta tənzimi və valyuta nəzarəti orqanlarının səlahiyyət və funksiyalarını, hüquqi və fiziki şəxslərin valyuta sərvətlərinə sahib olmaq, bu sərvətlərdən istifadə etmək və onlar barəsində sərəncam vermək sahəsində hüquq və vəzifələrini, valyuta qanunvericiliyinin pozulmasına görə məsuliyyəti müəyyən edir. Həmin Qanunun 1-ci maddəsinin 9-cu hissəsinin “a” bəndində cari valyuta əməliyyatlarından biri kimi malların, işlərin və xidmətlərin ixracı və idxalı üzrə hesablaşmaların, eləcə də ixrac-idxal əməliyyatlarının 180 gündən artıq olmayan müddətə kreditləşdirilməsi ilə əlaqədar hesablaşmaların həyata keçirilməsi üçün xarici valyutanın Azərbaycan Respublikasına və Azərbaycan Respublikasından köçürülməsi; 10-cu hissəsinin “q” bəndində isə malların, işlərin və xidmətlərin ixracı və idxalı üzrə 180 gündən artıq müddətə ödəniş möhlətinin verilməsi və alınması göstərilmişdir. Azərbaycan Respublikasında bütün rezidentlər və qeyri-rezidentlər tərəfindən idxalixrac əməliyyatlarının həyata keçirilməsi Azərbaycan Respublikasının Gömrük Məcəlləsi, “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanunu, onlara uyğun olaraq qəbul edilmiş digər normativ hüquqi aktlar, o cümlədən Qaydalarla tənzimlənir. Qeyd edilməlidir ki, ixracda hesablaşmaları tənzimləyən Qaydaların 12-ci bəndinə hesablaşma üsulları ilə bağlı bir neçə dəyişiklik edilmişdir. Belə ki, yeni tələblərə əsasən, hüquqi və fiziki şəxslər tərəfindən malların (işlərin, xidmətlərin) konsiqnasiya yolu ilə ixracı gömrük orqanlarında bəyan edilməklə aparılır. Konsiqnasiya yolu ilə ixrac əməliyyatları xarici şəxslərlə bağlanmış müqaviləyə əsasən ixrac olunmuş malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin müəyyən edilmiş müddət ərzində ixracatçıya ödənilməsini nəzərdə tutur. Hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər (Qaydaların 12.1 və 12.2-ci bəndləri). Qeyd edildiyi kimi, İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair " 17 may 2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, müvəkkil banklara köçürülməli olan xarici valyuta vəsaitinin geri qaytarılmaması xarici iqtisadi fəaliyyətin subyektindən asılı olmayan səbəblərdən baş verdikdə, yəni subyektin hərəkət və ya hərəkətsizliyinin nəticəsi olmadıqda, şəxs təqsirsiz olduğundan həmin vəsaitlərin qaytarılmamasına görə İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Bəzi hallarda hüquqi və fiziki şəxslərin ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin müvəkkil bankda olan hesablara köçürülməsi şəxsin iradəsindən asılı olmayan səbəblərdən (məsələn qarşı tərəfin öhdəliyi icra etməməsi və s.) baş tutmaya və ya qanunvericilikdə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər. Buna görə məhkəmə işin bu hallarını şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirməlidir. İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə müəyyən edilmiş tənzimləmə xarici iqtisadi fəaliyyəti həyata keçirən şəxsin mülkiyyət hüququna qanunla nəzərdə tutulmuş müdaxilə olmaqla, dövlətin mənafeyinin qorunmasına və xarici iqtisadi fəaliyyətlə məşğul olan şəxslərin ölkənin iqtisadi inkişafına töhfə verməsinə yönəlmişdir. Lakin qeyd edilən maddədə nəzərdə tutulmuş cərimənin əsassız olaraq həmin şəxslərdən hesablanaraq tutulması, son nəticədə ixracedənin maliyyə vəziyyətinin pisləşməsi ilə yanaşı, işgüzar nüfuzunun zədələnməsi nəticəsində gələcəkdə əldə edilə bilən gəlirdən də məhrum olunmasına səbəb ola bilər. Konstitusiya Məhkəməsinin Plenumu həmin qərarda qeyd etmişdir ki, məhkəmələr tərəfindən İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirinin tətbiq edilməsi üçün səlahiyyətli orqanın tərtib etdiyi protokol əsasında inzibati xətanı törədən şəxsin təqsiri İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən edilməlidir. Beləliklə, İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulan xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılması qarşılıqlı hesablaşmanın üsulundan asılı olmayaraq 180 gün ərzində təmin olunmalıdır. İnzibati məsuliyyətin yaranması üçün iki əsas nəzərdə tutulmuşdur: xarici valyuta vəsaitinin xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilməsi; əldə edilmiş və məcburi qaydada köçürülməli olan vəsaitin xaricdən qaytarılmaması. Həmin maddədə nəzərdə tutulan inzibati xətanın obyektiv cəhəti məcburi qaydada köçürülməli olan vəsaitin xaricdən qaytarılmamasında ifadə olunur. Bu əməl həmin şəxslər tərəfindən hərəkət və ya hərəkətsizliklə törədilə bilər. Məhkəməyə təqdim edilən sənədlərdən göründüyü kimi, Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və X1 Bölməsi tərəfindən Şəxs MMC barəsində tərtib edilmiş 17 may 2023-cü il tarixli, 01400-04247/23 nömrəli inzibati xəta haqqında protokol konsiqnasiya yolu ilə ixrac gömrük proseduranda rəsmiləşdirdiyi yüklərin müqabilində 27 oktyabr 2022-ci il tarixli bəyannamə üzrə köçürülməli olan 9960 ABŞ dolları (16932 manat) məbləğində vəsaitin Azərbaycan Respublikasındakı müvəkkil bankında olan hesabına köçürülməsi təmin etməməsini nəzərdə tutur. Göründüyü kimi 2022-ci ilin oktyabr ayı ərzində Şimal Ərazi Baş Gömrük İdarəsində “ixrac” gömrük prosedurunda rəsmiləşdirilməklə **********1731 saylı gömrük bəyannaməsi üzrə ixrac etdiyi yüklərin müqabilində köçürülməli olan, ümumilikdə 9960 ABŞ dolları (16932 manat) məbləğində vəsait 31 may 2023-cü il tarixdə Şəxs MMC-nin bank hesabına köçürülmüşdür. Bu gecikmə Şəxs MMC-nin iradəsindən asılı olmamış, yəni qarşı tərəfin öhdəliyi icra etməməsi səbəbindən baş tutmamış və qanunvericilikdə müəyyən edilmiş müddətdən daha çox zaman tələb etmişdir. Bu halda həmin MMC-nin təqsiri müəyyən olunmamışdır. Bundan başqa, əgər nəzərə alsaq ki, İXM-nin 483-cü maddəsi mahiyyət etibarı ilə xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmasına xidmət edir, mövcud vəziyyətdə bu hal baş verməmişdir. Belə ki, məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitləri xaricdən geri qaytarılmışdır. Bununla yanaşı, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, inzibati icraat zamanı səlahiyyətli şəxs tərəfindən iş üzrə ətraflı araşdırılma aparılmamış, inzibati xəta haqqında protokol tərtib olunarkən MMC-nin nümayəndəsinə məlumat verilməmiş, öz izahatını vermək və qeydlərini aparmaq şəraiti yaradılmamış, yalnız səthi aparılmış araşdırmalar nəticəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmçinin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə tərtib edilmiş inzibati xəta haqqında protokolun surəti təqdim edilməmiş, bu halı təsdiq edəcək müvafiq akt və ya digər sənəd inzibati xəta haqqında materiala əlavə edilməmişdir. Belə ki, iş materiallarından görünür ki, Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və X1 Bölməsi tərəfindən 17 may 2023-cü il tarixdə Şəxs MMC barəsində İXM-nin 483cü maddəsi inzibati xəta haqqında iş üzrə icraat başlanmış, elə həmin tarixdə də icraat başa çatmış və Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsilə 17 may 2023-cü il tarixli, 01400-04247/23 nömrəli protokol tərtib edilmişdir. Bundan 1 gün sonra, həmin protokolun sürəti Şəxs MMC-yə göndərilərək (bunu təsdiq edən sübut yoxdur) inzibati xəta haqqında işə 24 may 2023-cü il tarixdə, saat 10:00-da baxılmağa təyin olunmuş, həmin tarixdə inzibati xəta haqqında protokol və digər materiallar aidiyyəti üzrə baxılması üçün Xızı Rayon Məhkəməsinə göndərilmişdir. Halbuki, Azərbaycan Respublikası İXM-nin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir; protokolun tərtib edildiyi tarix və yer; protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar inzibati xəta haqqında protokolda göstərilir. İXM-nin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Bu Məcəllənin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Hazırki iş üzrə isə səlahiyyətli şəxs tərəfindən qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əməl edilməmişdir. İXM-nin 84-cü maddəsinin İ və İİ inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Bununla da, məhkəmə belə qənaətə gəlir ki, inzibati xəta haqqında protokolu tərtib etmiş vəzifəli şəxs tərəfindən tam, hərtərəfli və obyektiv araşdırma aparılmamış, hadisənin baş vermə mexanizmi və şəraiti düzgün öyrənilməmiş, bununla bağlı lazımı dəlillər toplanılmamış, eləcə də, bu halların araşdırılması istiqamətində digər prosessual hərəkətlər edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1. və 18.2.-ci maddələrinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: -18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; -18.2.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; -18.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; -18.2.4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 18.6.-cı maddəsinə əsasən səlahiyyətli orqanlar (vəzifəli şəxslər) bu Məcəllənin 18.2-ci maddəsində müəyyən edilmiş əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərirlər. Göründüyü kimi, hüquqi şəxs o halda inzibati məsuliyyətə cəlb oluna bilər ki, göstərilən səlahiyyətli şəxslər həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün inzibati məsuliyyət müəyyən edən hərəkət və ya hərəkətsizlik etmiş olsun. Halbuki iş üzrə Şəxs MMC-nin səlahiyyəlti şəxslərinin MMC-nin xeyir və maraqlarının qorunması üçün təqsirli hərəkətləri müəyyən olunmur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Bu Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə 17 may 2023-cü il tarixli, 01400-04247/23 nömrəli inzibati xəta haqqında protokolu, iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Beləliklə məhkəmə hesab edir ki, Şəxs MMC-nin təqsirliliyi sübuta yetirilmədiyindən həmin MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1, 43, 48- 51, 53, 55,114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: İlqar Cabbarov
Məhkəmə qərarları › İş №3(068)-22/2023
Xızı Rayon Məhkəməsi Qərar — İş №3(068)-22/2023
24.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver