Məhkəmə qərarları › İş №3(068)-22/2024

Xızı Rayon Məhkəməsi Qərar — İş №3(068)-22/2024

10.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xızı rayonu İş № 3(068)-22/2024 10.07.2024 XIZI RAYON MƏHKƏMƏSİ X16 Hidayət oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin nümayəndələri Nümayəndə2 və Nümayəndə1 iştirakı ilə, Hüquqi ünvanı ünvan 1 (VÖEN **********) barəsində Qəbələ rayon icra və probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə toplanmış materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş materiallarda göstərilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Qəbələ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(025)-814/2020 nömrəli icra sənədi üzrə X1 əmək haqqından qanunla müəyyən edilmiş qaydada tutma aparmamışdır. Qeyd edilənlərlə bağlı Qəbələ rayon icra və probasiya şöbəsinin icra məmuru X10 tərəfindən 30 may 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün Xızı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə hüquqlarını təmsil etdiyi MMC-ni İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, inzibati xətanın törədilməsi ilə bağlı bəzi məqamlara diqqət yetirilməlidir. Belə ki, İXM-nin 18-ci maddəsinə əsasən hər bir pozuntu inzibati məsuliyyətə səbəb olmur, yalnız o inzibati xətalara görə hüquqi şəxs məsuliyyat daşıyır ki, həmin inzibati xəta hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün törədilmiş olsun. Yəni hazırki işdə göründüyü kimi hər hansı bir məsuliyyətdən söhbət gedə bilməz. Həmin şəxsin aldığı məvacib işçiyə məxsusdur və şəxsin əmək haqqından çıxılan məbləğ şirkətin itkisinə gətirib çıxarmır. Lakin belə bir əsaslandırma protokolda ümumiyyətlə aparılmamışdır. Bundan əlavə hazırkı iş üzrə birinci olaraq şəxsin inzibati xəta törətməsi sübut olunmalıdır. Bundan sonra araşdırılmalıdır ki, həmin inzibati xəta hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün törədilmişdir ya yox. Burada heç bir sübut yoxdur. Sadəcə olaraq icraçı bu sənədi şirkətə göndərib və düşünüb ki, məsuliyyət sırf hüquqi şəxsin üzərindədir. Qanunvericilikdə inzibati xəta tərkibinin bütün əlamətləri mövcud olarsa məsuliyyət yarana biləcəyi göstərilmişdir. İXM-nin 18.2-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün bu şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir, hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli; hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyəti olan vəzifəli şəxs; hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxsdir. Sadaladığı bu hallara uyğun olaraq hüquqi şəxsin inzibati xəta törətməsi sübut olunmadığından bu inzibati xəta haqqında protokolu əsassız hesab edirlər. Eyni zamanda əməlin inzibati xəta hesab olunması üçün İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-si ilə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqa zidd olmalı, təqsirli sayılmalı və inzibati məsuliyyətə səbəb olmalıdır. Odur ki, İXMnin 53.1.1 və 53.2-ci maddələrini əsas tutaraq, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin digər nümayəndəsi Nümayəndə2 eyni məzmunlu izahat verərək, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında protokolu tərtib edən Qəbələ rayon icra və probasiya şöbəsinə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin onlar (nümayəndələri) məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, İXM-nin 112.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolu tərtib edən şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə, iş materiallarını araşdıraraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndələrinin izahatını dinləyib, belə nəticəyə gəlir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində İXM-in 528.1-ci maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan: Qəbələ Rayon Məhkəməsinin 2(025)-814/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədindən aydın olur ki, X2 hər ay cəmi 250 manat məbləğində aliment tutularaq X7 ödənilməsi nəzərdə tutulmuşdur. İcra vərəqəsinin icraya yönəldilməsini təsdiq edən xx.xx.2020-ci il tarixli «İcraata başlamaq haqqında» Qərarın və həmin tarixli bildirişin surətlərindən görünür ki, borclu X5 icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Qəbələ Rayon Məhkəməsinin 2(025)-814/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra vərəqəsinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. İcra işi üzrə “Elektron İcra” informasiya sistemindən çıxarılmış məlumatdan görünür ki, X8 "xxxx" MMC-də gözətçi vəzifəsində işləyir və əmək haqqı 584 manat təşkil edir. Qəbələ rayon icra və probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli, 3815/6 saylı məktubundan görünür ki, Qəbələ Rayon Məhkəməsinin 2(025)-814/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra vərəqəsi "xxxx" MMC-yə göndərilərək, X1 icra sənədi üzrə yaranmış 1575 manat aliment borcu ödənilənədək əmək haqqından hər ay 70 faiz tutulması və tələbkar X6 hesabına köçürülməsi xahiş olunmuşdur. Poçt xəbərnaməsindən görünür ki, həmin məktub "xxxx" MMC-nin rəsmi qeydiyyatda olan ünvanına göndərilmiş və xx.xx.2023-cü il tarixdə “Cəfərova Şəfiqə” ad, soyadlı şəxs tərəfindən qəbul olunmuşdur. Qəbələ rayon icra və probasiya şöbəsi tərəfindən Giləzi Quşçuluq Şirkəti” MMC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 200289/6 saylı məktubdan görünür ki, Qəbələ Rayon Məhkəməsinin 2(025)-814/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinin icra vəziyyəti, məbləğin tutulub-tutulmaması, həmçinin tutulmayıbsa səbəbləri barədə məlumat verilməsi xahiş olunmuşdur. Poçt xəbərnaməsindən görünür ki, həmin məktub "xxxx" MMC-nin rəsmi qeydiyyatda olan ünvanına göndərilmiş və xx.xx.2024-cü il tarixdə “Cəfərova Şəfiqə” ad, soyadlı şəxs tərəfindən qəbul olunmuşdur. Qəbələ rayon icra və probasiya şöbəsi tərəfindən Giləzi Quşçuluq Şirkəti” MMC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli, e200289/2020-11-6-012 saylı məktubdan görünür ki, X4 X6 xeyrinə pulun tutulmasına dair Qəbələ Rayon Məhkəməsinin 2(025)-814/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi “İcra haqqında” Qanunun 24.1.1-ci maddəsinə əsasən aidiyyatı üzrə xx.xx.2023-cü il tarixli məktubla icra edilməsi üçün onlara göndərilmiş, xx.xx.2024-cü il tarixli məktubla icra sənədinin icrası barədə məlumat sorğu edilsə də, hazırkı vaxta qədər münasibət bildirilməmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Qeyd olunanları nəzərə alaraq, icra sənədi üzrə tutulmanı təmin edib nəticəsi barədə məlumat verilməsi, əks halda barələrində tərtib ediləcək inzibati xəta haqqında protokolla bağlı səlahiyyətli nümayəndələrinin xx.xx.2024-cü il tarixdə şöbəyə gəlməsi xahiş edilmişdir. Poçt xəbərnaməsindən görünür ki, həmin məktub "xxxx" MMC-nin rəsmi qeydiyyatda olan ünvanına göndərilmiş və xx.xx.2024-cü il tarixdə “Cəfərova Şəfiqə” ad, soyadlı şəxs tərəfindən qəbul olunmuşdur. Qəbələ rayon icra və probasiya şöbəsinin icra məmuru X10 tərəfindən tərtib edilmiş 30 may 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Qəbələ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(025)-814/2020 nömrəli icra sənədi üzrə X1 əmək haqqından qanunla müəyyən edilmiş qaydada tutma aparmamış və buna görə "xxxx" MMC-nin barəsində İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokola əlavə edilmiş "xxxx" MMC-nin törətdiyi inzibati xətanın tərkib əlamətləri barədə məlumatdan görünür ki, icraatlarında olan Qəbələ Rayon Məhkəməsinin 2(025)- 814/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən X2 hər ay 250 manat aliment tutularaq X7 ödənilməlidir. X1 "xxxx" Şirkəti MMC-də işlədiyi müəyyən edilmiş və tələbin onun əmək haqqından tutulması üçün iş yerinə xx.xx.2023-cü il tarixli məktubla müraciət edilmişdir. "xxxx" Şirkəti MMC tərəfindən icra sənədinin icrasına münasibət bildirilmədiyi üçün xx.xx.2024-cü il tarixli məktubla hüquqi şəxsə icra sənədinin icra vəziyyəti barədə sorğu verilmişdir. Sorğu cavabsız qaldığı və X3 əmək haqqından icra sənədi üzrə tutulma aparılmadığı üçün "xxxx" Şirkəti MMC-yə xx.xx.2024-cü il tarixli məktub ünvanlanmaqla, onlara icra sənədinin icrasını təmin etməməklə bağlı qanunla müəyyən edilmiş məsuliyyət tədbirləri izah edilmiş və səlahiyyətli nümayəndəsi barələrində tərtib ediləcək protokola münasibət bildirmək üçün Qəbələ rayon İcra və probasiya şöbəsinə dəvət edilmişdir. Hüquqi şəxs səlahiyyətli nümayəndəsinin göndərməməklə yanaşı, ona göndərilmiş məktublara münasibət bildirməmişdir. Poçt xidmətinin “Poçt göndərişinin verilməsi haqqında” xəbərnamələrinə əsasən göndərilmiş məktublar "xxxx" Şirkəti MMC-nin Xızı rayonu, Sitalçay qəsəbəsində yerləşən ünvanına çatdırılmışdır. İcra sənədinin icrasını qanunla müəyyən edilmiş səlahiyyətlər çərçivəsində təmin etməli olan "xxxx" Şirkəti MMCnin məhkəmə qərarının icrasına laqeyd münasibəti icra vərəqəsinin icrasız qalmasına və tələbkarın hüquqlarının pozulmasına səbəb olmuşdur. Qeyd edilənləri və qanunvericiliyin tələblərini nəzərə alaraq, "xxxx" Şirkəti MMC-nin inzibati məsuliyyətə cəlb edilməsini labüd hesab edirlər. İş materiallarına əlavə edilmiş əmək müqavilələrindən və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişlərindən görünür ki, X8 xx.xx.2023-cü il tarixdə "xxxx" MMC-də gözətçi vəzifəsinə işə qəbul edilmiş və xx.xx.2024-cü il tarixdə əmək müqaviləsinə xitam verilmiş, X9 isə xx.xx.2019-cu il tarixdə "xxxx" MMC-də kadrlar və sənədlərlə iş şöbəsi - mütəxəssis vəzifəsinə işə qəbul edilmiş və xx.xx.2024-cü il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. İXM-nin 528.1-ci maddəsinin dispozisiyasından məlum olur ki, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər, vəzifəli şəxslər və hüquqi şəxslər barəsində inzibati tənbeh tədbiri nəzərdə tutulmuşdur. Tərtib edilmiş 30 may 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Qəbələ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(025)-814/2020 nömrəli icra sənədi üzrə X1 əmək haqqından qanunla müəyyən edilmiş qaydada tutma aparılmaması göstərilsə də, icra məmuru "xxxx" MMC barəsində İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərkən hüquqi şəxsin həmin inzibati xətanı törətməsində təqsirini sübut etməmiş, həmin Məcəllənin 18-ci maddəsində nəzərdə tutulmuş halları araşdırmamış, həmin hallarla bağlı sübutları toplamamışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 2023-cü il tarixli qərarı ilə formalaşdırdığı hüquqi mövqeyə əsasən təqsir dedikdə, şəxsin törətdiyi ictimai təhlükəli əmələ və onun nəticələrinə qəsd və ya ehtiyatsızlıq formasında psixi münasibəti nəzərdə tutulur. Təqsir şüur və iradə kimi psixoloji elementlərin məcmusudur və bu elementlər müvafiq olaraq ictimai təhlükəli davranışın əqli və iradəvi tərəflərini təşkil edir. Bununla belə, inzibati xətanın subyektləri fərqli, yəni fiziki, vəzifəli və hüquqi şəxslər olduğundan, bu sahədə qanunvericiliyin ümumi prinsipləri həmin subyektlərin özünəməxsus xüsusiyyətləri nəzərə alınmaqla realizə olunur. Belə ki, hüquqi şəxs müvafiq psixoloji elementlərə malik olmadığından, onun təqsiri fiziki və vəzifəli şəxslərin təqsirindən fərqlənir. İnzibati Xətalar Məcəlləsinin müvafiq normalarının əlaqəli təhlili belə nəticəyə gəlməyə əsas verir ki, hüquqi şəxsin təqsiri inzibati xətanın törədilməsinin səbəbkarı olan nümayəndəsinin təqsiri ilə eyniləşdirilməsə də, onunla sıx əlaqədardır. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. “Arzu etmək”, “şüurlu” kimi kateqoriyalar hüquqi şəxs üçün səciyyəvi olmadığından, inzibati xətanın subyektiv cəhətinin zəruri əlaməti kimi hüquqi şəxsin təqsiri onun vəzifəli şəxslərinin təqsiri ilə əlaqədə müəyyən edilir. Beləliklə, hüquqi şəxsin inzibati xəta üzrə məsuliyyətinin yaranması hər bir halda onun vəzifəli şəxslərinin və ya işçilərinin hüquqazidd davranışı nəticəsində baş verir, təqsiri isə İnzibati Xətalar Məcəlləsinin 18.2-ci maddəsində sadalanan şəxslərin təqsirinin törəməsidir. İnzibati Xətalar Məcəlləsinin 18.2-ci maddəsinə əsasən, hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: - hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; - hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; - hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; - bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə müvafiq olaraq, vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Göründüyü kimi, vəzifəli şəxs öz vəzifələrini yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsi nəticəsində, hüquqi şəxs isə məhz onun xeyrinə və ya maraqlarının qorunması üçün onu təmsil etmək, adından qərarlar qəbul etmək və fəaliyyətinə nəzarət etmək səlahiyyətlərinə malik olan vəzifəli şəxslərinin və ya sonuncular tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində işçisinin törətdiyi inzibati xətalara görə məsuliyyətə cəlb olunur. Eyni zamanda hüquqi şəxslərin inzibati xətaya görə məsuliyyətə cəlb edilibedilməməsi məsələsinin həlli zamanı hüquqi şəxsin baş vermiş inzibati xətanın qarşısının alınması üçün imkanlarının olub-olmaması, onun tərəfindən nəzarətin lazımi qaydada həyata keçirilib-keçirilməməsi müəyyən edilməlidir. Əks yanaşma hüquqi şəxslərə münasibətdə obyektiv təqsirləndirmə halı yaratmış olar. Göründüyü kimi İXM-in 18.2-ci maddəsində hüquqi şəxslərin inzibati məsuliyyətə cəlb edilməsinin əsasları və hüquqi şəxslərin inzibati məsuliyyətə cəlb olunmalarının halları göstərilmişdir. Qeyd edilməlidir ki, əməli törətmiş şəxsin (fizki və ya hüquqi) təqsiri dedikdə törədilən əmələ (hərəkət və ya hərəkətsizlik) və onun nəticələrinə qəsd və ya ehtiyatsızlıq formasında münasibəti anlaşılır. Əməlin inzibati xəta hesab edilməsi təkcə bu əməlin qeyri-hüquqi olması ilə deyil, həm də onun təqsirə, yəni qəsd və yaxud ehtiyatsızlıq formasında törədilməsi ilə də bağlıdır. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, 30 may 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol üzrə İXM-nin 528.1-ci maddəsinin dispozisiyasında göstərilənlər formal olaraq mövcud olsa da, yəni faktiki cəhətdən Qəbələ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(025)-814/2020 nömrəli icra sənədi üzrə X1 əmək haqqından qanunla müəyyən edilmiş qaydada tutma aparılmasa da, "xxxx" MMCnin bununla bağlı hər hansı təqsiri müəyyən olunmamaqdadır. Belə ki, İXM-nin tələblərinə əsasən hüquqi şəxs həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün törədilən inzibati xətalara görə inzibati məsuliyyətə cəlb edilir. Lakin hazırki iş üzrə İXM-nin 528.1-ci maddəsinin tələblərinin pozulmasında "xxxx" MMC-nin təqsirli olması və bunun da nəticəsində hüquqi şəxsin hər hansı bir xeyrinin olması və yaxud maraqlarının qorunması təsdiq edilmir. Odur ki, məhkəmə "xxxx" MMC barəsində tərtib olunmuş 30 may 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli protokol üzrə aparılan inzibati xəta haqqında işə inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməsi qənaətə gəlir. Eyni zamanda məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, "xxxx" MMC barəsində İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib edilməzdən əvvəl Qəbələ rayon icra və probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 2023-cü il tarixli qərarı ilə müəyyən edilmiş tələblərə, yəni İXM-nin 18.2-ci maddəsinə əsasən cəmiyyətin vəzifəli şəxslərinin öz vəzifələrini yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsi, onu təmsil etmək, adından qərarlar qəbul etmək və fəaliyyətinə nəzarət etmək səlahiyyətlərinə malik olan vəzifəli şəxslərinin və ya sonuncular tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində işçisinin təqsiri araşdırılmamış, hüquqi şəxsin maraqlarının qorunmasının və ya onun xeyirinin nə olması müəyyən edilməmiş, bunları təsdiq edən sübutlar iş materiallarına əlavə edilməmişdir. Bunları təsdiq edən hallar məhkəmə araşdırması zamanı da müəyyən edilməməkdədir. Həmçinin, Qəbələ rayon icra və probasiya şöbəsi tərəfindən Giləzi Quşçuluq Şirkəti” MMC-yə xx.xx.2024-cü il tarixdə məktub göndərilərək, icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə vəzifəli şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıması barədə xəbərdarlıq etsələr də, inzibati xəta haqqında protokol hüquqi şəxs barəsində tərtib edilmişdir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, inzibati xətanın subyektiv cəhətinin zəruri əlaməti kimi hüquqi şəxsin təqsiri onun vəzifəli şəxslərinin təqsiri ilə əlaqədə müəyyən edildiyindən, hüquqi şəxsin inzibati xəta üzrə məsuliyyətinin yaranması hər bir halda onun vəzifəli şəxslərinin və ya işçilərinin hüquqazidd davranışı nəticəsində baş verdiyindən, təqsiri isə İnzibati Xətalar Məcəlləsinin 18.2-ci maddəsində sadalanan şəxslərin təqsirinin törəməsi olduğundan hazırkı halda hüquqi şəxsi İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilmək əsassız təqsirləndirmə halı yaratmış olar. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, hazırkı halda hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Qəbələ rayon icra və probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına inzibati xəta tərkibi olmadığına görə xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3, 18, 40, 43, 53.1.2, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldi: Hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Qəbələ rayon icra və probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Xızı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar