Məhkəmə qərarları › İş №3(068)-31/2024

Xızı Rayon Məhkəməsi Qərar — İş №3(068)-31/2024

29.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xızı rayonu İş № 3(068)-31/2024 29.08.2024 XIZI RAYON MƏHKƏMƏSİ X13 Hidayət oğlunun sədrliyi, İsayeva Kəmalə Zakir qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin vəkili Vəkil iştirakı ilə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Abşeron-Xızı regional şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, müəyyən etdi: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materiallardan görünür ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci və 49-cu maddələrinin tələbləri pozularaq X7 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən "xxxx" MMC-də iş və xidmətlərin yerinə yetirilməsinə cəlb olunmuşdur. Qeyd edilənlərlə bağlı Azərbaycan Respublikası ƏƏSMN yanında X9 Xidmətinin Abşeron-Xızı regional şöbəsi tərəfindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi "xxxx" MMC barəsində 27 iyul 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün Xızı Rayon Məhkəməsinə təqdim etmişdir. İnzibati xəta haqqında protokolu tərtib edən şəxsə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin həmin şəxsin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verilməmişdir. Məhkəmə, İXM-nin 112.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolu tərtib edən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin vəkili Vəkil hazırda inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası ƏƏSMN yanında X9 Xidmətinin Abşeron- Xızı regional şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Abşeron-Xızı regional şöbəsinin əmək müfəttişi Nümayəndə1 tərəfindən tərtib edilmiş 27 iyul 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci və 49-cu maddələrinin tələbləri pozularaq X7 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən "xxxx" MMC-də iş və xidmətlərin yerinə yetirilməsinə cəlb olunmuşdur. 3X6TOA9000400 nömrəli əmək müqaviləsi bildirişindən və əmrin surətindən görünür ki, X7 xx.xx.2023-cü il tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində sürücü vəzifəsinə qəbul edilmiş, onunla xx.xx.2023-cü il tarixdə müddətsiz əmək müqaviləsi bağlanılmış və həmin müqavilə xx.xx.2023-cü il tarixdə sistemə daxil edilmişdir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru tərəfindən təsdiq edilmiş 2023-cü ilin avqust ayı üzrə iş vaxtının uçotu tabelindən görünür ki, X3 xx.xx.2023-cü il tarixdən iş günləri qeyd edilmişdir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində kadrlar üzrə mütəxəssis vəzifəsində işləyən X4 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Abşeron-Xızı regional şöbəsinə verdiyi izahatında qeyd etmişdir ki, X3 əmək müqaviləsinin sistemə gec, yəni xx.xx.2023-cü il tarixdə daxil edilməsi internetin zəif işləməsi, idarə daxilində şəbəkənin olmaması ilə bağlı olmuşdur. xx.xx.2024-cü il tarixli, 11-1/3-1-73/2024 nömrəli əmrin surətindən görünür ki, X7 ilə bağlanmış 3X6TOA9000400 nömrəli əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Abşeron-Xızı regional şöbəsinə ünvanladığı məktubdan görünür ki, X7 ilə xx.xx.2023-cü il tarixdə əmək müqaviləsi bağlanaraq sürücü peşəsinə qəbul edilmiş və əmək müqaviləsi üzrə 438 manat məbləğində əmək haqqı müəyyən edilmişdir. Əmək fəaliyyətinə başladığı müddətdən hər ay olmaqla qanunla müəyyən edilmiş qaydada X5 əmək haqqısı ödənilmişdir. Lakin ona təhkim olunmuş Mitsubishi L-200 markalı, ** AA *** dövlət qeydiyyat nişanlı minik avtomobilində texniki nasazlıq baş verdiyində təmirə saxlanılmış və nəticədə sürücü X3 boş dəyanmada qalacağını nəzərə alaraq, ona başqa nəqliyyat vasitəsini idarə etməsi təklif olunmuşdur. Sürücü ona edilmiş təklifi qəbul etməmiş və həmin gündən, yəni xx.xx.2024-cü ildən başlayaraq işə gəlməmişdir. X1 işə çıxması barədə məlumat verilsə də, o isə gəlməmiş və xx.xx.2024-cü il tarixdə işə gələrək öz xahişi ilə işdən azad edilməsi barədə ərizə təqdim etmişdir. X2 işə olmadığı günlərə görə (14-22.05 2024) üzrlü olması barədə sənəd istənilsə də, o təqdim edə bilməyəcəyini və öz xahişi ilə işdən çıxarılmasını xahiş etmişdir. Qüvvədə olan Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq X7 ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndinə ilə xitam verilməsi barədə Həmkarlar İttifaqı Komitəsinə 29.05. 2024-cü il tarixli, 11-1/2-xx-xx/2024 nömrəli məktubla müraciət edilmiş və HİK-nin xx.xx.2024-cü il tarixli, 02 nömrəli iclas protokolunda X3 14-xx.xx.2024cü il tarixlərdə işdə olmamasına hər-hansı üzrlü səbəb təqdim etməməsini nəzərə alınaraq, öz xahişi ilə işdən çıxarılmasını məqsədəuyğun hesab edilmişdir. Qeyd olunanlan nəzərə alaraq xx.xx.2024-cü il tarixli, 11-1/3-1-73/2024 nömrəli əmrlə X7 ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsin “a” bəndilə xitam verilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Abşeron-Xızı regional şöbəsi tərəfindən 22 iyul 2024-cü il tarixdə tərtib edilmiş MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolun və MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X10 Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərini pozaraq X6 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən "xxxx" MMC-də iş və xidmətlərin yerinə yetirilməsinə cəlb etməkdə, yəni Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, onun barəsində 3000 (üç min) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, X7 xx.xx.2023-cü il tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində sürücü vəzifəsinə qəbul edilmiş, onunla xx.xx.2023-cü il tarixdə müddətsiz əmək müqaviləsi bağlanılmış və həmin müqavilə xx.xx.2023-cü il tarixdə sistemə daxil edilmişdir. Bununla da, hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti işçini əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etməklə Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi öz təsdiqini tapmışdır. Lakin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri sübuta yetirilsə də, inzibati tənbeh tətbiq etmə müddəti keçdiyinə görə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından məlum olduğu kimi X7 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək müəyyən işlərin yerinə yetirilməsinə cəlb edilmişdir ki, qeyd olunan hal inzibati xəta hadisəsinin 16 avqust 2023cü il tarixdə baş verməsinə dəlalət edir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Abşeron-Xızı regional şöbəsi tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində əmək hüquqları əleyhinə olan Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə inzibati xəta haqqında protokol isə 22 iyul 2024-cü il tarixdə tərtib olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, əmək qanunvericiliyinə görə, əmək münasibətləri – əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir; əmək müqaviləsi (kontraktı) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir; əmək müqaviləsi bildirişi – bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəddir. Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş işçilərlə ilk dəfə əmək müqaviləsinin bağlanması elektron informasiya sistemində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən elektron qaydada təqdim olunan məlumatlar əsasında qeydiyyata alınır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 7-ci maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən işçilərin əmək hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatlarının minimum səviyyəsi bu Məcəllənin 1-ci maddəsində göstərilən normativ hüquqi aktlarla müəyyən edilmiş hüquq normaları ilə təmin edilir; bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır; siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranır; 44-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi yazılı formada bağlanır; 44-cü maddəsinin 3-cü hissəsinə əsasən əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır; 49-cu maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş şəxslərlə ilk dəfə bağlanmış əmək müqaviləsi həmin Qanunla müəyyən olunmuş qaydada dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış və nizamnamə cəmiyyətin elektron kabinetinə göndərildiyi andan hüquqi qüvvəyə minir. Elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumat göndərilir. Bu maddənin 1-2-ci hissəsi ilə müəyyən olunmuş hallarda elektron informasiya sisteminə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) elektron qaydada məlumat göndərilir. Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, o, tərəflərin imzaladığı gündən hüquqi qüvvəyə minir. Həmin əmək müqaviləsinin hər hansı dövlət orqanında və ya digər qurumlarda qeydiyyata alınması, təsdiq edilməsi yolverilməzdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 38.1-ci maddəsinə əsasən, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. 53.1.6-cı maddəsinə əsasən, bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən X7 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməklə əmək hüquqlarının pozulmasını, inzibati xəta haqqında protokolun 22 iyul 2024cü il tarixdə tərtib olunduğunu, inzibati xəta hadisəsinin baş verdiyi tarixdən inzibati məsuliyyətə cəlb etmə üçün nəzərdə tutulmuş bir illik müddətin 16 avqust 2024-cü il tarixdə bitdiyini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, hüquqi şəxs Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası ƏƏSMN yanında X9 Xidmətinin Abşeron-Xızı regional şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 38, 40, 43, 48-51, 53, 110, 114-117, 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Hüquqi şəxs Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası ƏƏSMN yanında X9 Xidmətinin Abşeron-Xızı regional şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Xızı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayəti verilə bilər. Sədrlik edən: İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar