Məhkəmə qərarları › İş №3(068)-31/2021

Xızı Rayon Məhkəməsi Qərar — İş №3(068)-31/2021

07.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xızı rayonu İş № 3(068)-31/2021 07.12.2021 XIZI RAYON MƏHKƏMƏSİ Xızı Rayon Məhkəməsinin hakimi X3 oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Protokol tərtib etmiş vəzifəli şəxs, Xızı rayon icra və probasiya şöbəsinin rəisi X1 iştirakları ilə, xx xxxxx 1993-cü il tarixdə Xızı rayonu, Yeni- Yaşma kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Xızı rayonu, Yeni-Yaşma kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Xızı rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi: Xızı rayon icra və probasiya şöbəsinin rəisi X2 icra sənədi üzrə borclu Şəxs İXM-nin 529.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Xızı Rayon Məhkəməsinə təqdim etmişdir. Tərtib edilmiş inzibati protokoldan və iş materiallarından görünür ki, Şəxs dəfələrlə rəsmi və şifahi xəbərdarlıq olunmasına baxmayaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Binəqədi RPİ DYPŞ-nin inzibati tənbeh vermə haqqında 03 aprel 2020-ci il tarixli, MN seriyalı ******* nömrəli qərarını qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etmir. Bu barədə Xızı rayon icra və probasiya şöbəsinin rəisi X2 tərəfindən 11 avqust 2021ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün Xızı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati protokolu tərtib edən şəxs - Xızı rayon icra və probasiya şöbəsinin rəisi X2 tərtib etdiyi protokola uyğun izahat verərək, hazırda Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Binəqədi RPİ DYPŞ-nin inzibati tənbeh vermə haqqında 03 aprel 2020-ci il tarixli, MN seriyalı ******* nömrəli qərarını tam icra etdiyindən məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 529.1-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Binəqədi RPİ DYPŞ-nin inzibati tənbeh vermə haqqında 03 aprel 2020-ci il tarixli, MN seriyalı ******* nömrəli qərarına əsasən 100 manat məbləğində inzibati cərimə edilmişdir. Bir müddət işsiz olduğundan inzibati cəriməni ödəyə bilməmişdir. Bundan sonra, barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün Xızı Rayon Məhkəməsinə göndərilməsini bildiyindən həmin cəriməni tam olaraq ödəmiş, sadəcə olaraq üzrlü səbəblərdən, yəni gəmidə işlədiyindən məhkəmə proseslərinə gələ bilməmişdir. Ona görə də onun barəsində İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 15 sentyabr 2021-ci il tarixli qəbzdən görünür ki, Şəxs MN seriyalı ******* nömrəli inzibati protokol üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Binəqədi RPİ DYPŞ-nin inzibati tənbeh vermə haqqında 03 aprel 2020-ci il tarixli, MN seriyalı ******* nömrəli qərarına əsasən barəsində təyin edilmiş 100 manat məbləğində cəriməni tam ödəmişdir. Göründüyü kimi hazırda Şəxs əməlində inzibati xəta tərkibinin əlamətləri mövcud deyildir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Bu Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Binəqədi RPİ DYPŞ-nin inzibati tənbeh vermə haqqında 03 aprel 2020-ci il tarixli, MN seriyalı ******* nömrəli qərarının icrası Şəxs tərəfindən tam təmin edildiyindən və bununla da, onun əməlində inzibati xəta tərkibi yaranmadığından Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xəta Məcəlləsinin 53.0.2, 529.1-ci maddəsini rəhbər tutaraq, hakim qərara aldı: Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Xızı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar