Məhkəmə qərarları › İş №3(068)-37/2024

Xızı Rayon Məhkəməsi Qərar — İş №3(068)-37/2024

16.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xızı rayonu İş № 3(068)-37/2024 16.09.2024 XIZI RAYON MƏHKƏMƏSİ X7 Hidayət oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, Şikayət vermiş şəxs X2, Qərarından şikayət verilmiş orqan - Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X3 iştirakı ilə, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X4 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. X4 şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Xızı rayonu, Yarımca kəndi ərazisində yerləşən, icarə əsasında işlətdiyi “Ovçular” kafesinə baxış keçirmişlər və tüstü bacasında təmizləyici qurğunun olmaması barədə akt və xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib etmişlər. Həmin protokol əsasında Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X6 tərəfindən xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş, vəzifəli şəxs kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və barəsində 2000 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Şikayətçi hesab edir ki, bu qərar ədalətsiz və əsassızdır. Belə ki, həmin ərazini şikayətçi Altıağac Milli Parkı ilə bağladığı xx.xx.2023-cü il tarixli, 07 saylı müqaviləyə əsasən 1 il müddətinə mövsümü istifadəyə gğtürmüşdür. Ərazidə olan həmin istirahət mərkəzində yerləşən obyektlər – 2 talvardan və açıq ərazidən ibarətdir və bu da həmin müqaviləyə 1 nömrəli Əlavədə öz əksini tapmışdır. Həmin talvarda isə tüstü bacasını təmizləyən qurğu yerləşdirmək praktiki cəhətdən mümkün deyildir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X4 şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun qaydada izahat verərək, məhkəmədən şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X5 bildirdi ki, 10 iyul 2024-cü il tarixdə Xızı rayonu ərazisində iaşə obyektlərində tüstü ötürücü qurğuların quraşdırılması ilə bağlı tərəflərindən monitorinq aparılmışdır. Belə ki, həmin vaxt Xızı rayonu, Altıağac qəsəbəsi ərazisində fəaliyyət göstərən “Ovçular” kafesində olmuşlar və “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq həmin ərazidə monitorinq keçirmişlər. Monitorinq zamanı ərazidə, toz - qaz tutucu qurğuların olmadığı müəyyən olunmuş, bununla bağlı tərəflərindən X2 iştirakı ilə akt və protokol tərtib olunmuşdur. Ətraf mühitə buraxılan zərərli maddələrin ətraf mühit üçün yol verilən həddə olub-olmamasını isə yerində deyil, laboratoriyada müəyyən etmək olur və həmin vaxt manqalın atmosferə nə qədər ölçüdə ziyanlı maddə buraxması ilə bağlı ölçmə işləri aparmamışlar. Cərimə yazılandan sonra 1 ay müddət verməklə həmin qurğunun quraşdırılması barədə tələb qoyulmuşdur. Qeyd olunan protokolu və aktı tərtib etdikləri zaman yoxlama vizual xarakter daşıdığından monitorinq vahid məlumat reyestrində qeydə alınmadan aparılmışdır. Qeyd olunanları nəzərə alaraq, şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyərək, şikayəti, habelə iş materiallarında olan və iş materiallarına əlavə edilmiş sənədləri əlaqəli surətdə araşdıraraq belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Altıağac Milli Parkı ilə Xızı rayonu, Yarımca kəndində yerləşən “Ovçular” kafesinin icarədarı X4 arasında bağlanmış xüsusi mühafizə olunan təbiət ərazilərindən və obyektlərindən elmi, mədəni, tədris, turizm və rekreasiya, məhdud təsərrüfat məqsədləri ilə ödənişli əsaslarla istifadə edilməsi barədə xx.xx.2023-cü il tarixli, 07 nömrəli müqavilənin surətindən görünür ki, tərəflər təbiət istifadəçilərinə iaşə, ticarət və digər xidmətlərin göstərilməsi üçün Altıağac Milli Parkının Xızı sahəsinin 15-ci dolayının 60 nömrəli kvartalından 1 hektar sahədə müvafiq obyektlərin yerləşdirilməsi (obyektlərin siyahısı 1 nömrəli əlavədə), həmin obyektlərin 1 il müddətində ödənişli əsaslarla mövsüm üzrə istifadə edilməsi barədə razılığa gəlmişlər. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 07 nömrəli müqaviləyə 1 nömrəli əlavədən görünür ki, istirahət mərkəzində yerləşən obyektlər - 2 talvar və 10000 kv.metr açıq ərazidən ibarətdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən tərtib edirlmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, İdarənin 01 iyul 2024-cü il tarixli, 078 saylı sərəncamına əsasən “Ətraf mühitin mühafizəsi haqqında” və “Ekoloji təhlükəsizlik haqqında” Azərbaycan Respublikası Qanunlarına və ətraf mühitin mühafizəsi sahəsində mövcud olan digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək üçün Xızı rayonu ərazisində Altıağac Milli Parkının nümayəndəsinin iştirakı ilə tərəflərindən monitorinq aparılmışdır. Aparılan monitorinq zamanı Xızı rayonu, Altıağac qəsəbəsi, Qızılqazma kəndi ərazisində fəaliyyət göstərən “Ovçular” restoranında atmosfer havasına atılan zərərli maddələrin miqdarının ətraf mühit üçün yol verilən hədd daxilində saxlanılması məqsədilə qaz-toz tutucu qurğunun quraşdırılmadığı müəyyən edilmişdir. Araşdırma müddətində “Ovçular” restoranının sahibi X4 yazılı izahat verməkdən imtina edərək, şıfahi olaraq təmizləyici qurğunun quraşdırılmadığını bildirmişdir. Bununla da “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinin tələbləri “Ovçular” kafesinin sahibi X4 tərəfindən pozulduğu müəyyən olunmuşdur. Monitorinq zamanı hər hansı bir ölçmə analiz işləri aparılmamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Xızı rayonu, Altıağac qəsəbəsi ərazisində yerləşən “Ovçular” kafesinin toz (qaz) tutucu qurğu olmadan fəaliyyət göstərməsi müəyyən edilmiş, bu səbəbdən də X4 vəzifəli şəxs kimi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinərək 2000 manat məbləğində cərimə edilmişdir. Hazırda şikayətçi tərəfindən mübahisələndirilən inzibati tənbehin tətbiq edilməsi haqqında qərar ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanunun 41-ci maddəsinə əsasən müəssisələrin, qurğuların və başqa obyektlərin istismarı ətraf mühitin mühafizəsi üzrə layihədə göstərilmiş bütün ekoloji tələblərin tam həcmdə yerinə yetirilməsi şərti ilə həyata keçirilir. Son hədləri yol verilən normativlər səviyyəsində zərərli maddələrin və tullantıların zərərsizləşdirilməsi və istifadə edilməsi üzrə təmizləyici qurğularla və avadanlıqlarla təmin edilməyən, təbii resursların səmərəli istifadəsi, bərpası və torpaqların rekultivasiyası üzrə layihələşdirmə işləri başa çatdırılmadıqda müəssisələrin, qurğuların və başqa obyektlərin istismara verilməsi qadağan edilir. “Atmosfer havasının mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanunun 14.1ci maddəsinə əsasən təsərrüfat obyektlərinin layihələşdirilməsi, yerləşdirilməsi, tikintisi, yenidən qurulması və istismarı zamanı atmosfer havasının keyfiyyətinin gigiyenik və ekoloji normativlərinə riayət edilməsinə dair tələblər təmin olunmalıdır. “Atmosfer havasının mühafizəsi haqqında” Qanunun 27.1.7-ci maddəsinə əsasən atmosfer havasına atılan zərərli maddələrin stasionar mənbələri olan hüquqi və fiziki şəxslər atmosfer havasına zərərli maddələrin atılmasına nəzarəti və onların zərərsizləşdirilməsi üçün nəzərdə tutulmuş tikililərin, qurğuların və cihazların quraşdırılmasını həyata keçirməyə və onların istismar qaydalarına əməl etməyə borcludurlar. Həmin Qanunun 28.0.9-cu maddəsinə əsasən “Atmosfer havasının mühafizəsi haqqında” qanunvericiliyin pozulmasına görə müəssisə, idarə və təşkilatların yerləşdiyi yerlərdə atmosfer havasının vəziyyətinə nəzarət qaydalarına əməl etmədikdə qanunvericiliklə nəzərdə tutulmuş qaydada təqsirkar hesab edilən hüquqi və fiziki şəxslər, habelə vəzifəli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 237.1-ci maddəsinə əsasən yol verilə bilən son hədlərin normativləri səviyyəsində zərərli maddələrin və tullantıların zərərsizləşdirilməsi və istifadə edilməsi üzrə təmizləyici qurğularla və avadanlıqla təmin edilməyən, yaxud təbii resursların səmərəli istifadəsi, bərpası və torpaqların rekultivasiyası üzrə layihələşdirmə işləri başa çatdırılmadan müəssisələrin, qurğuların və başqa obyektlərin istismara verilməsi ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan inzibati xətalara aiddir və inzibati məsuliyyətə səbəb olur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə ilk öncə qeyd edir ki, inzibati xəta haqqında material araşdırılarkən, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Xızı rayonu, Altıağac qəsəbəsi ərazisində yerləşən “Ovçular” kafesində monitorinq, müayinə və baxış keçirəcəkləri barədə məlumatın Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılan vahid məlumat reyestrində qeydiyyata alınmasını təsdiq edən hər hansı bir sənəd aşkar edilməmiş, həmçinin Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X5 da, öz izahatında monitorinqin vahid məlumat reyestrində qeydə alınmadan aparılmasını təsdiq etmişdir. Belə ki, hər hansı bir şəxsin məsuliyyətinin müəyyən edilməsindən ötrü ilk öncə onun təqsirli hərəkəti ilə ictimai münasibətləri pozması zəruri şərtdir. Müəssisələrin, qurğuların və başqa obyektlərin istismara verilməsi zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməlidir. Bu isə barəsində inzibati məsuliyyətə cəlb edilmə əsaslarının mövcudluğunu inzibati xəta haqqında protokol tərtib edən şəxsin sübut etmə öhdəliyini qaçılmaz edir. Lakin inzibati xəta haqqında protokolun əsaslılığına dair sənədlər tədqiq edərkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ərazisində monitorinq, müşahidə və baxış keçirilməsinə dair məlumatların Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən aparılan vahid məlumat reyestrində qeydiyyata alınmasını təsdiq edən sənəd aşkar edilməmişdir. Protokol tərtib edən orqan 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları isə qeyd olunan protokolu və aktı tərtib etdikləri zamanı yoxlamanın vizual xarakter daşıması ilə əsaslandırsalar da, bu məhz zatən baxış və müşahidənin nəticəsində mümkün olur ki, müşahidə və baxış keçirilməsinə dair məlumatların da Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılan vahid məlumat reyestrində qeydiyyata alınmalıdır. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 71-ci maddəsinin 1-ci bəndinə əsasən ətraf mühitin mühafizəsi sahəsində dövlət nəzarətini müvafiq icra hakimiyyəti orqanları bu Qanunun və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq həyata keçirirlər. «Sahibkarliq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər» haqqında Azərbaycan Respublikası Prezidentinin 13 aprel 2010-cu il tarixli Fərmanına əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama bu Fərmanın 1.2-ci bəndində göstərilən (Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılan vahid məlumat reyestri) reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. “Sahibkarliq sahəsində aparılan yoxlamalarin tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi” haqqında Azərbaycan Respublikasının 02 iyul 2013-cü il tarixli, 714- İVQ nömrəli Qanununun 2-ci maddəsinin 2.1-ci bəndinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Həmin Qanunun 3-cü maddəsinin 3.2-ci bəndinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının 20 oktyabr 2015-ci il tarixli, 1410-İVQ nömrəli Qanununun tətbiqi və sahibkarlıq sahəsində aparılan yoxlamaların dövlət tənzimlənməsinə dair əlavə tədbirlər barədə Azərbaycan Respublikasının Prezidentinin 26 oktyabr 2015-ci il tarixli, 660 nömrəli Fərmanının 3 və 4-cü maddələrinə əsasən yoxlamalar yalnız insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan halların mövcudluğuna əsaslar olduqda aparılır. Yoxlayıcı orqanlar tərəfindən yoxlamaların aparılması və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən yoxlamaların aparılmasına razılıq verilməsi məsələləri “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 16.1.3-cü maddəsinin tətbiqi qaydası və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının 2 iyul 2013-cü il tarixli, 714-İVQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar bəzi məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 31 oktyabr 2014-cü il tarixli, 322 nömrəli Fərmanı nəzərə alınmaqla həll edilməlidir. Həmin Fərmana əsasən “İnsan həyatı və ya sağlamlığına, ətraf mühitə, dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükə və ya mühüm zərər” dedikdə aşağıdakılar başa düşülür:

1. bir və ya bir neçə insanın əmək qabiliyyətinin müvəqqəti və ya daimi itirilməsi, yaxud bir və ya bir neçə insanın ölümü, habelə yoluxucu xəstəliklərin yayılması, epidemiyaların yaranması təhlükəsi, yaxud belə halların baş verməsi;

2. ekoloji sistemin ayrı-ayrı komponentlərinin kəmiyyət və keyfiyyətcə dəyişməsi, ekoloji tarazlığın pozulması təhlükəsi, yaxud belə halların baş verməsi;

3. dəyəri 50000 (əlli min) manat və ondan yuxarı olan dövlət əmlakının zədələnməsi və ya məhv edilməsi təhlükəsi, yaxud belə halların baş verməsi. Azərbaycan Respublikası Prezidentinin 26 oktyabr 2015-ci il tarixli, 660 nömrəli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə aparılmasına yol verilən yoxlamaların Siyahısının 2-ci bəndinə əsasən bu Siyahının 1-ci hissəsində nəzərdə tutulmamış, lakin insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan təxirəsalınmaz hallarda yoxlamalar müstəsna qaydada aidiyyəti yoxlayıcı orqanın əsaslandırılmış müraciəti əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin razılığı ilə aparılır. Bu halda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi sahibkarların hüquqlarının müdafiəsi üçün zəruri hesab etdikdə yoxlama həmin Nazirliyin əməkdaşının iştirakı ilə aparılır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 10 iyul 2024-cü il tarixdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyinin tələbləri pozularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin vahid məlumat reyestrinin çıxarışı olmadan, hüquqi nəticəsi olmayan monitorinq həyata keçirilmiş və akt tərtib olunmuş, bundan sonra 10 iyul 2024-cü il tarixdə həmin sözü gedən akt əsasında Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsləhətçi müfəttişi rəisi X5 tərəfindən “Ovçular” kafesinin icarədarı X4 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 237.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair MN seriyalı, ******* nömrəli protokol tərtib edilmiş və xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən X4 vəzifəli şəxs kimi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinərək 2000 manat məbləğində cərimə edilmişdir. Bununla da, həmin protokol və akt qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edilməklə tərtib edildiyindən X2 təqsirliliyinin sübuta yetirilməsində ümumiyyətlə istifadə edilə bilməz. Eyni zamanda, məhkəməyə daxil olmuş inzibati materiala 10 iyul 2024-cü il tarixli, 85475 nömrəli akt və 10 iyul 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol istisna olmaqla X2 əməlində inzibati xəta tərkibinin olmasını təsdiq edən heç bir mötəbər sübut əlavə edilməmişdir. Belə ki, 10 iyul 2024-cü il tarixdə “Ovçular” kafesində aparılmış monitorinq zamanı hər hansı bir ölçmə analiz işləri aparılmamış, ətraf mühitə buraxılan zərərli maddələrin ətraf mühit üçün yol verilən həddə olub-olmaması araşdırılmamış, bunu müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə edilməmiş və əsassız olaraq istifadə olunan manqala zərərli maddələrin və tullantıların zərərsizləşdirilməsi üçün avadanlıq quraşdırılmadığı barədə akt tərtib edilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, monitorinq, müşahidə və baxış keçirilməsinə dair məlumatlar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılan vahid məlumat reyestrində qeydiyyata alınsaydı belə, Xızı rayonu, Altıağac qəsəbəsi, Qızılqazma kəndi ərazisində fəaliyyət göstərən “Ovçular” restoranında ətraf mühitə buraxılan zərərli maddələrin ətraf mühit üçün yol verilən həddə olub-olmaması araşdırılmadan və hər hansı bir ölçmə analiz işləri aparılmadan atmosfer havasına atılan zərərli maddələrin miqdarının ətraf mühit üçün yol verilən hədd daxilində saxlanılması məqsədilə obyektdə qaz-toz tutucu qurğunun quraşdırılmasının zəruri olmasını əsaslandırmaq mümkün deyildir. Belə ki, həmin qaz-toz tutucu qurğunun quraşdırılmasında məqsəd atmosfer havasına atılan zərərli maddələrin miqdarının ətraf mühit üçün yol verilən hədd daxilində saxlanılmasından ibarətdir. Nəticə etibarı ilə ölçmə analiz işləri aparılaraq atmosfer havasına atılan zərərli maddələrin miqdarının ətraf mühit üçün yol verilən hədd daxilində olması müəyyən olunduğu təqdirdə hər-hansı qaz-toz tutucu qurğunun quraşdırılmasına ehtiyacın olmadığı aydın olardı. Faktiki olaraq hazırki işdə barəsində inzibati tənbeh tədbiri görülmüş şikayətçi absurd və ehtimal olunan şübhə əsası ilə məsuliyyətə cəlb olunmuşdur ki, bu da Azərbaycan Respublikasının Konstitusiyasına və İnzibati Xətalar Məcəlləsinin prisiplərinə zidd olmaqla bərabər onun lüzumsuz məhrumiyyətlərə məruz qalmasına səbəb ola bilərdi. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X1 Xidməti haqqında Əsasnamənin 4.0.10-cu bəndinə əsasən öz vəzifələrini yerinə yetirmək üçün Xidmətin “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq, müəssisə, idarə, təşkilatlara və digər obyektlərə, o cümlədən hərbi və müdafiə obyektlərinə maneəsiz (xidməti vəsiqələri, sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin obyektlərinə daxil olarkən, həmçinin yoxlamanın həyata keçirilməsi haqqında qərarın surətini və yoxlamanın sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı təqdim etməklə) daxil olmaq, öz xidməti vəzifələrini yerinə yetirmək üçün zəruri sənədlərlə, o cümlədən analizlərin nəticələri ilə pulsuz tanış olmaq hüquqları vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 99.1-ci maddəsinin tələblərinə görə inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsinin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəblərdən biridir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən bu Məcəllənin 135.1.5- 1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Bu Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə araşdırması zamanı X2 barəsində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərkən və həmin protokol əsasında inzibati tənbehin tətbiq edilməsi haqqında qərar qəbul edilərkən pozuntuya yol verilmişdir. Belə ki, inzibatı xəta hadisəsi, inzibati xəta törətmiş şəxs və inzibati xəta törətməkdə şəxsin təqsiri sübuta yetirilməmiş, xüsusi texniki vasitələrin göstəricilərinə istinad edilmədən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək belə hesab edir ki, X2 şikayəti təmin edilməli, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və X4 barəsində aparılmış inzibati xətaya dair iş üzrə icraata xitam verilməlidir. Eyni zamanda, Xızı Rayon Məhkəməsinin icraatında olmuş "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törədilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxılarkən də inzibati xəta haqqında protokolu tərtib edən orqanın eyni qanun pozuntularına yol verməsi, yəni İdarənin əməkdaşları tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyinin tələbləri kobud şəkildə pozularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin vahid məlumat reyestrinin çıxarışı olmadan, hüquqi nəticəsi olmayan monitorinq həyata keçirilməsi müəyyən olunduğundan, Xızı Rayon Məhkəməsinin 3(068)-17/2023 saylı, 16 iyun 2023-cü il tarixli qərarı ilə "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə başlanılmış icraata xitam verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(105)-348/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, "xxxx" MMC barəsində Azərbaycan Respublikası İXM-nin 271.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Xızı Rayon Məhkəməsinin 3(068)-17/2023 saylı, 16 iyun 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129, 130, 134 və 135-ci maddəsini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

X2 şikayəti təmin edilsin. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və X4 barəsində aparılmış inzibati xətaya dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən: İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar