Azərbaycan Respublikası adından QƏRAR Xızı rayonu İş № 3(068)-41/2020 02.09.2020 XIZI RAYON MƏHKƏMƏSİ Xızı Rayon Məhkəməsinin hakimi vəzifəsini icra edən Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Cəfərov Cəfər Məmməd oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1978-ci il tarixdə Ermənistan Respublikasının Qafan rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, «xxxxxxxxxxxxxxxx» MMC-də bölmə rəhbəri işləyən, Sumqayıt şəhəri, 42-ci məhəllə, ev 13, mənzil 14-də qeydiyyatda olmaqla, yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 535.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Xızı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim: Şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 13:48 radələrində Bakı-Quba magistral yolunun 52-km.də, Xızı rayonu ərazisində yerləşən 1 saylı stasionar postda ictimai qaydanı mühafizə edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Bu barədə Xızı rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X4 tərəfindən xx xxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Xızı Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, hazırda “xxxxxxxxxxxxxxxx” MMC-də bölmə rəhbəri işləməklə, onun “icaze.gov.az”da Respublikanın hər bölgəsi üzrə hərəkət etmək üçün icazəsi vardır. xx xxxxxx 2020-ci il tarixdə, təxminən saat 13:00 radələrində istifadəsində olan “Toyota Prado” markalı, **-CR- *** dövlət nömrə nişanlı avtomobillə Bakı-Quba yolunda Xaçmaz istiqamətində hərəkət etmişdir. O, Bakı-Quba yolunun 52-ci km-də Xızı rayonu ərazisində yerləşən karantin postuna yaxınlaşarkən, orada uzunluğu təxminən 1 kilometrə yaxın olan avtomobil növbəsi olmuş və bu səbəbdən 1 saata yaxın müddətə növbədə gözləmişdir. Karantin yoxlanış postuna yaxınlaşarkən şəxsiyyət vəsiqəsini təqdim etmiş, YPX əməkdaşı onun elektron icazəsini yoxladıqdan sonra, polis əməkdaşından rica edərək 1 saata yaxın növbədə olduğunu, növbə yaranmasın deyə polis əməkdaşlarının hər ikisinin yoxlanış keçirməsini bildirmişdir. Həmin vaxt orada olan və adı sonradan ona məlum olan Yaşar adlı yol polisi əməkdaşı uca səslə ona “bizə istiqamət vermək gərək deyil, get işinlə məşğul ol və hərəkətinə davam et” demişdir. O da, polis əməkdaşına nədən üstünə səs tonunu qaldırdığını, axı onlardan rica etdiyini bildirmişdir. Bundan sonra, YPX əməkdaşı Yaşar Qasımov sağ əlini avtomaşının içərisinə uzadaraq, barmaqları ilə möhkəm sinəsinə vurub “get dedim, get” demişdir. O da, YPX əməkdaşının işinin gərgin olmasını nəzərə alaraq hərəkətini davam etdirmişdir. Təxminən 2 metr məsafə qət etdikdən sonra isə həmin polis əməkdaşı onun arxasınca “qanmazın biri qanmaz” ifadəsini işlətmişdir. O, bu təhqiramiz sözü eşitdikdən sonra, avtomaşınını sağa çəkib saxlamış, niyə onu təhqir etdiyini söyləmiş, polis əməkdaşı isə öz növbəsində kobud səslə yaxşı etdiyini, əks təqdirdə barəsində başqa cür tədbir görüləcəyini bildirmişdir. Bundan sonra, o, DİN-in 102 qaynar xəttinə zəng edərək hadisə barədə şikayət etmiş, Yaşar adlı həmin polis əməkdaşı onun qaynar xəttə zəng etməsini etirazla qarşılamış və “sənə gör nə edəcəm” deyə bildirmiş və orada olan digər polis əməkdaşlarına müraciət edərək, guya onu təhqir etdiyini söyləyərək şər böhtan atmışdır. Daha sonra, PPX əməkdaşları onu Xızı rayon Polis Şöbəsinə gətirmişlər. Məhkəmə iclasında iştirak edən şahid, DİN-in BDYPİ-nə bilavasitə tabe olan YPX Alayının yol patrul xidmətinin baş inspektoru X5 izahatında göstərdi ki, xx xxxxxx 2020-cil il tarixdə, saat 13:48 radələrində Bakı-Quba magistral yolunun 52-km.də, Xızı rayonu ərazisində yerləşən 1 saylı stasionar karantin postunda xidmətdə olmuş, geri qaytarılan avtomobillərin qeydiyyatını aparmış və bu barədə baş idarəyə məlumat vermişdir. Həmin vaxt digər YPX əməkdaşı X1 Bakıdan Quba istiqamətində hərəkətdə olan dövlət qeydiyyat nömrəsi **-CR-*** olan “Toyota Prado” markalı avtomobilin sürücüsünün sənədlərini yoxlamış və sürücünün şimal bölgəsinə hərəkət etmək üçün icazəsi olduğunu müəyyən etmişdir. Həmin vaxt sürücü Şəxs ona qarşı kobud və uca səslə «niyə sənədləri gec yoxlayırsınız və növbə yaradırsınız» demiş və onların ünvanına nalayiq ifadələr işlətməyə başlamışdır. O, Şəxs yaxınlaşıb onu intizama dəvət edərək, işlətdiyi nalayiq ifadələrə son qoymasını tələb etdikdə, sonuncu onun qanuni tələbinə qəsdən tabe olmamış, əksinə nümayişkəranə şəkildə yüksək səslə onu təhqir etməyə və əsassız olaraq iradlar bildirməyə davam etmiş və respublika əhəmiyyətli karantin postunun iş rejimini təxminən 25-30 dəqiqə pozmuşdur. Həmçinin, inzibati xətanın baş verdiyi gün, yəni xx xxxxxx 2020ci il tarixdə, saat 13:48 radələrində stasionar karantin postunda Şəxs dediyi kimi 1 kilometr deyil, 20-25 avtomobildən ibarət olmaqla təxmini 200 metr məsafədə növbə olmuş, hər avtomobilin yoxlanması isə 10-15 saniyə çəkmişdir. Bütün bunlar stasionar karantin postunda quraşdırılmış nəzarət kamerasının altında baş vermişdir. Bundan sonra, o, rəhbərliyə raportla məruzə etmiş və ərazidə olan PPX əməkdaşı Arzu Alızadə sürücü Şəxs xidməti avtopatrul avtomobilinə əyləşdirib Xızı rayon Polis Şöbəsinə aparıb təhvil vermişdir. Məhkəmə iclasında iştirak edən digər şahidlər DİN-in BDYPİ-nə bilavasitə tabe olan YPX Alayının yol patrul xidmətinin inspektoru X1 və Xızı RPŞ-nin PPX tağımının polis nəfəri X6 şahid Yaşar Qasımovun izahatına uyğun, eyni məzmunlu izahatlar verərək, sonuncunun izahatını bir daha təsdiqləmişlər. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs, Xızı RPŞ-nin İTB-nin polis sahə rəisi X2 inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin o, məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir. İXM-nin 112.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. İşdə olan sənədlərdən, o cümlədən müvafiq raportdan görünür ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 13:48 radələrində Bakı-Quba magistral yolunun 52-km.də, Xızı rayonu ərazisində yerləşən 1 saylı stasionar postda ictimai qaydanı mühafizə edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. İş materiallarında olan Ədliyyə Nazirliyinin İnformasiya sistemində olan məlumatlardan görünür ki, Şəxs «xxxxxxxxxxxxxxxx» MMC-də bölmə rəhbəri işləyir, himayəsində xx xxx 2007-ci il təvəllüdlü Nəzrin və xx xxxxxx 2010-cu il təvəllüdlü Sevil adında 2 yetkinlik yaşına çatmayan övladı vardır. İnzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda, hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama inzibati məsuliyyətə səbəb olan əməldir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ali təhsilli olmaqla, himayəsində 2 yetkinlik yaşına çatmayan övladının olması onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İnzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, o cümlədən nümayişkəranə şəkildə respublika əhəmiyyətli karantin postunda polisin qanuni tələbinə qəsdən tabe olmamasını, habelə onun məsuliyyətini yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, ona İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbehin yuxarı həddinin 1/3 birindən az olmamaqla, təyin edilməsini qanuni, legitim, əsaslı və ədalətli hesab edirəm. Belə ki, İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Eyni zamanda qeyd edirəm ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 14:30 radələrində saxlanılmaqla, inzibati məsuliyyətə cəlb edilməsi üçün müvafiq icra hakimiyyəti orqanına aparılması, daha sonra azad olunmayaraq xx xxxxxx 2020-ci il tarixdə saat 19:20-dən inzibati qaydada tutulması onun barəsində inzibati qaydada həbs növündə tənbeh tətbiq edilərkən nəzərə alınmalı və bu həmin müddətə daxil edilməlidir. Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxildir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 10 (on) gün müddətində həbs təyin olunsun. Həbs etmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən, saat 14:30-dan hesablansın. Şəxs qərarın icrası ilə bağlı olaraq, saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Xızı rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Xızı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Bəylər Ələkbərov.
Məhkəmə qərarları › İş №3(068)-41/2020
Xızı Rayon Məhkəməsi Qərar — İş №3(068)-41/2020
02.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver