Məhkəmə qərarları › İş №3(068)-25/2024

Xızı Rayon Məhkəməsi Qərar — İş №3(068)-25/2024

16.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xızı rayonu İş № 3(068)-25/2024 16.07.2024 XIZI RAYON MƏHKƏMƏSİ X6 Hidayət oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi ilə, xx.xx.1989-cu il tarixdə Xaçmaz rayonu, Dədəli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Xızı rayonu Ağdərə bələdiyyəsinin sədri işləyən, Xızı rayonu, Ağdərə kəndində qeydiyyatda olan və faktiki olaraq həmin ünvanda yaşayan X1 (AA 0965544) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt Regional Ədliyyə İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş materiallarda göstərilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Xızı rayonu Ağdərə bələdiyyəsinin sədri X3 tərəfindən Ağdərə bələdiyyəsinin 04, 05 və 06 saylı iclasının aktları (qərarları) bələdiyyə fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana - Sumqayıt Regional Ədliyyə İdarəsinə vaxtında təqdim edilməmişdir. Qeyd edilən material üzrə Xızı rayonu Ağdərə bələdiyyəsinin sədri X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsi ilə 27 may 2024cü il tarixli, MN seriyalı, ******* nömrəli xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Sumqayıt Regional Ədliyyə İdarəsindən Xızı Rayon Məhkəməsinə göndərilmişdir. İş üzrə protokol tərtib edən səlahiyyətli orqana və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəmə iclasına gəlməmişlər. Bununla yanaşı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs X3 məhkəməyə ərizə təqdim edərək, yolun uzaq olması səbəbindən məhkəmə iclasında iştirak edə bilməyəcəyini və barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, X3 İXM-in 549.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Belə ki, inzibati xəta haqqında işin materiallarına əlavə edilmiş: Sumqayıt Regional Ədliyyə İdarəsinin rəisi X5 tərəfindən X3 barəsində tərtib edilmiş 27 may 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Xızı rayonu Ağdərə bələdiyyəsinin 04, 05 və 06 saylı iclasının aktları (qərarları) “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanunun 6-cı maddəsinin tələbini pozaraq 5 iş günü müddətindən gec təqdim etmişdir. Xızı rayonu Ağdərə bələdiyyəsinin xx.xx.2024-cü il tarixli, 04 saylı, xx.xx.2024-cü il tarixli, 05 saylı və xx.xx.2024-cü il tarixli, 06 saylı iclas protokollarından görünür ki, həmin iclaslarda qərarlar qəbul edilmiş, iclas protokolları xx.xx.2024-cü il tarixdə, yəni iclasların tarixindən 1 aya yaxın müddət keçdikdən sonra inzibati nəzarət orqanı olan Sumqayıt Regional Ədliyyə İdarəsinə daxil olmuşdur. Xızı rayonu Ağdərə bələdiyyəsinin sədri X1 Sumqayıt Regional Ədliyyə İdarəsinə yazdığı xx.xx.2024-cü il tarixli izahatdan görünür ki, inzibati protokolda göstərilən bələdiyyə protokollarının gecikməsinə səbəb kənddə kommunal şəraitin, internet xəttinin olmaması, həmçinin bələdiyyə ərazisinin rayon mərkəzindən 110 km uzaqlıqda yerləşməsi və poçta gedib-gəlməkdə çətinlik yaranması olmuşdur. Eyni zamanda, mart, aprel və may aylarında sel və daşqınların olması kənddə gediş-gəlişi daha da çətinləşdirmişdir. Bununla əlaqədar, gecikmənin üzrlü sayılmasını xahiş etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Xızı rayonu Ağdərə bələdiyyəsinin sədri X1 İXM-in 549.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyi inzibati xəta haqqında işin materialları ilə tam sübut olunduğundan o, inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Belə ki, İXM-in 549.2-ci maddəsinə əsasən, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana mütləq təqdim olunmalı bələdiyyə aktlarının surətlərinin vaxtında təqdim edilməməsinə görə vəzifəli şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” 13 may 2003-cü il tarixli 454- İİQ saylı Azərbaycan Respublikası Qanununun 6.1.3-cü maddəsinə əsasən, bələdiyyələr bələdiyyə mülkiyyətində olan əmlaka dair mülkiyyət hüququnun həyata keçirilməsi barədə aktların və həmin qanunun 6.1.6-cı maddəsinə əsasən bələdiyyələr üçün xərclər və maliyyə öhdəlikləri doğuran aktların bir surətini bu Qanunun 5.0.1-ci maddəsində nəzərdə tutulmuş əsas üzrə inzibati nəzarətin həyata keçirilməsini təmin etmək məqsədi ilə həmin aktların qəbul edildiyi andan 5 iş günündən gec olmayaraq inzibati nəzarəti həyata keçirən orqana göndərməlidirlər. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 19 mart 2012-ci il tarixli 1N nömrəli Qərarı ilə təsdiq edilmiş Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin təşkili haqqında Təlimatın 2.1-ci bəndinə əsasən “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsində nəzərdə tutulmuş bələdiyyə aktlarının bir surəti qəbul edildiyi andan 5 iş günündən gec olmayaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə mütləq təqdim olunmalıdır. Təlimatın 2.4-cü bəndinə əsasən bələdiyyə aktları Bakı şəhəri üzrə Mərkəzə, regionlar üzrə isə İdarəyə təqdim edilir. Həmin təlimatın 2.9-cu bəndinə əsasən bələdiyyələr qəbul edilmiş aktların bir surətini həmin aktların qəbul edildiyi andan 5 iş günü ərzində təqdim etmədikdə, həmçinin araşdırmaların aparılmasına maneçilik törədildikdə Mərkəz və ya İdarə tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək müvafiq məhkəməyə göndərilir. Məhkəmə iclasında tədqiq olunmuş və mötəbərliyi məhkəmədə heç bir şübhə doğurmayan sübutlarla müəyyən edilmişdir ki, Xızı rayonu Ağdərə bələdiyyəsinin sədri X3 tərəfindən bələdiyyənin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana mütləq təqdim edilməli olan xx.xx.2024-cü il tarixli, 04 saylı, xx.xx.2024-cü il tarixli, 05 saylı və xx.xx.2024-cü il tarixli, 06 saylı iclas protokollarının və qərarlarının (aktının) surətini Sumqayıt Regional Ədliyyə İdarəsinə qəbul edildiyi andan 5 iş günü müddətinə göndərməli olduğu halda həmin müddətdən gec, yəni xx.xx.2024-cü il tarixdə göndərilmişdir. İXM-in 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin “Qeyd”inə görə dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Məhkəmə tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, X1 İXM-in 549.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə toplanmış materiallarla tam sübuta yetir. Onun inzibati məsuliyyətdən azad edilməsi və iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur və X3 törətdiyi inzibati xətaya görə vəzifəli şəxs qismində inzibati məsuliyyətə cəlb olunmalıdır. İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə X2 məhz hansı tənbehin tətbiq edilməsini müzakirə edərkən onun törətmiş olduğu inzibati xətanın xarakterini və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini nəzərə alaraq belə qənaətə gəlir ki, onun xəta törətdiyi maddənin sanksiyasında nəzərdə tutulan aşağı həddə inzibati cərimə tənbehi tətbiq edilməlidir. Belə ki, İXM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə eyni zamanda qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X1 əməlində onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hər hansı hallar aşkar edilməmişdir. Belə olan halda, İXM-in 549.2-ci maddəsinin sanksiyasında dörd yüz manatdan altı yüz manatadək məbləğdə inzibati cərimə tənbehinin tətbiqi nəzərdə tutulduğundan məhkəmə belə qənaətə gəlir ki, X3 İXM-in 549.2-ci maddəsi ilə təqsirli bilinib, barəsində 400 (dörd yüz) manat inzibati cərimə tənbehi tətbiq edilməsi ilə onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə gələcəkdə yeni inzibati xəta törətməsinin qarşısını almaq kimi inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsi ilə təqsirli bilinib, barəsində 400 (dörd yüz) manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilsin. Qərarın icrası Xızı rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Xızı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. X8

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar