Məhkəmə qərarları › İş №3(068)-26/2023

Xızı Rayon Məhkəməsi Qərar — İş №3(068)-26/2023

07.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xızı rayonu İş № 3(068)-26/2023 07.07.2023 XIZI RAYON MƏHKƏMƏSİ X8 Hidayət oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, 13 avqust 1962-ci il tarixdə Qusar rayonunda doğulmuş, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Xızı rayonu, Şorabad qəsəbəsində qeydiyyatda olmaqla, yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.1-ci maddəsi ilə Azərbaycan Respublikası Baş Prokurorluğu Cinayət Təqibindən Kənar İcraatlar İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs “Balıqçılıq haqqında” Azərbaycan Respublikası qanununun 8 və 11-ci maddələrinin tələblərinə əsasən balıq və digər su bioresurslarının ovuna yalnız müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən hallarda və qaydada icazə verilməsi tələblərinə zidd olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 iyun 2017-ci il tarixli, 243 nömrəli qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresursları ovunun qaydaları”nın tələblərini pozub, ümumilikdə çəkisi 3 kq 600 qr olan 2 ədəd “Nərə” cinsli balığı, SO-2606 bort nömrəli üzmə vasitəsi ilə 15 fevral 2023-cü il tarixdə, saat 17:55 radələrində Xızı rayonu ərazisindən Xəzər dənizinə daxil olaraq ovladığına görə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbehin tətbiq olunmasına dair Azərbaycan Respublikası Baş Prokurorluğu Cinayət Təqibindən Kənar İcraatlar İdarəsinin rəisi Elnur Musayev tərəfindən 14 iyun 2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilmiş, habelə baxılması üçün Xızı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 272.1-ci maddəsi ilə təqsirli bilərək izahatında bildirdi ki, tanışları ilə birlikdə balıq ovu ilə məşğul olur və buna görə icazəsi vardır. Balıq ovlayarkən tanışı Vüqar Məmmədova məxsus taxta qayıqdan istifadə etmişlər. Həmin gün onlar dənizdə olarkən torlarına 2 ədəd nərə balığı düşmüş, lakin balıqlar torda ölü olmuşdur. Digər balıqların arasında onları da doğrayıb kəsərək qırağa gətirmişlər. Ondan başqa təxminən 10-12 kq siyənək balığı da, tutmuşlar. Həmin balıqlar yoxlama zamanı aşkar olunmuş və protokollaşdırılmışdır. Bundan sonra onlara balıq tutduqları üçün cərimə olunacaqlarını bildirmişlər. O, DSX-nin X5 Regional Şöbəsinin əməkdaşlarına balıqları xəstə uşaqları üçün tutduqlarını bildirmişdir. Beli ki, uşaqların yaxşı olması üçün həkim onlara yeməyə balıq vermələrini məsləhət görmüşdür. Hazırda törətdiyi əməldən peşman olduğunu bildirdi və nəzərə alınmasını xahiş etdi. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar qəbul etmiş Azərbaycan Respublikasının Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsinə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş (səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmiş) və gəlməmə səbəbləri barədə məhkəməyə məlumat və işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir. Məhkəmə İXM-nin 112.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işlər üzrə icraatın iştirakçısının iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs İXM-nin 272.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Çünki, Şəxs “Balıqçılıq haqqında” Azərbaycan Respublikası qanununun 8 və 11-ci maddələrinin tələblərinə əsasən balıq və digər su bioresurslarının ovuna yalnız müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən hallarda və qaydada icazə verilməsi tələblərinə zidd olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 iyun 2017-ci il tarixli, 243 nömrəli qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresursları ovunun qaydaları”nın tələblərini pozub, ümumilikdə çəkisi 3 kq 600 qr olan 2 ədəd “Nərə” cinsli balıqları (hər ikisinin qarnı yarılmış halda) SO-2606 bort nömrəli üzmə vasitəsi ilə Xızı rayonunun ərazisindən Xəzər dənizinə daxil olaraq ovlamışdır. İşdə olan mötəbər sübutlardan, habelə DSX-nin X5 Regional Şöbəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 15 fevral 2023-cü il tarixli, 1 nömrəli aktın surətindən görünür ki, 15 fevral 2023-cü il tarixdə, saat 17:55 radələrində ümumilikdə çəkisi 3 kq 600 qr olan 2 ədəd “Nərə” cinsli balıqlar araşdırma aparılması məqsədilə Şəxs, X2, X3 və X1 götürülərək Sahil Mühafizəsi ŞRŞ-nin anbarındakı soyuducuya yerləşdirilmişdir. Azərbaycan Respublikası İXM-nin 272.1-ci maddəsinə əsasən balıq və digər su bioresurslarının mühafizəsi qaydalarının pozulmasına görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə yeddi yüz manatdan min yeddi yüz manatadək məbləğdə cərimə edilir. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 iyun 2017-ci il tarixli, 243 nömrəli qərarı ilə təsdiq edilmiş “Balıq və digər su resursları ovunun Qaydaları”nın 2.5.3-cü yarımbəndinə əsasən balıq və digər su bioresurslarının sənaye ovu ilə məşğul olan balıqçılıq subyektlərinə nəsli kəsilmək üzrə olan qiymətli balıq və digər su bioresursları növlərinin (qaya balığı (kələmo), zərdəpər, xəzər qızılbalığı, dəniz sıfı, qızılxallı, qılıncbalıq, şirvan külməsi, xəzər şirbiti, poru) ovu qadağandır. Balıq və digər su bioresurslarının ovu zamanı bu balıqlar ov alətinə düşərsə, onlar diri halda suya buraxılmalıdır. Bu Qaydaların 3 nömrəli əlavəsinə əsasən nərəkimilər fəsiləsi balıqçılıq obyektlərinə aid edilmiş qiymətli balıq və digər su bioresurslarının siyahısına daxildir. Odur ki, Şəxs İXM-nin 272.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən hallar kimi onun səmimi peşmançılığı nəzərə alınır. İnzibati xətanın bir qrup şəxs tərəfindən törədilməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33.1.5-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən, Şəxs məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alınır. İnzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin təqsirinin dərəcəsini, onun şəxsiyyətini və əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmasını nəzərə alaraq, məhkəmə Şəxs İXM-nin 272.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan, inzibati xətanın bilavasitə obyekti olmuş predmet, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizə İdarəsinin Şimal Regional Şöbəsinin soyuducusuna yerləşdirilmiş 2 ədəd ümumi çəkisi 3 kq 600 qram nərə cinsli balıq müsadirə edilməklə, cərimə növündə inzibati tənbeh tətbiq edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.1-ci maddəsi ilə təqsirli bilinib, ona inzibati xətanın bilavasitə obyekti olmuş predmet, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizə İdarəsinin Şimal Regional Şöbəsinin soyuducusuna yerləşdirilmiş 2 ədəd ümumi çəkisi 3 kq 600 qram nərə cinsli balıq müsadirə edilməklə, 1000 (bir min) manat inzibati cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Xızı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar