Məhkəmə qərarları › İş №3(068)-40/2020

Xızı Rayon Məhkəməsi Qərar — İş №3(068)-40/2020

02.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xızı rayonu İş № 3(068)-40/2020 02.09.2020 XIZI RAYON MƏHKƏMƏSİ Xızı Rayon Məhkəməsinin hakimi vəzifəsini icra edən Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Cəfərov Cəfər Məmməd oğlunun katibliyi, inzibati protokolu tərtib edən şəxs- Xızı RPŞ-nin İTB-nin polis sahə rəisi Məmmədov Əsəd Rövşən oğlunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1996-cı il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, Siyəzən şəhəri, T.İsmayılov küçəsi, ev 48, mənzil 24-də qeydiyyatda olmaqla, yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 535.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Xızı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim: Şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 19:00 radələrində Bakı-Quba magistral yolunun 52-km.də, Xızı rayonu ərazisində yerləşən 1 saylı stasionar postda ictimai qaydanı mühafizə edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Bu barədə Xızı rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi Məmmədov Əsəd Rövşən oğlu tərəfindən xx xxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Xızı Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati protokolu tərtib edən şəxs - Xızı RPŞ-nin İTB-nin polis sahə rəisi Məmmədov Əsəd Rövşən oğlu tərtib etdiyi protokola uyğun izahat verərək, məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, Siyəzən şəhərində yaşamaqla fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olur. xx xxxxxx 2020-ci il tarixdə, saat 18:00 radələrində yaşadığı Siyəzən şəhər avtovağzalından tanımadığı 3 nəfər qadını və yolun kənarından 1 nəfər cavan oğlanı sərnişin kimi götürüb istifadəsində olan “Opel Vectra” markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri istiqamətində hərəkət etmişdir. Həmin gün saat təxminən 19:00 radələrində Xızı rayonu ərazisində yerləşən Bakı-Quba yolunun 52-ci km-də karantin postuna çatmış və yol patrul xidməti əməkdaşları onların sənədlərini yoxlamışdır. Həmin vaxt onun hərəkətə icazəsi olduğundan, qadın sərnişinlərin isə şəxsiyyət vəsiqələrində yaşayış yerləri Bakı şəhəri göstərildiyindən hərəkətlərinin davam etdirilməsi bildirilmiş, avtomobildə qabaqda əyləşmiş adı sonradan ona məlum olan Seymur adlı oğlan isə özünə məxsus olmayan şəxsiyyət vəsiqəsinin kodunu təqdim edərək Bakı şəhərinə keçmək istəyərkən polis əməkdaşları tərəfindən postda avtomobildən aşağı endirilmişdir. Bundan sonra, o, avtomobilini kənara çəkib telefonla danışarkən polis əməkdaşları məsələyə aydınlıq gətirilməsi üçün onun da avtomaşından düşməsini tələb etmişlər. O, avtomaşından düşməkdən imtina etmiş və avtomobildə olan qadın sərnişinləri Bakı şəhərində düşürüb, geri qayıdacağını bildirmiş, polis əməkdaşları bununla razılaşmadığından aralarında mübahisə yaranmışdır. Belə ki, adı sonradan ona məlum olan polis əməkdaşı Kənanbəy Cavanşirzadə avtomobilin salonuna əlini uzadıb içəridən qapını açıb onu avtomaşından düşürmək istədikdə o, avtomaşının qapılarını içəridən bağlayıb polis əməkdaşına tabe olmayaraq avtomobili sürüb sürətlə Bakı istiqamətində hərəkət etmişdir. Növbəti gün isə polis əməkdaşları ona zəng edərək, Xızı RPŞ-yə dəvət etmiş və barəsində inzibati protokol tərtib olunmuşdur. Odur ki, əməlindən səmimi peşmançılıq hissi keçirir və bir daha belə əmələ yol verməyəcəyinin nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən şahid, DİN-nin X6 Alayının Patrul bölüyünün tağım komandiri X1 izahatında göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə, saat 19:00 radələrində Bakı-Quba yolunun 52-ci km–də, Xızı rayonu ərazisində yerləşən 1 saylı stasionar postda xidmətdə olarkən yolun Qubadan-Bakı istiqamətində hərəkətdə olan nəqliyyat vasitələrini yoxlanıldığı zaman dövlət qeydiyyat nömrəsi **-DS-*** olan “Opel Vectra” markalı avtomobilin sürücüsünün və qadın sərnişinlərin sənədlərinin qaydasında olduğu, avtomobildə qabaq sağ tərəfdə əyləşən, sonradan şəxsiyyəti müəyyənləşdirilən X2 isə özünə məxsus olmayan şəxsiyyət vəsiqəsinin kodunu təqdim edərək Bakı şəhərinə keçmək istəməsi müəyyən olunmuşdur. Bundan sonra, Seymur Abdullayev avtomobildən düşürülmüş və izahatı alınarkən həmin şəxsiyyət vəsiqəsinin kodunun 15 manat müqabilində taksi sürücüsü Şəxs tərəfindən ona verildiyini bildirmişdir. Həmin faktın araşdırılması üçün sonuncunun avtomobilinə yaxınlaşmış və sürücüyə izahatının alınması üçün yaxınlıqdakı nəzarət otağına gəlməsini bildirmişdir. Lakin, Şəxs avtomobildən düşməkdən imtina etmiş və onun qanuni tələbinə qəsdən tabe olmamışdır. Onu avtomaşından düşürmək istədikdə Firudin avtomaşının qapılarını içəridən bağlayaraq, tabesizlik göstərmiş, əlini avtomobilin şüşəsindən içəri salıb qapını açmaq istədikdə isə sonuncu avtomobili sürüb Bakı istiqamətinə hərəkət etməklə, ərazidən uzaqlaşmışdır. Həmin vaxt özü hər hansı bir xəsarət almasa da, əlində olan mobil telefonu və ratsiyası əlaqələndiricisi yerə düşmüş və mobil telefonu zədələnmişdir. Bütün bunlar stasionar postda quraşdırılmış nəzarət kamerasının altında baş vermişdir. Məhkəmə iclasında iştirak edən digər şahid DİN-ə bilavasitə tabe olan X6 Alayının Patrul bölüyünün polis nəfəri X4 şahid Kənanbəy Cavanşirzadənin izahatına uyğun, eyni məzmunlu izahat verərək sonuncunun izahatını bir daha təsdiqləmişdir. İşdə olan sənədlərdən, o cümlədən müvafiq raportdan görünür ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 19:00 radələrində Bakı-Quba magistral yolunun 52-km.də, Xızı rayonu ərazisində yerləşən 1 saylı stasionar postda ictimai qaydanı mühafizə edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. İş materiallarında olan Ədliyyə Nazirliyinin İnformasiya sistemində olan məlumatdan görünür ki, Şəxs himayəsində xx xxxx 2015-ci il təvəllüdlü Cəsur adında 1 azyaşlı övladı vardır. İnzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda, hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama inzibati məsuliyyətə səbəb olan əməldir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlindən səmimi peşmançılıq çəkməsi və himayəsində 1 azyaşlı övladının olması onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İnzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, o cümlədən nümayişkəranə şəkildə respublika əhəmiyyətli karantin postunda polisin qanuni tələbinə qəsdən tabe olmamasını, habelə onun məsuliyyətini yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, ona İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbehin yuxarı həddinin 1/2 birindən az olmamaqla, təyin edilməsini qanuni, legitim, əsaslı və ədalətli hesab edirəm. Belə ki, İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Eyni zamanda qeyd edirəm ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 14:45 radələrində inzibati qaydada tutulması onun barəsində inzibati qaydada həbs növündə tənbeh tətbiq edilərkən nəzərə alınmalı və bu həmin müddətə daxil edilməlidir. Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxildir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 15 (on beş) gün müddətində həbs təyin olunsun. Həbs etmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən, saat 14:45-dən hesablansın. Şəxs qərarın icrası ilə bağlı olaraq, saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Xızı rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Xızı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Bəylər Ələkbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar