Məhkəmə qərarları › İş №3(068)-36/2025

Xızı Rayon Məhkəməsi Qərar — İş №3(068)-36/2025

11.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xızı rayonu İş № 3(068)-36/2025 11.03.2025 XIZI RAYON MƏHKƏMƏSİ X23 Hidayət oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs Nurettin Bicerin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından Nurettin Bicer tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Nurettin Bicer şikayətlə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, "X26 Sanayı ve X22"nin Azərbaycan Respublikası nümayəndəliyində əmək müqaviləsinə əsasən Fotoqrammetrist vəzifəsində işləyən Nurettin Bicer barəsində Əmək və Əhalınin Sosial Müdafiəsi Nazırliyi yanında X18 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən 12 fevral 2025-ci il tarıxlı, MN ******* saylı inzıbatı tənbeh vermə haqqında qərar qəbul edilərək o, İXM-nin 192.1-ci maddəsində əks olunan əməli törətməkdə təqsirli bilinərək, 3500 manat cərimə olunmuşdur. Qərara əsasən Nurettin Bicer “X26 Sanayi ve Ticaret Anonim Şirketi"nin Azərbaycan Respublikasındakı nümayəndəliyində vəzifəli şəxs olaraq X21, X17, X10 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb etmişdir. Hesab edir ki, həmin qərar qanunsuz və əsassızdır. Belə ki, X21 ilə xx.xx.2024-cü ildə əmək müqaviləsi bağlanmış, 24.12 2024cü il tarıxdə əmək müqaviləsinə xitam verilmişdir. Ondan sonrakı müddət ərzində işçının əməyindən istifadə edilməmişdir. X17 ilə xx.xx.2024-cü ildə əmək müqaviləsi bağlanmış, xx.xx.2025-ci il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. Ondan sonrakı müddət ərzində işçının əməyindən istifadə edilməmişdir. X19 ilə xx.xx.2023-cü ildə əmək müqavıləsi bağlanmış, xx.xx.2025-ci il tarıxdə əmək müqaviləsinə xitam verilmişdir. Ondan sonrakı müddət ərzində işçının əməyindən istifadə edilməmişdir. Bundan əlavə X18 Xidmətinin Bakı şəhər İdarəsi, nə Daxili İşlər Nazirliyindən əldə etdiyi məlumatları təqdim etməmiş, halbuki ınzibati xəta haqqında 30 yanvar 2025-ci il tarixli, MN ******* nömrəli protokolda buna istınad olunur, nə də işin hallarına düzgün qiymət vermədən, iş üzrə zəruri əhəmiyyət kəsb edən halları araşdırmadan (məsələn işçilərin izahatlarının alınması, şahid ifadələrinin alınmasını təmin etmədən) inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Nurettin Bicerin təqsirli bilinməsi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən törədilməsi sübutların məcmusu ilə müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalı idi. Bundan əlavə qərarın qəbul edilməsində prosessual pozuntulara yol verilmişdir. Belə ki, inzibati qərarda vəzifəli şəxsin vəzifəsi olaraq “rəis vəzifəsini müvəqqəti icra edən” qeyd edilmişdir. Rəis vəzifəsinin müvəqqəti icra edilməsi həmin vəzifənin struktur daxilində müvəqqəti olaraq kim tərəfindən idarə olunması halını, vəziyyətini göstərir. Yəni, qanunverici qərarı tərtib edən vəzifəli şəxsin vəzifəsini tələb edirsə bu onun əmək müqaviləsi üzrə, təsnifat kodu üzrə hansı vəzifəyə sahib olmasını nəzərdə tutur. Həmçinin qeyd edir ki, İXM-nin tələbinə görə inzibati xəta haqqında elektron protokol tərtib olunur, fiziki və vəzifəli şəxslər (hüquqi şəxs barəsində elektron protokol tərtib edilmədiyi halda) barəsində isə inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq səlahiyyətli əməkdaşının gücləndirilmiş elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin protokol və ya qərar real vaxt relimində elektron qaydada məlumatlar əlavə edilməklə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasıya sıstemınə göndərilir. Lakin nə protokol, nə də qərar elektron formada tərtib olunmamış, elektron imza ilə təsdiqlənməmişdir. Məhkəmə iclasında iştirak edən inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs Nurettin Bicerin nümayəndəsi, Vəkil şikayəti müdafiə edərək, onun dəlillərinə uyğun qaydada izahat verərək, göstərdi ki, qeyd edilən hallar təcrübədə tez-tez rastlaşılır. Belə ki, bu pozuntularla bağlı Bakı Apellyasiya Məhkəməsinin X9 məktubu da vardır. Sumqayıt Apellyasiya Məhkəməsində də bir təcrübə formalaşmışdır. Məsələ ondan qaynaqlanır ki, bu günki gündə işğaldan azad olunmuş ərazilərə icazə alınmasını tənzimləyən hər hansı bir norma yoxdur. Sadəcə qaydalar var, o qaydalara əsasən şirkət "xxxx" ASC-yə müraciət edir. Belə ki, həmin ASC tikintinin sifarişçisidir və “X26 Sanayi ve Ticaret Anonim Şirketi" həm də işğaldan azad olunmuş ərazilərdə yol inşası ilə məşğuldur. Ordan icazə alınır, onlara daxili mail vasitəsilə siyahı və 4-5 rəqəmli kod verilir, bu siyahıda olanlar polis postuna çatanda bu kodu deyib, şəxsiyyət vəsiqələrini təqdim edirlər. Bundan sonra işçi ilə əmək müqaviləsi bağlanır, işçi işdən çıxdıqdan sonra da həmin müqavilələrin ləğvi ilə bağlı müraciət olunur və təcrübədən görünür ki, bu prosedur gecikir və bir qədər zaman keçir. Hazırda X18nin yanaşması odur ki, portal icazəsi qüvvədə qalıbsa həmin işçilər hansısa bir işə cəlb olunublar. Hazırki gündə isə portal yoxdur, baxmayaraq ki, X18 DİN-nin portalına istinad edir, amma inzibati xəta haqqında materialların heç birində o çıxarışı təqdim etməmişlər. Bu məsələdə 3 nəfər əməkdaşdan ikisi Xızı rayonun Sitalçay kəndindəki layihə görə işə götürülmüş, 1 nəfər isə əmək müqaviləsi başa çatdığından xitam verilmişdir və xitam veriləndən sonra portalın ləğvi müəyyən bir vaxt aparır. Həmin işçilər ərazini tərk etmiş, hansısa işlərin görülməsinə cəlb edilməmişlər. X18 isə bunu əmək müqaviləsi olmadan işləmə kimi qəbul etmişdir. Odur ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş edir. İnzibat tənbeh vermə haqqında qərarından şikayət verilmiş orqan məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılsa da, iclasda nümayəndəsinin iştirakını təmin etməmiş və hansı səbəbdən təmin etmədiyi barədə məlumat verməmişdir. Məhkəmə proses iştirakçısını dinləyərək, şikayəti və ona əlavə edilmiş sənədləri iş materiallarında olan sənədlərlə əlaqəli surətdə araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli və Nurettin Bicer barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar əsassız olduğundan ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemi üzərindən əldə olunmuş məlumatlar əsasında işğaldan azad edilmiş ərazilərə iş icazəsi alınmış X21 xx.xx.2024-cü il tarixdən, X17 xx.xx.2025-ci il tarixdən, X19 isə xx.xx.2025-ci il tarixdən hal-hazırki tarixədək Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqavilələri hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdirlər. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X21 xx.xx.2024-cü il tarixdən, X17 xx.xx.2025-ci il tarixdən, X19 isə xx.xx.2025-ci il tarixdən hal-hazırki tarixədək Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqavilələri hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiklərinə görə Nurettin Bicer Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 3500 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. İş materiallarında olan 21 sentyabr 2021-ci il tarixli əmək müqaviləsindən görünür ki, Nurettin Bicer ilə “X26 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin direktoru Barıs Altıparmak arasında 3 il 11 ay 20 gün müddətinə, yəni xx.xx.2025-ci il tarixinədək əmək müqaviləsi bağlanmış və X20-1 İstehsalat Müəssisəsinin qurulması layihəsində fotoqrammetrist vəzifəsinə işə götürülmüşdür. İş materiallarında olan 13 iyun 2024-cü il tarixli əmək müqaviləsindən görünür ki, X17 ilə “X26 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin direktoru Barıs Altıparmak arasında əmək müqaviləsi bağlanmış və X2- Laçın avtomobil yolunun 0-37,7 km hissəsinin tikintisində sürücü kimi işə götürülmüşdür. İş materiallarında olan 30 oktyabr 2024-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, həmin tarixdə X17 ilə əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinə əsasən xitam verilmişdir. İş materiallarında olan 02 dekabr 2024-cü il tarixli əmək müqaviləsindən görünür ki, X17 ilə “X26 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin fotoqrammetristi Nurettin Bicer arasında əmək müqaviləsi bağlanmış və X3-1 İstehsalat Müəssisəsinin qurulması layihəsində sürücü kimi işə götürülmüşdür. İş materiallarında olan 24 yanvar 2025-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, həmin tarixdə X17 ilə əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinə əsasən xitam verilmişdir. İş materiallarında olan 24 aprel 2024-cü il tarixli əmək müqaviləsindən görünür ki, X21 ilə “X26 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin mühəndis-inşaatçısı Teoman Uludağ arasında 1 ay 1 gün müddətinə, yəni xx.xx.2024-cü il tarixinədək əmək müqaviləsi bağlanmış və X4-Laçın avtomobil yolunun 0-37,7 km hissəsinin tikintisində fəhlə kimi işə götürülmüşdür. İş materiallarında olan 24 aprel 2024-cü il tarixli əmək müqaviləsindən görünür ki, X21 ilə “X26 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin fotoqrammetristi Nurettin Bicer arasında əmək müqaviləsi bağlanmış və X5-1 İstehsalat Müəssisəsinin qurulması layihəsində fəhlə kimi işə götürülmüşdür. İş materiallarında olan 24 dekabr 2024-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, həmin tarixdə X21 ilə əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinə əsasən xitam verilmişdir. İş materiallarında olan 17 mart 2023-cü il tarixli əmək müqaviləsindən görünür ki, X19 ilə “X26 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin direktoru Barıs Altıparmak arasında 1 ay 1 gün müddətinə, yəni xx.xx.2023-cü il tarixinədək əmək müqaviləsi bağlanmış və X1-Füzuli-Şuşa 61-101,5 km/Çanaqçı-Şuşa 0-14 km avtomobil yolunun tikinti layihəsində nəqliyyat yönləndiricisi kimi işə götürülmüşdür. İş materiallarında olan 11 dekabr 2023-cü il tarixli əmək müqaviləsindən görünür ki, X19 ilə “X26 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin mühəndis-inşaatçısı Mustafa Öztürk arasında əmək müqaviləsi bağlanmış və X1-Füzuli-Şuşa 61-101,5 km/Çanaqçı-Şuşa 0-14 km avtomobil yolunun tikinti layihəsində nəqliyyat yönləndiricisi kimi işə götürülmüşdür. İş materiallarında olan 06 yanvar 2025-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, həmin tarixdə X19 ilə əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinə əsasən xitam verilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 3(006)-783/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, “X26 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı nümayəndəliyi barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin Bakı şəhər idarəsinə geri qaytarılması qərara alınmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 3-cü maddəsinin: 4-1-ci bəndinə əsasən əmək münasibətləri - əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir; 5-ci bəndinə əsasən əmək müqaviləsi (kontraktı) - işəgötürənlə işçi arasında fərdi qaydada bu Məcəllə ilə müəyyən edilmiş formada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir; 7-ci maddəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri əmək müqaviləsi elektron informasiya sistemində elektron sənəd formasında bağlandıqda yaranır; 49-cu maddəsinin: 1-ci hissəsinə əsasən bu maddənin 2-ci və 3-cü hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsi və ya ona dəyişiklik tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalandıqda, son imzalanma tarixindən əmək müqaviləsi bağlanılmış və ya ona dəyişiklik edilmiş hesab olunur və hüquqi qüvvəyə minir; 5-ci hissəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinə xitam verilməsi bu barədə əmrin (sərəncamın, qərarın) işəgötürən tərəfindən elektron informasiya sisteminə daxil edilərək gücləndirilmiş elektron imza ilə imzalandığı tarixdən hüquqi qüvvəyə minir; 312-ci maddəsinə əsasən əmək qanunvericiliyini pozan işçi, işəgötürən və digər fiziki şəxslər İXM-də nəzərdə tutulmuş hallarda müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Qanunvericiliyin tələbindən göründüyü kimi işçi ilə işəgötürən arasında əmək münasibətləri yaranmalı və onlar arasında bu münasibətin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini müəyyən edən əmək müqaviləsi bağlanmalıdır. Məhz əmək müqaviləsi elektron informasiya sistemində elektron sənəd formasında bağlandıqda tərəflər arasında əmək münasibətləri yaranır. Əmək qanunvericiliyinə uyğun olaraq əmək müqaviləsi gücləndirilmiş elektron imza ilə imzalandıqda, son imzalanma tarixindən əmək müqaviləsi bağlanılmış hesab olunur və hüquqi qüvvəyə minir. Həmçinin, əmək müqaviləsinə xitam verilməsi barədə əmr işəgötürən tərəfindən elektron informasiya sisteminə daxil edilərək gücləndirilmiş elektron imza ilə imzalandığı tarixdən hüquqi qüvvəyə minir və bununla da tərəflər arasında əmək münasibətləri başa çatmış olur. Qanunvericiliyin bu tələbləri Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsində nəzərdə tutulmuş əmək hüquqlarının etibarlı təminatını müəyyən edir, əmək müqaviləsi rəsmi qeydiyyata alınmadan işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsini qadağan edir. Bu tələblərin pozulması isə müvafiq olaraq inzibati məsuliyyətə səbəb olur. Məhkəmə ilk növbədə qeyd edir ki, hər hansı şəxsin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsində təqsirli bilinməsi üçün işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunmuş şəxslər onu bu cür işə (xidmətə) cəlb etmiş şəxs arasında olan münasibətin məhz əmək hüquq münasibəti olması zəruridir. Çünki, əmək müqaviləsi məhz əmək hüquq münasibətləri üçün tələb olunur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən isə işlə bağlı bütün faktiki halları tam və hərtərəfli qaydada öyrənmək üçün lazımi tədbirlər görülməmiş, protokolda adları qeyd olunan vətəndaşların izahatları alınaraq zəruri araşdırma aparılmamış, bu şəxslərlə Nurettin Bicerin arasında protokol tərtib edilərkən hər hansı bir əmək münasibətlərinin olub-olmaması dəqiqləşdirilməmiş, bununla da inzibati xəta haqqında iş üzrə icraat aparan orqan işin faktiki hallarına düzgün qiymət verməmişdir. Belə ki, inzibati xəta haqqında iş üzrə icraat aparan orqan protokolda və qərarda Nurettin Bicer tərəfindən X11 xx.xx.2024-cü il tarixdən, X6 xx.xx.2025-ci il tarixdən, X7 isə xx.xx.2025-ci il tarixdən inzibati xəta haqqında protokol tərtib edildiyi tarixinədək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işğaldan azad edilmiş ərazilərdə iş və xidmətlərin görülməsinə cəlb etməsini adları qeyd olunan işçilərin informasiya sistemində olan məlumatda işğaldan azad edilmiş ərazilərə giriş icazələrinin olmasına və həmin vaxtda aralarında əmək müqaviləsinin olmamasına əsaslanmışdır. Lakin qeyd edilməlidir ki, bu hal özü-özlüyündə İXM-in 192.1-ci maddəsi ilə məsuliyyətə səbəb olmur. Çünki, şəxsin işğaldan azad olunmuş yerlərə aktiv giriş icazəsinin olması onun hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi mənasına gəlmək üçün əsas ola bilməz. Yəni, İXM-in 192.1-ci maddəsinin tərkibinin yaranması üçün fiziki şəxslər əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməlidir ki, bu hal isə hazırda Nurettin Bicerin hərəkətlərində mövcud deyildir. Belə ki, adları qeyd olunan işçilər ilk öncə Nurettin Bicer ilə deyil, “X26 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin direktoru və digər vəzifəli şəxsi ilə əmək müqavilələri bağlayaraq, “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemində qeydiyyatdan keçərək həmin ərazilərdə görülən işlərə cəlb olunmuş, bundan sonra həmin müqavilələrə dəyişiklik edilərək adları qeyd olunan işçilərdən yalnız ikisi - X21 və X17 ilə Nurettin Bicer arasında əmək müqavilələri bağlanmış və onlar Sitalçay-1 İstehsalat Müəssisəsinin qurulması layihəsində fəhlə kimi işə götürülmüşlər. Qərarda qeyd olunan tarixlərdə, yəni X21 ilə xx.xx.2024-cü il tarixdə, X17 ilə xx.xx.2025-ci il tarixdə və X19 ilə xx.xx.2025-ci il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidməti Bakı Şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qəbul edilmiş qərara əsasən toplanmış materialın (qəbul edilmiş qərarın və digər zəruri sənədlərin lazımi qaydada təsdiq olunmuş surətlərinin) baxış iclasınadək məhkəməyə göndərilməsi tələb olunsa da, inzibati orqan tərəfindən həmin şəxslərin işəgötürən tərəfindən əmək müqaviləsi qüvvəyə minmədən işlərin və xidmətlərin görülməsinə cəlb edilməsi ilə bağlı hər-hansı digər sübut məhkəməyə təqdim edilməmişdir. Bununla da, inzibati xəta haqqında iş üzrə icraat aparan orqan işin hallarına düzgün qiymət verməmiş, iş üzrə zəruri əhəmiyyət kəsb edən halları araşdırmadan inzibati xəta haqqında protokol tərtib etmiş və bunun əsasında qərar qəbul etmişdir. Məhkəmə qeyd edir ki, hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən törədilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki: - yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur (İXM-in 3-cü maddəsi - İnzibati məsuliyyətin əsasları); - inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir (İXM-in 8-ci maddəsi - Təqsirsizlik prezumpsiyası prinsipi). Yəni, şəxs ehtimallar əsasında inzibati məsuliyyətə cəlb oluna bilməz, şəxsin inzibati məsuliyyətə cəlb olunması üçün yalnız onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcud olmalıdır. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Bundan başqa, Azəbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 127-4.1-ci maddəsinin tələbinə görə bu Məcəllənin 191.2-ci, 192.1-ci, 192.3-cü, 194-cü, 195.2-ci, 469.2-ci, 477-1.1.2-ci, 477-1.1.4-cü və 540.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsilə aşkar edildikdə, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində hüquqi şəxslər, o cümlədən onların vəzifəli şəxsləri barəsində inzibati xəta haqqında elektron protokol tərtib olunur, fiziki və vəzifəli şəxslər (hüquqi şəxs barəsində elektron protokol tərtib edilmədiyi halda) barəsində isə inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq səlahiyyətli əməkdaşının gücləndirilmiş elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin protokol və ya qərar real vaxt rejimində elektron qaydada məlumatlar əlavə edilməklə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə göndərilir. Lakin iş materiallarından görünür ki, inzibati xəta haqqında iş üzrə icraat aparan orqan tərəfindən qanunvericiliyin qeyd olunan tələblərinə riayət edilməmiş, Nurettin Bicer barəsində inzibati xəta haqqında iş üzrə icraata başlanılması Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 127-4.1-ci maddəsinin tələblərinə uyğun olmamış, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanuni ilə müəyyən edilmiş qaydada elektron protokol tərtib edilməmiş və inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılmamışdır. Azəbaycan Respublikası İXM-nin 11.1-ci maddəsində gösərilir ki, Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Göründüyü kimi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin Bakı şəhər İdarəsi işin hallarına düzgün qiymət verməməklə, eləcə də iş üzrə zəruri əhəmiyyət kəsb edən halları araşdırmamaqla yanaşı inzibati xəta haqqında protokolu tərtib edərkən və bunun əsasında inzibati tənbeh vermə haqqında qərarı qəbul edərkən qanunvericiliyin normalarını düzgün tətbiq etməmişdir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 noyabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, inzibati xəta haqqında protokol qəbul ediləcək qərar üçün əsas olmaqla, həmin iş üzrə ittiham yönümlü prosessual sənəd qismində çıxış edir. Lakin inzibati xətaya dair qərarın qəbul edilməsi səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olduğu hallarda, belə qərardan verilmiş şikayət üzrə həyata keçirilən məhkəmə araşdırmasının predmetini məhz həmin qərar təşkil edir. Belə olan təqdirdə işə baxan məhkəmə üçün səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı həmin iş üzrə ittiham yönümlü prosessual sənəd qismində çıxış edir. Həmin qərarın qəbul edilməsinə əsas olmuş protokol isə artıq sübutedici əhəmiyyət daşıyır. Hazırki işdə isə qərarın qəbul edilməsinə əsas olmuş protokol inzibati xəta törədən şəxsin təqsirini təsdiq edən sübut növü kimi qiymətləndirilə bilməz. X16 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 53.1 və 53.1.1-ci maddələrinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; Həmin Məcəllənin 134.1 və 134.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1ci maddəsində nəzərdə tutulduğu hallarda qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul olunur; Həmin Məcəllənin 135.1 və 35.1.5-1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, qanunvericiliyin yuxarıda sadalanan maddələrinə və işin faktiki hallarına əsaslanaraq məhkəmə verilmiş şikayət üzrə bütün sübutları hərtərəfli, obyektiv və məcmu halında qiymətləndirərək belə qənaətə gəlir ki, inzibati xəta hadisəsi olmadığından Nurettin Bicerin şikayəti təmin edilməli, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməklə, Nurettin Bicerin barəsində aparılmış inzibati xətaya dair iş üzrə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129, 130, 134 və 135-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: Nurettin Bicerin şikayəti təmin edilsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və Nurettin Bicerin barəsində aparılmış inzibati xətaya dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X25

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar