Məhkəmə qərarları › İş №3(068)-23/2021

Xızı Rayon Məhkəməsi Qərar — İş №3(068)-23/2021

17.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xızı rayonu İş № 3(068)-23/2021 17.06.2021 XIZI RAYON MƏHKƏMƏSİ Mən, Xızı Rayon Məhkəməsinin hakimi vəzifəsini icra edən X1, Hüquqi ünvanı Xızı rayonu, Baxışlı kəndi olan Şəxs MMC (VÖEN **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 483cü maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsində konsiqnasiya yolu ilə ixrac gömrük prosedurunda rəsmiləşdirdiyi yüklərin müqabilində bəyannamə üzrə köçürülməli olan 1274,50 ABŞ dolları (2165,65 manat) məbləğində vəsaitin Azərbaycan Respublikasındakı müvəkkil bankında olan hesabına köçürülməsi təmin edilməmişdir. Buna görə də, Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat Şöbəsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsilə 03 may 2021-ci il tarixli, 01400-0498/21 nömrəli protokol tərtib edilərək baxılması üçün Xızı Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan və inzibati xəta haqqında protokolu tərtib edən şəxslərə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və inzibati xəta haqqında protokolu tərtib edən şəxsin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verilməmişlər. İXM-nin 112.1.4-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. Məhkəmə iş materiallarında olan sənədləri tədqiq edib hesab edir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsindən 21 may 2021-ci il tarixdə məhkəməyə daxil olmuş 03 may 2021-ci il tarixli, 01400-0498/21 nömrəli inzibati xəta haqqında protokol üzrə inzibati tənbeh vermə müddəti keçdiyindən iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə - inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Məhkəmə ilk növbədə qeyd edir ki, “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanunu Azərbaycan Respublikasında valyuta əməliyyatlarının həyata keçirilməsi prinsiplərini, valyuta tənzimi və valyuta nəzarəti orqanlarının səlahiyyət və funksiyalarını, hüquqi və fiziki şəxslərin valyuta sərvətlərinə sahib olmaq, bu sərvətlərdən istifadə etmək və onlar barəsində sərəncam vermək sahəsində hüquq və vəzifələrini, valyuta qanunvericiliyinin pozulmasına görə məsuliyyəti müəyyən edir. Həmin Qanunun 1-ci maddəsinin 9-cu hissəsinin “a” bəndində cari valyuta əməliyyatlarından biri kimi malların, işlərin və xidmətlərin ixracı və idxalı üzrə hesablaşmaların, eləcə də ixrac-idxal əməliyyatlarının 180 gündən artıq olmayan müddətə kreditləşdirilməsi ilə əlaqədar hesablaşmaların həyata keçirilməsi üçün xarici valyutanın Azərbaycan Respublikasına və Azərbaycan Respublikasından köçürülməsi; 10-cu hissəsinin “q” bəndində isə malların, işlərin və xidmətlərin ixracı və idxalı üzrə 180 gündən artıq müddətə ödəniş möhlətinin verilməsi və alınması göstərilmişdir. Azərbaycan Respublikasında bütün rezidentlər və qeyri-rezidentlər tərəfindən idxalixrac əməliyyatlarının həyata keçirilməsi Azərbaycan Respublikasının Gömrük Məcəlləsi, “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanunu, onlara uyğun olaraq qəbul edilmiş digər normativ hüquqi aktlar, o cümlədən Qaydalarla tənzimlənir. Qeyd edilməlidir ki, ixracda hesablaşmaları tənzimləyən Qaydaların 12-ci bəndinə hesablaşma üsulları ilə bağlı bir neçə dəyişiklik edilmişdir. Belə ki, yeni tələblərə əsasən, hüquqi və fiziki şəxslər tərəfindən malların (işlərin, xidmətlərin) konsiqnasiya yolu ilə ixracı gömrük orqanlarında bəyan edilməklə aparılır. Konsiqnasiya yolu ilə ixrac əməliyyatları xarici şəxslərlə bağlanmış müqaviləyə əsasən ixrac olunmuş malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin müəyyən edilmiş müddət ərzində ixracatçıya ödənilməsini nəzərdə tutur. Hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər (Qaydaların 12.1 və 12.2-ci bəndləri). Qeyd edildiyi kimi, İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Malların (işlərin, xidmətlərin) ixracı zamanı İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində göstərilən inzibati məsuliyyətin yaranması üçün əsas ixrac edilən malların müqabilində məcburi qaydada köçürülməli olan az miqdarda vəsaitin həmin malların bəyan olunduğu gündən Qaydaların 12.2-ci bəndində müəyyən edilmiş müddətdə xaricdən qaytarılmaması ilə şərtləndirilmişdir. Bu halda mallar (işlər, xidmətlər) bəyan edildiyi gündən Qaydalarla müəyyən edilmiş müddət ərzində (180 gün) ixrac olunan malların müqabilində məcburi qaydada köçürülməli olan valyuta vəsaiti geri qaytarılmadıqda, növbəti gün artıq inzibati xətanın törədildiyi gün kimi qəbul edilməlidir. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair” 17 may 2021-ci il tarixli qərarında göstərilmişdir ki, 1) “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”na müvafiq olaraq, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin xaricdən qaytarılması qarşılıqlı hesablaşmanın üsulundan asılı olmayaraq 180 gün ərzində təmin olunmalıdır. 2) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin “əldə edilmiş xarici valyuta vəsaitləri” müddəası xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində faktiki əldə edilməsindən asılı olmayaraq Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərini nəzərdə tutur. 3) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3 və 12-ci maddələrinin tələblərinə müvafiq olaraq məhkəmələr həmin Məcəllənin 483-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirini tətbiq edərkən inzibati xətanı törədən şəxsin təqsirini müəyyən etməlidir. Beləliklə, İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulan xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılması qarşılıqlı hesablaşmanın üsulundan asılı olmayaraq 180 gün ərzində təmin olunmalıdır. İnzibati məsuliyyətin yaranması üçün iki əsas nəzərdə tutulmuşdur: xarici valyuta vəsaitinin xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilməsi; əldə edilmiş və məcburi qaydada köçürülməli olan vəsaitin xaricdən qaytarılmaması. Həmin maddədə nəzərdə tutulan inzibati xətanın obyektiv cəhəti məcburi qaydada köçürülməli olan vəsaitin xaricdən qaytarılmamasında ifadə olunur. Bu əməl həmin şəxslər tərəfindən hərəkət və ya hərəkətsizliklə törədilə bilər. Məhkəməyə təqdim edilən sənədlərdən göründüyü kimi, Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat Şöbəsi tərəfindən Şəxs MMC barəsində tərtib edilmiş 03 may 2021-ci il tarixli, 01400-0498/21 nömrəli inzibati xəta haqqında protokol konsiqnasiya yolu ilə ixrac gömrük prosedurunda rəsmiləşdirdiyi yüklərin müqabilində 27 aprel 2018-ci il tarixli bəyannamə üzrə köçürülməli olan 1274,50 ABŞ dolları (2165,65 manat) məbləğində vəsaitin Azərbaycan Respublikasındakı müvəkkil bankında olan hesabına köçürülməsi təmin etməməsini nəzərdə tutur. Məsələyə yuxarıda təsvir edilən qaydada hüquqi qiymət verildikdə, MMC tərəfindən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılması qarşılıqlı hesablaşmanın üsulundan asılı olmayaraq 180 gün ərzində, yəni ən gec halda 27 oktyabr 2018-ci il tarixə kimi təmin olunmalı idi və bu səbəbdən növbəti gün artıq inzibati xətanın törədildiyi gün kimi qəbul edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında, həmçinin dərman vasitələri haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 19 dekabr 2019-cu il tarixli qərarında qeyd olunur: “Konstitusiya Məhkəməsinin Plenumu diqqətəlayiq bir məqamı da göstərməyi lazım bilir. Qanunverici inzibati tənbehin tətbiqinin müddətini müəyyən edərkən ilk növbədə inzibati xətanın aşkar edilməsi və müvafiq icraatın aparılması meyarlarından çıxış edir. Digər tərəfdən, inzibati tənbeh vermə müddətinin üç ay müəyyən edilməsi onunla izah olunur ki, qanunverici “prosessual qənaət” prinsipinə əsaslanaraq məhkəmə prosesinin əsassız olaraq uzadılmasının qarşısını almış olur. Belə yanaşma işlərə ağlabatan müddətlərdə baxılması prinsipinin və son nəticədə ədalətli məhkəmə araşdırmasının təmin edilməsinə xidmət edir. Bu, öz növbəsində, inzibati xətalar qanunvericiliyinin prinsiplərinə də uyğundur.” Beləliklə, Şəxs MMC tərəfindən İXM-nin 53.0.6-cı maddəsinə əsasən, həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Eyni Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən İXM-nın 483-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədildiyi gündən, yəni 28 oktyabr 2018-ci il tarixdən bir ildən artıq müddət keçdiyindən, MMC barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1, 43, 48- 51, 53, 55,114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibatı məsuliyyətdən azad edilsin və onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar