Azərbaycan Respublikası adından QƏRAR Xızı rayonu İş № 3(068)-28/2024 17.07.2024 XIZI RAYON MƏHKƏMƏSİ X4 Hidayət oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, Protokol tərtib etmiş vəzifəli şəxs - Xızı rayon icra və probasiya şöbəsinin böyük icra məmuru X1, Zərərçəkmiş şəxs Həşimova (Osmanova) Cahanə Əlibaba qızının, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxxxx 1984-cü ildə Abşeron rayonu, Sitalçay kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi qaydada əmək fəailiyyəti ilə məşğul olan, Xızı şəhəri, mənzil 8-də qeydiyyatda olan və Xızı rayonu, Sitalçay hərbi hissəsi, ev 3, mənzil 8-də yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Xızı rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Tərtib edilmiş inzibati protokoldan və iş materiallarından görünür ki, Şəxs dəfələrlə rəsmi və şifahi xəbərdarlıq olunmasına baxmayaraq, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(060)-5861/2017 nömrəli icra sənədinə əsasən cəmi 1878 manat aliment borcunu Həşimova (Osmanova) Cahanə Əlibaba qızına ödəməkdən yayınır. Bu barədə Xızı rayon icra və probasiya şöbəsinin böyük icra məmuru X2 tərəfindən 17 iyul 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün Xızı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Xızı rayon icra və probasiya şöbəsinin böyük icra məmuru X2 tərtib etdiyi protokolun məzmununa uyğun, eyni məzmunlu izahat verərək bildirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(060)-5861/2017 nömrəli icra sənədi rayon icra və probasiya şöbəsinə daxil olduqdan sonra 10 iyul 2017-ci il tarixli qərarla icraata başlanılmış, borcluya icra sənədi üzrə tələbi könüllü icra etməsi üçün dəfələrlə rəsmi və şifahi xəbərdarlıq olunmasına baxmayaraq, yuxarıda qeyd olunan icra sənədi son illər üzrsüz səbəbdən tam icra edilməmiş və borclu aliment borcunu tam ödəməkdən yayınmışdır. Hazırkı vaxta sözügedən icra sənədi üzrə Şəxs 1878 manat məbləğində aliment borcu vardır, bu səbəbdən də, borclu barəsində məcburi gətirilmə tətbiq olunmuşdur. Odur ki, icra sənədi üzrə üzərinə düşən öhdəlik borclu tərəfindən lazımınca icra olunmadığına görə barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən inzibati protokol tərtib edilməklə müvafiq tədbir görülməsi üçün məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, aliment ödənişlərinin ödəməməyinin səbəbi ikinci dəfə ailə həyatı qurmağı və maddi çətinliklərinin olmağıdır. Belə ki, kirayədə yaşayır, fəhlə işləyir və çətinliklə iş tapır, bir gün iş olur, digəri gün işsiz qalır. İcra məmuruna yazdığı izahatda da, ödənişlərdən qaçmadığını, aliment ödənişlərinin vaxtı bitsə də bu onun öhdəliyindədir. Sadəcə olaraq hal-hazırda 1878 manatı ödəməyə imkanı yoxdur. Bundan sonra, çalışar ki, hər ay 100-150 manat ödəsin. Bundan əlavə sədrlik edənin suallarına cavab olaraq hal-hazırda işləmədiyini, sistemdə “Papirus” şirkətində menecer işləməyi qeyd olunsa da, bundan xəbəri olmadığını, öz adına heç bir əmlak, torpaq olmadığını, mərhum atası hərbiçi olduğundan, yaşadığı kənddə ona dövlət tərəfindən ev verildiyini, lakin evin heç bir sənədinin olmadığını, evin tək oğlu olduğunu, övladının böyrəyində kristallaşma getdiyini, ortancıl qızının isə gözü zəif gördüyünü, maddi durumu yetərli olmadığından dərmanlarını vaxtında ala bilmədiyini, evinə gündə 4-5 çörək aldığını, ancaq xeyir işlərdə spirtli içki qəbul etdiyini, lakin günə hər biri 2,4 manatdan 2-3 qutu siqaret alıb çəkdiyini, bəzən isə ən ucuz siqaret aldığını, yaşadığı yerdə çox insanla ünsiyyət qurmadığını, öz işləri ilə məşğul olduğunu, əvvəl uşaqla maraqlandığını, görüntülü danışdığını, sonradan isə atalığı icazə vermədiyindən uşaq onun danışmadığını və görüşmədiyini, hazırda aliment ödəmək vəzifəsindən boyun qaçırmadığını, lakin maddi imkanı olmadığından borcunu ödəyə bilmədiyini göstərmişdir. Barəsində hansı inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasında zərərçəkmiş şəxs Həşimova (Osmanova) Cahanə Əlibaba qızı izahatında göstərdi ki, uşaq hazırda 16 yaşındadır, Aviasiya Akademiyasına hazırlaşır. Hazırlıqları isə 320 manat pul tutur. O, isə İİİ qrup gözdən əlildir, imkanı yoxdur. Borclu hər ay 100 manat ödəyir, aliment isə 136 manatdır, guya deyirdi 150 manat ödəyəcək, lakin nə vaxt zəng edir deyir, imkanım yoxdur. Bundan əlavə sədrlik edənin suallarına cavab olaraq yenidən ailə qurduğunu, həmin nikahdan 2 övladının olmasını, işsiz olduğunu, ərinin isə usta işlədiyini, borclu uşağı görməyəcəyi halda aliment ödəməyəcəyini bildirdiyini göstərmişdir. Hazırda Şəxs şikayətçi olmaqla, barəsində qanunamüvafiq inzibati tənbeh tədbiri görülməsini xahiş edir. İşdə olan sənədlərin surətlərindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(060)-5861/2017 nömrəli icra sənədi icra olunması üçün Xızı rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş, həmin icra sənədi üzrə 10 iyul 2017-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və bu barədə borclu Şəxs tələbin könüllü icrası haqqında bildiriş ünvanlanmış, həmçinin xx.xx.2023-cü il tarixdə rəsmi xəbərdarlıq edilmiş, barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunmuşdur. Lakin Şəxs dəfələrlə rəsmi və şifahi xəbərdarlıq olunmasına baxmayaraq, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(060)-5861/2017 nömrəli icra vərəqəsinə əsasən cəmi 1878 manat aliment borcunu Həşimova (Osmanova) Cahanə Əlibaba qızına ödəməkdən yayınmışdır. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Belə ki, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinin 3 və 4-cü bəndlərinə görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 3.1 və 3.2-ci maddələrinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Həmin Qanunun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin dizpozisiyasında, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası qaydaları və şərtləri “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. İcra haqqında qanunvericilikdə məhkəmə və digər orqanların qərarlarının məcburi icrası vəzifəsi icra məmurunun üzərinə qoyulmuşdur və sonuncunun bununla əlaqədar tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə qətnaməsinin və ya digər məhkəmə qərarının icra edilməməsinin təhlükəliliyi ondan ibarətdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktları icra edilmədikdə pozulmuş hüquqların bərpası, dəymiş ziyanın ödənilməsi qeyri-mümkün olur və ədalət mühakiməsinin həyata keçirilməsi zamanı dövlət adından çıxarılmış qərarlar kağız üzərində qalır. Digər tərəfdən bu əməllə demokratik cəmiyyət və ədalət mühakiməsinin fundamental hüquqlarından biri olan ədalətli məhkəmə araşdırması hüququ real mahiyyət kəsb etməyən xəyali bir hüquqa çevrilir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası qaydaları və şərtləri “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. İcra haqqında qanunvericilikdə məhkəmə və digər orqanların qərarlarının məcburi icrası vəzifəsi icra məmurunun üzərinə qoyulmuşdur və sonuncunun bununla əlaqədar tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə qətnaməsinin və ya digər məhkəmə qərarının icra edilməməsinin təhlükəliliyi ondan ibarətdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarını icra edilmədikdə pozulmuş hüquqların bərpası, dəymiş ziyanın ödənilməsi qeyri-mümkün olur və ədalət mühakiməsinin həyata keçirilməsi zamanı dövlət adından çıxarılmış qərarlar kağız üzərində qalır. Borclu şəxs tərəfindən ödənilməli olan, ancaq ödənilməmiş aliment məbləği üzrə 1878 manat məbləğində borc yaranmışdır. Borclu tərəfindən aliment öhdəliyinin icra edilməməsi nəticəsində yaranmış aliment borcunun ödənilməməsi onun məhkəmə aktının icrasından yayınmanı real etməklə, məhkəmə aktı ilə bərpa edilən uşaqların hüquqlarının real deyil, xəyali bərpa edilməsi qənaətini qaçılmaz edir. Bu isə ədalətli məhkəmə araşdırılması hüququnu da xəyali etdiyindən, həmçinin aliment hesabına saxlanılan uşağın da mənafeyini də əhəmiyyətli dərəcədə pozmaqla onların yaşayışını təmin etməli olan valideyn tərəfindən övladının saxlanılması üçün zəruri olan ehtiyaclarının da tam təmin edilməsini mümkünsüz etməsini qaçılmaz etməklə məhdudlaşdırır. Belə ki, aliment uşağın saxlanılmasından ötrü bir valideyndən uşaq yanında saxlanılan şəxsə ödənilən pul vəsaitidir. Övladının saxlanılmasından yayınan şəxsin övladının saxlanılmasına görə məhkəmə aktı ilə bərpa edilən hüququn real təmin edilməsindən borclu şəxsin yayınması, aliment ödəməkdən imtina etməsi təyin edilən onun şəxsiyyətinə və xətanın xarakterinə uyğunluğunu istisna edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 30.1-ci maddəsinə əsasən inzibati həbs yalnız müstəsna hallarda tətbiq edilir. 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Bununla əlaqədar məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar olmadığından, aliment borcunun həddi nəzərə alınmaqla, barəsində inzibati həbs tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci və 110-111-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 10 (on) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Şəxs məhkəmə iclas zalından dərhal həbs edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 17 iyul 2024-cü il tarixdən saat 12:00-dan hesablansın. Şəxs qərarın icrası ilə bağlı olaraq, saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Xızı rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Xızı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən İlqar Cabbarov
Məhkəmə qərarları › İş №3(068)-28/2024
Xızı Rayon Məhkəməsi Qərar — İş №3(068)-28/2024
17.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver