Məhkəmə qərarları › İş №3(068)-30/2022

Xızı Rayon Məhkəməsi Qərar — İş №3(068)-30/2022

01.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xızı rayonu İş № 3(068)-30/2022 01.06.2022 XIZI RAYON MƏHKƏMƏSİ X5 Ağamusa oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Hüquqi ünvanı Xızı rayonu, Baxışlı kəndi olan Şəxs MMC (VÖEN **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə müəyyən etdi: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş materiallarda göstərilmişdir ki, Şəxs MMC 31617 ABŞ dolları məbləğində olan pul vəsaitini 19 mart 2020-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş və ödənişin aparıldığı gündən 2 il müddət keçsə də, 31617 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən sənədlər banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Qeyd edilənlərlə bağlı Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən 22 aprel 2022-ci il tarixdə Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə inzibati xəta törətməsi barədə protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin nümayəndəsi X2 tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə hüquqlarını təmsil etdiyi MMC-ni İXM-nin 430.4-cü maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, həqiqətən 19 mart 2020-ci il tarixində "xxxx" ASC-dən 10 mart 2020-ci il tarixli müqaviləyə əsasən 31617 ABŞ dolları respublikadan kənara köçürülmüş və göndərilməli olan malın bir qismi Azərbaycan Respublikasının ərazisinə idxal olmuşdur. Odur ki, nümayəndə qalan malın da, respublikaya daxil olması üçün ona vaxt lazım olduğundan, onlara əlavə vaxt verilməsini xahiş etdi. İnzibati xəta haqqında protokolu tərtib edən şəxsə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin inzibati xəta haqqında protokolu tərtib edən şəxsin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verilməmişdir. Məhkəmə, İXM-nin 112.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolu tərtib edən şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İş materiallarını araşdıraraq belə nəticəyə gəlmək olar ki, Şəxs MMC İXM-nin 430.4cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs 31617 ABŞ dolları məbləğində olan pul vəsaitini 19 mart 2020-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, ödənişin aparıldığı gündən 2 il müddət keçsə də, 31617 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların (xidmətlərin) ölkəyə idxalını təsdiq edən sənədlər banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Həmçinin, məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin nümayəndəsi öz izahatında göndərilməli olan malın bir qisminin Azərbaycan Respublikasının ərazisinə daxil olması, həmçinin qalan malın da, respublikaya daxil olması üçün onlara vaxt lazım olmasını göstərsə də, ödənişin həyata keçirildiyi vaxtdan hazırkı vaxtadək xətanın obyekti olmuş valyutaya münasibətdə malların idxalına dair hər hansı bir mötəbər sənəd və ya sübut məhkəməyə təqdim etməmiş, təqdim olunmuş gömrük bəyannaməsi isə Şəxs MMC barəsində məhkəmənin icraatında olan digər inzibati xəta haqqında iş üzrə sübut kimi nəzərə alınmışdır. “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi X3 20 fevral 2020-ci il tarixli 06/1 nömrəli Qərarı ilə “Azərbaycan Respublikasnın rezident və qeyri – rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbənddə dəyişikliklər edilərək, müvafiq sənədlərin ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir kimi qeyd edilmişdir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 dekabr 2019-cu il tarixli qərarında göstərilmişdir ki, İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində göstərilən inzibati məsuliyyətin yaranması üçün əsas, vəsaitin xaricdə fəaliyyət göstərən hüquqi şəxsə köçürülməsi anı ilə deyil, bu ödənişin aparıldığı gündən Qaydaların 4.3.1.3-cü bəndində müəyyən edilmiş müddətdə malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsinin və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədin banka təqdim olunmaması ilə şərtləndirilmişdir. Bu halda avans ödənişi edildiyi gündən Qaydalarla müəyyən edilmiş müddət ərzində mallar (xidmətlər) idxal edilmədikdə və ya valyuta vəsaiti geri qaytarılmadıqda növbəti gün artıq inzibati xətanın törədildiyi gün kimi qəbul edilməlidir. Qüvvədə olan İXM-nin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Odur ki, Şəxs MMC İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə, inzibati xətanın xarakterini, inzibati xəta törədən hüquqi şəxsin təqsirinin dərəcəsini, onun törədilmə halını, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Şəxs MMC-yə İXM-nin 430.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldi: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, inzibati xətanın obyekti olmuş 31617 ABŞ dolları pul vəsaitinin 20 (iyirmi) faizi məbləğində, yəni 6323,4 (altı min üç yüz iyirmi üç dollar qırx sent) ABŞ dolları məbləğində ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Xızı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar