Məhkəmə qərarları › İş №3(068)-32/2022

Xızı Rayon Məhkəməsi Qərar — İş №3(068)-32/2022

03.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xızı rayonu İş № 3(068)-32/2022 03.06.2022 XIZI RAYON MƏHKƏMƏSİ X7 Ağamusa oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, inzibati protokolu tərtib edən şəxs- Xızı RPŞ-nin İTB-nin polis sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçi - Xırdalan şəhər Vəkil bürosunun vəkili Vəkil iştirakları ilə, 21 avqust 1976-cı il tarixdə Xızı rayonu, Şuraabad qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Xızı rayonu, Şorabad qəsəbəsində qeydiyyatda olmaqla, yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 510 və 535.1-ci maddələrində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Xızı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi: Şəxs 02 iyun 2022-ci il tarixdə, saat 22:30 radələrində Xızı rayonu, Şorabad qəsəbəsi ərazisində ictimai qaydanı mühafizə edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamış və ictimai qaydanı pozmuşdur. Bu barədə Xızı rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X2 tərəfindən 03 iyun 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Xızı Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati protokolu tərtib edən şəxs - Xızı RPŞ-nin İTB-nin polis sahə rəisi X2 tərtib etdiyi protokola uyğun izahat verərək, məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilərək izahatında göstərdi ki, ailəsi ilə birlikdə Xızı rayonu, Şorabad qəsəbəsində yaşayır. 02 iyun 2022-ci il tarixdə, gecə saat 22:30 radələrində yaşadığı qəsəbədə küçə ilə gedərkən polis əməkdaşlarını görmüş və qaçmağa bağlamışdır. Belə ki, təxminən bir neçə ay əvvəl də, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda heroin narkotik vasitəsi əldə edib üzərində daşıyarkən Xızı rayon Polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılmış və hazırda barəsində olan həmin cinayət işi Xızı Rayon Məhkəməsinin icraatındadır. Polis əməkdaşlarından qaçarkən ayağı büdrəyərək yıxılmış və sağ qolundan xəsarət almışdır. Buna görə də, əsəbiləşmiş və onu Polis şöbəsinə dəvət edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Bundan sonra, polis əməkdaşları onu xidməti avtomobillərinə əyləşdirərək Xızı RPŞ-yə gətirmiş və barəsində inzibati protokol tərtib olunmuşdur. Hazırda əməlindən səmimi peşmançılıq hissi keçirir və bir daha belə əmələ yol verməyəcəyinin nəzərə alınmasını xahiş edir. Həmçinin, törətdiyi əməli məqsədyönlü şəkildə etmədiyindən və etdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin nəzərə alınaraq, barəsində həbslə bağlı olmayan inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən müdafiəçisi Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin mövqeyini müdafiə edərək, Şəxs barəsində həbslə bağlı olmayan inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən şahid, Xızı rayon Polis Şöbəsinin PPX taqımının polis nəfəri X4 izahatında göstərdi ki, 02 iyun 2022-ci il tarixdə, saat 22:30 radələrində PPX taqımının polis nəfəri X5 ilə birlikdə Xızı rayonu, Şorabad qəsəbəsi ərazisində xidmətdə olarkən şəxsiyyəti sonradan onlara məlum olan, qəsəbə sakini Şəxs özünü şübhəli aparmasını görüb, onu saxlayaraq özlərini təqdim etmək istəmişlər. Lakin, Şəxs onları görən kimi qaçmağa başlamış və ayağı büdrəyərək yıxılmışdır. Bundan sonra, Şəxs tərəflərindən saxlanılmış və birlikdə Polis Şöbəsinə getməyi təklif etmişlər. Şəxs isə onların qanuni tələbinə qəsdən tabe olmamış və ictimai qaydanı pozmuşdur. Daha sonra, Şəxs Xızı rayon Polis Şöbəsinə gətirilmiş və bu barədə raportla rəhbərliyə məruzə edilmişdir. Məhkəmə iclasında iştirak edən digər şahid Xızı rayon Polis Şöbəsinin PPX taqımının polis nəfəri X5 şahid Arzu Alızadənin izahatına uyğun, eyni məzmunlu izahat verərək sonuncunun izahatını bir daha təsdiqləmişdir. İşdə olan sənədlərdən, o cümlədən müvafiq raportlardan görünür ki, Şəxs 02 iyun 2022-ci il tarixdə, saat 22:30 radələrində Xızı rayonu, Şorabad qəsəbəsi ərazisində ictimai qaydanı mühafizə edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamış və ictimai qaydanı pozmuşdur. Məhkəmə, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidlərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, daha ciddi xətaya görə, yəni İXM-nin 535.1-ci maddəsi ilə müəyyən edilmiş sanksiya çərçivəsində barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin səmimi peşmançılıq çəkməsi onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə də, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, o cümlədən əməlindən səmimi peşmançılıq çəkməsini, eləcə də, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini, o cümlədən onun məsuliyyətini yüngülləşdirən halın olmasını və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, hesab edir ki, Şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində, yəni Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsi məqsədəmüvafiqdir. Eyni zamanda, məhkəmə qeyd edir ki, Şəxs 02 iyun 2022-ci il tarixdə, saat 23:15dən inzibati qaydada tutulmuş, daha sonra azad olunmamışdır. Hazırda, İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə həbslə bağlı olmayan inzibati tənbeh tədbiri tətbiq edildiyindən Şəxs barəsində tutma da ləğv edilməli və o, qərar elan edildikdən dərhal sonra məhkəmə iclas zalında tutmadan azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3, 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs barəsində tutma ləğv edilsin və o, qərar elan edildikdən dərhal sonra məhkəmə iclas zalında tutmadan azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Xızı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar