Məhkəmə qərarları › İş №3(068)-27/2020

Xızı Rayon Məhkəməsi Qərar — İş №3(068)-27/2020

06.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xızı rayonu İş № 3(068)-27/2020 06.08.2020 XIZI RAYON MƏHKƏMƏSİ Xızı Rayon Məhkəməsinin hakimi vəzifəsini icra edən Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Cəfərov Cəfər Məmməd oğlunun katibliyi, inzibati protokolu tərtib edən şəxs- Xızı RPŞ-nin İTB-nin polis sahə rəisi Məmmədov Əsəd Rövşən oğlunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1988-ci il tarixdə Quba şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 211.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Xızı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim: Şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 10:40 radələrində Bakı-Quba magistral yolunun 52-km.də, Xızı rayonu ərazisində yerləşən 1 saylı stasionar postdan müvafiq icazəsi olmadan keçməyə cəhd edərək, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərərgah tərəfindən müəyyən edilmiş xüsusi karantin rejimi qaydalarını pozmuşdur. Bu barədə Xızı rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi Məmmədov Əsəd Rövşən oğlu tərəfindən xx xxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Xızı Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati protokolu tərtib edən şəxs - Xızı RPŞ-nin İTB-nin polis sahə rəisi Məmmədov Əsəd Rövşən oğlu tərtib etdiyi protokola uyğun izahat verərək, məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 211.1-ci maddəsi ilə tam təqsirli bilərək izahatında göstərdi ki, o, Quba şəhərində yaşamaqla fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olur. O, xx xxxxxx 2020-ci il tarixdə səhər saatlarında Sumqayıt şəhərində yaşayan, ailəvi dostu olan X1 avtomobilinə ehtiyyat hissəsi almaq üçün onu Bakı şəhərinə aparmasını xahiş etmişdir. Aqşin ona Bakı-Quba yolunun 52-ci km-də olan karantin postundan keçməyin çətin olacağını, bu səbəbdən pulu ona verməsini və ehtiyyat hissələrini özü alıb gətirməsini ona təklif etsə də, o, razılaşmamış və özünün getməli olduğunu Aqşinə bildirmiş, sonuncu da onunla razılaşmışdır. Həmin gün saat təxminən 10:40 radələrində Aqşinin istifadəsində olan «Ravon R3 minik» markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə həmin posta yaxınlaşmış, ciddi yoxlanışdan sonra onun icazəsi olmamaqla karantin rejimini pozmasına, Aqşini isə postdan qanunsuz sərnişin keçirməsinə görə saxlamışlar. Belə ki, onunla digər dostu X3 üz cizgiləri bir-birinə oxşadığından və Qulamın ölkə ərazisində hərəkətinə icazəsi olduğunu bildiyindən sonuncunun şəxsiyyət vəsiqəsini polis əməkdaşlarına təqdim etmiş, lakin həmin şəxsiyyət vəsiqəsinin ona məxsus olmadığı aşkar olunmuşdur. Həmçinin, polis əməkdaşları tərəfindən dindirilərkən etiraf edərək bildirmişdir ki, Aqşin Məmmədyarov onun icazəsi olmadığını və başqa birinin şəxsiyyət vəsiqəsi ilə keçmək istədiyini bilmişdir. Hal-hazırdaözünü törətdiyi əmələ görə təqsirli bilir və əməlindən səmimi peşmançılıq çəkir, ona daha yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. İşdə olan sənədlərdən, o cümlədən müvafiq raportdan görünür ki, X2 xx xxxxxx 2020-ci il tarixdə, saat 10:40 radələrində Bakı-Quba magistral yolunun 52-km.də, Xızı rayonu ərazisində yerləşən 1 saylı stasionar postdan müvafiq icazəsi olmadan keçməyə cəhd edərək, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərərgah tərəfindən müəyyən edilmiş xüsusi karantin rejimi qaydalarını pozmuşdur. İş materiallarında olan Ədliyyə Nazirliyinin İnformasiya sistemində olan məlumatlardan görünür ki, Şəxs himayəsində xx xxxxxxx 2013-cü il təvəllüdlü Səma adında 1 azyaşlı övladı vardır. İnzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda, hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 211.1-ci maddəsində nəzərə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması inzibati məsuliyyətə səbəb olan əməldir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxx 2020-ci il tarixli, 178 nömrəli “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərarının 1.2-ci bəndinə əsasən xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəzabərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinə və Abşeron rayonuna giriş-çıxış və ölkənin digər şəhər və rayonlarından yerustü və hava nəqliyyatı ilə sərnişin daşımaları dayandırılmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli, 255 nömrəli “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə” qərarının 1-ci bəndinə əsasən Koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2020ci il 31 avqust saat 00:00-dək uzadılmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin səmimi peşmançılıq çəkməsi və himayəsində 1 azyaşlı övladının olması onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, o cümlədən himayəsində 1 azyaşlı övladının olmasını, əməlindən səmimi peşmançılıq çəkməsini, eləcə də, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini, habelə məsuliyyətini ağırlaşdıran halların olmamasını və yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq, hesab edirəm ki, Şəxs barəsində İXM-nin 211.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan, cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Eyni zamanda qeyd edirəm ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 11:45-dən inzibati qaydada tutulmuş, daha sonra azad olunmamışdır. Hazırda, İXM-nin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə həbslə bağlı olmayan inzibati tənbeh tədbiri tətbiq edildiyindən Şəxs barəsində tutma da ləğv edilməli və o, qərar elan edildikdən dərhal sonra məhkəmə iclas zalında tutmadan azad edilməklə, onun barəsində tətbiq ediləcək inzibati cərimə cəzası bu inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox olmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, ona 300 (üç yüz) manat inzibati cərimə tətbiq edilsin. Şəxs barəsində tutma ləğv edilsin və o, qərar elan edildikdən dərhal sonra məhkəmə iclas zalında tutmadan azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Xızı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim: Bəylər Ələkbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar