Məhkəmə qərarları › İş №3(068)-4/2025

Xızı Rayon Məhkəməsi Qərar — İş №3(068)-4/2025

16.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xızı rayonu İş № 3(068)-4/2025 16.01.2025 XIZI RAYON MƏHKƏMƏSİ X6 Hidayət oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, Qərardan şikayət verən şəxs X1 iştirakı ilə, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ seriyalı, 24978025 nömrəli inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin BDYPİ-nin xx.xx.2024-cü il tarixli, EQ seriyalı, 24978025 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv olunması və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin BDYPİ-nin xx.xx.2024-cü il tarixli, EQ 24978025 saylı inzibati tənbeh vermə haqqında qərarı ilə o, qanunsuz və əsassız olaraq, İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə 600 manat məbləğində cərimə edilmişdir. Qeyd etmişdir ki, tərəfindən heç bir inzibati xəta törədilməmiş, idarə etdiyi **-RS-*** dövlət qeydiyyat nömrəli yük avtomobili qanunvericliklə nəzərdə tutulmuş kütlə parametrlərini uyğun olaraq avtomobil yollarında idarə edilmişdir. Belə ki, idarə etdiyi **-RS-*** dövlət qeydiyyat nömrəli yük avtomobili hərəkətdə olan zaman nəqliyyat, vasitəsinin qabarit, çəki və kütlə parametrləri yol üzərində quraşdırılmış foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrinin köməkliyi ilə ölçülmüş və İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyi müəyyən edilmişdir. Bundan sonra İnzibati Xətalar Məcəlləsinin 127-1.2-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərar qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblərin pozulması ilə əlaqədar xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə elektron qaydada dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) ən yaxın nəzarət məntəqəsinə göndərilmişdir. Buna görə o, növbəti nəzarət məntəqəsində saxlanılsa da, lakin inzibati tənbeh vermə haqqında elektron qərar və xüsusi texniki vasitələrin məlumatları kağız daşıyıcıda ona təqdim edilməmişdir. X4 Məcəlləsinin 127-1.3-cü maddəsinə əsasən bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədildiyi nəqliyyat vasitəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əməkdaşı tərəfindən nəzarət məntəqəsində saxlanılır və inzibati tənbeh vermə haqqında elektron qərarın və xüsusi texniki vasitələrin məlumatlarının kağız daşıyıcıda surətləri nəqliyyat vasitəsini idarə edən şəxsə təqdim olunur. Qeyd edir ki, onun təkidi ilə idarə etdiyi **-RS-*** dövlət qeydiyyat nömrəli yük avtomobilinin kütləsi saxlanıldığı nəzarət məntəqəsində yenidən ölçülmüş və yükün qanunvericliklə müəyyən edilmiş kütlədən artıq olmadığı, yəni kütlə parametrlərinə dair tələblərin pozulmadığı müəyyən edilməmişdir. Bundan sonra o da, maneəsiz şəkildə hərəkətinə davam etmişdir. Lakin sonradan qanunsuz və əsassız olaraq xx.xx.2024-cü il tarixli EQ 24978025 nömrəli qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətməyinə görə görə barəsində 600 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Hesab edir ki, həmin inzibati xəta törədilmiş olsa idi, saxlanıldığı nəzarət məntəqəsində yük avtomobilində olan artıq yük boşaldılmadan onun hərəkətimə icazə verməzdilər. Qeyd edir ki, daşıdığı yük normadan artıq olmadığı üçün saxlanıldığı nəzarət məntəqəsində artıq yükün boşadılması və ya yükün digər nəqliyyat vasitəsinə daşınması kimi bir hərəkət olmamışdır. Əsassız olaraq ona belə bir cərimə tətbiq edilmişdir. Bu səbəbdən hesab edir ki, qərar ləğv edilməli və əsassız olaraq yazılmış cərimə silinməlidir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X3 şikayətin məzmununa uyğun izahat verərək, Daxili İşlər Nazirliyi Baş X8i İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ seriyalı, 24978025 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. İnzibat tənbeh vermə haqqında qərarından şikayət verilmiş orqana məhkəmə iclasının keçirilmə vaxtı və yeri barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 57-ci maddəsində nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilsə də, Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, nümayəndəsinin hansı səbəbdən məhkəmə iclasında iştirak etməməsi barədə məlumat verməmiş və ondan işə baxılmasının təxirə alınmasına dair vəsatət daxil olmamışdır. Bu səbəbdən də məhkəmə işə Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasının mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyərək, şikayəti, habelə iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ seriyalı, 24978025 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - kamera vasitəsi ilə çəkilmiş fotoşəkillərdən və elektron tərəzi göstəricilərindən görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 16:45:22-də, M-1, 65.1-ci km, Xızı rayonu, Giləzi kəndi Bakı istiqamətində hərəkətdə olan “MAN TGX 18.440 yük” markalı, **-RS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ümumi çəkisi 42130 (Limit 40000 kq) kiloqram təşkil etmişdir. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ seriyalı, 24978025 nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 16:45:22-də, M-1, 65.1-ci km, Xızı rayonu, Giləzi kəndi Bakı istiqamətində hərəkətdə olan “MAN TGX 18.440 yük” markalı, **-RS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi hərəkətdə olduğu zaman yəhərli dartıcını icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yolunda idarə edərək Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi səbəbi ilə X3 barəsində 600 (altı yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. - BB seriyalı, 554311 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “MAN TGX 18.440 yük” markalı, **-RS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin yüksüz kütləsi 7125 kiloqram, maksimal kütləsi isə 18000 kiloqram təşkil edir. - Tərəzi məntəqəsinin 15499 nömrəli qaiməsinə əsasən, “MAN TGX 18.440 yük” markalı, **-RS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ümumi çəkisi daşıdığı yüklə birlikdə 40300 kq-dır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, “MAN TGX 18.440 yük” markalı, **-RS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi özüboşaldan yarımqoşqusu ilə birlikdə idarə edilərkən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrləri aşılmamışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qərardan şikayət verən şəxs X3 tərəfindən məhkəməyə təqdim edilmiş qəbz və qaimələr ilə xx.xx.2024-cü il tarixdə onun idarə etdiyi “MAN TGX 18.440 yük” markalı, **-RS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ümumi çəkisinin 40300 kiloqram olduğu aşkar edilsə də, qərarından şikayət verilən orqan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsi tərəfindən bu halları təkzib edən, o cümlədən xx.xx.2024-cü il tarixdə, saat 16:45:22-də, M-1, 65.1-ci km, Xızı rayonu, Giləzi kəndi Bakı istiqamətində hərəkətdə olan “MAN TGX 18.440 yük” markalı, **-RS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ümumi çəkisinin 42130 kiloqram təşkil etməsini təsdiq edən hər-hansı bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Kamera vasitəsi ilə çəkilmiş fotoşəkillərə və elektron tərəzi göstəricilərinə münasibətdə isə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qərardan şikayət verən şəxs X3 tərəfindən məhkəməyə təqdim edilmiş qəbzlər və qaimələr (nəqliyyat vasitəsinin yük vurarkən və yükü boşaldarkən daşıdığı yüklə birlikdə çəkisi) Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 65.1-ci kilometrində quraşdırılmış hərəkətdə olan nəqliyyat vasitəsinin qabarit, çəki və kütlə parametrlərini ölçən elektron tərəzinin göstəricilərinin həqiqəti əks etdirmədiyi, həmin vaxt nasaz ola biləcəyi və sözü gedən vaxt nəqliyyat vasitəsinin ümumi çəkisinin 42000 kiloqramdan az ola bilməsi qənaətinə gəlməyə kifayət qədər əsas verir. Belə ki, qərardan şikayət verən şəxs X3 tərəfindən məhkəməyə təqdim edilmiş qəbz və qaimələr ilə xx.xx.2024-cü il tarixdə onun idarə etdiyi “MAN TGX 18.440 yük” markalı, **-RS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ümumi çəkisinin 40300 kiloqram olduğu aşkar edilsə də, 40 tonluq icazə verilən ümumi kütlənin 05 faizi 2 ton təşkil edir. Belə olan halda isə “MAN TGX 18.440 yük” markalı, **-RS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ümumi çəkisi 42000 ton və bu çəkidən yuxarı olduğu təqdirdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmiş olur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2009-cu il tarixli, 104 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi" Qaydasının 3-cü hissəsindəki (X2 X5) 2 nömrəli cədvələ əsasən ikioxlu dartıcı üçoxlu yarımqoşqu ilə və üçoxlu dartıcı ikioxlu yanmqoşqu ilə olan yük avtomobilləri üçün X2 X5 40 tonu aşmamalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə - fiziki şəxslər altı yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 127-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi ilə əlaqədar inzibati tənbeh vermə haqqında elektron qərar hərəkətdə olan nəqliyyat vasitəsinin qabarit, çəki və kütlə parametrlərini ölçən elektron tərəzilərin və foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin məlumatları əsasında bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada çıxarılır. Bütün elektron tərəzilər və foto və ya video qeydiyyat funksiyalarına malik texniki vasitələr, habelə iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinə icazələrin verilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzi informasiya sisteminə inteqrasiya edilməlidir. Həmin Məcəllənin 127-1.2-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərar qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblərin pozulması ilə əlaqədar xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə elektron qaydada dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) ən yaxın nəzarət məntəqəsinə göndərilir. Həmin Məcəllənin 127-1.3-cü maddəsinə əsasən bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədildiyi nəqliyyat vasitəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əməkdaşı tərəfindən nəzarət məntəqəsində saxlanılır və inzibati tənbeh vermə haqqında elektron qərarın və xüsusi texniki vasitələrin məlumatlarının kağız daşıyıcıda surətləri nəqliyyat vasitəsini idarə edən şəxsə təqdim olunur. Həmin Məcəllənin 127-1.4-cü maddəsinə əsasən bölünən yükləri daşıyan iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinə münasibətdə qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblər pozulduqda, hərəkətin davam etdirilməsi üçün yükgöndərən (daşıyıcı) tərəfindən nəqliyyat vasitəsindən normadan artıq yükün boşaldılması və yükün digər nəqliyyat vasitəsilə daşınması təmin edilməlidir. Həmin Məcəllənin 127-1.5-ci maddəsinə əsasən nəqliyyat vasitəsində olan normadan artıq yükün boşaldılması və digər nəqliyyat vasitəsilə daşınması təmin edildikdən sonra, saxlanılmış nəqliyyat vasitəsinin qabarit, çəki və kütlə parametrləri nəzarət məntəqəsində quraşdırılmış xüsusi texniki vasitələrlə saxlanılmış nəqliyyat vasitəsini idarə edən şəxsin iştirakı ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əməkdaşları tərəfindən ölçülərək göstəricilər real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzi informasiya sisteminə ötürülür. Həmin Məcəllənin 127-1.6. İriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinə münasibətdə icazə verilən qabarit parametrlərinə, habelə bölünməyən yükləri daşıyan iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinə münasibətdə qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblər pozulduqda, hərəkətin davam etdirilməsi üçün yükgöndərən (daşıyıcı) tərəfindən yükün həmin və ya digər nəqliyyat vasitəsilə hərəkətinə icazənin alınması təmin edilməlidir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, qanunvericiliyin tələbinə əsasən “MAN TGX 18.440 yük” markalı, **-RS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə münasibətdə qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblər pozulmuşdursa, həmin avtomobil orqanın (qurumun) əməkdaşı tərəfindən ən yaxın nəzarət məntəqəsində saxlanılmalı, hərəkətin davam etdirilməsi üçün yükgöndərən (daşıyıcı) tərəfindən nəqliyyat vasitəsindən normadan artıq yükün boşaldılmalı və yükün digər nəqliyyat vasitəsilə daşınması təmin edilməlidir. Lakin qərarından şikayət verilən orqan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsi tərəfindən bu halları təsdiq edən hər-hansı bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 75.0.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi) müəyyən edilməlidir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 105.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə işin faktiki hallarından və Azərbaycan Respublikasının qanunvericiliyinin yuxarıda qeyd edilmiş müddəalarının tələblərindən də göründüyü kimi, şəxsin təqsirli olaraq inzibati xəta törətməsini sübut etmə vəzifəsi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin üzərində olsa da, sonuncu X3 tərəfindən xx.xx.2024-cü il tarixdə, saat 16:45:22-də, M-1, 65.1-ci km, Xızı rayonu, Giləzi kəndi Bakı istiqamətində hərəkətdə olan “MAN TGX 18.440 yük” markalı, **-RS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsini məhkəmə iclasında sübut edə bilməmiş, bunun əksinə X3 əməlində inzibati xəta hadisəsinin olmamasını təsdiq edən sübutları məhkəməyə təqdim etmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələri onun xeyrinə həll edərək belə nəticəyə gəlir ki, X3 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında elektron qərarda nəzərdə tutulmuş 353.2-ci maddəsi ilə inzibati xətanın törədilməsi halı sübuta yetirilmədiyindən o, inzibati məsuliyyətə cəlb oluna bilməz. Bu səbəbdən də, X1 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ seriyalı, 24978025 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət əsaslı olduğundan təmin edilməli, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən həmin qərar ləğv edilməli və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.2 və 134.1.3-cü maddələrinə əsasən xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından şikayət yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 135.1.2-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. 135.1.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. 135.1.5-1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129, 130, 134 və 135-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 şikayəti təmin edilsin. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ seriyalı, 24978025 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar