Məhkəmə qərarları › İş №3(068)-29/2021

Xızı Rayon Məhkəməsi Qərar — İş №3(068)-29/2021

22.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xızı rayonu İş № 3(068)-29/2021 22.07.2021 XIZI RAYON MƏHKƏMƏSİ Xızı Rayon Məhkəməsinin hakimi vəzifəsini icra edən Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, inzibati protokolu tərtib edən şəxs - Xızı RPŞ-nin İTB-nin polis sahə rəisi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1985-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 535.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Xızı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim: Şəxs 21 iyul 2021-ci il tarixdə, saat 11:00 radələrində Xızı rayonu, Giləzi qəsəbəsi ərazisində arvadı Lamiyə Muxtarovanın ondan şikayəti əsasında həmin əraziyə gəlmiş, ictimai qaydanı mühafizə edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Bu barədə Xızı rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X3 tərəfindən 21 iyul 2021-ci il tarixli, MN saylı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Xızı Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati protokolu tərtib edən şəxs - Xızı RPŞ-nin İTB-nin polis sahə rəisi X3 tərtib etdiyi protokola uyğun izahat verərək, məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, 27 may 2021-ci il tarixdə X1 ilə rəsmi nikaha daxil olmaqla, Bakı şəhərində kirayə ev tutaraq yaşamışlar. 15 iyul 2021-ci il tarixdə arvadı Lamiyəni ondan əvvəlki ərindən olan oğlu Kamalı hərbi xidmətə yola salmaq üçün Xızı rayonunun Giləzi qəsəbəsində yaşayan valideynlərinin yanına aparmış, sonradan isə özü Bakı şəhərinə qayıtmışdır. Bundan 2 gün sonra, yəni 17 iyul 2021-ci il tarixdə Lamiyənin mobil telefonuna dəfələrlə zəng etsə də, telefon məşğul olmuş, daha sonra Lamiyə ona zəng vurduqda isə aralarında mübahisə yaranmışdır. Bundan sonra, 21 iyul 2021-ci il tarixdə, təxminən saat 11:00 radələrində arvadı Lamiyəni kirayə yaşadıqları evə qaytarmaq üçün sonuncunun valideynlərinin yaşadığı Xızı rayonu, Giləzi qəsəbəsinə gəlmişdir. Lakin, Lamiyənin valideynləri qızlarının onunla getməsinə icazə vermədiklərindən aralarında mübahisə düşmüş, o, qaynatasını fikrindən daşındırmaq üçün cibindən bıcaq çıxararaq onları qorxutmaqla, hədələmişdir. Bu səbəbdən də, arvadı Lamiyə DİN-in 102 xidmət mərkəzinə zəng edərək, ondan şikayət etmişdir. Bundan sonra, həmin əraziyə polis əməkdaşları gələrək, onu nizam-intizama dəvət etmiş, lakin o, əsəbi olduğundan polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamış və onlardan uzaqlaşaraq, əlində olan bıçaqla özünə xəsarətlər yetirmişdir. Daha sonra o, məcburi qaydada Xızı RPŞ-yə gətirilmiş və barəsində inzibati protokol tərtib olunmuşdur. Odur ki, əməlindən səmimi peşmançılıq hissi keçirir və bunun, habelə bir daha belə əmələ yol verməyəcəyinin nəzərə alınmasını xahiş edir. İşdə olan sənədlərdən, o cümlədən müvafiq raportdan görünür ki, Şəxs 21 iyul 2021ci il tarixdə, saat 11:00 radələrində Xızı rayonu, Giləzi qəsəbəsi ərazisində Lamiyə Muxtarovanın ondan şikayəti əsasında həmin əraziyə gəlmiş, ictimai qaydanı mühafizə edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. İnzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda, hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama inzibati məsuliyyətə səbəb olan əməldir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin səmimi peşmançılıq çəkməsi onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İnzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, o cümlədən polisin qanuni tələbinə tabe olmamasını, habelə məsuliyyətini yüngülləşdirən halın olmasını və ağırlaşdıran halın isə olmamasını nəzərə alaraq, Şəxs İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbehin yuxarı həddinin 1/3 birindən az olmamaqla, təyin edilməsini qanuni, legitim, əsaslı və ədalətli hesab edirəm. Belə ki, İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 89.4-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növünün tətbiqini nəzərdə tutan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 24 saatadək, bu Məcəllənin 157, 206, 227, 513, 517-1, 535 və 610-618-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər isə inzibati xəta haqqında işin mürəkkəbliyi və ya xəta törətmiş şəxslərin sayının çoxluğu işin araşdırılmasını gecikdirdiyi və ya başqa formada çətinlik yaratdığı hallarda, habelə şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə tibbi yoxlamaya göndərildiyi hallarda 48 saatadək müddətə inzibati qaydada tutula bilər. Həmin Məcəllənin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxildir. Eyni zamanda qeyd edirəm ki, Şəxs 21 iyul 2021-ci il tarixdə, saat 13:00 radələrində inzibati qaydada tutulması onun barəsində inzibati qaydada həbs növündə tənbeh tətbiq edilərkən nəzərə alınmalı və bu həmin müddətə daxil edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4, 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 10 (on) gün müddətində həbs təyin olunsun. Həbs etmənin əvvəli 21 iyul 2021-ci il tarixdən, saat 13:00-dan hesablansın. Şəxs qərarın icrası ilə bağlı olaraq, saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Xızı rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Xızı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Bəylər Ələkbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar