Məhkəmə qərarları › İş №3(068)-30/2020

Xızı Rayon Məhkəməsi Qərar — İş №3(068)-30/2020

07.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xızı rayonu İş № 3(068)-30/2020 07.08.2020 XIZI RAYON MƏHKƏMƏSİ Xızı Rayon Məhkəməsinin hakimi vəzifəsini icra edən Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Cəfərov Cəfər Məmməd oğlunun katibliyi, inzibati protokolu tərtib edən şəxs- Xızı RPŞ-nin İTB-nin polis sahə rəisi Məmmədov Əsəd Rövşən oğlunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxx 1987-ci il tarixdə Naxçıvan MR-nın Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-də müfəttiş işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 211.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Xızı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim: Şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 21:00 radələrində Quba istiqamətində Bakı- Quba magistral yolunun 52-km.də, Xızı rayonu ərazisində yerləşən 1 saylı stasionar postdan qanunsuz olaraq özü ilə bərabər başqa sərnişinləri də keçirməklə, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərərgah tərəfindən müəyyən edilmiş xüsusi karantin rejimi qaydalarını pozmuşdur. Bu barədə Xızı rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi Məmmədov Əsəd Rövşən oğlu tərəfindən xx xxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Xızı Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati protokolu tərtib edən şəxs - Xızı RPŞ-nin İTB-nin polis sahə rəisi Məmmədov Əsəd Rövşən oğlu tərtib etdiyi protokola uyğun izahat verərək, məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 211.1-ci maddəsi ilə tam təqsirli bilərək izahatında göstərdi ki, o, Bakı şəhərində yaşamaqla, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-də müfəttiş işləyir. O, xx xxxxxx 2020-ci il tarixdə saat 21:00 radələrində tanışı X1 məxsus olan «Kia Optima» markalı, **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə dostu Ramalı Qusar rayonu ərazisində yerləşən «Park Qusar» istirahət mərkəzində aşbaz kimi işə düzəltmək üçün getmişlər. Həmin vaxt karantin postunda yol nəqliyyat hadisəsi baş verdiyindən onların avtomobilini yoxlamadan buraxmışlar. Səhəri gün, yəni xx xxxxxx 2020-ci il tarixdə, saat 19-00 radələrində Bakı şəhərinə geri qayıdan zaman Bakı-Quba yolunun 52-ci km-də olan karantin postundan yük maşınları üçün nəzərdə tutulan yerdən keçmiş, post patrul xidmətinin əməkdaşı ona yaxınlaşıb sənədlərini istədikdə, keçmiş polis əməkdaşı olduğunu bildirmiş və keçib getmişdir. Bundan sonra, onlar saat 21:00 radələrində Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 706 saylı postda YPX əməkdaşları tərəfindən saxlanılmış və xüsusi karantin rejimi qaydalarını pozduqlarını bildirmişlər. Həmçinin, polis əməkdaşları tərəfindən dindirilərkən etiraf edərək, ölkə ərazisində hərəkətinə icazəsi olmadığını və digər sərnişinləri də qanunsuz olaraq postdan keçirməsini bildirmişdir. Hal-hazırda özünü törətdiyi əmələ görə təqsirli bilir və əməlindən səmimi peşmançılıq çəkir, ona daha yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. İşdə olan sənədlərdən, o cümlədən müvafiq raportdan görünür ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 21:00 radələrində Quba istiqamətində Bakı-Quba magistral yolunun 52-km.də, Xızı rayonu ərazisində yerləşən 1 saylı stasionar postdan qanunsuz olaraq özü ilə bərabər başqa sərnişinləri də keçirməklə, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərərgah tərəfindən müəyyən edilmiş xüsusi karantin rejimi qaydalarını pozmuşdur. İnzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda, hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 211.1-ci maddəsində nəzərə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması inzibati məsuliyyətə səbəb olan əməldir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxx 2020-ci il tarixli, 178 nömrəli “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərarının 1.2-ci bəndinə əsasən xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəzabərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinə və Abşeron rayonuna giriş-çıxış və ölkənin digər şəhər və rayonlarından yerustü və hava nəqliyyatı ilə sərnişin daşımaları dayandırılmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli, 255 nömrəli “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə” qərarının 1-ci bəndinə əsasən Koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2020ci il 31 avqust saat 00:00-dək uzadılmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin səmimi peşmançılıq çəkməsi onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İnzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, o cümlədən onun özü ilə bərabər başqa şəxslərində xüsusi karantin rejimi qaydalarını pozmasına şərait yaratmasını, həmçinin təqsirinin dərəcəsini, habelə onun məsuliyyətini yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, onun İXM-nin 211.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həbs növündə tənbeh edilməsini qanuni, əsaslı və ədalətli hesab edirəm. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxildir. Eyni zamanda qeyd edirəm ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 21:00 radələrində saxlanılmaqla, inzibati məsuliyyətə cəlb edilməsi üçün müvafiq icra hakimiyyəti orqanına aparılması, daha sonra azad olunmayaraq xx xxxxxx 2020-ci il tarixdə saat 04:00-dan inzibati qaydada tutulması onun barəsində inzibati qaydada həbs növündə tənbeh tətbiq edilərkən nəzərə alınmalı və bu həmin müddətə daxil edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 10 (on) gün müddətində həbs təyin olunsun. Şəxs məhkəmə iclas zalından həbsə alınsın və həbs etmənin əvvəli xx xxxxxx 2020ci il tarixdən saat 21:00-dan hesablansın. Şəxs qərarın icrası ilə bağlı olaraq, saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Xızı rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Xızı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim: Bəylər Ələkbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar